Məhkəmə qərarları › İş №e-2(005)-28/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-28/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-28/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı delikt nəticəsində mənzilə dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Civişov Orxan (Emin) Qayıb oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil hüquqlarının pozulmasını aradan qaldırmaq məqsədi ilə mülki hüquq pozuntusu nəticəsində ona vurulmuş, məhkəmə tikinti-mühəndislik ekspertizası keçirərək dəqiq müəyyən edildiyi həcmdə ödənilməli maddi ziyan, 500 manat mənəvi ziyan, 500 manat vəkil xidməti və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, təyin edilmiş məhkəmə-tikinti ekspertizasının nəticəsinə uyğun olaraq cavabdehin istifadəsindəki 53 saylı mənzilin texniki vəziyyəti barədə hüquqi qiymətin verilməsi və təsbit edilmiş nöqsanların mövcud tikinti norma və qaydalara uyğun olaraq tərtibi, müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmiş təmir-tikinti layihə sənədi əsasında aradan qaldırılması və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasının cavabdehə vəzifə kimi həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh X3 əsl Cavabdeh ilə əvəz olunmuşdur. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, sonda məhkəmədən ona məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilə mülki hüquq pozuntusu nəticəsində dəymiş 8568,40 manat maddi ziyan, ona mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı iddia verildiyi tarixdən (2023cü ilin yanvar ayından xx.xx.2025-ci il tarixə 400x30 ay=12 000 manat) və iş üzrə qətnamə qəbul edilən tarixə və iddia tələbinin icra olunacağı tarixədək hər ay 400 manat maddi ziyan, 500 manat mənəvi ziyan, 500 manat vəkil xidmət haqqı, vəkil sorğuları üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik hüquqi şəxsinə ödənilmiş 145 manat rüsumun və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi, cavabdehə məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzildə qanunsuz olaraq anbar otağının yerində tikilmiş 3-cü sanitar qovşağının sökülməsi, həmin sanitar qovşağına ana su və kanalizasiya xətlərindən daxil olan bütün xətlərin başlanğıc nöqtəsindən kəsilməsi və sökülüb çıxardılması, anbarın əvvəlki vəziyyətinin bərpa edilməsi, Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzilin müxtəlif yerlərindən iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilin sahələrinə su sızmalarının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər, Nərimanov rayonu, Ak.Həsən Əliyev 82C, 50 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh ünvan 1 ünvanda yaşayan üst mərtəbədə yerləşən qonşusudur. Cavabdehin istifadəsində olan 53 saylı mənzildən su sızması nəticəsində 50 saylı mənzilə xeyli miqdarda ziyan vurulmuş, son dəfə xx.xx.2023-cü ildə ziyan aşkar edilmişdir. Belə ki, İddiaçı tərəfindən son il mənzilində su sızması ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıq edilərək, mənzildə yerləşən çoxsaylı sanitar qovşaqlarından və açıq tipli eyvandan təbiət çöküntülərinin yığılmasının və aşağı mərtəbəyə keçməsinin qarşısının alınması üçün tədbirlərin aparılması diqqətinə çatdırılmış, lakin bir neçə dəfə təmir işlərinə başlanmasına baxmayaraq, nəticə etibarı ilə su sızmasının qarşısı bu günə kimi alınmamışdır. Göründüyü kimi cavabdeh daşınmaz əmlakı qonşuya ziyan vurmamaq şərti ilə istifadə etmək niyyətində olmamış və hərəkətsizliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymiş və bu ziyan artmaqda davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, AZ 1110, ünvan 2 ünvanında yerləşən 207.90 kv.m sahəli daşınmaz əmlak xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 3 ünvanında yerləşən 53 saylı mənzil ilkin olaraq xx.xx.2006cı il tarixdə X2 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli 40-276 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixində Cavabdeh adına özgəninkiləşdirilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 82c ünvanında yerləşən 238,5 kv.m sahəli 53 saylı mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; - ********** saylı qəbzə əsasən məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 30 manat məbləğində rüsum ödənilmişdir; - İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, MB 16/0119 saylı qiymətləndirmə hesabatından görünür ki, AZ 1110, ünvan 2 ünvanında yerləşən 50 saylı mənzilə subasma nəticəsində dəymiş zərərin xx.xx.2023-cü il tarixinə hesablanmış bazar dəyəri 20534 manat təşkil edir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 82C (288), 50 saylı mənzildə su sızması nəticəsində yaşayış mənzilinin rütubətli olması, yaxşı isidilməməsi və vaxtlıvaxtında otaqların havalandırılmaması səbəbindən əmələ gəlmiş kif göbələklərinin insan orqanizminə təsir göstərərək fəsadlar törətmə ehtimalı vardır. Araşdırılan bu məsələ ilə bağlı zərərçəkənin müvafiq həkim müayinə nəticələrinə əsasən, insan sağlamlığına zərərvurmanın hansı dərəcədə olması müəyyən edilə bilər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsin Tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, vətəndaş İddiaçı məxsus ünvan 5 ünvanında xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı mənzilin yataq otağında tavanda bir neçə yerdə kif göbələyi əmələ gəlməsi müşahidə edilmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1282 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi 82C(288), 50 saylı mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 50 saylı mənzilə 53 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 53 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair rəydə göstərilən amilləri nəzərə alaraq, 50 saylı mənzilə su sızması 53 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 35 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 50 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 7187,1 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2678 saylı ekspert rəyindən görünür ki, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 82C(288), 50 saylı mənzildə ekspert baxışına təqdim olunmuş istifadə edilən 8 şamdanlı çilçırağın hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350 manat müəyyən edilir. Şkaf, taxt, termo sökülü vəziyyətdə olduğundan tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; - Xəzinədar qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 145 manat pul Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ödənilmişdir; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, vəkil müqaviləsi üzrə İddiaçı tərəfindən Ədalət Vəkil Bürosunun hesabına 1000 manat pul köçürülmüşdür; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8643 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 82C (288) 50 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 7187,1 manat məbləğində müəyyən olunur. İlkin ekspertiza zamanı əldə olunmuş məlumatlar ilə hazırki ekspertiza zamanı baxış keçirilərkən əldə olunmuş məlumatlarla müqayisə edilərkən 50 saylı mənzilə əlavə otaqlarında su axıntı izləri və eləcədə su axıntısının davam etməsi müşahidə olunmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, MB 17/0501 saylı qiymətləndirmə hesabatından görünür ki, AZ 1110, ünvan 2 ünvanında yerləşən 50 saylı mənzildə aparılan ilkin və təkrar ekspertiza zamanı müşahidə edilən su axıntılarının izlərinin foto şəkilləri ilə müqayisədə hazırki müşahidə zamanı tavanda yeni su ləkələri izləri, divar kağızının qopması və divar kağızında kif göbələklərinin əmələ gəlməsi müşahidə olunmuşdur və bu əlavə su axıntı izlərinin həmin mənzilə 53 saylı mənzildən su axıntısının davam etmiş olduğuna dəlalət edir. 50 saylı mənzilin 4 otaqdan 2 otağının istifadə edilməsi 53 saylı mənzildən su axıntısı ilə əlaqədar, bir otaqdan istifadənin yararsız olması və digər otağa həmin otağın əşyalarının yığılması ilə əlaqədar olaraq faktıkı olaraq mümkünsüz olmuşdur. Əgər mənzilin 2 otağı yararlı vəziyyətdə olsa idi həmin otaqlardan mülkiyyətçi istifadə edə bilərdi. Beləliklə, ərazi üzrə kirayə bazarında aparılmış araşdırmalara və hesablamalara əsasən iddiaçıya mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı hər ay 480 manat məbləğdə maddi ziyan dəymişdir; - “Praqma Consulting" MMC-nin xx.xx.2024-cü il tarixli, PC/DDƏQ/015-01/25 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C (288), ünvanında yerləşən, 50 saylı mənzilə dəymiş zərərin həcmi və məbləği bazar qiymətləri ilə və ƏDV nəzərə alınaraq ilkin vəziyyətə gətirilməsi üçün təmir-tikinti xərclərinin məbləği 8568,40 manat təşkil edir. İlkin və təkrar ekspertiza zamanı müşahidə edilən su axıntılarının izlərinin fotoşəkilləri faktiki vəziyyətlə tutuşdurularaq müqayisəli təhlil edilmişdir. İdentifikasiya zamanı müəyyən edildi ki, fototəsvirlərdə əks edilən su axıntı izlərindən başqa mövcud vəziyyətdə yeni su axıntı, nəmişlik izləri (xüsusi cihaz vasitəsilə) müşahidə olunur. Yaranmış yeni əlavə su axıntı izlərinin eyni mənbədən - 53 saylı mənzildən olan su axıntısının davamı olduğu qənaətinə gəlmək olur. Birbaşa üst mərtəbədən su sızması müntəzəm olaraq davam etməkdədir. 50 saylı mənzildə 2 ədəd, 53 saylı mənzildə 3 ədəd sanitar qovşağı mövcuddur. 53 saylı mənzildəki sanitar qovşaqlarından yanaşı yerləşən 3.8 kv.metr və 4.1 kv.metr təşkil edən 2 ədəd sanitar qovşağı 50 saylı mənzilin 3 saylı, ümumi sahəsi 26.6 kv.metr təşkil edən (yataq otağı, su axıntısı nəticəsində ən çox ziyan vurulan) sahənin üzərində yerləşir. 53 saylı mənzildəki 12.5 kv.metr təşkil edən 3-cü sanitar qovşağı isə 50 saylı mənzilin 19.5 kv.metr təşkil edən yataq sahəsinin üzərinə düşür. 53 saylı mənzildə yerləşən hər 3 sanitar qovşaqlarının 50 saylı mənzilin yataq otaqları üzərinə düşməsi qüvvədə olan SNİP 2.08.01-89* X6 Qaydaları 2.6. Tualetin və hamamın (və ya duşun) birbaşa yaşayış otağının və mətbəxin üstündə yerləşdirilməsinə icazə verilmir. 50 saylı mənzilin 4 otaqdan 2 otağının istifadə edilməsi 53 saylı mənzildə su axıntısı ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 08 may 2023-cu il tarixli 22/1/1063-2023 saylı rəyində kif göbələklərin insan orqanizminə təsir göstərməsi ilə fəsadlar törətməsi ehtimalı müşahidə edilir. Faktiki məhdudlaşdırma müşahidə olunan 2 otaqda hazırda mebel yığılmışdır. İddiaçının mənzildən istifadəsi məhdudlaşdırılmışdır. Hazırda iddiaçıya 2 otağın məhdudlaşdırılmasına görə aylıq 400.00 manat/1 ay məbləğində ziyan dəyməkdədir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7878 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ilkin və təkrar ekspertiza zamanı müşahidə edilən su axıntılarının izlərinin foto şəkilləri ilə müqayisədə hazırki müşahidə zamanı sahəsi 26.6 kv.m olan otağının tavanında sahəsi 49.2 kv.metr olan yaşayış otağının və sahəsi 29.3 kv.metr olan mətbəxin tavanında yeni izlər müəyyən olunmuşdur. Eyni zamanda baxışda iştirak edən mütəxəssislər tərəfindən müvafiq cihaz vasitəsi ilə aparılmış müayinə zamanı həmin tikililərin konstruktiv elementləri üzrə nəmlik olduğu müəyyən edilmişdir. 53 saylı mənzilin sanitariya qovşaqları təmirli olduğundan, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, eləcə də su və kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı bir nasazlıq müşahidə edilmədiyindən 50 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2006-cı il tarixli texniki pasportda 53 saylı mənzil üzrə sahələri 4.0 kv.metr və 3.6 kv.metr olan iki ədəd sanitariya qovşağının olduğu, 2018-ci il tarixli texniki pasportda isə 53 saylı mənzil üzrə sahələri 12.5 kv.metr, 3.8 kv.metr və 4.1 kv.metr olan üç ədəd sanitariya qovşağının olduğu göstərilmişdir. Hər iki texniki pasportda olan məlumatlar müqayisə edilərkən 2018ci il tarixli texniki pasportda göstərilən və sahəsi 12.5 kv.metr təşkil edən sanitariya qovşağı tikilisinin planlı yerləşməsinə və texniki göştəricilərinə uyğun olaraq 2006-cı il tarixli texniki pasportda anbar tikilisi kimi göstərildiyi müəyyən edimişdir. Tədqiq olunan 53 saylı mənzil üzrə faktiki olaraq, 2018-ci il tarixli texniki pasportun göstəricilərina uyğun formada üç ədəd sanitariya qovşağının mövcud olduğu və həmin sanitariya qovşaqlarının da 50 saylı mənzilin tikililərinin (yaşayış və mətbəx) üzərində yerləşdiyi müşahidə edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normativ sənədlər sistemi AzDTN 2.7-2 Yaşayış binaları Layihələndirmə Normalarının 9.20 bəndinin tələblərinə əsasən yaşayış otaqlarının və mətbəxin üstündə sanitar qovşağının layihələndirilməsinə yol verilmir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 82C (288), 50 saylı mənzilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 82 c, 53 saylı mənzildən su axıdılması nəticəsində ziyan dəymişdir. Hazırda iddiaçı mənzilinə su axıdılması nəticəsində ev əşyaları, tavan, döşəmə və s. konstruktiv hissələrin sıradan çıxması və yenidən təmirə ehtiyac olması, həmçinin mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı ona dəymiş maddi zərərin, mənzilə su sızması nəticəsində otaqlarda yaranmış antisanitar şəraitdə sağlamlığına göstərilən mənfi təsirlər səbəbindən mənəvi zərərin və iş üzrə çəkdiyi xərclərin ona ödənilməsi, o cümlədən, su və kanalizasiya xətlərində yenidənqurma tədbirlərinin görülməsi, su sızmalarının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət edir. Hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097, 1111.2 və 1115-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəylərinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evindən olduğu müəyyən edilir və bu zaman konkret texniki səbəbin nə olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert və qiymətləndirmə rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza və qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert və qiymətləndirmə rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş zərərin həcminin məhkəmə tərəfindən təyin edilmiş (Qiymətləndiricilər Palatasına göndərilmişdir) “Praqma Consulting" MMC-nin xx.xx.2024-cü il tarixli rəyində 8568,40 manat müəyyən edildiyini, həmin məbləğinin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun iş materiallarında mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı iddia verildiyi tarixdən (2023-cü ilin yanvar ayından xx.xx.2025-ci il tarixə 400x30 ay=12 000 manat) və iş üzrə qətnamə qəbul edilən tarixə və iddia tələbinin icra olunacağı tarixədək hər ay 400 manat maddi ziyanın ödənilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, hər bir şəxs mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Sonuncu ekspert rəyindən də göründüyü kimi, mənzilə su axıntısı davam edir. İddiaçı mənzilin iki otağından istifadə etmək hüququndan məhrum olmuşdur. Qiymətləndirici rəyində iddiaçıya 2 otağın məhdudlaşdırılmasına görə aylıq 400.00 manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilindən istifadə hüquqları məhdudlaşdırıldığından, düşdüyü ziyana görə kompensasiya tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi sübutlar sırasına daxil edildiyindən və mötəbərliyi şübhə doğurmadığından, iddiaçının hər ay 400 manat maddi ziyan tələbini məhkəmə ağlabatan hesab edir və bu hissədə iddia təmin olunmalıdır. İddiaçı, iddia ərizəsində xx.xx.2025-ci il tarixədək dəymiş zərərin ödənilməsini tələb etsə də, eyni zamanda iş üzrə qətnamənin qəbul edildiyi tarixədək yaranmış zərərin də əvəzinin ödənilməsini tələb etmişdir. Bu baxımdan, dəymiş zərərin daha dəqiq və tam şəkildə müəyyənləşdirilməsi məqsədilə hesablamaların xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə etməsi məqsədəuyğun hesab olunur. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində verilmişdir. Məhkəmə həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün 12000 manat zərərin (400 x 30 ay), xx.xx.2025-ci il tarixindən qətnamə icra olunduğu günədək hər ay 400 manat pulun tutulmasını məqsədə müvafiq hesab edir. İddiaçının mənəvi ziyana görə 500 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının mənzilinə dəfələrlə su axması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş rəylə mənzildəki rütubətliliyin insan orqanizminə fəsadlar törətmə ehtimalının təsdiqi iddiaçının özünün və ailəsinin sağlamlığı ilə əlaqədar mənəvi tarazlığının pozulmasının göstəricisidir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq 500 manat mənəvi zərərin cavabdehdən tutulmasını ağlabatan və ədalətli hesab edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzilin müxtəlif yerlərindən ona məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilin sahələrinə su sızmalarının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin olunmalıdır. Qanunvericiliyin müddəalarından göründüyü kimi cavabdeh tərəfindən su basmanın qarşısının alınması üçün tədbirlərin görülməməsi iddiaçının mülkiyyət hüquqlarına xələl gətirir ki, bu da hüquq pozuntularının davam etməsinə yol açmaqdadır. Odur ki, İddiaçı hüquqlarının müdafiəsi məqsədilə cavabdeh tərəfindən zəruri fəallıq nümayiş etdirilməlidir. Tələbin Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzildə qanunsuz olaraq anbar otağının yerində tikilmiş 3-cü sanitar qovşağının sökülməsi, həmin sanitar qovşağına ana su və kanalizasiya xətlərindən daxil olan bütün xətlərin başlanğıc nöqtəsindən kəsilməsi və sökülüb çıxardılması, anbarın əvvəlki vəziyyətinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə qeyd edir ki, yuxarıda vurğulandığı kimi su basmanın qarşısının alınması üçün lazımi tədbirlərin yerinə yetirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulduğundan və maddi ziyan tələbləri təmin edildiyindən, mövcud vəziyyətdə əlavə olaraq rekonstruktiv addımların atılması zərurəti mövcud deyildir və iddia bu hissədə rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının 500 manat vəkil xidmət haqqı, vəkil sorğuları üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə ödənilmiş 145 manat rüsum və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması tələbinə münasibətdə qeyd edir ki, həmin xərclərin cavabdehin təqsirindən yaranması, ödənişlərin həyata keçirilməsini təsdiqləyən qəbzlərin məhkəməyə təqdim olunması və məbləğlərin ağlabatanlığı rəhbər tutulmaqla, iddia həmin hissədə təmin olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyana görə 8568,40 manat, mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı 12000 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün), mənəvi zərərə görə 500 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat, çəkilmiş xərcə görə 145 manat, ödənilmiş dövlət rüsumuna görə 154 manat olmaqla, cəmi 21867,4 manat məbləğində pul, xx.xx.2025-ci il tarixindən qətnamə icra olunduğu günədək hər ay 400 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzilin müxtəlif yerlərindən iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilin sahələrinə su sızmalarının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 350 manat məbləğində pul (xx.xx.2023-cü il tarixli, 10/1282 saylı ekspert rəyi üçün 100 manat; xx.xx.2023-cü il tarixli, 9/2678 saylı ekspert rəyi üçün 50 manat; xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8643 saylı ekspert rəyi üçün 100 manat, xx.xx.2025-ci il tarixli, 10/7878 saylı ekspert rəyi üçün 100 manat) Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyana görə 8568,40 manat, mənzildən istifadənin məhdudlaşdırılması ilə bağlı 12000 manat (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövr üçün), mənəvi zərərə görə 500 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat, çəkilmiş xərcə görə 145 manat, ödənilmiş dövlət rüsumuna görə 154 manat olmaqla, cəmi 21867,4 (iyirmi bir min səkkiz yüz altmış yeddi manat, qırx qəpik) manat məbləğində pul, xx.xx.2025-ci il tarixindən qətnamə icra olunduğu günədək hər ay 400 (dörd yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 53 saylı mənzilin müxtəlif yerlərindən iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 82C, 50 saylı mənzilin sahələrinə su sızmalarının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar