Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3391/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı hüquqi şəxsin ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı hüquqi şəxsin ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 (VÖEN **********) barəsində ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyası təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" X1 təsisçi direktoru olan iddiaçının atası X3r. 2008-ci il tarixli bağışlama müqaviləsi ilə atası ona məxsus pay hüququnu bütünlüklə iddiaçıya bağışlamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Maykovski küçəsi ilə Zeynal Xəlil küçəsinin kəsişməsində yerləşən Köşk "xxxx" X1 xüsusi mülkiyyətindədir. İddiaçı yuxarıda qeyd olunan köşkün firmanın tərkibindən ayrılıb iddiaçının adına özəlləşdirilməsi üçün reyestr xidmətinə müraciət etdikdə orada ona bildirdilər ki, firma bağlanmalıdır və köşk firmanın tərkibindən ayrılmalıdır. Bundan sonra cavabdeh təşkilata müraciət etmiş və xx.xx.2021-ci il tarixdə firma ləğv edilmiş və hüquqi şəxlərin dövlət reyestrindən çıxarılmışdır. Bundan sonra köşkün adına özəlləşdirilməsi ilə bağlı reyestr xidmətinə yenidən müraciət edən zaman ona bildirdilər ki, “bizim idarə yalnız daşınmaz əmlakları qeydə alır, bu köşk isə daşınar əşyadır biz bu köşkün sənədləşdirilməsi işində köməklik göstərə bimərik”. Bundan sonra iddiaçı əlacsız qalaraq "xxxx" X1 (VÖEN**********) ləğvindən sonra meydana çıxan əmlakın aqibəti ilə bağlı köməklik göstərilməsini xahiş etdi. Lakin cavabdeh təşkilat ona cavab məktubu ünvanlayaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.13-cü maddəsinə əsasən hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğv etmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. İlk əvvəl cavabdeh inzibati orqan olduğu üçün iddiaçı mübahisənin həlli üçün Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Məhkəmə işə baxaraq iddianı qeyri-mümkün saymışdır. Bu barədə Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(112)-8013/2023 saylı qərardad çıxarmışdır. Məlum qərardadda qeyd olunur ki, “mübahisənin həlli birbaşa mülki qanunvericiliyin normaları ilə tənzimləndiyindən bu tipli işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 cavabdehin iddia tələbləri üzrə hər hansı vəzifə daşımadığını, iddianın təmin ediləcəyi halda, belə onların üzərinə hansı öhdəliyin qoyulacağının məlum olmadığını bildirərək əsl cavabdehlə əvəz olunmalarının məqsədəmüvafiq olduğunu bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 13 iyun 2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, "xxxx" X1 təsisçisi X5 "xxxx" İstehsalat Kommersiya firmasında ona məxsus olan 100%-lıq payını İddiaçı bağışlamış, İKF-nın payın təsisçilik hüquqlarını, habelə İKF-yə məxsus olan möhürü, ştampı, dövlət qeydiyyatı haqqında şəhadətnaməni, nizamnaməni və digər sənədləri İddiaçı vermişdir. xx.xx.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi ilə Zeynal Xəlil küçəsinin kəsişməsində yerləşən köşk "xxxx" X1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında bildirişdə qeyd olunur ki, xx.xx.1995-ci il tarixdə 25856 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat Kommersiya firması xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" İstehsalat Kommersiya firması xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi formalaşmış və hüquq qabiliyyəti əldə etmişdir. Sonradan "xxxx" İstehsalat Kommersiya firması xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hazırda "xxxx" X1 təsisçisi tərəfindən bağışladığı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək firmanın mülkiyyətində olmuş olan yeni əmlak ortaya çıxıdığından ləğvetmə prosesinin yenidən başlanmasını tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İş materiallarından aydın olur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi ilə Zeynal Xəlil küçəsinin kəsişməsində yerləşən köşkün artıq ləğv edilmiş "xxxx" X1 mülkiyyətində olduğunu bildirir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini cavabdeh olaraq qoymaqda həmin hüquqi şəxsin ləğvetmə prosesinin yenidən başladılması və ləğvetmə komissiyasının təyin edilməsi barədə məhkəmədə iddia qaldırır. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin verdiyi izahatlardan və mülki işin materiallarından İddiaçı hüquqi şəxsin ləğvetmə prosesinin yenidən bərpa edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etdiyi, İdarə tərəfindən Mülki Məcəllənin 61.13-cü maddəsinə əsasən maraqlı şəxsin məhkəməyə verdiyi ərizəsi əsasında bu prosesinin başlanıla biləcəyi barədə yazılı cavab verdiyi, iddiaçının həmin idarəsini cavabdeh göstərməklə inzibati məhkəməyə müraciət etdiyi, inzibati məhkəmə tərəfindən həmin idarənin iddiaçının ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa etmək vəzifəsinin olmaması və mübahisənin mülki xarakterli olması səbəbindən iddianı mümkün saymadığı aydın olur. Məhkəmə hesab edir ki, iddia tələbi hazırki cavabdehə qarşı aşağıdakı səbəblərə görə təmin edilə bilməz : Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, hazırki cavabdehin iddia tələbləri üzrə hər hansı hüquqi məsuliyyət daşımaları iş materialları ilə sübut olunmur. Halbuki qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf ləğvetmə prosesinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını xahiş edir. Lakin nəzərə almamışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-8013/2023 saylı qərardadında qeyd edilmişdir ki, “Məhkəmə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi, dövlət reyestri məlumatlarına hər hansı dəyişikliklərin edilməsi, ləğv edilməsi vergi orqanının səlahiyyətinə aid olsa da, iddiaçının hazırkı tələbi üzrə cavabdeh orqanın publik hüquqdan irəli gələn öhdəliyi yaranmamışdır... İddiaçının tələbi mahiyyət etibarı ilə hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra hüquqi şəxsin balansında qalmış əmlakın hüquqi müqəddəratı ilə bağlıdır. Vergi orqanın ləğvi başa çatmış hüquqi şəxsi kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarmaqda səlahiyyəti olsa da, ləğvdən sonra balansda qalmış əmlakın taleyinin həll edilməsini, bunun üçün ləğvetmə prosesini bərpa etmək və ya ləğvetmə komissiyası təyin etmək kimi vəzifələri qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunla nəzərdə tutulmayan vəzifələrin inzibati orqanın üzərinə qoyulması mümkün hesab edilə bilməz. İşin bu halında məhkəmə hüquqi şəxslərin qeydiyyatını aparan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsini cavabdeh qismində cəlb etməyə zərurət görməmişdir.» Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin hüquqlarının məhkəmə müdafiəsini təmin etmək üçün qanunvericiliyin imkan verdiyi bütün səlahiyyətlərdən istifadə edilmiş, iddiaçı tərəfə əlavə sübutların təqdim olunması təklif olunmuş, yetərli sübutların toplanması üçün məhkəmə iclası təxirə salınmışdır, eyni zamanda cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı eyni cavabdehə qarşı iddianın təmin edilməsini xahiş etmişdir. Bununla belə iddiaçı hazırki cavabdehə qarşı iddia tələblərinin əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin pozulmuş subyektiv hüquqlarının bərpası və bu hüquqların realizəsi tələbləri ilə bağlı işlərə baxır. Subyektiv hüquqların realizəsinin əsas formaları : subyektiv hüququnun aid olduğu şəxsin öz hərəkətləri ilə hüquqlarının realizəsi, bu zaman digər bütün şəxslər bu hüquqların realizəsinə maneələr yaratmamaq formasında hərəkətsizlik göstərməlidirlər (mülkiyyət hüquqları, müəlliflik hüququ və s.); subyektiv hüququn bu hüququn məxsus olduğu şəxsdən digər şəxslərin müəyyən hərəkətləri yolu ilə realizəsi (satıcının satdığı əşyanın dəyərini almaq hüququ onun öz hərəkətləri ilə deyil, alıcının bu dəyəri ödəməsi yolu ilə realizə olunur və s); Hüququn realizəsi üçün digər şəxslər müəyyən hərəkətlər etməli olduğu halda hərəkətsizlik göstərdikdə hüquqların məhkəmə müdafiəsi yolu ilə bu hüququn realizəsinə nail olunması ( alıcı aldığı malın dəyərini ödəmədikdə hüquq sahibinin ərizəsi əsasında məhkəmə tərəfin bu hüququn realizəsi təmin edilir və s.). lakin hazırda baxılan iş üzrə cavabdeh iddiaçının hər hansı hüququnun realizəsi üçün hərəkət etmək vəzifəsi daşımır. Belə vəzifəsi olmadığı halda məhkəmə iddiaçı tərəfindən verilmiş ərizə əsasında da olmayan vəzifəsinin icrasına məcbur edilə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçının tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən onun hüququnun pozulması müəyyən edilmir, belə olan halda pozulmamış hüququn məhkəmə tərəfindən bərpa edilməsi mümkün deyil. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı hüquqi şəxsin ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyasının təyin edilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub, məhkəmə qət etdı̇ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı hüquqi şəxsin ləğvetmə prosesinin yenidən bərpa və yeni ləğvetmə komissiyasının təyin edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3391/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3391/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver