Məhkəmə qərarları › İş №e-2(005)-3264/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3264/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3264/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olmuş və tərəfindən ödənilmiş EQ13943505 saylı protokol üzrə 26 manat, EQ14434858 saylı protokol üzrə 52 manat, EQ14524512 saylı protokol üzrə 52 manat, İXP5364289 saylı protokol üzrə 52 manat, EQ13746994 saylı protokol üzrə 52,12 manat olmaqla, cəmi 234,12 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, anası X1 adına olmuş “Toyota Prius” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Cavabdeh sürücü kimi işləmək üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsi etibarnaməsi əsasında maşını icarəyə vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh maşını pis günə qoymuş və avtomobillə müxtəlif qaydalar pozduğu üçün inzibati protokollar tərtib olunmuşdur. Cavabdehə dəfələrlə cərimələrini ödəməsini bildirməyinə baxmayaraq, müxtəlif bəhanələrlə cəriməni ödəməkdən boyun qaçırmışdır. Cavabdeh cərimələri ödəmədikcə əlavə faizlər hesablanmış və həmin cərimələr onların avtomobili ilə törədildiyi üçün maşına həbs qoyulacağı bildirilmişdir. O, avtomobilin üzərinə həbs qoyularaq, duracağa yerləşdirilməsinin qarşını ala bilmək üçün cavabdehin adına olan protokollar üzrə cəmi 234,12 manat cəriməni ödəmişdir. Daha sonra İddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmiş və Cavabdeh adına olmuş və ödənilmiş EQ13943505 saylı protokol üzrə 26 manat, EQ14434858 saylı protokol üzrə 52 manat, EQ14524512 saylı protokol üzrə 52 manat, İXP5364289 saylı protokol üzrə 52 manat, EQ13746994 saylı protokol üzrə 52,12 manat olmaqla, cəmi 234,12 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat məbləğin cavabdehdən tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nüamyəndəsi İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında verdiyi izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətində olan “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti İddiaçı tərəfindən Cavabdeh ötürülmüşdür; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyatdan keçmişdir; Ödəniş qəbzlərinin surətlərindən görünür ki, EQ13943505 saylı protokol üzrə 26 manat, EQ14434858 saylı protokol üzrə 52 manat, EQ14524512 saylı protokol üzrə 52 manat, İXP5364289 saylı protokol üzrə 52 manat, EQ13746994 saylı protokol üzrə 52,12 manat cərimə məbləğləri ödənilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamə ilə İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Etibar edilən (cavabdeh) etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən düzgün şəkildə istifadə etməyərək, əqd obyekti olan “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə müxtəlif qaydalar pozmuş və bu barədə inzibati protokollar tərtib olunmuşdur. Cavabdeh inzibati xəta nəticəsində inzibati protokolla tətbiq edilmiş cərimə miqdarlarını iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, ödəməkdən yayınmış və həmin cərimələrin üzərinə faizlər hesablanmışdır. Avtomobilin üzərinə həbs qoyulub, duracağa yerləşdirilməsinin qarşını almaq məqsədilə cavabdehin ödəməli olduğu cərimə məbləğləri onun tərəfindən ödənilmişdir. Bu səbəbdən iddiaçının Cavabdeh qarşı tələb hüququ yaranmış və məhkəməyə müraciət etməklə, ödədiyi məbləğin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Eyni zamanda, etibarnamə obyektinin cavabdehdə olduğu müddət ərzində “Toyota Prius” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücünün inzibati qaydada cərimələndiyi iş materiallarına əlavə edilmiş, Cavabdeh barəsində tərtib edilmiş inzibati protokollar üzrə cərimələrin ödənilməsini əks etdirn qəbzlərin surətləri ilə müəyyən edilmişdir. Lakin cavabdeh etibarnamə obyektinin istismarı zamanı törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar hesablanmış cərimələri ödəməmiş, bununla da cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati cərimələr üzrə ümumilikdə ödəmiş olduğu 234,12 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, inzibati xəta haqqında protokola görə ödənilmiş 234,12 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokola görə ödənilmiş 234,12 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar