Məhkəmə qərarları › İş №e-2(005)-4055/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4055/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4055/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən 114 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 avqust 2015-ci ildə 1 saylı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində 2008 saylı qeyd ilə rəsmiləşən nikahla cavabdeh Vəliyeva (Babazərova) Nərmin Zəfər qızı ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2016cı il təvəllüdlü X3 adlı bir övladları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında mehriban yaşasalar da, bir müddət sonra ailə münasibətləri kəskinləşmiş, nəticədə isə aralarında olan nikahın ləğv edilməsi, azyaşlı övladlarının anasının yanında qalması və hər ay uşağın saxlanılması üçün aliment verilməsi barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(005)-8301/2017 saylı qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh 2016-cı ilin sentyabr ayında onun xüsusi mülkiyyətində olan mənzildən çıxmış, həmin vaxt ailə üzvləri ilə birlikdə bütün əmlaklarını da götürərək, valideynlərinin yaşadığı Şirvan şəhərinə köçmüşdür (Şirvan şəhəri, M.Hüseynzadə küçəsi, ev 39). Mübahisə predmeti olan mənzil isə xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlə aralarındakı nikah münasibətləri pozulandan sonrakı müddətdə, cavabdeh ona qarşı nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, qızıl tələbi və aliment tələbinə dair iddialar qaldırmış, bütün məhkəmə çəkişmələri üzrə aktlar qanuni qüvvəsini almışdır. Hazırda cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırır. Belə ki, şəxs mənzildə qeydiyyatda olduğuna görə notarial hərəkətlər aparılması zamanı cavabdehin razılıq ərizəsi tələb olunur ki, ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh hər cür formada ona maneçilik yaratmaqdan həzz alır. Artıq 8 ildir ki, cavabdeh bütün əmlakını da götürməklə mülkiyyətində olan mənzildən çıxıb atası evinə getsə də, formal olaraq qeydiyyatda qalmaqda davam edir. O, onu normal insan bilib, mülkiyyətində olan mənzilə pasport qeydiyyatına aldırmışdı. Əslində cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onunla heç bir qohumluq əlaqəsi yoxdur ki, onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə keçmiş həyat yoldaşının onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehin razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə cavabdehin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması barədə onunla əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2016-cı ilin 28 sentyabrından mənzildən ailə üzvlərinin iştirakı ilə çıxıb getmiş, daha sonra bütün əmlakını götürərək geri qayıtmamışdır. Bundan əlavə, birgə nikahdan doğulmuş azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X3, Şirvan şəhəri 10 saylı tam orta məktəbin 3-cü sinfində təhsil alır və anası ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(005)-8301/2017 saylı qətnaməsi ilə azyaşlı övladının yetkinlik yaşına çatanadək ana himayəsində qalması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, mənzili 2014-cü ildə alğı-satqı yolu ilə almışdır. 2015-ci ildə nikaha daxil olmuş və ailəsi ilə həmin evdə yaşamağa başlamışdır. 2016-cı ilin sentyabr ayndan cavabdeh həmin evdən çıxıb getmişdir. Cavabdeh getdikdən sonra Şirvan şəhərində yaşayır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanından xx.xx.1988-cı il təvəllüdlü Cavabdeh və xx.xx.2016cı ıl təvəllüdlü X1 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibatı Məhkəməsinin 2-1(112)- 11051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibatı Məhkəməsinin 2-1(112)- 11051/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8301/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı ilə Vəliyeva (Babazərova) Nərmin Zəfər qızı arasında bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2016-cı təvəllüdlü X6 oglunun anası Vəliyeva (Babazərova) Nərmin Zəfər qızının yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulması tələbinə dair məhkəməyə müraciət edildiyi vaxtdan, yanı xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı X2 xeyrinə har ay 136.60 manat altmış qəpik manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 114, mənzil 34 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 114, mənzil 40 ünvanında qeydiyyatda olan X7 və Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 114, mənzil 30 ünvanında qeydiyyatda olan X4 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 114, mənzil 34 ünvanında qeydiyyatda olan X5 və X3 göstərilən ünvanda hazırda yaşamırlar. Adları qeyd olunan şəxslər 2016-cı ilin sentyabr ayından etibarən həmin ünvanda yaşamırlar; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, ev 114, mənzil 34 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixindən İddiaçı mülkiyyətindədir. Tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı cavabdehin və birgə nikahlarından olan övladının (Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(005)-8301/2017 saylı qətnaməsi ilə anasının yanında qalması qət edilmişdir) həmin mənzildə uzun müddətdir ki yaşamamalarına və qeydiyyatının formal xarakter daşımasına istinad edərək, onların mübahisələndirilən mənzildən istifadə hüquqlarının itirilmiş hesb edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh mübahisəli mənzilə 2015-ci il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş materiallarından görünür ki, mübahisələndirilən mənzil nikahdan əvvəl İddiaçı tərəfindən əldə edilmişdir. Eyni zamanda iddiaçının izahatından və nikahın 2017-ci ildən pozulmasından aydın olur ki, cavabdeh uzun müddətdir ki mübahisələndirilən mənzildə yaşamır. Həmçinin cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da, həmin mənzildə hazırki dövrədək yaşaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin mülkiyyətçinin keçmiş ailə üzvü kimi mənzildən istifadə hüquqları mövcud deyildir. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh və tərəflərin birgə nikahından doğulmuş olan xx.xx.2016-cı il təvəllüdlü X3 iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və mövcud vəziyyətdə mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət (o cümlədən sahiblik və istifadə) hüququnun pozulması kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə iddiaçının oğlu olan X3 Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ailə üzvü hesab edilsə də, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8307/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə anasının yanında qalması müəyyən edilmişdir, bu baxımdan onun yaşayış yeri anasının yaşayış yeri hesab olunur. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə və 9-cu maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh övladı yetkinlik yaşına çatmayan X3 ilə birlikdə ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh övladı yetkinlik yaşına çatmayan X3 ilə birlikdə ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar