Məhkəmə qərarları › İş №e-2(005)-3170/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3170/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3170/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1870 (min səkkiz yüz yetmiş) manat maddi zərərin, 3000 (min) manat mənəvi zərərin, zərər görmüş “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət nömrə nişanlı avtomobil təmirdə olduğu müddət ərzində taksilərə ödənilən 500 manat, həmçinin hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manatın və məhkəmə məsrəfləri üçün də ödəniləcək 100 manatın və ödədiyi 75,70 manat dövlət rüsumunun, cəmi 5645,70 (beş min altı yüz qırx beş manat, yetmiş qəpik) pulun Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətdən və onun sürücüsü olan Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 19 may 2023-cü il tarixində Sabunçu rayonu, Heydər Əliyev prospektində, saat 10:00 radələrində iddiçıya məxsus “Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman digər avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi səbəbilə avtomobilin sağ hissəsinə güclü zərbə dəymiş və iddiaçı möhkəm sarsıntı keçirmişdir. Hadisədən dərhal sonra iddiaçı maşından yerə düşdükdə “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət nömrə nişanlı avtomobilin ona məxsus avtomobili sağ tərəfdən vurduğunu görmüşdür. Nəticədə ona məxsus “Toyota Prius” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq qapısı və onun güzgüsü, sağ qabaq qapı petla cüt, sağ arxa qapısı kəskin formada zədələnmişdir. "xxxx" AVTOSERVİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə cəmi 1870 (min səkkiz yüz yetmiş) manat həcmində zərər vurulmuşdur. AR DİN Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarına əsasən “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən baş vermiş yol qəzasında təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Hadisə olduqdan sonra Cavabdeh2 özünün təqsirli olmasına baxmayaraq iddiaçıya vurulmuş maddi zərəri ödəməmişdir və hazırda da ödəməkdən imtina edir. Halbuki, hadisə olduqdan sonra iddiaçının yeganə şəxsi istifadəsində olan avtomobil ciddi texniki zədə almışdır, hansı ki bu avtomobil heç vaxt texniki zədə almamış, heç bir qəza keçirməmiş, 100% full vəziyyətdə həmişə onun istifadəsində olmuşdur. Həmçinin, bu hadisədən sonra yeganə nəqliyyat vasitəsi təmirdə olduğu üçün bütün şəxsi-ailəvi işlərini görmək üçün taksilərə möhtac olmuş, ciddi mənəvi sarsıntı keçirmiş, elə bununla paralel üstəlik, hadisə nəticəsində ona vurulmuş maddi zərərin qaytarılmaması nəticəsində dəfələrlə əsəbləri pozulmuş və ağır mənəvi zərər almışdır. Belə ki, bütün bu qeyd olunanlara əsasən ona vurulmuş mənəvi zərəri 3000 (üç min) manat dəyərində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində Cavabdeh2 tərəfindən idarə olunan “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri H.Əliyev prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbilərini pozmaqla İddiaçı idarə etdiyi “Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan hissəsindən vurmuş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında qərar tərtib edilmişdir. İş materiallarında olan AZEMİS məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" Avtoservis MMC-nin qüsur aktının surətindən görünür ki, “Toyota Prius” minik markalı dövlət qeydiyyat nömrəsi **-RB-*** dövlət nömrə nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı avtotəmir sahəsinə müraciət etmişdir. İlkin baxış keçirilmiş avtomobilin sağ qabaq qapısı və onun güzgüsü, sağ qabaq qapı petla cüt, sağ arxa qapısı kəskin formada zədələndiyi aşkar edilmişdir. “Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avto yol nəqliyyat qəzası nəticəsində ümumilikdə 1870 manat maddi zərər dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Şəhərdaxili və Şəhərətrafı Sərnişin Daşıma Avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmək üçün verilmişdir. Həmin yol vərəqəsinə əsasən, “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus texniki baxışdan keçmiş və xəttə çıxma icazəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, 19 may 2023-cü il tarixində Sabunçu rayonu, Heydər Əliyev prospektində, saat 10:00 radələrində iddiaçı özünə məxsus “Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman “BMC PROCİTY AVTOBUS” markalı **-JK-*** dövlət nömrə nişanlı avtobus əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi səbəbilə iddiaçıya məxsus avtomobilin sağ hissəsinə güclü zərbə ilə dəyərək sonuncuya zərər vurmuşdur. “Toyota Prius” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobilin sağ qabaq qapısı və onun güzgüsü, sağ qabaq qapı petla cüt, sağ arxa qapısı kəskin formada zədələnmişdir. "xxxx" AVTOSERVİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avtomobilə cəmi 1870 (min səkkiz yüz yetmiş) manat həcmində zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində əsaslı olduğu üçün təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh "xxxx" MMC-yə məxsus nəqliyyat vasitəsilə, həmin nəqliyyat vasitəsini istifadə edərkən qanunazidd əməlləri nəticəsində, iddiaçıya məxsus nəqliyyat vasitəsinin bərpa olunması üçün cavabdeh "xxxx" MMC-dən İddiaçı məxsus Toyota Prius” markalı **-RB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə Cavabdeh2 münasibətdə iddianı əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tələbinə əsasən, qanunverici öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin (hazırki halda “X3” MMC-nin) həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə (hazırki halda iddiaçıya) dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Mülki işin materiallarından göründüyü kimi, Cavabdeh2 əmək müqaviləsi üzrə “X3” MMC-də işləyir. Belə olanda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hazırda iddia tələblərinə cavab verməli olan şəxs məhz “X3” MMC-dir. Məhkəmə iddia tələbinin “avtomobil təmirdə olduğu müddət ərzində taksilərə ödənilən 500 manat tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərlə bağlı dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçının iztirab çəkməsi, sarsıntı keçirməsi və s. kimi halların nəticəsində mənəvi zərərə məruz qalması sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 75,70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 100 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir, belə olan halda, hüquqi yardıma görə 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 1870 (min səkkiz yüz yetmiş) manat maddi zərər, hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manat və 75,70 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 1870 (min səkkiz yüz yetmiş) manat, hüquqi xidmət üçün vəkilə ödənilmiş 100 manat və 75,70 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar