Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2875/2025 21.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu məbləğə görə 7000 (yeddi min) manatın, mənəvi ziyana görə 7000 (yeddi min) manatın, vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın və dövlət rüsumu kimi ödənilmiş 135 (bir yüz otuz beş) , cəmi 14455 (on dörd min dörd yüz əlli beş) manatın tutularaq iddiaçıya ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsnə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirdi və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materialları ilə birlikdə nəzərdən keçirib mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi qənaətinə gəlir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, həm İddiaçı , həm də Cavabdeh vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almışdır. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, İddiaçı dizayner kimi toy, nişan üçün restoranları və xına evlırini dekorla bəzəyir. Cavabdeh isə Qobu qəsəbəsində yerləşən YAR Palace restoranını işlədir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh işlətdiyi “Yar Palace” adlı restoranda dekor işlərinin görülməsi üçün sifariş qəbul etdiyini, işləri gördüyünü lakin pulun bir qisminin ona ödənilmədiyini iddia edir. Tərəflərin arasında mübahisə məhz hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibətləri məhkəmə nəzərdən keçirdib müəyyən etmişdir ki, bu münasibətlər kommersiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı iddia tələbi üzrə mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. 16-cı bəndinə əsasən, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə onu da qeyd edir ki, hüquq münasibətlərinin sahibkarlıq fəaliyyəti nəticəsində yarandığı tərəflərin izahatları və mülki işin materialları ilə öz təsdiqini tapır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olması, üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı”maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2875/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2875/2025
21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver