Məhkəmə qərarları › İş №e-2(005)-3537/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3537/2021

09.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3537/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili X5, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququ saxlanmaqla və kirayə haqqı ödənilməklə mənzilin təhvil verilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulan maddi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı MTK-nın ilk iddia üzrə Cavabdeh qarşı “mülkiyyət hüququ ilə əlaqədar mübahisə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03.03.2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi, ev 14A, mənzil 25 ünvanında yaşayan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14A saylı evin 25-ci mənzilinin cavabdehə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14A saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh məxsus 25 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 70,74 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianın həcminin artırılması və dəqiqləşdirilməsi haqqında ərizə verərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.-dən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 115 kv.m. ölçüdə təmirli mənzil 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 700 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03.03.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18.03.2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14A saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14A ünvanında yerləşən 25 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 70,74 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 manat kirayə haqqı təklif olunur. İddiaçı MTK mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladığımız əvəzləşmə müqavilələri üzrə öhdəliklərimizi vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulan maddi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, İddiaçı MTK mülkiyyətində olan mənzildən onlara mənzilin ümumi dəyərindən hesabladığı, lakin ödəmədiyi 20 faiz, yaşadıqları müddət 10 ildən artıq olduğuna görə, iddiaçıya ödəniləçək kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında, eləcə də qanunsuz götürdüyü 71 kv.m sahəsi olan zirzəmiyə görə həmin bina üçün nəzərdə tutulmuş mövcud bazar qiymətilə onlara hüquqdan sui-istifadə etməklə vurduğu ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi üç ayrı-ayrı ailədən ibarətdir. Mənzili alan vaxt hamısı köməkləşəib, yəni pullarını bir yerə cəmləyərək, evi almışlar. Həmin vaxtdan 15 il keçib. Bu müddət ərzində mənzili üç yerə bölüb ayrı yaşayırlar. Ata-baba yerləri Xankəndi rayonu, Kərkicahan kəndidir. Onunla yaşayan oğulları X6, X1 və onun iki ailə üzvü ikinci Qarabağ müharibəsinin iştrakçısıdır, həmçinin özü birinci Qarabağ müharibasinin iştrakçısıdır. Mənzildə üç ailədən ibarət 7 nəfər ailə üzvüdülər. Belə vəziyyətdə İddiaçı MTK onlara cəmi 71 kv.m. sahəsində mənzil təklif edir. Özü də iddia ərizəsində hüquqdan sui-istifadədən danışılır. Mənzil ölçülərkən mənzilin iç divarından 91.5 kv.m., mənzilin divarının çöl ölçüsündən isə 107 kv.m.-dir. Bundan əlavə 71 kv.m. sahəsi olan zirzəmi yaşayış üçün tam yararlı vəziyyətdədir. Bakı şəhərində tikilmiş sovet dövrünün binalarının əksəriyyətində mənzillər genişləndirilib istifadə üçün yaralı hala salınmış və eləcə də, birinci mərtəbədə yaşayanlar zirzəmini təmir edib oradan yaşayış məqsədi üçün istifadə etmişlər. Bu mənzillərin artırılmış hissəsinin və eləcə də, zirzəminin özəlləşdirilməsi üçün rayon icra hakimiyyətinə müraciət etdikdə, bu faktdır ki, adamın qarşısında elə süni maneələr qoymuşlar ki, əgər onların dedikləri edilsə, həmin xərclə yeni mənzil alınar. İddiaçı MTK ona guya sənəddə olandan artıq sahədə 20 kv.m. artıq yaşayış verdiyini qeyd etsə də, lakin mənzilinin əsl ölçüsünə olan ölçüdə mənzil təklif etmir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTKnın nümayəndəsi X8 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddanın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmiyərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəydən görünür ki, Həsənoğlu küçəsi, bina 14A seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir. 18.03.2020-ci il tarixli, 1572 nömrəli X3 görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MKT arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 55 №li sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. 22.06.2021-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Femida” Vəkil Bürosuna məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ev 14A, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58.95 kv.m. olan 3otaqlı 25 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı Şəhər Nərimanov İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 55 nömrəli Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1968-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. 02.06.2021-ci il tarixli, 1 nömrəli tərəflər arasında tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ev 14A, 1-ci mərtəbəsində yerləşən mənzildə yenidən qurma işləri aparılaraq, artırılmışdır. Artırılmadan sonra mənzilin ümumi sahəsi 91.38 kv.m. təşkil edir. Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalarda olan 1, 2, 3 və 4-otaqlı, orta təmirli mənzillərin 1 kv. metrinin bazar dəyəri və belə mənzillərin Kirayə haqqlarının 2020-ci ilin oktyabr ayına qədər vəziyyəti barədə 29.10.2020-ci il tarixli, 29/10-20 nömrəli rəyin surətindən görünür ki, “yaxşı və orta təmirli, yumşaq və bərk mebellə təchiz olunmuş, televizor, kondisioner, soyuducu və paltaryuyan qoyulmuş” 3 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 500-620 manat civarında təklif olunur. Məhkəmə hesab edir ki, iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X4 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqinda" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ NO-İİ Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №-li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, onun mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzilin verilməsi sərəncamla İddiaçı MTK-nın vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüququndan MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində, mühəndis kommunikasiya xətlərinin mövcud olmadığı, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə dair belə nəticəyə gəlmişdir ki, qarşlıqlı iddiada qeyd olunan kompensasiya tələbi Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa əsaslandırılmış, lakin həmin Qanundanda görünürdüyü kimi, qeyd olunan kompensasiya dövlət ehtiyyacları üçün alın zaman nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı MTK-nın hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.dən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməli, İddiaçı MTK tərəfindən ünvan 5 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 115 kv.m. ölçüdə təmirli mənzil 2 il müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 700 manat məbləğində kirayə haqqı ödənilməlidir. Həmçinin məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.-dən ibarət olan mənzil üzərində mülkiyyət hüququ saxlanmaqla həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin və İddiaçı MTK tərəfindən sökülsün. İddiaçı MTK tərəfindən ünvan 5 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 91.38 kv.m.-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 115 kv.m. ölçüdə təmirli mənzil 2 il müddətinə Cavabdeh təhvil verilsin. Həmin mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “hüquqdan sui-istifadə nəticəsində vurulan maddi zərər” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarlışıqlı iş üzrə iddiaçıya adi edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar