Məhkəmə qərarları › İş №e-2(005)-389/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-389/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-389/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində əmlakına vurulmuş mddi zərərin əvəzi kimi 1554 manat, avtomobilə vurulmuş zərərin qiymətləndirilməsi üçün ödənilmiş 50 manat xidmət haqqı məbləğinin, mənəvi zərərin əvəzi kimi 300 manat və iddianın qaldırılması üçün ödənilmiş 40 manat dövlət rüsumu məbləğinin, cəmi 1944 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində, saat 15:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərdəkan istiqamətində hərəkət edən zaman yol hərəkəti qaydalarını pozaraq, eyni istiqamətdə hərəkət edən, mülkiyyətində olan “Haval H9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan vuraraq əzmişdir. Törətdiyi zaman qanun pozuntusuna görə Cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus olan avtomobilə 1554 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilin təmir-bərpa işlərinin görülməsinə sərf olunmalı pul vəsaitinin məbləği “Haval Azerbaijan” texnki xidmət mərkəzinin ("xxxx" QSC) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktı ilə təsdiq olunmuşdur. Bundan əlavə olaraq, avtomobilə vurulmuş zərərin qiymətləndiirlməsi üçün 50 manat xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, hazırki iş üzrə cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsini təmin etməmişdir. İddiaçı tərəfindən vurulmuş zərərin ödənilməsi ilə bağlı cavabdehə edilmiş çoxsaylı müraciətlər nəticə verməmiş, hər dəfə cavabdeh müxtəlif bəhanələr gətirərək, vurduğu ziyanın ödənilməsindən boyun qaçırmışdır. Bunların nəticəsindən iddiaçı özünün alçaldılmış hiss edərək, mənəvi sarsıntılar, mənəvi əzab çəkmiş, əsəb gərginliyi və məyusluq hissi keçirmişdir. O hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi də cavabdehdən tutulmalıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında, iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən zərərin dəyərinin yüksək qiymətləndirildiyini, baş vermiş hadisənin ciddi olmadığını, ekspert rəyi ilə də məbləğin yüksək müəyyən edildiyini qeyd etmişdir. Eyni zamanda avtomobilə cüzi miqdarda zərər dəydiyini və onun tərəfindən ehtiyyat hissələrinin sifariş verildiyini, lakin gəlmədiyi üçün avtomobili təmir etdirə bilmədiyini də bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Mülki işin materiallarında olan çıxarışdan görünür ki,”Hyundai Sonata” markalı, **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 mülkiyyətindədir, Cavabdeh etibarnamə edilmişdir. - xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 469.1 ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh hadisə ilə bağlı izahatı alınmışdır. - xx.xx.2022-ci il tarixli "xxxx" QSC-nin qüsur aktından görünür ki, “Haval 9” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1554 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli mədail orderi qəbzindən görünür ki, İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi üçün 50 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il tarixli, 9/9123 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Haval 9” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1480,0 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/4381 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Haval 9” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1480,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında müəyyənləşdirilən hüquqi mövqeyə əsasən, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə ilk növbədə iddia tələbinin “əmlaka dəymiş ziyanı ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh **-BB-*** dövlət nömrə nişanlı ”Hyundai Sonata” markalı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı məxsus avtomobilə ziyan vurmuşdur. İddiaçı ona avtomobilə dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il tarixli, 9/9123 nömrəli ekspert rəyində zərərin həcmi 1480,0 manat müəyyən edildiyi qeyd edilmişdir. Cavabdehin təkrar ekspertiza keçirilməsi barədə yazılı vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/4381 nömrəli ekspert rəyində də zərərin həcmi 1480,0 manat müəyyən edildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus “Haval 9” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 1480 manat pul Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini “avtomobilə vurulmuş zərərin qiymətləndirilməsi üçün ödənilmiş 50 manat xidmət haqqı məbləğinin tutulması” hissəsində də əsaslı hesab edir. Belə ki həmin məbləğin ödənilməsi mülki işin materiallarında olan qəbzlə öz təsdiqini tapır. Ona görə də bu hissədə də iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi kimi 300 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. Zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 200 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus “Haval H9” markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 1480 manat pul, 50 manat məbləğində avtomobilin qiymətləndirilməsi üçün çəkilmiş xərc və dövlət rüsumunun əvəzi olaraq 35.3 manat məbləğində pul ümumilikdə 1565,3 (min beş yüz altmış beş manat otuz qəpik) manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh 200 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelylasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar