Məhkəmə qərarları › İş №e-2(005)-2568/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2568/2023

21.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2568/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X4 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X4 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 112,5 kv.m olan izole olunmuş 2 otaqlı 55 saylı mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 112,5 kv.m olan izole olunmuş 2 otaqlı 55 saylı mənzili ona təhvil verməyi, o isə bunun müqabilində mənzilin sahəsinin hər 1 kv.m görə 1500 manat olmaqla, ümumilikdə 168750 manat məbləğində pul vəsaitini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli maliyyə arayışlarından görünür ki, mənzilin tam dəyəri cavabdehə ödənilmiş, borc yoxdur. Bu yaxınlarda mənzilinə gedən zaman orada təmir işlərinin aparılmasının şahidi olmuş, mənzildə təmir aparan ustalar təmirin kimin aparması ilə bağlı heç bir məlumat verməmişlər. Analoji sual cavabdehin məsul şəxslərinə verilmiş, onlar isə bildirmişlər ki, yaxın günlərdə bu problemi guya həll edəcəklər. Tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər hələ də icra olunmamışdır. Yəni, müqavilədə göstərilən mənzil müqavilə şərtlərinə uyğun olaraq ona təhvil verilməmişdir. Təməl konstitusion hüquqlarından olan mülkiyyət hüququ ciddi təhdid altındadır. Qeyd olunduğu kimi naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mənzildə təmir işləri aparılır. Məhkəmə tərəfindən Maraqlı şəxs və X4 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iddianın ərizəsinin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, İkxilov Ekhtibar (Edvard) Şaban oğlu Bakı şəhərində ev almaq arzusu ilə 2021-ci ilin son aylarında internetlə axtarış apararkən, makler vasitəsilə X4 ilə tanış olmuş və o, sözügedən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 112.5 kv.m olan izole olunmuş 2 otağlı 55 saylı mənzilin satılması barədə sonuncu ilə razılığa gəlmişdir. Həmin mənzil xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilə əsasında Cavabdeh MMC tərəfindən X1, daha sonra X4 həmin mənzili İkhilov Ekhtibar (Edvard) Şaban oğluna satmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddianın ərizəsinin əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan, 55 saylı iki otaqlı mənzilin dəyərini tam ödəmiş və borcu yoxdur; “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 329 saylı müqavilənin surətindən görünür ki, “Sifarişçi” müqavilədə göstərilmiş məbləği, yəni 168750 manat pulu “Podratçı”-ya ödəməklə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə etmişdir; Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X4 həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan, 55 saylı iki otaqlı mənzilin dəyərini tam ödəmiş və borcu yoxdur; “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilənin surətindən görünür ki, “Sifarişçi” müqavilədə göstərilmiş məbləği, yəni 123750 manat pulu “Podratçı”-ya ödəməklə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə etmişdir; X2 Bakı şəhəri 12 saylı Notariat Ofisində verdiyi xx.xx.2022-ci il tarixli, **********032 nömrəli ərizəsindən görünür ki, Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan 2 otaqlı, 55 saylı mənzilin xx.xx.1965ci il təvəllüdlü İsrail vətəndaşı Maraqlı şəxs adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir və həmin mənzilə dair adına olan xx.xx.2018-ci il tarixli müqavilənin ləğv olunmasına razıdır. Gələcəkdə həmin mənzil ilə əlaqədar Cavabdeh MMC-yə və Maraqlı şəxs qarşı heç bir iddia, tələbi və şikayəti olmayacağı qeyd edilmişdir; X5 Bakı şəhəri 12 saylı Notariat Ofisində verdiyi xx.xx.2022-ci il tarixli, **********033 nömrəli ərizəsindən görünür ki, həyat yoldaşı X2 adına olan və Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan 2 otaqlı, 55 saylı mənzilin xx.xx.1965-ci il təvəllüdlü İsrail vətəndaşı Maraqlı şəxs adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmir. Gələcəkdə həmin mənzil ilə əlaqədar Cavabdeh MMC-yə və Maraqlı şəxs qarşı heç bir iddia, tələbi və şikayəti olmayacağı qeyd edilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İkxilov Ekhtibar (Edvard) Şaban oğlu həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan, 55 saylı iki otaqlı mənzilin dəyərini tam ödəmiş və borcu yoxdur; “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İkxilov Ekhtibar (Edvard) Şaban oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 455 saylı müqavilədən görünür ki, “Sifarişçi” müqavilədə göstərilmiş məbləği, yəni 123750 manat pulu “Podratçı”-ya ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 2, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 112.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 55 saylı mənzilin tikintisini “Podratçı”-ya həvalə etmişdir; “Kooperativ binada mənzillərin təmir olunması” haqqında xx.xx.2023-cü il tarixli, 046 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli binadan İkxilov Ekhtibar (Edvard) Şaban oğlunun sahiblik və istifadəsinə verdiyi 2-ci giriş, yaşayışın 4-cü mərtəbəsi, 2 otaqdan ibarət 55 saylı mənzilin daxili təmirinə icazə vermiş, İkxilov Ekhtibar (Edvard) Şaban oğlu isə həmin mənzili sahiblik və istifadəsinə qəbul edərək, müqavilədə göstərilən şərtlər daxilində təmir işlərini aparır; Nərimanov Rayon Məhkəməsinin e-16(005)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 112,5 kv.m olan izole olunmuş 2 otaqlı 55 saylı mənzilə Cavabdeh MMC və üçüncü şəxslərin giriş çıxışı və hər hansı digər müdaxilənin qadağan edilməsi, təmir işlərinin dayandırılması və bu mənzillə bağlı istənilən sənədləşmə işlərinin aparılması qadağan edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 5 girişli, 16 mərtəbəli kooperativ bina Cavabdeh MMC-yə məxsusdur. MMC tərəfindən binanın 2-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 112,5 kv.m olan izole olunmuş 2 otaqlı 55 saylı mənzili xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilə ilə X3 123750 manata satılmışdır. MMC rəhbərliyi tərəfindən mübahisəli mənzil daha sonra xx.xx.2019cu il tarixli, 329 saylı müqavilə ilə 168750 manata İddiaçı satılmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə X4 mənzilə olan hüququnu Maraqlı şəxs otürmüşdür. Maraqlı şəxs isə mənzili aldıqdan sonra öz hesabına təmir etməyə başlamışdır. Təmir işləri məhkəmə qərardadı ilə dayandırılmışdır. İddiaçı məhkəmədən mübahisəli mənzilin ona məxsus olması səbəbindən, MMC tərəfindən ona təhvil verilməsini tələb edir. Hazırda işin mübahisələndirilməyən halı mənzilin iki müxtəlif tarixdə, iki ayrı-ayrı şəxsə satılması və mənzildə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən təmir işlərinin aparılmasıdır. İşin mübahisələndirilən halı isə artıq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs təhvil verilmiş mənzilin iddiaçıya təhvil verilməsinin mümkün olub-olmaması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-c maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 770-1.4-cü maddəsinə əsasən tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri baxımından müəyyən edilir ki, Cavabdeh MMC ilə həm iddiaçı, həm də üçüncü şəxs arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Mülki Məcəllənin xx.xx.2017-ci il tarixdə yeni redaksiyada verilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Hər üç müqavilə Cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdən sonra bağlanmış, həmin müqavilələr mahiyyəti baxımından podrat müqaviləsi hesab olunur. Belə ki, müqavilə bağlanan zaman binanın tikintisinin davam etməsi mübahisə doğurmur. Müqavilənin mahiyyətindən də aydın olduğu kimi podratçı Cavabdeh MMC ona məxsus olan torpaq sahəsində yerləşən tikintisi başa çatmayan binanın tərkib hissəsini muzd müqabilində onu əldə etmək istəyən sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Sifarişçi tərəfindən öhdəlik icra olunsa da, podratçı müqavilədə nəzərdə tutulan payı sifarişçiyə təhvil verməmişdir. Bundan əlavə həmin binada, həmin mənzilə dair Cavabdeh MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixə podrat müqaviləsi bağlanmışdır. Həmin mənzilə dair sifarişçi tərəfindən muzd ödənilmiş və podratçı qeyd edilən mənzili sifarişçiyə təhvil vermişdir. Həmin mənzildə üçüncü şəxs Maraqlı şəxs tərəfindən təmirə başlanmış, lakin Nərimanov Rayon Məhkəməsinin e-16(005)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmir işləri dayandırılmışdır. Qeyd edilməlidir ki, Cavabdeh MMC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 239 saylı müqavilədən irəli gələn hüquqları sonuncu Maraqlı şəxs ötürdüyündən, Cavabdeh MMC ilə Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. Podrat müqaviləsinin mahiyyəti baxımından və tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (podratçı) Məhdud Məsuliyyətli Cəmiyyət olması nəzərə alındıqda, hazırki mübahisəyə Mülki Məcəllənin əvvəlki redaksiyasında olan 178.8-ci maddəsinin tətbiqi istisna edilir. Belə ki, Mülki Məcəllənin əvvəlki redaksiyasında 178.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddənin məzmunundan göründüyü kimi burada kooperativin verdiyi mənzilə münasibətdə pay haqqı tam ödənildikdə mülkiyyət hüququ əldə edilmiş olur. Bunun məntiqi davamı olaraq o qənaət formalaşır ki, hazırki mübahisədə səlahiyyətsiz şəxsin əşyaya dair sərəncam verməsi halı yoxdur. Necə ki, Mülki Məcəllənin 358-ci maddəsində nəzərdə tutumuşdur ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Bu səbəbdən də ilkin müqavilə bağlandıqdan sonra bağlanan digər müqaviləyə etibarsız əqd kimi yanaşmaq mülki qanunvericiliyin əqdlərlə və əqdin əsasında yaranan öhdəliklə bağlı formalaşdırdığı hüquqi mahiyyətə uyğun olmazdı. Lakin qeyd edilənlərdən o nəticə çıxmır ki, tərəflərin müqavilənin etibarsızlığını tələb etmək hüququ istisna edilir. Belə ki, hazırki iddia ərizəsində tələb iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasıdır. Hansı ki, konkret olaraq həmin öhdəliyi icra etmək artıq podratçının səlahiyyəti xaricindədir. Çünki müqavilədə qeyd edilən mənzil (pay) artıq üçüncü şəxsə təhvil verilmiş və həmin müqavilənin etibarlılığı mübahisə predmeti deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 452.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən isə borclu, fərdi müəyyən olan eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən kreditora məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Yəni, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Qeyd edilən normanın hazırki mübahisəyə tətbiqi baxımından məhkəmə qeyd edir ki, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ilə mənzilə dair müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, lakin həmin müqavilənin bağlanmasına əsas olan müqavilə cavabdeh MMC ilə X4 arasında xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Burdan belə nəticəyə gəlmək olur ki, Maraqlı şəxs ilə bağlanmış müqavilə mənzilə dair bağlanamış birinci müqavilədən irəli gəlir (törənir). Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa etdiyi 16 mərtəbəli yaşayış binasının 2-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 112.5 kv.m ibarət olan 2 otaqlı, 55 saylı mənzil faktiki olaraq üçüncü şəxsə verildiyindən iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair xx.xx.2019-cu il tarixdə iddiaçı ilə müqavilə bağlansa da, mənzil heç vaxt iddiaçıya təhvil verilməmiş, onun istifadə və sahibliyində olmamışdır. Mənzil xx.xx.2022 il tarixli müqavilə əsasında mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən Maraqlı şəxs satılmaqla onun istifadə və sahibliyinə, yəni ona təhvil verilmişdir. Bu hal həmçinin Maraqlı şəxs ilə MMC arasında bağlanmış “Kooperativ binada mənzillərin təmir olunması” haqqında xx.xx.2023-cü il tarixli, 046 nömrəli müqavilə ilə öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, başqa bir alıcıya təhvil verilmiş mənzilin, artıq iddiaçıya təhvil verilməsi praktik olaraq mümkün deyildir. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X4 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X4 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar