Məhkəmə qərarları › İş №e-2(005)-2946/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2946/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2946/2025 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2946/2025 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 12:45-da Bakı şəhəri, F.X.Xoyski küçəsində “Hyundai İX-35 minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB100493928 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP6549264 saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota Rav- 4 minik” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 6065,13 (altı min altmış beş manat, on üç qəpik) manat təşkil edir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSB164868 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 5815,13 (beş min səkkiz yüz on beş manat, on üç qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən ““Hyundai İX-35 minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4750,00 (dörd min yeddi yüz əlli) manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manatın ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -CSB100493928 nömrəli sığorta şəhadətnaməsi ilə müəyyən olunur ki, “Toyota Rav- 4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə könüllü qaydada “avtokasko” risklərindən sığortalanmışdır. -TP6549264 saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. -"xxxx" MMC-nin № SO119486 saylı qüsur aktı ilə müəyyən olunur ki, “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6065,13 manat olaraq müəyyən edilmişdir. -"xxxx" ASC tərəfindən tərtib edilmiş CSB164868 saylı sığorta aktından görünür ki, zərərçəkənə dəymiş zərərə görə 250,00 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 5815,13 (beş min səkkiz yüz on beş manat, on üç qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. - "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, sonuncudan 1065.13 manat məbləğin subroqasiya qaydasında "xxxx" ASC-yə ödənilməsi təklif edilmiş, əks təqdirdə məbləğin məhkəmə qaydasında geri tələb ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə könüllü qaydada “avtokasko” risklərindən sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə, “Hyundai İX-35 minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. TP6549264 saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı tərəfindən Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin – geriyə qalan məbləğin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları iş materialları ilə müəyyən edilmişdir. Belə ki, TP6549264 saylı inzibati xəta haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. “X1” MMC-nin 25 dekabr 2025-ci il tarixli ETM-156/Q/25 saylı rəyindən görünür ki, “Toyota Rav-4” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında (qiymətləndirmə № SOİ 19486) qeyd olunan ehtiyyat hissələrinin Respublikadaxili hazırki dövrə orta bazar dəyəri 3745,0 (üç min yeddi yüz qırx beş) manat, görüləsi işlər üzrə xidmət haqqı isə - 1120,0 (min yüz iyirmi) manat olmaqla, cəmi 4865,0 (dörd min səkkiz yüz altmış beş) manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə, avtomobilə dəymiş maddi ziyanın həddini müəyyən edərkən “X1” MMC-nin rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, avtomobilə vurulmuş maddi ziyanın məbləği mütəxəssisin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4865 manat həddində müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində zərərçəkmişə 6065,13 manat dəymiş zərərdən 250 manat azadolma məbləği çıxılmaqla 5815,13 manat ödədiyini, cavabdehin avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 4750,00 (dörd min yeddi yüz əlli) manat hissəsinin qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənildiyini bildirmiş, geriyə qalan məbləğin 1065,13 (6065,13 – 250 – 4750 = 1065,13) manat məbləğin ödənilməsini xahiş etmişdir. Bununla belə, rəyə əsasən “Toyota Rav-4 minik” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləğinin 4865 manat olması müyyən edilmişdir. Qeyd olunan məbləğlər nəzərə alındıqda isə, cavabdeh tərəfindən iddiaçıya avtomobilə vurulmuş zərərə görə ödənilməmiş qalıq borcun olmaması müəyyən olunur (4865 – 250 – 4750 = - 135). Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırki qalıq məbləğin qaytarılması barədə tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməli, eyni zamanda işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 200 manat iddiaçıdan “X1” MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh 1065,13 (bir min altmış beş manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar