Məhkəmə qərarları › İş №e-2(005)-3534/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3534/2021

28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3534/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nigar Sahib qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin sökülməsi, boşaldılaraq təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı MTKya ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi, ev 14A, mənzil 21 ünvanında yaşayan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 21-ci mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14A saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh məxsus 21 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 90,4 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binalarınkəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasındayaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14A saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14A ünvanında yerləşən 21 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin Cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 90,4 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunur. İddiaçı MTK iddiaçının mənzilinin yerləşdiyiBakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Cavabdehin ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Daha sonra İddiaçı MMC 11.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, iddianın təmin edilməsini, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan 75,4 kv.m-dən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməsini, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 75,4 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsini, sökülməsi nəzərdə tutulan mənzil İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək,ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda Cavabdeh 09 iyul 2021-ci il tarixdə məhkəməyə yazılı izahat təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu 14 A, mənzil 21-də ailəsi ilə birlikdə yaşayır. Bir aya yaxın müddətdir ki, "xxxx" MTK cavabdehlə evin alqı-satqısı ilə bağlı danışıqlar aparırlar. Lakin bu danışıqlar zamanı Kooperativin işçiləri qeyri-müəyyən təkliflər irəli sürürlər. Belə ki, onun çıxarış üzrə 75,4 kv. metrdir. Naturada isə 82,39 kv. metr olmasına dair akt tərtib etmişlər. 82,39 kv. metr üçün cavabdehə 102 kv. metr təklif olunur. Əslində isə 30 faiz əlavə verilməklə (82,39+30 faiz=106,6 kv.m) 106.6 kv. metr olmalıdır. Bundan başqa, tərtib olunan müqavilədə ona veriləcək mənzilin püşk yolu ilə müəyyən olunacağı bildirilir. Bu isə qanunsuz və əsassızdır. O, konkret olaraq nəyi müəyyən edirlərsə, həmin mənzilin aralarında bağlanmasını tələb edir. Eyni zamanda, istər mənzil sahəsinin verilməsi, istərsə də kirayə haqqının verilməsi zamanı sakinlərə müxtəlif, qeyri-müəyyən və ədalətsiz təkliflər verilmişdir. Qonşulardan 2 otaqlı mənzil alana 600 manat, ona 800 manat veriləcək. Ancaq bu şərtlər müqavilədə göstərilməyəcəkdir. Bu da qanunsuzdur, ona görə ki, müqavilədə yazılmayan şərtə əməl olunması mümkün deyildir. Mənzillərin təmiri MTK tərəfindən aparıldığı təqdirdə dəyəri 300 manat, ona ödənildikdə 180 manat verilməsi müəyyən olunmuşdur. Hazırda həyəti genişdir və maşın saxlamaq üçün yeri var. Lakin hazırki layihədə həyətdə yer yoxdur və maşın saxlamağa yer vermirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 55 nömrəli 11.03.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 28.01.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18.02.2020-ci il tarixli, 02/07- 635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 03.03.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.06.2021-ci il tarixli “FEMİDA” Vəkil Bürosunun sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ev 14A 2 ci mərtəbəsində yerləşən ümumi sahəsi 33.8kv.m, yaşayış sahəsi 17.5kv.m olan 1 otaqlı 2 saylı mənzil notarius X5 tərəfindən təsdiqlənmiş 4Ə- 04/889 reyestr nömrəli 17.07.2014-cü il tarixli qarışıq müqaviləsinə əsasən X2 adına (AZE-13432749/06.03.2013, qeydiyyat ünvanı - ünvan 2əyə verilməsi haqqında 18 mart 2020-ci il tarixli №1572 saylı müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmedovla birlikdə Tikintidə X4 Agentliyinin 03.03. 2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmiş, Həsənoğlu küçəsi, bina 14 A Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbest-sement şifer vərəqələrlə, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Eyvan tavalarının yanları hörülərək bağlanmışdır. Bu da konsol tipli balkon tavalarının əlavə yüklənməsinə səbəb olmuşdur. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsində ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavan profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinir artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüds istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyin sözügedən ərazidə istismar müddətini başa vermiş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Belə ki, mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda iddiaçı « Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 21ci mənzilinin mülkiyyətçisi Cavabdehtərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikili onun öz hesabına sökülməsi, eyni zamanda Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı ev 21 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan 75,4 kv.m-dən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 75,4 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi» tələbini irəli sürmüşdür. Məhkəmə hazırki vəziyyətdə cavabdehin mülkiyyət hüquqlarının pozulubpozulmamasına qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Məhkəmə hesab edir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan 75,4 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsini, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 75,4 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzili 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsini, bir sözlə əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10, 10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə görə qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Əksinə hazırki vəziyyətdə qarşılıqlı iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 14A saylı evin, 21 saylı mənzilə, təxminən 106,6 kv.m. ölçüdə mənzil tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almış, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə məcburetməyə çalışmaqla hüquqlarından sui-istifadə etmişlər. Buna görə də iddia tələbi təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 21-ci mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan 75,4 kv.m-dən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, həmin mənzil İddiaçı MTK tərəfindən sökülməli, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 75,4 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməli, mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən 75,4 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 21 saylı mənzili boşaldılsın və İddiaçı MTK-ya təhvil verilsin. Həmin mənzil İddiaçı MTK tərəfindən sökülsün. İddiaçı MTK tərəfindən 75,4 kv.m-dən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 21 saylı mənzilinin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə Cavabdeh təhvil verilsin. Mənzil İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar