Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2924/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2795 manat pul vəsaitinin və 47,95 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmə prosesinin getdiyi dövrdə cavabdeh tərəfindən 1000 manat ödəniş edildiyini qeyd etmiş və Cavabdeh 1795 manat pulun və 47,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli AZ/MİL/20/4019/006 №-li “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta” şəhadətnaməsi üzrə "xxxx" ASCdə sığortalanmış, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021ci il tarixdə ünvan 1 ünvanının qarşısında Cavabdeh tərəfindən, ümumi birgə davranış qaydalarına zidd olmaqla qəsdən daş və taxta parçaları ilə müxtəlif yerlərinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün icraata qəbul edilmişdir. "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 2795 manat ödəniş verilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayadada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AD seriyalı 781014 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada Vesta minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" ASC-dir; - Avtonəqliyyat vasitəsinin kompleks sığorta şəhadətnaməsinin surətindən görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı, “Xəzər Lada” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, sığortalı "xxxx" ASC-nin xeyrinə, sığorta məbləği 21000 manat, şərtsiz azadolma məbləği hər hadisə üzrə 150 manat müəyyən edilməklə sığortalanmışdır; - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, avtonəqliyyət vasitələrinin kompleks sığortası ilə sığortalanmış "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsinə dair xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Dəymiş maddi ziyanın ümumi məbləğinin 2945 manat, sığorta ödənişinin 2795 manat olduğu müəyyən edilmişdir; - “Axundov Servis” Mərkəzinin təqdim etdiyi qüsur aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2945 manat məbləğində müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixli bank çıxarışının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 bank hesabına 2945 manat məbləğində pul vəsaiti köçürülmüşdür; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması üçün icraata qəbul edilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi verilməsi üçün 47,95 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış **-PU-*** dövlət qeydiyyat nişanlı, "xxxx" markalı avtonəqliyyat vasitəsinə xuliqanlıq hərəkətləri nəticəsində zərər yetirmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə 150 manat azad olma məbləği çıxıldıqdan sonra, sığortalıya 2795 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı cavabdehin 1000 manat ödəniş etdiyini bildirərək, 1795 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ, istifadə hüququ və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırkı işdə Cavabdehnın iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, onun iddiaçı tərəfindən sığortalanmış, "xxxx" ASC-yə məxsus olan **-PU-*** dövlət qeydiyyat nişanlı, "xxxx" minik markalı avtomobilə zərər vurması və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin nəqliyyat vasitəsinin təmiri üçün sığorta ödənişi etməsi iş materialları və cinayət işinin başlanması haqqında qərar ilə təsdiq olunur. Belə olan halda, iddiaçının cavabdehə qarşı subroqasiya tələbi haqlıdır. Sığorta ödənişinin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, sığortaçı tərəfindən nəqliyyat vasitəsinin təmiri məqsədilə 2945 manat sığorta ödənişi hesablanmış, tərəflər arasında mövcud olan avtomobil nəqliyyatı vasitələrinin kompleks sığorta müqaviləsi üzrə 150 manat azad olma məbləği müəyyən edilmişdir. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində, məhkəmə prosesinin getdiyi dövrdə cavabdeh tərəfindən 1000 manat ödəniş edildiyini qeyd etmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 150 manat azadolma məbləği və 1000 manat cavabdeh tərəfindən ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan 1795 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidiir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 1795 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,95 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,95 (qırx yeddi manat, doxsan beş qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2924/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2924/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver