Məhkəmə qərarları › İş №e-2(005)-362/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-362/2024

10.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-362/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdaəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşmiş, faktiki olaraq mövcud olmayan 13 saylı mənzilə dair Maraqlı şəxs adına verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşmiş və 2000-ci ildən sonra təmamilə sökülmüş 13 saylı mənzilin yerində inşa edilən özbaşına tikilmiş fərdi həyət evinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən 13 saylı mənzili 2000-ci ildə həmin evin qeydiyyat vəsiqəsi (çıxarış) əsasında mülkiyyətçisi olmuş Maraqlı şəxs almış və həmin evin dəyərini həmin dövr üçün qüvvədə olmuş bazar qiyməti əsasında razılaşaraq 1200 ABŞ dollarını onun sahibinə ödəmişdir. Həmin evin sahibi olmuş Maraqlı şəxs böyük bacısı Dürnisənin qızı olduğuna görə, evə dair onlar arasında aparılmış alqı-satqı rəsmiləşməmiş və gələcəkdə rəsmiləşəcəyinə dair razılıq əldə edilmişdir. Maraqlı şəxs həmin evi iddiaçıya satmamışdan əvvəl iddiaçı və ailəsinə həmin evə köçməyi və orada yaşamağı təklif etmişdir. Həmin dövr üçün maddi imkanı çox çətin olduğundan bacısı Dürnisənin qızı Vüsaləyə məxsus həmin evdə yaşamağa razılıq vermiş və bu məqəsədlə 2000-ci ilin iyun və ya iyul aylarında iddiaçı ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Yaşamaq üçün heç bir şəraiti olmayan evdə oktyabr ayına kimi çox çətinliklə yaşamış və havalar soyuduqca həmin evdə yaşamağın mümkün olmadığını görüb, həmin evdən başqa evə köçmək və yeni evdə yaşamağa qərar vermişdir. Bu barədə bacısı Dürnisəyə və onun qızı Vüsaləyə bildirmiş, onlar isə bunun müqabilində həmin evi iddiaçıya ucuz qiymətə sata biləcəklərini və bundan sonra iddiaçının vəsaiti hesabına həmin evi yenidən düzəltməklə yaşamağa şərait yarada biləcəklərini tklif etmişlər. Beləliklə, iddiaçı həmin evin ona satılmasına razılaşmış və evə görə 1200 ABŞ dolları məbləğində pul vəsaitini bacısı qızı Vüsaləyə ödəmişdir. Evin qiymətinə dair razılıq əldə edildikdə Vüsalənin əlavə şərtinə görə, evin bir neçə illik ödənilməmiş kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsinə dair razılaşma əldə olunmuş və sonradan həmin kommunal xərcləri hissəhissə ödənilmişdir. Beləliklə, evdə olan qəzalı vəziyyət və 2000-ci ilin noyabr ayında baş vermiş güclü zəlzələ nəticəsində həmin evi daha da yarasız vəziyyətə saldı və iddiaçı bu səbəbə görə də həmin evin yanında olan nisbətən yararlı evə köçməli olmuş və həmin qonşu evdə yaşamaqla bacısı qızının satdığı evi 2002-ci ilin iyun ayında təmamilə söküb yerində tamamilə fərqli formada yeni ev tikməli olmuşdur. Maraqlı şəxs ilə evin alqısatqısına dair aramızda olan razılaşmadan sonra 22 il müddətində iddiaçı fasiləsiz olaraq bütün ailə üzvülərilə birlikdə həmin evdə yaşamış və hal-hazırdada yaşayır. Həmin müddətdə yaxın qohumluq münasibətləri davam etmişdir. Həmin evin qiymətinə dair evin sahibi ilə razılaşmanın şərtlərinə tərəfindən əməl edilsə də, ev sahibi tərəfindən evin addan-ada rəsmiləşməsinə əməl edilməmiş və bu səbəbdən də, evin alqı-satqısı rəsmiləşdirilməmiş qalmışdır. Belə ki, bacısı qızı Vüsalə və bacısı Dürnisə iddiaçının onlara olan etibarından sui-istifadə edib onu aldatmışlar. Onların iddiaçını və onun ailə üzvülərini aldatmaq barədə fikirləri həmin evlərin söküləcəyi barədə son dövrlərdə yayılmış şayiələrdən sonra üzə çıxmışdır. Maraqlı şəxs həmin şayiələrə inanaraq, əsassız varlanmaq həvəsi səbəbindən satdığı həmin evi yenidən almaq üçün iddiaçının xəbəri olmadan və mütəmadi olaraq iddiaçı ilə qohumluq münasibətlərini saxlamaqla bərabər, 22 ildən artıq fasiləsiz yaşadıqları, sahiblik və idarə etdiyi evdən iddiaçının çıxarılmasına dair məhkəməyə iddia qaldırmışdır və bundan sonra onun və bacısı Dürnisənin iddiaçını aldatmasının şahidi olmuşdur. Sözügedən mənzil iddiaçı və ailə üzvləri tərəfindən 2002-ci ildin iyun ayında təmamilə sökülmüş, onun yerində tam fərqli ölçüdə, fərqli quruluşda və fərqli hündürlükdə yeni ev tikilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşmiş və Maraqlı şəxs məxsus olmuş 13 saylı mənzil 22 ildən artıqdır ki, mövcud deyil. Həmin mənzilin yerində olan və hal-hazırda iddiaçının yaşadığı mənzil özbaşına tikilidir və 22 ildir ki, fasiləsiz olaraq onun və ailə üzvülərinin sahibliyində və istifadəsindədir. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı mənzilin sökülərək yenidən tikilməsi, həmin mənzilin 2000-ci ilədək mövcud olmuş mənzil olmadığını ərazi üzrə MKİS-də saxlanılan "şəxsi hesab vərəqəsi"ndə olan məlumatlarla yeni tikilmiş mənzilin ölçüləri arasındakı fərqlər və həmin mənzili tikmiş ustaların və qonşuların izahatları, həmin mənzilin faktiki ölçülərini özündə əks etdirən cizgi məlumatları təsdiq edir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2 ünvanında yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili onun mülkiyyətindədir. 2000-ci xalası (iddiaçı) İddiaçı Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqqlarının baha olduğunu bildirərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamaqlarına icazə verməsini xahiş etdi. Bu tarixə qədər onlar şəhərin müxtəlif yerlərində kirayə qalmış, hətta son qaldıqları yerdə kirayə haqqını ödəyə bilməmişdilər. Həmin dövrdə Maraqlı şəxs yeni ailə həyatı quraraq Salyan rayonunda yaşayır, qeyd olunan mənzildə isə qardaşı yaşamışdır. Onun razığı ilə xalası (iddiaçı) və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə qardaşı ilə birlikdə yaşamağa başlamışdır. Qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənilməmiş, 2005-ci ildə qardaşının həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 ABŞ dolları kirayə haqqı ödəmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və şahidlər bu faktı qəbul etdi, hətta ödənilmiş kirayə haqqını geri tələb edəcəklərini bildirdilər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2013-cü ildə həyat yoldaşının vəfat etməsindən sonra bir müddət rayonda yaşamış, daha sonra övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüşdür. Yaşadığı yerin şəhər kənarında və iş yerinə uzaq olması və övladlarımın məktəbə gedibgəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən, eyni zamanda xalasıgilin artıq yeni mənzil aldıqları xəbərini eşitdikdən sonra öz mənzilinə köçmək istəyərək, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (iddiaçı) İddiaçı ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq həmin mənzildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəmədi, ilk öncə mənzildə əşyalarının olmasını, daha sonra isə mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başladı. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə ona məxsus olan mənzilin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi iddiası ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra sonra xalası (iddiaçı) İddiaçı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, mənzili təmir etdiklərini bildirərək təmir pullarının Maraqlı şəxs tutulmasını iddia etdilər. Hətta iddia ilə yanaşı, müvafiq ekspertizanın təyin edilməsini və mənzilin təmir xərclərinin hesablanması ilə bağlı iki dəfə vəsatət də verdilər. Vəsatətləri təmin olunub iş ekspertizaya getsə də, ekspertizaya heç bir sənəd təqdim edə bilməmiş və nəticədə eksperizadan heç bir rəy verilmədən iş geri qayıtmışdır. Hətta iş ekspertizaya göndəriləndən sonra, 2022-ci ilin dekabr ayında mənzili təmir etməyə çalışmış, tərəfindən foto və video materialların Nəsimi Rayon Məhkəməsinə təqdim edilməsindən sonra dayanmışlar. Məhkəmə prosesində istədiklərini ala bilməyəcəklərini görən xalası yeni absurd iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Belə ki, guya həmin evi V.Əliyevnın onlara satdığını qeyd etmiş, nəinki olmayan, haqqında müzakirə belə edilməmiş “əqd”in etibarlılığını irəli sürərək iddia ərizəsi verdilər. Eyni məzmunlu işin daha əvvəl başladığı səbəbi ilə həmin məhkəmə işi digər işlə birləşdirildi. Bir-birini yalanlayan iki iddianın absurd olmasını başa düşən iddiaçı və onun ailəsi təmir xərclərinin ödənilməsinə dair iddia tələbini geri götürmüşdür. Ailəsi ilə birlikdə məhkəmə iclasında iştirak edən iddiaçı tərəfindən verilən ifadələrdə də bir-birinə zidd fikirlər səsləndirilmişdir. Hətta, xalasının həyat yoldaşı belə onun ifadəsini yalanlamışdır. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.0.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi və xalasının iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. İddiaçı yazdığı iddia ərizəsində qeyd olunan mənzilin tamamilə söküldüyünü və yerində başqa ölçülərə məxsus ev tikildiyini iddia edir. İddiaçı 20 il qaldığı mənzilin 4 tərəfdən qonşu mənzillərin divarı ilə əhatə olunan şəraitdə başqa ölçüdə ev tikilə bilməsinin mümkünsüzlüyünü nəzərə almamışdır. İddiaçı yazdığı ərizədə mənzilin özbaşına tikili olduğunu iddia etsə də, həmin mənzil V.Əliyevnın mülkiyyətindədir və mülkiyyəti təsdiq edən bütün sənədləri mövcuddur. İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddiada 2000-ci ildə mənzili təmir etdiklərini, sonrakı ərizələrdə 2002-ci ildə tikdiklərini, imkanları olmadığı üçün həmin mənzilə köçdüklərini, sonra isə birdən-birə ev tikdiklərini, 7 ay qonşuda kirayəçi olaraq yaşadıqlarını və s. kimi bir-birini yalanlayan ifadələrdən istifadə etmişdir. İddiaçı qeyd olunan evin onların adına keçiriləcəyi, və s. kimi absurd və əsassız iddialar irəli sürsə də, bu günə qədər bu iddianı mübahisələndirməməsinin səbəbini qeyd etməmişdir. Həmçinin ddiaçı guya qeyd olunan mənzili 1200 ABŞ dolları qarşılığında almasını qeyd etsə də, bu vəsaiti kimə və necə verdiyini izah edə bilməmişdir. Eyni zamanda həmin mənzilin dəyərinin 1200 ABŞ dolları qiymətində ola biləcəyini də nə özü nə də ki, şahidlər təsdiq etməmişdir. Bundan başqa, iddiaçının öz ailəsi ilə birlikdə yaşadığı mənzildə 20 il ərzində bütün kommunal və mənzil xərclərinin onun adına ödənilməsinin səbəblərini də aydınlaşdırmamışdır. Əgər iddiaçının iddia etdiyi kimi qeyd olunan mənzil 23 il əvvəl ləğv olunmuşdursa, bu gunə qədər həmin mənzilin ləğv olunması ilə bağlı heç bir iddia ərizə və s. kimi məlumat verilməmsii, heç bir dövləq qurumunda bu məsələnin qeydiyyata alınmaması ağlabatan deyil. Şəhərin mərkəzində özbaşına tikilinin mövcud olması, inşa edilməsi və heç bir qurum tərəfindən bununla əlaqədar hansısa addımın atılmaması mümkün deyildir. İddiaçı iddia ərizəsində evi yenidən tikdiklərini iddia etməklə əslində mülkiyyətçi olaraq onun razılığı və icazəsi olmadan ona məxsus əmlakda hansısa işlər aparmaqla Maraqlı şəxs ziyan vurduqlarını etiraf etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın dəlilləri ilə eyniməzmunlu izahat verib, bildirdi ki, 2000-ci ildə baş verən zəlzələ nəticəsində mübahisəli mənzil tamamilə uçmuş və qəzalı vəziyyətdə olmuşdur. Belə ki, mübahisəli mənzildə heç bir divar yox idi və mənzildə sonradan tərəfindən yenidən divar hörülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Maraqlı şəxs aldığı mübahisəli 13 saylı mənzili tamamilə, yəni həmin mənzilin döşəməsini, tavanını və yan divarlarını sökərək onun yerində fərqli ölçüdə mənzil tikmişdir. Bununla əlaqədar mütəxəssis rəyi də məhkəməyə tərəfindən təqdim olunmuşdur. Maraqlı şəxs isə bu faktın əksini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilən tikinti-texniki ekspertizasının həyata keçirilməsinə də Maraqlı şəxs tərəfindən maneə törədilmişdir. Belə ki, çıxarış əsasında mülkiyyət hüquqi ilə Maraqlı şəxs məxsus olan ev faktiki olaraq mövcud deyil. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs yazılı etirazının məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. - 07.07.2023-cü il tarixli Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən arayışdan görünür ki, S.Vurğun küçəsi, dalan 2, ev 5, mənzil 13 ünvanında mülk sahibi xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Maraqlı şəxsdır. Ona qədər müllkiyyətçi X2muşdur. Mənzil 1 otaq 17 kv.m olmaqla, ümumi sahəsi 35.4 kv.m-dir və ev 1890-cı ildə inşa edilmişdir. - MKİS tərəfindən verilən şəxsi hesab vərəqəsindən görünür ki, ki, ünvan 2 ünvanında X12, X8, Maraqlı şəxs, X9, X13 və X10 yaşayırlar. S.Vurğun küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən 13 saylı mənzilin sahəsi yşayış sahəsi 17 kv.m təşkil edir. - Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən X6 adına verilən 6419 nömrəli şəxsi hesabın surətindən görünür ki, S.Vurğun küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən 13 saylı mənzilin sahəsi 17 kv.m təşkil edir. - İN/L-659/2017 nömrəli xx.xx.2017-ci il tarixli lisenziyadan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “X3” MMC-yə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirməsinə icazə vermişdir. - Layihəçi təşkilat “X3” MMC tərəfindən sifarişçi İddiaçı ünvan 2 ünvanı üzrə veriilmiş eskiz layihədən görünür ki, mənzilin yaşayış otaqlarından birinin sahəsi 19.22 kv.m, digərinin sahəsi 9.05 kv.m, sanitar qovşaq sahəsi 2 kv.m, dəhliz və mətbəxin sahəsi 7.43 kv.m olmaqla, mənzilin ümumi sahəsi 37.7 kv.m təşkil edir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən 13 saylı mənzilin 2002-ci ildən sonra tamamilə sökülməsini və onun yerində yeni mənzilin tikilməsini nəzərə alınaraq mənzilə dair Maraqlı şəxs adına verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) ləğv edilməsini xahiş etmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 2 ünvanı üzrə X6 adına veriilmiş 1994-cü il iyul ayı tarixli texniki pasportun surətindən görünür ki, mənzilin yaşayış otaqlarından birinin sahəsi 17 kv.m, digərinin sahəsi 10.5 kv.m, sanitar qovşaq sahəsi 2.1 kv.m, mətbəxin sahəsi 8 kv.m olmaqla, mənzilin ümumi sahəsi 37. 6 kv.m təşkil edir. - 100112500000080 nömrəli xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, Əmirova (Əliyeva) Vüsalə Etibar qızı tərəfindən “Azəriqaz” İB-yə ünvan 2 ünvanı üzrə 2021-ci ildə 40.60 manat, 2022-ci ildə 14.30 manat, 2023-cü ildə isə 0 manat ödəniş edilmişdir. - “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli Əmirova (Əliyeva) Vüsalə Etibar qızı adına ünvanlanmış bildiriş xəbərdarlığından görünür ki, ünvan 2 ünvanı üzrə qaz sərfiyyatına dair son ödəniş xx.xx.2022-ci il tarixdə 3 manat olmaqla, ümumi borc 1.08 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsi üzrə ödnişlərin siyahısından görünür ki, Əmirova (Əliyeva) Vüsalə Etibar qızı tərəfindən ünvan 2 ünvanı üzrə 2021-ci ildə cəmi 188.60 manat ödəniş edilmişdir. - "xxxx" ASC tərəfindən Əmirova (Əliyeva) Vüsalə Etibar qızı adına verilmiş Abunə haqqında çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Əmirova (Əliyeva) Vüsalə Etibar qızının sərfiyyat məbləği qeyd olunmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-3012-39236/2023 nömrəli sorğuya cavab məktubuna əsasən, ünvan 3 ünvanı X1 adına qeydiyyata alınmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Maraqlı şəxs cavabdehlər X10, X11, İddiaçı və X4 qarşı "zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddiası qismən təmin edilərək, cavabdehlər X10, X11, İddiaçı və X7 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2- də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı Maraqlı şəxs Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülməsi, hazırki qətnamənin cavabdeh X5 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı "alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5892/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(006)-314/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-541/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5892/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin İ3 nömrəli mənzili hazırda Maraqlı şəxs mülkiyyətindədir. İddiaçı və onun ailə üzvləri 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda Maraqlı şəxs qardaşı ilə birlikdə yaşamışlar. Eyni tərəflər arasında, eyni mübahisə predmetinə dair digər mülki iş üzrə hazırda məhkəmə qərarlarına əsasən, iddiaçı və onun ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Maraqlı şəxs təhvil verilməsi, Maraqlı şəxs mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı Maraqlı şəxs arasında alğı-satqı müqaviləsinin bağlandığını, Ə.Vüsaləyə 1.200 ABŞ dolları məbləğində pul ödədiyini, lakin Ə.Vüsalə tərəfindən alğısatqı müqaviləsinin notarial qaydada təsdiqlənməsindən imtina etdiyini və 2002-ci ildə mübahisəli mənzili tamamilə sökərək onun yerinə yeni mənzil tikdiyini iddia edərək faktiki olaraq mövcud olmayan mübahisəli 13 saylı mənzilə dair Maraqlı şəxs adına verilmiş xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi və həmin mənzilin yerində inşa edilən özbaşına tikilmiş fərdi həyət evinə sahiblik və istifadə hüquqlarının tanınması xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs isə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu, 4 tərəfdən qonşu mənzillərin divarı ilə əhatə olunan mübahisəli mənzilin sökülərək yerində fərqli ölçülərlə başqa mənzil tikilməsinin mümkünsüzlüyünü, mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməklə, bunun müqabilində onun 1200 ABŞ dolları məbləğində vəsait əldə etməsinə dair məsələnin ümumiyyətlə tərəflər arasında müzakirə olunmadığı və buna dair hər hansı sübutun mövcud olmadığını bildirir. Məhkəmə tərəfindən mübahisəli tədqiqat obyektinə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin giriş qapısının sol tərəfində pəncərə, sağ tərəfində isə çən yerləşir, həmçinin qapının hər 2 tərəfindən boru xətləri keçir. Mübahisəli fərdi yaşayış evi təmirsiz vəziyyətdədir və kiçik ölçülü giriş (dəhliz), sanitar qovşağı, mətbəx və iki yaşayış otağından ibarətdir. Kiçik ölçülü girişdən (dəhliz) mətbəxə, o cümlədən mətbəxdən hər iki yaşayış otağına birbaşa keçid mövcuddur. İddiaçı bildirir ki, kiçik ölçülü girişin (dəhlizin) sol tərəfində yerləşən sanuzel otağına bitişik divar onun tərəfindən tikilmişdir. Baxış zamanı mənzilin sahəsi daha kiçik olan yaşayış otağında və mətbəxdə eninə formada pəncərələrin olduğu müəyyən edildi. Həmçinin, baxış zamanı aşkar olunmuşdur ki, kiçik girişin (dəhlizin) tavanında sütun və boru mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddianın dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə hər bir halda iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Buna görə, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki mübahisə üzrə məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsusdur, İddiaçı isə 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışdır. İddiaçı isə iddia ərizəsində mübahisəli mənzili 1200 ABŞ dolları qarşılığında Maraqlı şəxs əldə etdiyini iddia etsə də, tərəflər arasında həmin razılaşmaya, eləcə də onun rəsmiləşdirilməsinə, mübahisəli mənzilin onun tərəfindən satın alınmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli mənzilə müvafiq hüquqlarının olmasını təsdiq edən sübutların təqdim edilməməsi onun həmin sahəyə subyektiv hüququnun (başqa (borclu) şəxslərdən tələb etmək hüququnun) mövcudluğunu istisna edir. Belə olan halda, mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan mübahisəli mənzil barəsində iddiaçının qeydiyyat vəsiqəsinin qüvvədən düşmüş hesab edilməklə qeydiyyatın ləğv edilməsi barədə tələbi subyekiv hüququn pozulması ilə nəticələnməklə yanaşı, hazırda həmin iddia tələbinin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə, məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Həmçinin, iddiaçının əmlakdan hansısa müddət ərzində istifadə etməsi və ya mübahisəli mənzilin təmirinə dair xərclər çəkməsi, hətta bu xərclərin çəkilməsinin ekspertiza nəticəsində müəyyən olunması halında belə, hələ iddiaçının subyektiv hüququnun olması anlamına gəlməməlidir və ona mübahisəli mənzilə dair Maraqlı şəxs qeydiyyat vəsiqəsini mübahisələndirmək hüququ vermir. Məhz bu kontekstdən yanaşdıqda, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı deyildir. Bundan əlavə, iddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 150.1-ci maddəsinə istinad etsə də, həmin normanın hazırki mübahisəyə tətbiq olunması yolverilməzdir. Belə ki, AR Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, yalnız maraqlı şəxs daşınmaz əmlak tam məhv olduğu və bunun nəticəsində onun qeydiyyatının hər cür hüquqi mənasını itirdiyi halda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırki mübahisə üzrə iddiaçının sözügedən mənzilə münasibətdə hər hansı əmlak hüquqlarının qeydə alınmaması nəzərə alındıqda, onun bu əsasla onun maraqlı şəxs qismində çıxış etməsi yolverilməzdir. Bundan başqa, qeyd edildiyi kimi, məhkəmə tərəfindən mübahisə üzrə araşdırılmalı olan hallardan biri də cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığının müəyyənləşdirilməsidir. Bu baxımdan hazırki mübahisə üzrə məhkəmə iddiaçıya münasibətdə cavabdeh tərəfindən hər hansı hüquq pozuntusunun mövcudluğunu aşkar etməmişdir. Belə olan halda cavabdeh iddiaçının müvafiq tələbinə cavab verməli olan şəxs deyildir; prosessual qanunvericiliyin mənasına görə isə, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hər bir halda məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, cavabdehin əsl cavvabdehlə əvəz olunmasına dair məhkəmənin təklifinə iddiaçının nümayəndəsi (vəkili) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cavabdeh kimi mülki iş üzrə icraata cəlb olunmasına zərurət olmadığını bildirməsini razılığının olmaması kimi qiymətləndirərək, işə irəli sürülmüş tələblər üzrə baxmış və bu əsasla da iddianın təmin olunmaması barədə gəldiyi qənaəti bir daha əsaslı hesab etmişdir. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə əlavə qiymət verilməsinə zərurət görməyərək, özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddiaçı Maraqlı şəxs mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını, mübahisəli mənzillin yerində başqa mənzil inşa etməsini, habelə həmin inşa edilmiş mənzilin özbaşına tikili olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Halbuki, AR Mülki Məcəlləsinin 146-cı maddəsinin məzmunundan göründüyü kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, iddiaçı və onun ailə üzvlərinin mübahisəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq hazırki iş üzrə üçüncü şəxs olan Maraqlı şəxs təhvil verilməsi, Maraqlı şəxs isə sözügedən mənzilə köçürülməsi qət edilmişdir. Bu baxımdan, Maraqlı şəxs mənzilə köçürülmə və İddiaçı və onun ailə üzvlərinin mənzildən çıxarılması barədə tələbinin əsaslılığı, iddiaçının həmin daşınmaz əmlaka hər hansı əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olmadığını bir daha təsdiq edir. Beləliklə bir daha qeyd olunur ki, mübahisəli mənzilə dair iş materiallarında olan hüquqmüəyyənedici sənədlərdən, həmçinin mübahisəli mənzilə dair digər mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilən hallardan göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5 ünvanında yerləşən mənzil Maraqlı şəxs xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İddiaçının mübahisələndirilən mənzilin vaxtı ilə onun tərəfindən sökülərək yerində yeni evin tikilməsi, çıxarış əsasında Maraqlı şəxs adına olan söügedən 13 nömrəli mənzilin fakitki olaraq mövcud olmaması, habelə həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlilləri isə hazırda öz təsdiqini tapmamaqla yanaşı, iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə olan halda, iddiaçının mübahisəli mənzilə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün, iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “çıxarışın qüvvədən düşmüş hesab edilməsi və qeydiyyat yazısının ləğv edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar