Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3305/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6015,17 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 6045,17 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "BMW X-5 MİNİK" markalı **-OC- *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, S.Ələsgərov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində hərəkət edən zaman yol nişanının tələbini pozmuş, nəticədə "xxxx" ASC-də "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" növü üzrə sığortalanmış "Toyota Camry" markalı **-AH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "Toyota Camry" markalı **-AH-*** dövlət nömrə nişanlı avtomobilə 11015,17 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 210081 saylı 05.05.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 11015,17 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4500 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. "BMW X-5 MİNİK" markalı **-OC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, "xxxx" ASC zərəri 11045,17 manat müəyyən etmiş həmin məbləğin 5000 manatını sığortalı olduğu "xxxx" ASC-dən, 6045,17 manatını isə ondan tələb etmişlər. Cəmi avtomobilin təmirinə 8153,30 manat tələb edilir. Lakin iddiaçı avtomobili “Toyota Bakı” Mərkəzində təmir etmək əvəzinə “Toyota Abşeron” Mərkəzində təmir etdirmişdir. İddiaçı mərkəzlə sövdələşərəq şişirdilmiş qiymətlər akta daxil edilmiş və 3000 manatdan çox vəsaiti ələ keçirtmişdir. Nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyan real qiymətlərə uyğun hesablanması, ziyandan "xxxx" ASC-nin ödədiyi 5000 manat çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 05.05.2021-ci il tarixli 006274 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X8” MMC-yə 9334,89 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 05.05.2021-ci il tarixli 006275 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X8” MMC-yə 1680,28 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 05.05.2021-ci il tarixli, AKS210081 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, **-AH-*** dövlət qeydiyyat nişanlı, Toyota Camry markalı sığortalanmış avtomobili idarə edən şəxs X5 dəymiş zərərin məbləği 10515,17 manat müəyyən edilmiş və həmin məbləğdən 500 manat azadolma məbləği çıxıldıqdan sonra cəmi 11015,17 manat müəyyən edilmişdir. 06.01.2021-ci il tarixli “X8” MMC-nin Qiymətləndirmə aktından görünür ki, **-AH-*** dövlət qeydiyyat nişanlı, Toyota Camry markalı avtomobilin təmiri üçün görülən işlər və ehtiyyat hissələri 11015,18 manat məbləğində qiymətləndirilmişdir. MİB1900285 nömrəli Avtonəqliyyat vasitələrinin könüllü sığorta şəhadətnaməsindən görünür ki, **-AH-*** dövlət qeydiyyat nişanlı, Toyota Camry markalı avtomobil 24.10.2019cu il tarixdən 23.10.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. 05.01.2021-ci il tarixli Cavabdeh "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavininə ünvanladığı məktubdan görünür ki, məsələnin obyektiv, ədalətli və mübahisəsiz həlli üçün qiymətləndirmənin müstəqil ekspertə həvalə edilməsini “Toyota Camry” markalı, **-AH-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin rəsmi servis məntəqəsi olan Toyota Bakı mərkəzində təmir edilməsini "xxxx" ASC-yə həvalə edilməsini xahiş etmişdir. 19.08.2021-ci il tarixli, 9/5301 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X10” MMC-nin 22.04.2021-ci il tarixli nöqsan aktı məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “Toyota Camry” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8046 manat müəyyən edilmişdir. Rabitəbankın hesabdan çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4500 manat məbləğində vəsait köçürülmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin əsaslarını, həmçinin iddiaçı "xxxx" ASC-nin gətirdiyi arqumentlərini və ekspert rəyini araşdıraraq belə qənaətə gəlir ki, müvafiq ekspert rəyilə “Toyota Camry” markalı, **-AH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə 8046 manat məbləğindən "xxxx" ASC-nin ödədiyi 4500 manat pul vəsaiti çıxılmalı, qalan 3546 manat və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,70 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,70 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3546 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 17,70 manat məbləğində dövlət rüsumu, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına, keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3546 (üç min beş yez qırx altı) manat məbləğində pul və 17,70 (on yeddi manat, 70 qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3305/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3305/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver