Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2768/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Cavabdeh1 MMC əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması, konteynerlərin qaytarılması, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi və mənəvi ziyanın tutularaq İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). İş materiallarından göründüyü kimi, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Tələb isə əmlakın qaytarılması, haqsız rəqabətin qarşısının alınması - sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasından ibarətdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə uyğun olaraq, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2768/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2768/2023
25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver