Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3017/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) (açar sözlər: mediasiya arayışının etibarsız hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) “mediasiya arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Bakı 2 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 2 saylı Mediasiya Təşkilatının 30 yanvar 2025-ci il tarixli MŞB 2-00022/2025 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın etibarsızlığı faktının mövcud olması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Nümayəndə 050 *** ** ** nömrəli telefon nömrəsindən 26 fevral 2025-ci il tarixdə saat 12:26-da işlətdiyim 070 *** ** ** nömrəsinə sms göndərərək, 28 yanvar 2025ci il tarixdə saat 12:00-da, yəni 29 gün əvvələ təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməyə dəvət etmişdir. Onun özü ilə dərhal əlaqə saxlayaraq, 29 gün əvvələ təyin edilmiş ilkin mediasiya sessiyasında prosesində iştirakımın təbii ki, qeyri-mümkün olmduğunu bildirdim, lakin Nümayəndə sms-in səhv olaraq göndərildiyini bildirmiş və qeyd edilən ilkin mediasiya sessiyasının mənə heç bir aidiyyətinin olmadığını qeyd etmişdir. Buna baxmayaraq, qeyd edilən mediator mənim iştirakım olmadan 30 yanvar 2025-ci il tarixli arayış tərtib etmişdir. Arayışın məzmunundan göründüyü kimi: -tərəflərə göndərilən bildirişin tarixi və tərəflərə çatma tarixi 15 уаnvar 2025-ci il kimi qeyd edilmişdir. Bu məlumat həqiqəti əks etdirmir. Belə ki, göndərilən sms-in tarixi bunun əyani sübutudur; ilkin mediasiya sessiyası 28 yanvar 2025-ci il tarixə saat 12:00-а Bakı 2 saylı Mediasiya Təşkilatının inzibati binasına təyin edilmiş, Muradova Nigаr Adil qızının İMS-da iştirak etməsi bildirilmişdir.Bu məlumat da həqiqəti əks etdirmir. Belə ki, sərhədkeçmə məlumatları bunun əyani sübutudur. Maraqlı şəxs 27 dekabr 2024-cü il tarixdə saat 02:22:10-da Heydər Əliyev adına X2 Almaniya Federativ Respublikasının Frankfurt şəhəri istiqamətində olan reys ilə Azərbaycan Respublikasını tərk etmiş və yalnız 01 mart 2024cü il tarixdə saat 04:30:00-da ölkəmizə X1 şəhəri istiqamətində olan reys ilə giriş etmişdir; -mediasiya xərclərini (50 manat + 10 manat) ödəmiş tərəf kimi Çurina (Şəfiyeva) Nigar Cəfərqulu qızı ödəmişdir. Bu şəxsin kim olduğu, yəni tərəflərə hansı qaydada aidiyyəti olması şəxsən mənim üçün qeyri-müəyyəndir. Lakin mediasiya xərcini ödəyən qeyd edilən şəxsin Maraqlı şəxs nümayəndəsi olmasına dair hər hansı bir qeyd arayışda öz əksini tapmamışdır; -mediasiya tətbiqi barədə təklif 07 yanvar 2025-ci il tarixi göstərilmiş və 30 yanvar 2025-ci il tarixdə qeyd edilən əsassız arayış tərtib edilmişdir. Göründüyü kimi, mübahisənin mürəkkəbliyini nəzərə almayan mediator cəmi 23 gün ərzində tələsik və heç bir araşdırma aparmadan müvafiq əsassız və “şablon” arayışı tərtib etmişdir; Göründüyü kimi, Bakı 2 saylı Mediasiya Təşkilatının qeyri-peşəkar mediatoru olan Nümayəndə yəqin ki, qərəzli mövqedə olaraq, mənim iştirakım olmadan müvafiq əsassız arayışı tərtib etmişdir. Xüsusilə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən əsaslardan və arayışın məzmunundan da göründüyü kimi, ilkin mediasiya sessiyası nəinki mənim, heç qarşı tərəfin nə özünün, nə də nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Eyni zamanda, qeyd edilən arayış bu günə kimi mənə təqdim edilməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun mediasiya prosesinin tətbiqi üçün əsasları əhatə edən 21.8-ci bəndinə əsasən, mediator mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Qeyd edilən arayışın mövcudluğundan 12 may 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Elektron Məhkəmə Sistemi vasitəsilə gələn sms əsasında məlumatım olmuşdur. Halbuki, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunla nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, müvafiq bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Məhz həmin əsassız arayış əsasında bu gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mənə qarşı Maraqlı şəxs “atanın razılığı olmadan uşaqların ölkə xaricinə çıxarılması” barədə iddia tələbi mövcuddur.” Məhkəmə araşdırması zamanı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən şəxs qismində mülki işə cəlb olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – mediasiya təşkilatının mediatoru Nümayəndə iddia tələbini qəbul edərək, onun təmin olunmasına, arayışın etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı 2 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli 2-00022/2025 saylı arayışından görünür ki, Maraqlı şəxs və İddiaçı arasında olan atanın razılığı olmadan uşaqların ölkə xaricinə çıxardılması mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Arayışda tərəflərə xx.xx.2025-ci il tarixdə bildiriş göndərildiyi, İddiaçı İMS-nin keçirilməsi ilə bağlı rəsmi məlumat göndərildiyi, lakin İMS-da etibarnamə üzrə nümayəndələrinin iştirak etmədiyi qeyd edilmişdir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-3366/2025 saylı qərardadından görünür ki, Maraqlı şəxs İddiaçı qarşı uşağın ölkədən çıxmasına icazənin verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. -"xxxx" MMC-nin direktoru, baş kuryer və operator tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli göndərişin geri qaytarılmasına dair aktdan görünür ki, 2 saylı Mediasiya təşkilatı tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı çatdırılması üçün "xxxx" MMC-yə 14 yanvar 2025-ci il tarixində məktub təqdim olunmuşdur. Cəmiyyətin kuryeri göndərişdə qeyd olunan ərazi üzrə olmuş lakin qeyd edilən ünvanı mümkün olmamışdır. Bu səbəbdən də göndəriş ünvançıya təqdim olunmadan 15 yanvar 2025-ci il tarixdə 2 saylı Mediasiya təşkilatına geri qaytarılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən Maraqlı şəxs və İddiaçı arasında olan atanın razılığı olmadan uşaqların ölkə xaricinə çıxardılması mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilməsinə dair xx.xx.2025-ci il tarixli 2-00022/2025 saylı arayış verilmişdir. Maraqlı şəxs qeyd olunan arayışla Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Hazırda İddiaçı keçirilmiş mediasiya sessiyası barədə ona məlumat verilmədiyini bildirərək, Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş arayışın etibarsızlığını tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: -21.8. Mediator (mediasiya təşkilatı) bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 (beş) gün əvvəl təqdim edilməlidir. -29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən, mediator mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Qeyd edilən bildiriş isə tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Hazırki mülki iş üzrə mübahisəli mediasiya arayışında tərəflərə keçiriləcək mediasiya sessiyasının tarixi ilə bağlı bildirişin 15 yanvar 2025-ci il tarixdə göndərildiyi qeyd olunmuşdur. Bununla belə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Nümayəndə tərəfindən 26 fevral 2025-ci il tarixdə saat 12:26-da iddiaçının istifadəsində olan mobil nömrəyə sms-bildiriş göndərilərək, 28 yanvar 2025-ci il tarixdə saat 12:00-da, yəni 29 gün əvvələ təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməyə dəvət edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya sessiyasına dəvət edilməsi, onun mediasiya sessiyasının yeri, tarixi və saatı ilə bağlı məlumatlandırılması iş materialları ilə sübut olunmur. Göründüyü kimi mediasiya sessiyasını təşkil edən mediator tərəflərə onun keçirilməsindən azı 5 gün əvvəl məlumat verməli olmasına baxmayaraq bunu etməmiş, iddiaçının yalnız mediasiya sessiyası keçirildən sonra (1 aya yaxın müddət) bu barədə məlumatı olmuşdur. Bununla da tərəflər arasında “atanın razılığı olmadan uşaqların ölkə xaricinə çıxardılması” mübahisəsi üzrə mötəbər mediasiya sessiyası keçirilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi - Bakı 2 saylı Mediasiya təşkilatının mediatoru Nümayəndə izahatında iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. - 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və cavabdehin nümayəndəsi - Bakı 2 saylı Mediasiya təşkilatının mediatoru Nümayəndə izahatında ona qarşı qaldırılmış iddianı qəbul etdiyi təsdiq edilmişdir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması barədə yazılı vəsatəti ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir. İşdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatının 30 yanvar 2025-ci il tarixli MŞB 2- 00022/2025 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışı etibarsız hesab edilməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı 2 saylı Mediasiya Təşkilatının 30 yanvar 2025-ci il tarixli MŞB 2-00022/2025 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışı etibarsız hesab edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3017/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3017/2025
30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver