Məhkəmə qərarları › İş №e-2(005)-4278/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4278/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4278/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Pirməmməd oğlundan müştərək qaydada 270 manat məbləğində sığorta ödənişinin, 30,40 məbləğində dövlət rüsumunun, cəmi 300,40 məbləğində pulun tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən “əmlak sığortası” növü ilə sığortalanmış "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" MMC-yə məxsus olan, xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmiş və Cavabdeh1 Pirməmməd oğlunun idarə etdiyi “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə sığorta hadisəsi baş vermiş, hadisə nəticəsində "xxxx" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə 270 manat məbləğində maddi zərər dəymişdir. Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərarına əsasən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.6 və 327.1-ci maddələri ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün ASC tərəfindən 270 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə ********** saylı sığorta şəhadətnaməsindən müəyyən olunur ki, "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən 27600 manat məbləğində “əmlak sığortası” qaydası ilə sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədəkdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 2947 saylı arayışının və xx.xx.2021-ci il tarixli, MAS 3480 saylı daxili lizinq müqaviləsinin surətlərindən müəyyən olunur ki, “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmişdir. www.isb.az saytından çıxarışdan göründüyü kimi, "xxxx" MMC-yə məxsus, Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmiş və Cavabdeh1 Pirməmməd oğlunun idarə etdiyi “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda mövcud deyil. xx.xx.2022-ci il tarixli, 746/22 saylı sığorta aktına və qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 270 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən qeyd olunan zərərin aradan qaldırılması üçün ASC tərəfindən 270 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, BS-S-22/4175 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 270 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığıı məktubun surətindən görünür ki, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh2 müvəqqəti sahibliyi və istifadəsinə verilmişdir. Həmçinin lizinq alan Cavabdeh2 xahişi əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 lizinq obyekti olan avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir; "xxxx" MMC tərəfindən işçisi Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 şirkətə məxsus “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixinədək idarə etmək səlahiyyətinə malikdir; “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə AR İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir; Nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 27600 manat məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sığortalı X1 xeyrinə sığortalanmışdır; "xxxx" Şirkəti ASC-nin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə” sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobil 27600 manat məbləğində sığortalanmış (xx.xx.2021xx.xx.2022), sığorta haqqı isə 276 manat təşkil edir; “AutoColors” Avto Servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Avtomobilin təmiri üçün tələb olunan” xərclər siyahısının surətindən görünür ki, "xxxx" markalı, **-NY- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 270 manat təşkil etmişdir; xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X2 270 manat sığorta ödənişi verilmişdir; İcbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılmasına dair arayışdan görünür ki, “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verən anda icbari sığortası mövcud olmamışdır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 746/22 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyət vasitələrinin tam sığortası ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2021-xx.xx.2022-ci il, sığorta məbləği 27600 manat təşkil edir. xx.xx.2022-ci il tarixdə Xətai rayonunda sığorta hadisəsi baş vermişdir. Təqdim edilən qüsur aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 270 manat məbləğində olduğu, sığorta ödənişinin 270 manata bərabər olduğu müəyyən edilmişdir; Azərbaycan Respublikası DİN Xətai YPŞ-nin xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi, toqquşma baş vermiş, təqsirli "xxxx" MMC-yə məxsus olan “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2, zərərçəkən "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 qeyd edilmişdir; xx.xx.2022-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 sığorta ödənişini 5 gün ərzində "xxxx" ASC-yə ödəmələri barədə xəbərdar olunmuşdur; Ödəniş qəbzinə əsasən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinq alan Cavabdeh2 müvəqqəti sahibliyi və istifadəsinə verilmiş, həmçinin sonuncunun xahişi əsasında Cavabdeh1 avtomobilin idarə olunmasına dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixinədək etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai rayonunda sığorta hadisəsi baş vermiş, bu zaman avtomobil Cavabdeh1 istifadəsində olmuş, onun barəsində İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Sonuncunun idarə etdiyi avtomobilin sığorta hadisəsi baş verən anda icbari sığortası mövcud olmamışdır. Sığorta hadisəsi nəticəsində avtonəqliyyət vasitələrinin tam sığortası ilə sığortalanmış "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 270 manat müəyyən edilmiş və "xxxx" Şirkəti ASC tərəfindən sığortalı X2 270 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı sığorta aktına əsasən ödədiyi 270 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. İddianın subroqasiya qaydasında hər iki cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Bununla da sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. “AutoColorS” Avto Servis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Avtomobilin təmiri üçün tələb olunan” xərclər siyahısına əsasən "xxxx" markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 270 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobil etibarnaməyə əsasən, yəni qanuni əsaslarla, Cavabdeh1 tərəfindən idarə edildiyindən və o, hadisənin baş verməsində təqsirli olduğundan, nəqliyyat vasitəsini icbari sığorta etdirmək vəzifəsini isə avtonəqliyyat vasitəsinin sahibi, yəni yolnəqliyyat hadisəsi zamanı qanuni əsaslarla avtomobilə sahiblik edən şəxs daşıdığından, həyata keçirilmiş sığorta ödənişi Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia digər Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş, sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə məsuliyyət daşıyan və etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış avtomaşının sahibinin bank hesabına "xxxx" ASC tərəfindən 270 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, Cavabdeh1 270 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 300,40 (üç yüz manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia digər Cavabdeh2 münasibətdə təmin edilməməllidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə təmin edilsin. Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 270 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 300,40 (üç yüz manat, qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar