Məhkəmə qərarları › İş №e-2(005)-324/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-324/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-324/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 870 (beş min səkkiz yüz yetmiş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 79.10 (yetmiş doqquz manat, on qəpik) manat dövlət rüsumu, ümumilikdə 5 949,10 (beş min doqquz yüz qırx doqquz manat, on qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi ilə hərəkət edən zaman “Renault Dokker” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərar ilə “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Renault Dokker” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilə 10 870 (on min səkkiz yüz yetmiş) manat maddi zərər dəymişdir. MİC220047 saylı sığorta şəhadətnaməsinə və AKS220190 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 10 870 (on min səkkiz yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASCdə olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 5 000,00 (beş min) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 5 870 (beş min səkkiz yüz yetmiş) manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, dəymiş maddi ziyanın həddindən artıq şişirdildiyini, dəymiş ziyanın həcminə dair xx.xx.2024-cü il tarixli qüsur aktını təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, "xxxx" MMC-yə məxsus “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 10 970 manat müəyyən edilmiş və 10 870 manat pul məbləği "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-nin bank hesabına ödənilmişdir. İş materiallarında olan MİC220047 saylı, xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus avtonəqliyyat vasitəsi “avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası” üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10 870 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş 10 870 manat manat sığorta ödənişi məbləğinin "xxxx" MMC-nin bank hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışdan müəyyən olunur ki, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş AD 862303 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmək hüququ X5 etibar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “X9” MMC-yə məxsus “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh etibar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nın bank hesabına 10 870 (on min səkkiz yüz yetmiş) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən 2022-ci ilin noyabr ayında tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2019cu il buraxılışlı, ağ rəngli, “Renault Dokker" markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 9391,35 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 7051,35 manat; - təmir-bərpa işlərinin qiyməti - 2340,00 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “X9” MMC-yə məxsus “Chevrolet Cruze” markalı, ** PV *** qeydiyyat nişanlı avtomobilini, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də sığortalanmış, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə zamanı X3 etibarnamə əsasında istifadəsində olan “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, müstəqil ekspert tərəfindən tərtib edilmiş akta əsasən zərərin məbləği 10 970 manat müəyyən edilmişdir. “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 100 manat azadolma məbləği çıxılmaqla, 10 870 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin məbləğin 5000 manat hissəsi “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi nəticəsində həmin məbləğdən qalıq 5 870 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 39.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 39.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sığortalının hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təzminat məbləğləri ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Renault Dokker” markalı, **-JV-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü ilədək “avtonəqliyyat vasitələrinin könüllü sığortası” müqaviləsi əsasında "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi faydalanan şəxsin bank hesabına ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1 və 1108.3-cü maddələrinin tələblərinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Hazırda məhkəmədə Cavabdeh tərəfindən iddiaçının tələb etdiyi nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği mübahisələndirilir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi “Renault Dokker" markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 9391,35 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə müvafiq ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş “Renault Dokker" markalı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 9391,35 manat məbləğdən, 5000 manatı Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta edildiyi "xxxx" ASC tərəfindən ödənildiyindən, qalan 4391,35 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Renault Dokker" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi Cavabdeh 4391,35 manat və 79,10 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. “Renault Dokker" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi Cavabdeh 4391,35 (dörd min üç yüz doxsan bir manat, otuz beş qəpik) manat və 79,10 (yetmiş doqquz manat, on qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə X4.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar