Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-289/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X8, Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakdakı paya mütənasib pul” tələbinə dair ilk, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “miras əmlakdakı paya mütənasib pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Nissan Navara” markalı, ** BA *** (** CM ***) dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 30.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 5000 (beş min) manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 5000 (beş min) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, ataları X11 31 may 2017-ci il tarixdə vəfat etmişdir. Atalarının ölümündən sonra o, İddiaçı1 13 iyul 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda, qardaşı, İddiaçı2 isə 08 iyul 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda ərizə yazaraq (imza təsdiqi) mərhum ataları X2 miras qalmış əmlaklardan onlara çatan payları notarial qaydada qəbul etdiklərini bildirmişdirlər. Daha sonra həmin ərizələr müvafiq qaydada qeydiyyata alınması məqsədi ilə (17.08.2017-ci il tarixli ərizəyə qoşaraq) Bakı şəhəri 21 saylı notariat kontoruna göndərilmişdir. Miras əmlaka daxil olan “Nissan Navara" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ataları, İddiaçı1 adına qeydiyyatda olmuş, sonradan onun 2-ci həyat yoldaşı olan Cavabdeh adına alqı-satqı müqaviləsi ilə qeydiyyata alınmışdır. Həmçinin hazırda X7 övladları İddiaçı1, İddiaçı2 və həyat yoldaşı Cavabdeh başqa heç bir vərəsəsi yoxdur, “Nissan Navara" markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobil atalarının ölümündən sonra 28 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, hamin avtomobil X1 adına X7 təşəbbüsü ilə (özgəninkiləşdirməklə) keçsə də, faktiki olaraq həmin əmlak ar-arvadın nikah dövründə əldə edilmiş əmlak olmaqla onların ümumi istifadələrində olmuş və mərhum, ər kimi avtomobilin 1/2 payına münasibətdə mülkiyyət hüququna malik idi. Cavabdeh isə həmin avtomobili ilk dəfə özgəninkiləşdirməklə faktiki olaraq həmin əmlaka münasibətdə onları vərəsə paylarından məhrum etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 24.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 4000 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 4000 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərcin Cavabdeh tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 10.11.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mərhum əri X7 ölümündən əvvəl borclu olduğu 120.038 (bir yüz iyirmi min otuz səkkiz) manat məbləğində pul vəsaitinin 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın cavabdeh İddiaçı1, 1/6 hissəsinin, yəni 20 000 (iyirmi min) manatın isə İddiaçı2 tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ilkin iddia tələbi ilə birlikdə baxılması qərara alınmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 23.000 (iyirmi üç min) manat məbləğə satılmışdır. Həmin avtomobilin satılmasında məqsəd mərhum əri Qulu Qasımovun xəstəliyi ilə əlaqədar onun tərəfindən alınmış borcların qaytarılması olmuşdur. Belə ki, mərhum əri X11 vəfat etməzdən əvvəl xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında Medipol xəstəxanasında 2 dəfə ağır əməliyyat keçirdi. Ərinin xəstəliyi ilə əlaqədar çəkdiyi xərclərin (yeri gəlmişkən iddiaçılar tərəfindən hər hansı bir xərc çəkilməmişdir) böyük bir qismi ayrı-ayrı şəxslərdən mərhum ərinin aldığı (daha doğrusu ərinin xahişi və istəyi əsasında ayrı-ayrı şəxslərdən alınmış) borcların hesabına ödənilmişdir ki, hazırda da hələ həmin borcların bir hissəsi qalmışdır. “Nissan Navara” markalı, (**-CM-***) ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pul bütünlüklə borcların qaytarılmasına sərf edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X16 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verib, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Qarşılıqlı iddiaçı Cavabdeh təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X10 (qarşılıqlı iddiaçının kürəkəni) bildirmişdir ki, Afət xanım onun qaynanasıdır. Qulu əmi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Müalicəsi üçün ondan on altı min dollar almışdı. Rövşən adlı başqa tanışından isə beş min dollar almışdı. İstanbulda əməliyyat olundu. Dörd saatlıq əməliyyat on iki saat davam etdi. Çünki Qulu əminin qida borusunda xərçəng var idi və mədəsinə sıçramışdı. Daha sonra müalicə xərcləri üçün əlavə beş min dollar tələb olunurdu. Müalicə üçün tələb olunan qalan məbləği Qulu əminin Türkiyədəki dostu, “Mete” ticarətin sahibi Xəlil İpək verdi. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Qulu əmi xərçəng xəstəsi idi. İcarəyə mağaza götürmüşdü və orada xırdavat və inşaat materiallarının satışı ilə məşğul olurdu. Türkiyədən qayıtdıqdan sonra vəziyyəti ağırlaşdığı üçün Bakıya gətirdilər və Zəfəran klinikasında müalicəsi davam etdirildi. Zəfəran klinikasında müalicə üçün altı min manat xərc çəkilmişdir. Dəfn mərasimində iştirak edib, bütün xərclər Afət xanım tərəfindən ödənilib. Oğullarını tanımır, indi görsə belə tanımaz. Qulu əmini hamı insan olaraq tanıyırdı, biznesmen olaraq tanınmırdı. Qulu əminin maddi vəziyyəti, imkanı çox yaxşı deyildi. Əgər maddi vəziyyəti yaxşı olsa rəhmətə getməzdi, vaxtında müalicə olunardı. Xırdavat mağazasında satmaq üçün malları “Baha” adlı Türkiyədəki şirkətdən alırdı. O, borcu 2016-cı ilin sonları Qulu əmiyə vermişdi. Qulu əmi ilə birlikdə Türkiyəyə o, qaynanası Afət xanım və qaynı getmişdilər. Gedənə qədər pul Qulu əmidə idi. Xəlil İpək pulu verəndə onlar xəstəxanada idilər. Qəbir daşı üçün beş min altı yüz manat xərc çəkilmişdi. Qarşılıqlı iddiaçı Cavabdeh təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X19 (miras qoyanın dostu) bildirmişdir ki, o Afət xanımın həyat yoldaşı Qulu ilə yaxın dost olub. Qulu 2016-cı ildə onkoloji xəstəlik tutdu. Müalicə üçün Türkiyənin Ərzurum və İstanbul şəhərlərinə müalicə məqsədi ilə gedirdi. Bu müddətdə müalicə üçün pula ehtiyacı var idi. Müalicə üçün ondan və digər ortaq tanışlarından borc almışdı. Şahid həmçinin də suallara cavab verərək bildirmişdir ki, Qulu 2017-ci ilin may ayında onkoloji xəstəlik səbəbi ilə rəhmətə getdi. Müalicə üçün pulu çatmırdi, ona görə də borc aldı. İstanbulda müalicə alırdı və həmin şəhərdə əməliyyat olundu. Naxçıvandakı obyektində xırdavat və tikinti materialları satırdı. Satdığı materialları Türkiyədən “Mete” və “Baha” adlı ticarət şirkətlərindən alırdı. Yas mərasimində və dəfn mərasimində iştirak edib. Yas və dəfn mərasimləri üçün çəkilən xərclər Qulu bəyin həyat yoldaşı və qaynı tərəfindən ödənilib. Qəbir üstü abidə üçün təxmini altı min manat xərc çəkildi. Yaxın dost olduqları üçün borcun alınmasını notarial qaydada rəsmiləşdirməmişdilər. Qulunun avtomobili var idi, rəhmətə getdikdən sonra o avtomobil satıldı. Avtomobilin satışından əldə edilən pul ilə onun borcunu və digər borcları ödədilər. Afət xanım mənimi borcunu qaytaranda 2017-ci ilin avqust-sentyabr ayları idi. Mərhum ilə yaxın dostluq münasibətləri olduğu üçün borc alınarkən heç bir sənəd imzalamayıblar. “Mete” şirkətinin rəhbəri Xəlil İpək ona dedi ki, beş min dollar müalicə üçün əlavə pul verib. O, borcu manatla vermişdi, səkkiz min beş yüz manat borc verib. Borcu Naxçıvanda, evdə verib və həmin vaxt qardaşı da evdə idi. Mərhum üçün qoyulan qəbir daşının eynisi onun qəzada rəhmətə gedən dostu üçün qoyulmuşdu, ona görə qəbir üstü abidənin qiymətini bilir. Məhkəmə işə baxıb, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi mərhum X11 31 may 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 13 iyul 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda, İddiaçı2 isə 08 iyul 2017-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat kontorunda mərhum ataları X2 miras qalmış əmlaklardan onlara çatan payları notarial qaydada qəbul etmişdirlər. Həmçinin iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və qeyrilərinə qarşı ünvan 1 ünvünında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş 07.12.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, “Nissan Navara” markalı **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil barəsində Cavabdeh ilə X3 arasında olan 28.09.2017-ci il tarixli, X3 ilə X12 arasında olan 10.10.2017-ci il tarixli, X12 ilə X4 arasındakı 28.07.2018-ci il tarixli, X4 ilə X9 arasında olan 17.01.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X5 verilən AD414756 saylı şəhadətnaməsinin etibarsız hesab edilməsi, “Nissan Navara” markalı **- BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” markalı **-BG-*** (**- CM-***) dövlət qeydiyyat nişanlı və Cavabdeh (ər-arvadın birgə mülkiyyəti olan) avtomobillərdən məhrum atası X7 ər kimi ½ payına münasibətdə İddiaçı2 çatan 1/6 payın, İddiaçı1 çatan 1/6 payın (miras əmlakın) müəyyən olunması, ünvan 1 ünvünında yerləşən və sağlığında X7 adına olan 97 saylı mənzildən mərhum atası X7 ¾ payına münasibətdə İddiaçı1 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın, İddiaçı2 çatan ümumi mənzilin ¼ hissəsi qədərində payın müəyyən olunması, həmin əmlaklara dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə iddia iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsin 12.04.2019-cu il tarixli, 2(005)-99264 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvünında yerləşən 97 saylı mənzil barəsində Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş 07.12.2017-ci il tarixli, 2V-345 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzildən İddiaçı2 ¼ hissədə və İddiaçı1 ¼ hissədə miras pay hüquqlarının müəyyən edilməsi, həmin əmlaka dair iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh paylarına münasib yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 03 fevral 2020-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, “Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququnun tanınması və tanınmış paya mütənasib olaraq özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin tutulması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 saylı, 12 aprel 2019-cu il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - yəni, ““Nissan Navara” markalı, **-BA-*** (85CM-985) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmalarının izah edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 20 aprel 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5053/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, “Nissan Navara” markalı, **- BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçıların 1/6 hissədə miras pay hüquqlarının olması müəyyən edilmiş və Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələb hüquqlarının yaranması halı öz əksini tapmışdır. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsin 12.04.2019-cu il tarixli, 2(005)-99264 nömrəli qətnaməsi ilə “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı2 1/6 hissədə miras pay hüquqlarının olmasının müəyyən edilməsi və onlara Cavabdeh tərəfindən sözügedən mübahisəli avtomaşının ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə etdiyi məbləğdən paylarına münasib pul tələbi üzrə iddia qaldırmaq hüquqlarına malik olmaları izah edilmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı iddia irəli sürərək, mərhum əri X7 ölümündən əvvəl borclu olduğu vəsaitin vərəsələrin payına mütənasib bölünməsini xahiş edir. Məhkəmə hər iki ilk iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə sadalanan hallara əsasən qeyd edir ki, ilk iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlakdakı paya mütənasib pul tələbinə dair iddiası qismən əsaslıdır, cavabdeh Cavabdeh “Nissan Navara” markalı, **-BA-*** (**-CM-***) dövlət qeydiyyat nişanlı avtomobilin ilk dəfə özgəninkiləşdirilməsi zamanı əldə edilmiş vəsaitin 1/6 hissəsi ilk iddiaçılar İddiaçı1 və 1/6 hissəsi İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən 28 sentyabr 2017-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində nəqliyyat vasitəsi 24.000 manata satılması göstərilsə də, lakin ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş 28 sentyabr 2017-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin hansı məbləğdə satılması qeyd olunmamışdır. Bununla belə cavabdeh qarşılıqlı iddia ərizəsində nəqliyyat vasitəsini məhz 23.000 manata satılmasını etiraf etmişdir. Bu səbəbdən də məhkəmə sadalanan hallara əsasən qeyd edir ki, iddiaçıların tələbi, “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 23000 manat pul vəsaitinin iddiaçıların miras pay hüquqlarına uyğun olaraq, İddiaçı2 münasibətdə 1/6 hissəsi - 3833 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsi – 3833 manat pul vəsaitinin Cavabdeh iddiaçıların xeyrinə tutulması hissəsində əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarçılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbini irəli sürərək, “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 23000 manat məbləğində pulun bütünlüklə mərhum ərinin xəstəliyi ilə əlaqədar götürülmüş borcların ödənilməsinə xərclədiyini bildirir, mərhum ərindən miras aktivi ilə yanaşı miras passivinin yəni borclarının qaldığını iddia edərək, ilk iddia üzrə iddiaçılardan həmin miras passivi ilə bağlı onlardan öz miras paylarına mütənasib pul vəsaitinin tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qarşılıqlı iddia tələbinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş Mete Ticaret İnşaat Malzemeleri San. Ve Tic. LTD ŞTİ, X21 məxsus qəbzləri ilə bağlı bildirir ki, Türkiyə qanunlarına əsasən, həmin ölkənin Maliyyə Nazirliyinin tələblərinə uyğun olaraq xüsusi mətbəələrdə çap olunmalı, seriyası, nömrəsi, verilmə tarixi, sənədi verən sahibkarın qeydiyyata alındığı ərazinin kodu (il kodu) göstərilməmişdir, həmçinin maliyyə nazirliyi möhürü (damğası) əks olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə isə bu rekvizitlər yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlər kimi istinad edilən qəbzlər və arayışlar Türk dilində olduğu halda, onların heç birinin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi əlavə edilməmiş, bunlar da iddian tələbi üzrə əsaslı və mötəbər sübut növləri kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı və mötəbər olmayan sənədlər mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir mötəbər sübut təqdim edilməmişdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində bildirdiyi kimi, yəni miras qoyanın ölümündən sonra 120038 manat məbləğində borc geri qaytardığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. İddiaçı mərhum ərinin ölümündən sonra ödədiyi borclar barədə məhkəməyə təkzibedilməz sübutlar təqdim edə bilməmişdir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlər X13 və X6 ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Şahidlər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qohumu, habelə yaxın ailəvi münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi miras qoyanın ölümündən sonra borcların mövcudluğu, Cavabdeh tərəfindən ödənildiyi və s. hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Habelə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilmədiyindən hazırki mülki iş üzrə şahid ifadələri mübahisəli halın təsdiqi üçün mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh miras qoyanın miras aktivi ilə yanaşı borclarının qaldığını, həmin borcların onun tərəfindən mərhumun ölümündən sonra geri qaytarıldığına istinad edirsə bu zaman mülki qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada təsdiqlənmiş və mötəbər sübutlar təqdim etməlidir. Məhkəmə qeyd edir ki, həmin sübutlar hazırki mülki mübahisə üzrə şahid ifadələri ilə əvəz oluna bilməz. Məhkəmə habelə, işə baxarkən, şahidlərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd edir ki, ilk iddiaçı hüquqi nəticə etibarı ilə şahidlərin barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 23.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 3833 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 3833 manat pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “Nissan Navara” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 23.000 manat pul vəsaitinin (miras pay hüquqlarına uyğun olaraq) İddiaçı2 münasibətdə 1/6 hissəsinin- 3833 manat, İddiaçı1 münasibətdə 1/6 hissəsinin - 3833 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 300 manat göstərilmiş hüquqi xidmətə görə xərc iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “miras qoyanın borclarının vərəsələrin payına mütənasib bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-289/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-289/2022
17.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver