Məhkəmə qərarları › İş №e-2(005)-2682/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2682/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2682/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2642,95 manat və ödənilmiş dövlət rüsumuna görə 46,42 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2 məxsus “Vaz 21061” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə idarə edərkən Abşeron rayonu, Novxanı-Binəqədi yolu ərazisində "xxxx" ASC tərəfindən MV-P 00412-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 50 manat azadolma məbləği çıxılaraq 7610 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Abşeron RPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 4967,05 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 2642,95 manat məbləğ isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Cavabdeh1 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbi təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia Cavabdeh2 münasibətdə rədd, Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC-nin xx.xx.2010-cü il tarixli, MİC-103655-U05 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin surətindən şəhadətnamənin surətindən görünür ki, sığortalı X2 məxsus avtomobil 11000 manat məbləğində sığortalanmış (xx.xx.2019xx.xx.2020), azadolma məbləği 50 manat təşkil edir. xx.xx.2020-ci il tarixli Qiymətləndirmə aktına əsasən “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin yekun qiymət 7660 manat təşkil edir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, X2 məxsus “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2019-xx.xx.2020-ci il, sığorta məbləği 11000 manat, azadolma məbləği 50 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Novxanı- Binəqədi yolundan sığortalanmış avtomobillə toqquşmuşdur. Maddi ziyanın ümumi məbləği 7660 manat məbləğində olduğu, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 50 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişinin 7610 manata bərabər olduğu müəyyən edilmişdir; xx.xx.2020-ci il tarixli, 149536 saylı kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 7610 manat sığorta ödənişi verilmişdir; LPO "xxxx" ASC-nin “subroqasiya qaydasında sığorta tələbi” barədə məktubunun surətindən görünür ki, subroqasiya qaydasında sığorta tələbi üzrə “Vaz 21061” markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə vurulmuş maddi ziyana görə 4967,05 manat ödəniş edilmişdir; xx.xx.2020-ci il tarixli, TP3437845 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Pretenziya məktubundan görünür ki, cavabdehlər sığorta ödənişini "xxxx" ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur; Ödəniş qəbzinə əsasən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 46,42 manat və 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5406 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6410 manat müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5406 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən “Ford Focus” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6410 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdən sığorta şəhadətnaməsində nəzərdə tutulan 50 manat azadolma məbləği və icbari sığorta üzrə LPO "xxxx" ASC tərəfindən ödənilmiş 4967,05 manat çıxılmalı, qalan sığorta ödənişi 1392,95 manat həcmində müəyyənləşdirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yolnəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia digər Cavabdeh2 aid hissədə rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanunun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Subroqasiya hüququ ilə əlaqədar 1392,95 manat, dövlət rüsumu kimi ödənilmiş 46,42 manatın 24,50 manatı, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 1427,45 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 23,6 manatı iddiaçı "xxxx" ASC-dən, 26,4 manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar