Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-363/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması, torpaq sahəsində quraşdırılan qurğuların və digər ləvazimatların cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin tam boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması, torpaq sahəsində quraşdırılan qurğuların və digər ləvazimatların cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin tam boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz zəbt etdikləri Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 2,1161 ha ölçüdə torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində quraşdırılan qurğuların və digər ləvazimatların cavabdehlərin öz hesabına sökülməsi və torpaq sahəsinin tam boşaldılması, həmin torpaq sahəsindən istifadəyə dair hər cür maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 4.052,2 kv.metr ölçüdə daşınmaz əmlak kompleksi və 2,1161 ha ölçüdə torpaq sahəsi (təyinatı: sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) AR Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin verdiyi **********09-12301 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı MMCnin xüsusi mülkiyyətindədir. Məlumat üçün bildirilir ki, həmin torpaq sahəsinin qonşuluğunda yaşayan Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının torpaq sahəsi üzərində qanunla tanınmış və dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları pozularaq torpaq sahəsi müəyyən hissədə qanunsuz olaraq zəbt edilmiş, iddiaçıya məxsus daş hasar dağıdılaraq və hasara qapı yerləşdirilməklə giriş-çıxış yeri yaradılmış, təxminən 3-4 sot hissədə torpaq sahəsi cavabdehlər tərəfindən hasarlanmış və torpaq sahəsində tərəvəz əkini ilə məşğul olmaqdadırlar. İş materiallarından aydındır ki, AZ 1029, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 2,1161 ha ölçüdə torpaq sahəsinin bir hissəsinə müəyyən şəxs və ya şəxslər tərəfindən qanunsuz qəsd edilərək zəbt edilmiş və torpaq sahəsi hasarlanaraq faktiki sahibliyə götürülmüşdür. Torpaq sahəsi həmin əraziyə qonşu evdə yaşayan Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Sənaye təyinatlı torpaq sahəsində edilən quraşdırmaların mahiyyətinə baxdıqda aydın olur ki, bu quraşdırmalar qonşu şəxs və ya şəxslər tərəfindən icra edilmişdir. Məsələn, hasarın dağıdılaraq qonşudakı evə açılan qapı qoyulması ağlabatan qaydada təsdiq edir ki, bu qapı qonşuluqdakı evin sahibi tərəfindən edilmişdir, çünki o qapıdan yalnız o qonşu evin sahibi istifadə edə bilir. Həmin qonşuda da Cavabdeh2 və Cavabdeh1 faktiki olaraq yaşamaqdadırlar. Bu cür qəsd və zəbt nəticəsində mülkiyyətçi kimi iddiaçı mülkiyyətindən - torpaq sahəsindən istifadə edə bilmir, bu da onun mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. İddiaçı əvvəlcə nümayəndələri vasitəsilə Cavabdeh2 və Cavabdeh1 ilə mübahisəni həll etmək üçün danışıqlar aparmağa cəhd etsə də, cavabdehlər torpağın sənədinin olmadığını və sahibsiz torpaq sahəsi olduğunu qeyd edərək iddiaçının tələblərini qəbul etməmişdirlər. Bundan sonra iddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müvafiq şikayət ərizəsi ilə müraciət etsə də, mülkiyyətin qorunması üçün hər hansı effektiv və səmərəli addım atılmamış, iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Buna görə də iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Cavabdeh yanlış məlumatlar səsləndirməklə torpaq sahəsinin ona aid olduğunu bildirsə də, ekspert rəyi ilə də bu təkzib edilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu qeyd edərək, ağacları qonşuları ilə birlikdə əkdiyini, 5 qonşudan sadəcə onun məhkəməyə verildiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi küçəsi, 2038-ci məhəllə, yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 daşınmaz əmlaka dair tam mülkiyyət hüququ İddiaçı MMC-yə məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 10/8316 saylı ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin 190 kv.metr təşkil etdiyi və həmin sahənin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09-12301 reyestr nömrəli çıxarışa və xx.xx.2024-cü il tarixli Texniki Pasporta əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi küçəsi, 2038-ci məhəllə ünvanında X3 Company MMC-nin xüsusi mülkiyyətində olan 2,1161 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı MMC özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 2,1161 ha ölçüdə torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilməsi əsası ilə məhkəməyə müraciət edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalarını və həmn torpaq sahəsində quraşdırılan qurğuların və digər ləvazimatların cavabdehlərin öz hesabına sökülərək torpaq sahəsinin boşaldılmasını və torpaq sahəsindən istifadəyə dair hər cür maneələrin aradan qaldırılmasını xahiş edir. İlk olaraq məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Belə ki, hazırkı iddia tələbindən müəyyən edilir ki, bu tələb vindikasiya iddiasıdır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Bu üsulla mülkiyyətçi öz əmlakını, ona qanunsuz yiyələnmiş özgə şəxsin sahibliyindən tələb edə bilər. İddianın bu forması hələ Qədim Roma hüququnda formalaşmışdı. Vindikasiya iddiası tələb edilən əmlakın mülkiyyət hüququnun hansı növünə aid olması, şəxsin həmin əmlaka vicdanlı, yaxud vicdansız yiyələnməsi, onu əvəzli və ya əvəzsiz əldə etməsi halları nəzərə alınmaqla həll edilir. Vindikasiya iddiasının təyinatı və məqsədi mülkiyyətçinin əşya üzərində itirilmiş sahibliyini bərpa etməkdən ibarətdir; o, əşyanın mülkiyyətçiyə qaytarılmasına nail olmaq məqsədinə xidmət edir. Sahiblik çox vaxt əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətləri ilə bağlı olduğuna görə vindikasiya iddiası eyni zamanda həmin səlahiyyətləri də müdafiə edir. Deməli, vindikasiya iddiası ilə mülkiyyətçinin üçlük (sərəncam, sahiblik, istifadə) səlahiyyətinin hamısı, başqa sözlə desək, onun əşya üzərində mülkiyyət hüququ bütovlükdə müdafiə olunur. Məhkəmə hazırkı iddianın əsaslılığı ilə bağlı müəyyən etməli olduğu hallar ondan ibarətdir ki, birincisi mübahisəli torpaq sahəsi həqiqətən iddiaçıya məxsusdurmu? İkincisi həmin torpaq sahəsi həqiqətən cavabdehər tərəfindən qanunsuz zəbt edilmişdirmi? Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki işin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən, dövlət reyestrindən verilən xx.xx.2024-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 4.052,2 kv.metr ölçüdə daşınmaz əmlak kompleksi və 2,1161 ha ölçüdə torpaq sahəsi İddiaçı MMC-nin tam payda xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən cavabdehlərin istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsi kimi iddia edilən torpaq sahəsinin 190 kv.metr təşkil etdiyi və həmin sahənin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********09-12301 reyestr nömrəli çıxarışa və xx.xx.2024-cü il tarixli Texniki Pasporta əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi küçəsi, 2038-ci məhəllə ünvanında X3 Company MMC-nin xüsusi mülkiyyətində olan 2,1161 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehlərin istifadəsində olması öz təsdiqini tapmışdır. Cavabdeh2 məhkəmə iclaslarında bildirmişdir ki, o, həmin torpaq sahəsində yalnız ağac əkmişdir. Tikintilər isə onun tərəfindən deyil, qonşuları tərəfindən tikilmişdir. Məhkəmə cavabdehin arqumentlərinə qiymət verərək, hesab edir ki, cavabdehin məhkəmədə verdiyi izahatlar heç bir mötəbər dəlillə öz təsdiqini tapmır, onun dedikləri sadəcə formal mülahizələrdən ibarətdir. Belə ki, keçirilmiş məhkəmə iclaslarının heç birində iddia tələbinə münasibət bildirməmiş, öz prosessual hüquqlarından istifadə etməmiş, yalnız sonuncu məhkəmə iclasında məsuliyyətdən yayınmaq üçün mübahisəli ərazidə ona aid heç bir ləvazimat yaxud qurğuların olmadığını bildirmişdir. Məhkəmə, cavabdehin etirazına tənqidi yanaşır, etirazının dəlillərini təsdiq edəcək hər hansı fakta istinad etməməsi səbəbindən əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Məhkəmə araşdırılması zamanı həmçinin cavabdehlər tərəfindən belə zəbtin qanuni olması müəyyən edilməmişdir. Sadalanan xüsusatlara, işin müəyyən edilmiş hallarına və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbləri əsaslıdır və təmin edilərək, cavabdehlər Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Göl kənarı küçəsi, giriş 101 (köhnə qaydalarla: ünvan 1 ünvanında yerləşən 2,1161 ha ölçüdə torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində tikilmiş qurğular və digər ləvazimatlar cavabdehlər tərəfindən sökülərək, torpaq sahəsi boşaldılmalı və torpaq sahəsindən iddiaçının istifadəsinə yaradılan hər cür maneələr cavabdehlərə qadağan edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri olan 100 manat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "X2 Company MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2.1161 ha ölçüdə torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahəsində quraşdırılan qurğular və digər ləvazimatlar cavabdehlərin öz hesabına sökülsün və torpaq sahəsi tam boşaldılaraq həmin torpaq sahəsindən istifadəyə dair iddiaçıya yaradılan hər cür maneələr aradan qaldırılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı "X2 Company MMC-nin özünə aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-363/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-363/2025
09.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver