Məhkəmə qərarları › İş №e-2(005)-335/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-335/2024

30.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-335/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş ipoteka vəsaitinin bərabər bölünməsi və ipoteka ödənişlərinin yarısının ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildəki payın müəyyən edilməsi və mənzilə köçürülmə” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mübahisəli mənzilə olan mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə dair ödənilmiş ilkin məbləğin və nikahın pozulmasına qədər 17.800 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 8900 manat məbləğinin Cavabdeh ödənilməklə onun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə olan mülkiyyət və istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuşdurlar. Nikahları 2010-cu ildə Nərimanov Rayon Məhkəməsində pozulmuş və onlara xx.xx.2011-ci il tarixli AZ-İ 124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilini almışdır və bunun üçün xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-dən 48.000 manat məbləğində kredit ğötürərək və həmin gün Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Hər iki müqavilələrdə birgə borcalanlar kimi hər ikisi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə ödəmə qrafiki tərtib olunmuşdur və ödəmə cədvəlinə əsasən hər ay 400 manat məbləğində kredit ödəməli idilər. Həmçinin kredit müqaviləsi bağlayarkən iddiaçı 12.200 manat məbləğində ilkin ödəniş etmişdir. Qeyd olunan mənzil xx.xx.2010-cu il tarixdə onun adına xüsusi mülkiyyət kimi hüquq qeydiyyata alınmışdır. Mənzili aldıqdan sonra onların cavabdehlə münasibətləri pisləşmiş və cavabdeh uşaqlarla birlikdə mənzildən çıxaraq nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nikahın pozulması ilə bərabər cavabdeh əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etmiş və digər əmlaklarla yanaşı, hazırda mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonunda, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin alınması üçün kredit müəssisəsinə birgə nikah dövründə ödənilmiş vəsaitin 2/3 hissəsinin özünə, 1/3 hissəsinin iddiaçıya verilməsini xahiş etmişdir. Halbuki həmin dövrə qədər iddiaçı 5.600 manat kredit ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmişdir, daha sonra cavabdeh apellyasiya icraatı zamanı ona könüllü olaraq onun istədiyindən artıq əmlakların adına keçirdikdən sonra iddia tələbindən imtina etmişdir. Pandemiya dövründə iddiaçı işləmədiyinə ğörə ipoteka kreditini ödəyə bilmirdi, bu səbəbdən də ipoteka krediti bank tərəfindən restukritizasiya olunmuşdur. Hal-hazırda iddiaçı hər ay 550 manat məbləğində kredit ödəyir. Cavbadeh heç bir halda kreditin ödənişində iştirak etmir. Bu səbəbdən də, ilkin ödənişin 50%-i və nikahın pozulmasına qədər ödədiyi məbləğin 50%-i cavabdehə ödəməklə, mübahisəli mənzili birgə nikah dövründə alınmış əmlakın siyahısından çıxarılsın ki, həmin əmlaka onun istifadə və sərəncam hüququ tam şəkildə müyyən edilsin. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə dair nikahın pozulmasından sonra iddiaçı tərəfindən ödənilmiş 51.754 manat məbləğində pul vəsaitinin 50%-i, yəni 25.577 manat məbləğində bir hissəsini İddiaçı xeyrinə və 2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-i, yəni 225 manat məbləğində hissəsinin isə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmasına dair onun üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, tələbində göstərilmiş 225 manat aylıq ödənişi 275 manat kimi oxunmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildəki payın müəyyən edilməsi və mənzilə köçürülmə” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 13-də 2/3 hissədə payının müəyyən edilməsi, mənzilə köçürülməsi və mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manat pulun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət və istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin bir neçə dəfə hazırlıq iclasları keçirilmişdir. Məhkəmənin keçən dəfəki iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmişdir. Mübahisəli mənzil ipoteka yolu ilə alınmışdır. O, İddiaçı ilə nikahda olmuş, nikah dövründə həmin mənzili almışdırlar. İddiaçı bu mənzildə 2016-cı ilə kimi yaşamış, mənzildən çıxdıqdan sonra mənzildə daima kirayəçilər yaşamışdır, mənzil həmişə kirayədə olmuşdur. Razılıqlarına əsasən Rizvan kirayə pulu ilə ipoteka xərclərini ödəmişdir. Onların münasibətləri pozulduqdan sonra aralarında çox saylı məhkəmə mübahisələri olmuşdur. Həmin çəkişmələr hələ də davam etməkdədir. Rizvan əvvəlcə onun istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rizvanın həmin tələbi əsassız olduğundan məəhkəmələr tərəfindən təmin edilməmişdir. Bundan sonra o, iddiaçının mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda isə iddia tələbini dəyişdirərək mənzilə görə edilmiş ipoteka ödənişlərinin yarısının ondan tutulmasını xahiş edir. Rizvan uzun müddətdir ki, onu mənzilinə buraxmır, mənzilin hansı qiymətə kirayəyə verildiyi barədə ona heç bir məlumat vermir. İddiaçı hesab edir ki, o mənzilin kirayə pulunu ipoteka xərclərinə ödədiyindən aralarında elə bir narazılıqlar olmayacaqdır. İndi ona aydın olur ki, Rizvanın onu ümumiyyətlə mənzilə buraxmaq niyyəti yoxdur. Mənzil 2016-cı ildən bu günə qədər kirayədə olmuşdur. Mənzil 3 otaqlı və yaşayışa tam yararlıdır. Mənzilin kirayə haqqı hazırda 700 manatdan yuxarıdır. İnternetdən götürdüyü məlumatlara görə həmin ərazidə 3 otaqlı mənzillərin fərqli qiymətləri vardır. Ən aşağı kirayə haqqı 600-700 manat civarındadır. Belə olduğu halda hesab edir ki, 2016-cı ildən bu günə kimi mənzilin kirayə pulunun yarısı Rizvandan onun xeyrinə tutulmalıdır. Mənzilin aylıq kirayə haqqının orta hesabla 500 manat hesabladıqda illik kirayə haqqı 6.000 manat təşkil edir. Məhkəmə çəkişməsi hələ də davam etdiyindən mənzil üçün əldən çıxmış fayda 2024-cü il də daxil olmaqla 8 il üçün hesablanmalıdır. Keçmiş 8 il üçün mənzilin kirayə haqqı 48.000 manat təşkil etdiyindən həmin məğləğin 2/3 hissəsini təşkil edən 32.000 manatı əldən çıxmış fayda kimi ona ödənilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qismən qəbul edərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qismən qəbul edərək, izahatında göstərmişdir ki, kredit müqaviləsi iddiaçının adına rəsmiləşdirilməklə, mübahisəli mənzilə tam mülkiyyət hüququ da iddiaçıya məxsusdur. Bundan başqa, tərəflərin münasibətləri 2013-2016-cı illərdə, 2008-2010-cu illərdə olduğu kimi kəskin xarakter daşımışdır və onlar birgə təsərrüfat aparmamışlar. Eyni zamanda hazırki vaxtadək cavabdehin mübahisəli mənzilə gedərək hər hansı kirayəçinin olub-olmasını öyrənməsində hər hansı məhdudiyyət və maneəçilik olmamışdır. Sadəcə bu ilin aprel ayında cavabdeh mübahisəli mənzilə gələrək yenidən iddiaçı ilə mübahisə yaratmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, bu ilin aprel ayında mübahisəli mənzilə mülkiyyətçi olaraq, qonşuların yığıncağında iştirak etmək üçün getsə də, ona qarşı nalayiq ifadələr işlədilməklə xoşagəlməz hərəkətlər edilmişdir və ilk iddiaçı ona mübahisəli mənzilə daxil olmağa imkan verməmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, tərəflər arasında nikah 2011-ci ildə pozulduqdan sonra onlar 2016-cı ilə qədər birlikdə yaşamışdırlar. Bu halı Ali Məhkəmədə olan digər mülki iş üzrə icraat zamanı iddiaçının özü də etiraf etmişdir. Təqdim olunan fotoşəkillərdən də görünür ki, tərəflər 2011-2016-cı illər ərzində birlikdə yaşamışlar. Bundan başqa, cinayət işinin başlanmasının rədd olunması barədə qərarların heç biri də 2011-2016-cı illərə təsadüf etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ilk iddiaçıya məxsus mənzildə 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayının əvvəlinə qədər, yəni təqribən 1 il müddətinə kirayəçi olaraq qalmışdır. Kirayəçi olaraq mənzildə yaşadığı müddət ərzində ilk cavabdeh bir dəfə mübahisəli mənzilə baxmaq istəsə də, tərəfindən şərait yaradılmamışdır. Sonradan bu halı iddiaçıya bildirdikdə, o da ona cavabdehi mənzilə buraxmamağı tövsiyə etmişdir. Sentyabr ayında müqavilə qiyməti olaraq 500 manat barədə razılaşsalar da, etirazlarına baxmayaraq, 3 aydan sonra kirayə qiyməti 600 manat məbləğinə artırılmışdır. Mənzilin yerləşdiyi ərazi əlverişli olduğu üçün artırılan kirayə qiyməti ilə razılaşmışdır. Həmçinin, tərəfindən mənzilə dair kommunal borclar ödənilmiş və mənzilin təmirinə çoxsaylı xərclər çəkilmişdir. Bundan əlavə, kommunal borclara dair sonuncu qəbzin tarixi iyun ayına təsadüf edir. Mübahisəli mənzilə dair gələcəkdə hər hansı borcunun mövcudluğunu təkzib etmək məqsədilə bütün ödəniş qəbzlərini saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun tanışıdır, lakin cavabdehi tanımır. 6 il əvvəl mübahisəli mənzil Elxan Əzizova kirayə məqsədilə aylıq 500 manat məbləğ razılaşdırılmaqla verilmişdir. E.Əzizovun mübahisəli mənzildə nə qədər müddət yaşaması barədə dəqiq məlumatı yoxdur, lakin icarə müqaviləsi 1 il müddətinə bağlanılmışdır. Sonradan iddiaçı ona E.Əzizovun açarı təhvil vermədən mənzildən çıxdığını və mənzildə müəyyən əşyaların sındığını bildirmişdir. Bununla bağlı, E.Əzizovla əlaqə saxladıqda ona iddiaçı ilə görüşəcəyini bildirmişdir, lakin növbəti danışıqlar barədə məlumatlı deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 301668 nömrəli xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2011-ci il tarixdə ləğv edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5340/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan görünür ki, İddiaçı iddiası Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi olmuşdur. Kollegiya hesab etmişdir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir. Kasasiya icraatı zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, nikahları 2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, daha sonra tərəflər barışmış və barışdıqdan sonra rəsmi nikaha daxil olmadan 5-6 il birlikdə yaşamışdırlar. - Kreditor "xxxx" ASC ilə birgə borcalanlar İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 48.000 manat məbləğində kredit verir. Müqavilənin müddəti 244 ay, illik faiz dərəcəsi 8%, kreditin təminatı isə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi olmuşdur. Müqavilə üzrə çıxarışın surətindən görünür ki, - Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan İddiaçı və satıcı X2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 09 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil satıcı tərəfindən 60.200 manata alıcı-ipoteka qoyana satılmış, həmin məbləğin 12.200 manat hissəsi sonuncu tərəfindən ödənilmiş, qalan 48.000 manat hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən ödənilmişdir. Mənzil kreditor-ipoteka saxlayan qarşısında İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 059/7009 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-də xx.xx.2009-cu il tarixdə 104İPKK160790026 nömrəli kredit müqaviləsi üzrə 48.000 manat ipoteka krediti rəsmiləşdirilmişdir. Bu müqavilə üzrə aylıq ödəniş 550.43 manatdır. Müqavilənin bitmə tarixi xx.xx.2030-cu ildir və cari günə 34.119,34 manat borcu mövcuddur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2010-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. - 38 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin mülkiyyətçisi və hazırda orada yaşayır. - xx.xx.2024-cü il tarixli X4, X9, X5 və X10 tərəfindən imzalanmış aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilində ondan başqa heç kim yaşamayıb və həmin mənzil kirayə verilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/179 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 104İPKK160790026 saylı kredit müqaviləsi üzrə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək (aprel ayı daxil olmaqla) İddiaçı tərəfindən ümumilikdə 51.694,19 manat, 2012-2016-cı il tarixləri ərzində isə (xx.xx.2012-xx.xx.2016) 23.979,90 manat məbləğində ödəniş aparılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına (c.i.v 105-115) əsasən xx.xx.2009-cu il tarixli 104İPKK160790026 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən aparılmış cəmi ödənişlərin hansı hissəsinin əsas borca, faiz borcuna və cərimə borcuna silinməsi tam olaraq aydın şəkildə (təyinatlar üzrə) göstərilmədiyindən bu epizod üzrə tədqiqat aparılmamışdır. - X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə işindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin bu günə olan bazar dəyəri 132.700 manat, bu günə olan 1 aylıq kirayə haqqı 500 manat, 2011-2014-cü illər üçün aylıq kirayə haqqı 300 manat, 2015-2016-ci illər üçün aylıq kirayə haqqı 330 manat, 2015-2016-ci illər üçün aylıq kirayə haqqı 350 manat, 2019-cu il üçün aylıq kirayə haqqı 380 manat, 2020-2021-ci illər üçün aylıq kirayə haqqı 400 manat, 2022-ci il üçün 450 manat, 2023-cü il üçün 470 manat müəyyən olunmuşdur. - xx.xx.2017-ci il tarixli Nərimanov RPİ-nin 18-ci PB-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, vətəndaş Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsinin baş verməsi sübut olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. - X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil İddiaçı tərəfindən X3 yaşamaq üçün kirayə verilmiş, aylıq kirayə haqqı 500 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, nikahlarının 2010-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğunu bildirsələr də, lakin təqdim edilən dəlillərlə aralarındakı nikah xx.xx.2011-ci ildə ləğv edilmişdir. Tərəflərin birgə nikahı dövründə alqısatqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil İddiaçı adına əldə edilmişdir. Mənzilin əldə edilməsi üçün pul vəsaitinin 48.000 manat hissəsi "xxxx" ASC-dən kredit olaraq birgə borclular kimi tərəflərin hər iksinin adına əldə edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, tərəflər nikahları pozulduqdan sonra 5-6 il birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilində yaşamış, daha sonra münasibətləri yenidən piləşdiyindən, Cavabdeh mənzili tərk etmiş, İddiaçı isə ona qarşı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Cavabdeh mülkiyyətçi olması əsası ilə iddia tələb rədd edilmişdir. Həmçinin həmin qərarla iddiaçının mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın “mübahisəli mənzilin 2/3 hissəsinə iddiaçı Cavabdeh payının müəyyən edilməsi və onun mənzilə köçürülməsi” barədə hissələrinə qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə qismən əsaslıdır, bu səbəbdən də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun ər-arvadın ümumi birgə mülkiyyətinin mahiyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən, onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdandır ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərar) Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.7-ci bəndində qeyd edilir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. Həmin qərarın 6.18-ci bəndində qeyd edilir ki, məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Belə ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 2009-cu ildə əldə edilmiş və Cavabdeh həmin mənzilin İddiaçı ilə birlikdə mülkiyyətçisi olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilmiş faktlar yenidən digər məhkəmə araşdırılmsı sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan işin xüsusatlarına və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan, tərəflər arasında isə birgə nikah dövründə əldə edilmiş əmlakın rejiminə dair hər hansı saziş olmadığından, qarşılıqlı iddiaçı Cavabdeh mənzildə payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlakda qarşılıqlı iddiaçının payı 2/3 hissə deyil, 1/2 hissə müəyyən edilməli, qalan 1/2 hissəsi isə qarşılıqlı cavabdehin payı hesab edilməlidir. Ona görə ki, iddiaçı mübahisəli əmlakın 2/3 hissəsinə özünün, qalan hissəsinə isə cavabdehin payının müəyyən edilməsinin hansı zərurətdən yaranmasını əsaslandırmamışdır. Digər tərəfdən, ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin (uşağın ciddi xəstəlikdən əziyyət çəkməsi və s.) bölgünün bərabər aparılmamasına dəlalət etdiyi, o cümlədən ərarvaddan birinin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qarşılıqlı iddiaçının mənzilə köçürülməsi tələbi ilə bağlı hesab edir ki, mənzilin birgə mülkiyyətçisi olan iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri baxımından mübahisəli mənzilə maneəsiz köçürülməsi təmin edilməlidir. Məhkəmə ilk iddiaçının “nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.577 manat hissəsinin cavabdehdən xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia göstərilən hissədə qismən əsaslıdır. Məhkəmə tələblə bağlı ilk öncə qeyd edir ki, ilk iddiaçı 51.754 manat pul vəsaitinin yarı hissəsi kimi 25.577 manat pulun tutulması xahiş olunsa da, məhkəmə hesab edir ki, həmin hal açıq hesab səhvidir və belə halın mövcudluğu iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Çünki tələbdən də göründüyü kimi, ilk iddiaçı məhz 51.754 manat pul vəsaitinin yarı hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını mübahisələndirir. (51754/2=25877) Məhkəmə hesab edir ki, tərəflər paylı mülkiyyətlərində olan mübahisəli mənzilə dair eyni hüquqlara və öhdəliklərə malikdirlər. Belə ki, ilk iddia üzrə cavabdeh iddiaya etiraz etsə də, lakin nikah pozulduqdan sonra mənzilin alınması üçün götürülmüş kredit pul vəsaitinin ödənilməsində onun da iştirak etməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, Ailə Məcəlləsinin də 37.3-cü maddəsinin tələbləri baxımından, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edildiyindən və ilk iddia üzrə Cavabdeh mənzildə payı ½ hissədə müəyyən edildiyindən, ilk iddiaçı nikah pozulduqdan sonra kredit vəsaitinin qaytarılması üzrə ödədiyi pul vəsaitinin yarı hissəsinin ilk cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İlk İddiaçı nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.877 manat hissəsinin cavabdehdən xeyrinə tutulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və tərəflər arasındakı nikah xx.xx.2011-ci il tarixdə ləğv edildiyindən, məhkəmə hesab edir ki, 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək edilmiş ödənişlərin yarı hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən ilk İddiaçı tərəfindən "xxxx" ASC-nə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək edilən kredit ödənişlərinin ümumilikdə nə qədər təşkil etməsinin öyrənilməsi üçün təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, həmin məbləğ 51.694,19 manat təşkil edir. Məhkəmə verilmiş ekspert rəyini qiymətləndirir və mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilən qanunvericilik normalarına, işin hallarına və iş üzrə verilmiş ekspert rəyinə əsasən, məhkəmə hesab edir ki, ilk iddia göstərilən hissədə qismən təmin edilərək, ilk Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən "xxxx" ASC-yə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək ödənilmiş kredit pul vəsaitinin ½ hissəsi, yəni 25.847,09 manat hissəsi tutulmalıdır. (51.694,19/2=25.847,09) Məhkəmə ilk iddiaçının “2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-i, yəni 275 manat məbləğində hissəsinin isə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması” barədə tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsassızdır. Belə ki, ilk cavabdeh həmin kredit müqaviləsi üzrə birgə borcalandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən, birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Yuxarıda göstərilənlərdən görünür ki, tərəflər müqavilə üzrə birgə borcalanlardır. Hazırda məhkəmə mübahisəli əmlaka dair tərəflərin payını bərabər müəyyən etdiyindən, əlavə olaraq, aylıq ödənişlərin yarısının üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması öhdəliyinin qoyulması zərurəti mövcud deyil. Bundan başqa, subyektiv hüquq baxımından belə bir tələblə ilk İddiaçı deyil, məhz üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edə bilər. Əlavə olaraq məhkəmə bildirir ki, ilk İddiaçı hazırki 2023-cü ilin noyabr ayından sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə, ödənilmiş məbləğin ümumi əşyada müəyyən edilmiş paya uyğun hissəsinin Cavabdeh tutularaq ilk iddiaçıya ödənilməsini qət edə bilər. Məhkəmə həmçinin qarşılıqlı iddianın “mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manat pulun İddiaçı tutularaq ona ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırır ki, o, 2016-cı ilədək mübahisəli mənzildə yaşamış, sonradan qarşılıqlı cavabdeh onun mənzildən istifadəsini məhdudlaşdırmış və mənzili kirayə verməklə qazanc əldə etmişdir. Odur ki, 2016-cı ildən hazırkı vaxtadək keçən 8 il müddətində mənzilin kirayə verilməsi nəticəsində əldə edilmiş 48.000 manat vəsaitin 2/3 hissəsinin, yəni 32.000 manat hissəsinin onun xeyrinə cavabdehdən tutulmasını xahiş edir. Qarşılıqlı iddiaçı tələbini əsaslandırdığı halları məhkəmə araşdırılması zamanı qismən sübuta yetirmişdir. Məhkəmə iclasında dinlənilən şahid Elxan Əzizov mübahisəli mənzildə həqiqətən 2018-ci ilin sentyabr ayının 23-dən 2019-cu ilin iyun ayının əvvəlinə qədər kirayə yaşadığını bildirmiş və həmin halı təsdiq edən İddiaçıla bağlanmış kirayə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Şahid ifadəsində ilk üç ay 500 manat kirayə haqqı ödədiyini, sonradan məbləğin 600 manat olmasını bildirsə də, təqdim edilmiş kirayə müqavilsində kirayə haqqı 500 manat müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi sübut edilən hissədə qismən təmin edilməli, məhkəmənin yuxarıda qeyd edilən (ailə qanunvericiliyinin tələbinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas vermir. Bunun üçün həmin valideynin yanında qalmış yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafelərinin (uşağın ciddi xəstəlikdən əziyyət çəkməsi və s.) bölgünün bərabər aparılmamasına dəlalət etdiyi, o cümlədən ər-arvaddan birinin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar mötəbər sübutlarla təsdiq olunmalıdır) mövqeyi əsas götürülməklə, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayı daxil olmaqla, 8 ay müddətinə ödənilmiş kirayə haqqının ½ hissəsi olan 2.000 manat (500 manat x 8 ay = 4.000 manat) məbləğində pul cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edildiklərindən, iddia ərizələrinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş dövlət rüsumların onların hər birinə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tərəflər arasında bərabər bölünərək, hər birindən 50 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilməli, “X6 Mərkəzi” MMC tərəfindən aparılmış qiymətləndirmə işi üzrə çəkilmiş xərcə daxil olan 480 manat Cavabdeh tərəfindən ödənildiyindən, həmin məbləğin yarı hissəsi cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.847,09 (iyirmi beş min səkkiz yüz qırx yeddi manat 9 qəpik) manat pul vəsaiti İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə payları müəyyən edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə köçürülsün. Cavabdeh İddiaçı 2.000 (iki min) manat pul vəsaiti iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz manat) ekspertiza xərcinin 50 manat hissəsi İddiaçı, digər 50 manat hissəsi Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Cavabdeh İddiaçı 240 (iki yüz qırx) manat qiymətləndirmə xərci iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar