Məhkəmə qərarları › İş №e-2(005)-268/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-268/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-268/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 11591,92 manat sığorta ödənişinin, ödənilmiş 124,78 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-XY-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-AR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43 Coupe” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh cərimə edilmişdir. Tərəflərindən müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-AR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 14908,43 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 2683,52 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1000 manat azadolma çıxılmaqla 16591,92 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 5 000,00 manat məbləğin sığortaçısı tərəfindən ödənildiyini əsas tutaraq 11591,92 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertiza ilə qismən razıdır. Ekspertiza 2 hala nəzərən rəy vermişdir. 1-ci hal nəqliyyat vasitəsinə köhnəlmə tətbiq edilmədən verilmiş, digər hal isə nəqliyyat vasitəsinə köhnəlmə tətbiq edilməklə verilmişdir. Bu zaman nəqliyyat vasitəsinə köhnəlmə tətbiq edilmədən verilmiş hissə nəzərə alınmalıdır. Belə ki, fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası qaydalarının 35-ci maddəsində nəqliyyat vasitələrinə hansı halda köhnəlmə tətbiq edilə bilməsi qeyd olunmuşdur. Həmçinin ekspert rəyində qeyd olaraq verilmişdir ki, avtoservis müəssələrinin səviyəsindən və mövcud olan tələb və təklifdən aslı olaraq rəydə müəyyən edilmiş təmir işlərinin dəyərlərində qismən dəyişiklik ola bilər. Göründüyü kimi köhnəlmə tətbiq edilmədən zərərçəkmiş nəqliyyat vasitəsinə ekspertiza tərəfindən ƏDV tətbiq edilməməklə 14953 manat, şirkət tərəfindən təmir olunmuş mərkəz tərəfindən isə 14908 manat müəyyən edilmişdir. Yəni təmir mərkəzi daha ucuz qiymətə nəqliyyat vasitəsini təmir etmişdir. Ekspert köhnəlmə tətbiq etməklə isə 13753 manat zərər müəyyənləşdirmiş bu isə ekspertizanın verdiyi rəyin qeyd hissəsi ilə yenə də şirkət tərəfindən təmir etdirilmiş avtoservis müəssisənin qiymətləri ilə qismən fərq edir. Və çıxarılmış qiymətlərin üzərinə 2683,52 manat ƏDV gəldikdə ödəniləcək məbləğ iddia tələbdəki məbləğlə eynilik təşkil edir. Bütün hallarda təmir mərkəzi tərəfindən verilmiş qiymət öz doğruluğunu sübut edir. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinin surətindən görünür ki, **-AR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLE 43 Coupe” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, sığortalı "xxxx" MMC, sığorta məbləği 150000 manat, şərtsiz azadolma məbləği 1000 manat müəyyən edilməklə sığortalanmışdır; "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, avtonəqliyyət vasitələrinin kasko sığortası ilə sığortalanmış “Mercedes Benz GLE 43 Coupe” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsinə dair xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Dəymiş maddi ziyanın ümumi məbləğinin 17591,95 manat, sığorta ödənişinin 16591,95 manat olduğu müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hesab fakturadan görünür ki, **-AR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtonəqliyyat vasitəsinin təmirinin ümumi məbləği - ehtiyat hissələri və işin qyməti 14908,43 manat, ƏDV 2683,52 manat olmaqla, cəmi 17591,95 manat təşkil edir; "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 17591,92 manat pul köçürülmüşdür; xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, **-AR-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 17591,95 manat zərər məbləği müqabilində təmin olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə almışdır; “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir; İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, **-XY-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8742 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes-AMG GLE 43 Coupe” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13875 manat müəyyən edilmişdir; Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi verilməsi üçün 124,78 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh **-XY- *** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsini idarə edərkən xx.xx.2021-ci il tarixində törətdiyi yol-nəqliyyat hadisəsi (yol hərəkəti qaydalarını pozması) nəticəsində iddiaçı tərəfindən sığortalanmış **-AR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43 Coupe” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə 1000 manat azad olma məbləği çıxıldıqdan sonra, sığortalıya 16591,92 manat sığorta ödənişi həyata keçirilmişdir. Zərərvuran şəxsin avtonəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalandığından, onun sığortaçısı tərəfindən 5000 manat iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı qalan 11591,92 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ, istifadə hüququ və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Qeyd olunduğu kimi, iddia tələbinin hüquqi əsası kimi göstərilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, onun qanuni əsasla sahiblik etdiyi yüksək təhlükə mənbəyi olan **-XY-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, iddiaçının sığortalamış olduğu X2 məxsus olan **-AR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz GLE 43 Coupe” minik markalı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin nəqliyyat vasitəsinin təmir mərkəzinə sığorta ödənişi etməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının cavabdehə qarşı subroqasiya tələbi haqlıdır. Sığorta ödənişinin məbləğinə gəlincə məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə dəymiş zərərin məbləği 14908,43 manat və ƏDV üçün 2683,52 manat olmaqla, cəmi 17591,95 manat olduğu göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8742 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, 2019-cu il buraxılışlı “Mercedes-AMG GLE 43 Coupe” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 13875 manat müəyyən edilmişdir. İddiaçı ekspert rəyində ƏDV-nin hesablanmadığını göstərsə də ekspert rəyinin tədqiqi hissəsindən görünür ki, malın (işin,xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi biliyə malik ekspertin rəyində avtomobilə dəymiş zərərin ümumi məbləği müəyyən edilmişdir və həmin məbləğ ƏDV də daxil olmaqla əşyaların bazarda satış qiymətlərini özündə əks etdirir. Belə ki, qiymətlərin ƏDV daxil olmadan göstərilməsi məntiqə uyğun olmamaqla ümumi qəbul olunmuş qaydalarla da ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, qeyd olunanlara əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmir-bərpasının ümumi və real xərci ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Beləliklə, kasko sığortası müqaviləsi ilə 1000 manat azadolma məbləğinin müəyyən edilməsi və zərərvurana məxsus nəqliyyat vasitəsinin icbari sığorta növü ilə sığortalanması və 5000 manatın cavabdehin sığortaçısı tərəfindən iddiaçıya ödənilməsi kimi halların işin mübahisələndirilməyən halları olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş 13875 manat məbləğdən 1000 manat azadolma məbləği və 5000 manat icbari sığorta növü üzrə sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 7875 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidiir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Mercedes-AMG GLE 43 Coupe” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cavabdehdən 7875 manat (13875-5000-1000) məbləğində pul tutulmalıdır. İddiaçının köhnəlmə əmsalının tətbiq edilməməli olması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nın 34-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmiri və ya bərpası xərcləri hesablanarkən aşağıdakılar nəzərə alınmır: - avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri; - avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi; - təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi; - avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi. Həmin Qaydaların 35.1-ci maddəsinə görə sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Qaydaların 35.2.2-ci maddəsinə əsasən isə avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi halında sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur. Hazırki iş materiallarından isə görünür ki, sığorta olunan avtomobilin istehsal tarixindən iki il keçmişdir, belə ki, avtomobil 2019-cu il istehsalıdır, sığorta hadisəsi isə 2021-ci ildə baş vermişdir. Bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, ekspert rəyində köhnəlmə əmsalının tətbiq edilməsi həm işin hallarına, kasko sığortası müqaviləsinin şərtlərinə, həm də qanunvericilik normalarının tələblərinə uyğundur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7875 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 124,78 manat pulun 85 manatı və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 7960,4 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pulun 32 manatı iddiaçı "xxxx" ASC-dən, 68 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 7875 manat, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 124,78 manat pulun 85 manatı və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 7960,4 (yeddi min doqquz yüz altmış manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın 32 (otuz iki) manatı iddiaçı "xxxx" ASC-dən, 68 (altmış səkkiz) manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar