Məhkəmə qərarları › İş №e-2(005)-3303/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3303/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3303/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh2, onun nümayəndəsi və vəkilinin X1 iştirakları ilə, İddiaçı Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDX DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması, eləcə də iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilənin aradan qaldırılması, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3303/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “ƏMDX DƏDKR X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması” hissəsində xitam verilmiş, İddiaçı texniki pasporta müvafiq düzəliş edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 911 kv.m. torpaq sahəsi icarə müqaviləsi əsasında qanuni nümayəndəsi olduğu 1-ci qrup əlil İddiaçı 49 il müddətinə istifadəsinə verilmiş, sonradan qanuni qüvvədə olan məhkəmə qətnamələri və qərarları əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil etməsi müəyyən olunmuş və həmin müqaviləyə müvafiq dəyişiklik və əlavələr edilmiş, həmçinin qanuni qüvvədə olan məhkəmə qərardadı ilə iddiaçıya müvafiq iddia ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmişdir, eləcə də qanuni qüvvədə olan məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən, torpaq sahəsinin ayrıca aktı olmamışdır. Odur ki, torpaq sahəsinin koordinatları yalnız Texniki Pasportda göstərilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkilinin X2 vəsatət verərək bildirmişdir ki, mübahisə daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar kateqoriyasına aid olduğundan, yəni daşınmaz əmlakın zəbt edilməsi ilə bağlı olduğundan bu iddiaya daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı 20 ildən artıqdır ki, müxtəlif iddialarla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edir və həmin məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparılaraq iddiaçının iddiaları rədd edilir. İddiaçının irəli sürdüyü bu iddia da növbəti qanunsuz və əsassız iddialardan biridir və o, bu iddiasının növbəti dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən rədd edilməməsi üçün Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə deyil, cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Halbuki, hazırkı iddia üzrə müstəsna aidiyyət qaydalarına uyğun olaraq yalnız daşınmaz əmlakın yerləşdiyi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilə bilərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki iş üzrə ərazi aidiyyatı və hissəvi xitam verilməsi məsələləri həll edilməli olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı icarə müqaviləsi əsasında onun istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilələrin aradan qaldırılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri İcra hakimiyyəti (İcarəyəverən) tərəfindən ünvan 2 ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə icarəçinin – İddiaçı adından çıxış edən Tamara Hamidovanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, hazırki tələb qanuni sahibin hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və mülki iş daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə görə, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə iddiaçı tərəfin ünvanlandığı vəsatət münasibətdə qeyd edir ki, cari halda, məhkəmənin ümumiyyətlə işə baxmaq səlahiyyəti olmadığından, icraatın davam etdirilməsi və ya dayandırılması məsələsinin özü hüquqi baxımdan əsassızdır. Əvvəlcə müstəsna aidiyyət pozuntusu aradan qaldırılmalı, işin müvafiq qaydada aidiyyəti üzrə göndərilməsi təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar