Məhkəmə qərarları › İş №e-2(005)-435/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-435/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-435/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı5, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23, X24, X14 və X69, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X49, X11 və X9, Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı (X50, X51, X101, X38, X39, X31, X40, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair, müstəqil tələb irəli sürən X82, X25 və X9 Cavabdehnə qarşı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsi tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X32, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X83, X59 və X71 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai prospekti 787-ci məhəllə, bina 38-də yerləşən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, Cavabdeh MMMC-nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai prospekti 787-ci məhəllə, bina 38-də yerləşən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın və Cavabdeh MMMC-nin yarandığı andan etibarsız hesab edilərək ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. Daha sonra həmin Cəmiyyətin adı Cavabdehnə dəyişdirilmişdir. Həmin cəmiyyətin idarə heyətinə 7 nəfər mülkiyyətçi (X26, X52, X72, X33, İddiaçı5, X27, X94, X22, X53, X41, X28, X73 və X74) ümumi yığıncaq keçirmədən özlərini seçmiş, X15 isə idarə heyətinin sədri təyin etmişlər. Onlar sakinlər olaraq, idarə heyətinin sədri, üzvləri və komissiya üzvlərinin seçilməsində iştirak etməmişlər və ümumi yığıncağa çağırılmamışlar. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. Məsələn İddiaçı5 idarə heyətinin üzvü olması haqqında məlumatı olmamışdır. Eyni zamanda, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan xəbərləri olmamış, bildirişlər onlara göndərilməmiş və iştirak etməmişlər. Həmin idarə heyətinin fəaliyyətsizliyi nəticəsində 300-dən çox ailəni su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su verilir, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə bağlanmış, ümumiyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir, habelə digər texniki-təsərrüfat işləri görülmədiyi üçün başqa problemlər də yaranmışdır. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaun qoyulmaqla kommunal xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyətini göstərir. Eyni zamanda qeyd edilməlidir ki, sədr Gülnarə Cəbrayılova ümumiyyətlə həmin binada yaşamır. Buna baxmayaraq, dəfələrlə idarə heyətinin sədrinə müxtəlif problemlərlə bağlı müraciət etsək də, o, heç bir iş görməmiş, əksinə sakinlərin əsaslı narahatçılığına səbəb olmuşdur. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir. Gülnarə Cəbrayılova öz vəzifəsindən sui-istifadə edir, öhdəliklərinin icrasından isə yayınır. İdarə heyətinin sədri olaraq, MMMC-nin mənafeyindən deyil, öz şəxsi ambisiyalarından və kommersiya maraqlarından çıxış edərək, sakinləri kütləvi şəkildə təhqir və təhdid etməkdən, təhqiredici məktub yazmaqla sakinlərə aid məhkəmə aktlarını həmin məktuba qoşub digər bütün sakinlərə göndərməkdən, hətta sakinləri milli ayrı-seçkiliyə təhrik etməkdən belə çəkinmir. Haqlarını tələb edən sakinlər isə Cəmiyyətin rəhbərliyi tərəfindən şər-böhtan atılmaqla polisə verilirlər. Bununla yanaşı kommunal ödənişlər mühasibatlıq tərəfindən deyil, santexnik, fəhlə tərəfindən yığılır. Bütün bunlar nəzərə alınaraq, qanunvericiliyə uyğun qaydada xx.xx.2023-cü il tarixdə 171 mənzil mülkiyyətçilərindən (ümumi sahə mülkiyyətçilərinin 51 faizindən artıq sayda) ibarət ümumi yığıncaq keçirilmiş və yeni idarə heyətinin seçilməsi qərarı qəbul edilmişdir. X7 İdarə Heyətinin sədri, X8 müavini, X54, X38, X12, X42, Əlİddiaçı5, X75 və X4 Heyətinin üzvləri, X5 Komissiyasının sədri, X43 və X18 Komissiyasının üzvləri, X2 Komissiyasının sədri, X85 və X1 Komissiyasının üzvləri seçilmişlər. Ümumi Yığıncaqda hər bir mənzil mülkiyyətçisi şəxsən canlı səsvermədə iştirak etmiş və yekdilliklə göstərilən qərarı vermişlər. Bununla bağlı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuş və uzun çəkən prosesdən sonra sənədlər geri qaytarılmaqla izah edilmişdir ki, müraciət ərizəsinə möhür vurulmalıdır. Lakin, Gülnarə Cəbrayılova MMMC-nin ali orqanı olan Ümumi Yığıncağın, İdarə Heyətinin dəyişdirilməsi haqqında qanuni qərarını özbaşına rədd edərək, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi zəruri olan sənədləri imzalamaqdan və möhürlə təsdiq etməkdən qəti imtina etmişdir. Bir sözlə Gülnarə Cəbrayılovanın qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində sənədlər möhürlə təsdiq olunmadığı üçün mülkiyyətçilərin səs çoxluğu ilə yeni seçilmiş idarə heyəti Ədliyyə Nazirliyi tərəfindən qeydə alına bilmir. Eyni zamanda, məhkəməyə təqdim olunması üçün zəruri olan sənədlərin notarial və ya adi surətininin (şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə) verilməsindən də imtina edir. Yalnız Ədliyyə Nazirliyindən imtina aldıqdan sonra 2023-cü ilin dekabr ayında onlara məlum olub ki, "xxxx" MMMC onların adlarından istifadə edərək saxta yol ilə adlarını səsvermədə qeyd etmişlər. Faktiki olaraq heç biriləri xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlarda nə şifahi, nə də qiyabi iştirak etməmişlər. Onların iştirakları saxtalaşdırılmışdır. Bundan başqa, səsvermədə özlərini guya qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri kimi qeyd etmişlər, halbuki qeyd etdikləri qeyri-yaşayış sahəsi əslində sakinlərə məxsus birgə mülkiyyət hesab edilən texniki sahələrdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-435/2025 saylı qərardadı ilə, iddiaçılar İddiaçı1, X16, X56, X35, X45, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdehnə qarşı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yarandığı andan etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçılar X61, X46 və X57 aid olan hissədə xitam verilməsi (iddiaçılar iddialarından imtina etdiklərindən) qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X82, X25 və X21 Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai prospekti 787-ci məhəllə, bina 38-də yerləşən çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın və Cavabdeh MMMC-nin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları ilkin iddia ilə eyni qaydada əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı5, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişlər ki, MMMC yaradılarkən qanunun tələbləri pozulmuşdur. Bir çox mülkiyyətçilərin imzaları saxtalaşdırılmışdır. Səsvermə qiyabi keçirilmişdir, yetərsay olmamışdır. Qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri də səsvermədə iştirak etmişlər. Həmçinin binada idarəçilik keyfiyyətsiz aparılır, sakinlər narazıdır. İddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxslər X82, X25 və X21 ümumi yığıncağın keçirilməsindən məlumatsız olduqlarını, imzaların saxtalaşdırıldığını, idarəçiliyin düzgün həyata keçirilmədiyini bildirərək iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X51, X50, X31 və X101 MMMC-nin fəaliyyətindən narazı olduqlarını, binada heç bir iş görülmədiyini, onların səsvermədə iştirak etmədiklərini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, binada 330 nəfər mənzil mülkiyyətçisi, 100 nəfərdən artıq şəxs isə qeyri-yaşayış sahələrinin mülkiyyətçilərdir və onların heç birinə məhdudiyyət qoyulmamış, bildirişlər göndərilmişdir. Əyani səsvermənin keçirilməsi çətin olduğundan, obyektiv şəkildə qiyabi səsvermə keçirilmişdir. İştirak edənlərin çoxu lehinə səs vermiş, bitərəf olanlar, əleyhinə səs verənlər və səsvermədə iştirak etməyən şəxslər hesablama zamanı nəzərə alınmışdır. MMMC-nin yaradılması üçün 230.5 səs lazım olmuş, 239 nəfər lehinə səs vermişdir. Bildirişlər mənzillərə göndərilmiş və mənzildə istənilən ailə üzvü qol çəkə bilərdi. Bu imzanın saxtalaşdırıldığı anlamına gəlmir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq olunmuş: - "xxxx" MMMC-nin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qiyabi səsvermənin nəticələrinə dair Protokoldan görünür ki, "xxxx" MMMC-nin yaradılması, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, 2 il müddətinə protokolda qeyd olunmuş tərkibdə İdarə heyətinin seçilməsi, 2 il müddətinə protokolda qeyd olunmuş tərkibdə təftiş komissiyasının seçilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanının cəmiyyətinin hüquqi ünvanı kimi müəyyən edilməsi, cəmiyyətin Elektron ünvan elektron poçt ünvanı və bank kart hesabının yaradılması, protokolda qeyd olunmuş tərkibdə Hesablama Komissiyasının yaradılması və qiyabi səsvermənin nəticələrinin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi və imzalanması səlahiyyətinin həmin Komissiyaya verilməsi, dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin, o cümlədən nizamnamənin imzalanması səlahiyyətinin X17 həvalə edilməsi qərara alınmışdır. Bildiriş göndərilmiş sahə mülkiyyətçilərinin ümumi sayı 53305 səs (100%), iştirak edən sahə mülkiyyətçilərinin sayı 27718 səs (52%) təşkil etmişdir. MMMC-nin yaradılması məsələsi üzrə 26271 nəfər lehinə səs vermişdir; - xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının (qiyabi səsvermə formasında) qərarından görünür ki, gündəlikdə duran məsələlər sırasına "xxxx" MMMC-nin təsis edilməsi, cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması, hüquqi ünvanının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və sənədlərin imzalanması ilə bağlı səlahiyyətli şəxsin seçilməsi daxil edilmişdir. Binada 330 mənzil və 131 qeyri-yaşayış sahəsi mülkiyyətçisi olmaqla, cəmi 461 sahə mülkiyyətçisi mövcuddur, onlardan qiyabi səsvermədə 239 nəfəri iştirak etmiş, 239 lehinə səs toplanmışdır; - xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin sahə mülkiyyətçilərinin qərarından görünür ki, qurumun adının yekdilliklə Cavabdeh MMMC-yə dəyişdirilməsi qərara alınmışdır; - xx.xx.2022-ci il tarixli, 05/2116/2-14 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X3 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh MMMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; - Cavabdeh MMMC-nin Nizamnaməsinin 1.1 və 7.1-ci bəndlərinə əsasən “Nəsimi-45" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla ünvan 3 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il MMMC-nin idarə heyəti tərəfindən çağırılmalıdır. Ümumi yığıncaq ümumi səslərin əlli faizindən çoxuna malik olan cəmiyyət iştirakçıları iştirak etdikdə səlahiyyətlidir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/576 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza İddiaçı3 tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza İddiaçı4 tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza İddiaçı5 tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza (Mənzil sertifikatı MS №000 130, 82.27 kv.m) X82 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza X25 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imza İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imzanın (Mənzil sertifikatı MS № 000 133, 82.42 kv.m) X82 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamış, X9 adına olan Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarının əsli təqdim edilmədiyindən tədqiqat işi aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 226 manat təşkil etmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın idarə edilməsi üçün xx.xx.2022-ci il tarixində mənzil mülkiyyətçilərinin ümumi yığıncağının təsis edilməsi ilə bağlı qiyabi səsvermə keçirilmiş, yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə bu barədə bildirişlər və müvafiq bülletenlər göndərilmişdir. Binada cəmi 461 sahə mülkiyyətçisi mövcud olmuş, onlardan qiyabi səsvermədə 239 nəfər iştirak etmiş və MMMC-nin yaradılmasının lehinə 239 səs toplanmışdır. "xxxx" MMMC təsis edilmiş, daha sonra qurumun adı Cavabdeh MMMC-yə dəyişdirilərək Ədliyyə Nazirliyi X3 Reyestrində qeydiyyata alınmışdır. Bir müddət sonra MMMC-nin binanı idarəçilik fəaliyyəti sakinlərdə narazılıq doğurmuşdur. Hazırda iddiaçılar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılarkən səsvermənin nəticələrinin saxtalaşdırıldığına, qeyri-yaşayış sahələrinin (qarajların) mülkiyyətçilərinin səs vermək hüquqlarının olmadığına istinad etməklə, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsini və Cavabdeh MMMC-nin yarandığı andan etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh isə səsvermənin qiyabi keçirildiyini, bildirişlərin sakinlərin mənzillərinə göndərildiyini, mənzillərdə kimlər tərəfindən imzalanmasına görə məsuliyyət daşımadıqlarını, hər bir halda ümumi yığıncağın səlahiyyətli hesab edilməsi üçün yetərsay olduğunu bildirərək iddiaya etiraz edir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçılar iddia tələbində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarın etibarsız hesab edilməsini xahiş etsələr də, iddia ərizələrinin mahiyyətindən və iddiaçıların məhkəmə iclasında verdiyi izahatlardan göründüyü kimi, iddiaçıların əsas tələbi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarının (xx.xx.2022-ci il tarixli) mübahisələndirilməsindən ibarətdir. Çoxmənzilli binaların idarə edilməsi, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin iş üzrə tətbiq edilməli olan normaları: Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 47.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsə qoyulmuş məsələlər üzrə səs hüququna həmin binanın sahə mülkiyyətçiləri malikdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında şəxsən və ya nümayəndəsi vasitəsilə səs verir. Maddə 47.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında həmin binanın sahə mülkiyyətçilərinin hər birinin malik olduğu səslərin sayı onların həmin binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına mütənasibdir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44-47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Maddə 119.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Maddə 120.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin dövlət qeydiyyatı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Maddə 121. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Hazırki iş üzrə iddiaçıların, ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələblərinin əsası qismində qiyabi səsvermə zamanı onların imzalarının saxtalaşdırılması çıxış etmişdir. Məhkəmə tərəfindən imzaların iddiaçılara məxsus olub-olmadığını aydınlaşdırmaq məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, cəmi 8 iddiaçı (müstəqil tələb irəli sürən üçüncü şəxs) imza nümunələrini təqdim etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi ilə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli qiyabi səsvermə qərarının aşağı hissəsində “İmza:” qrafasındakı imzaların X82 tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən, X25 tərəfindən yox, başqa şəxs tərəfindən, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə qərarında imzaların həqiqiliyi ilə bağlı ekspertiza keçirilməsi üçün imza nümunələri təqdim etmiş 4 mülkiyyətçinin (iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin) imzalarının onlara məxsus olmadığı müəyyən edilmişdir. Həmçinin ekspertizanın təyin edilməsi haqqında qərardadda imzaların ona məxsusluğunun yoxlanması üçün iddiaçı X9 imzası üzrə qiyabi səsvermə qərarının əsli təqdim edilmədiyindən tədqiqat işi aparılmamış, qalan mülkiyyətçilər isə ekspertizanın keçirilməsində iştirak etməmiş, habelə onların imzalarının saxta olması ilə əlaqədar iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Mənzil qanunvericiliyinin tələblərinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Hazırki iş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMMC-nin təsis yığıncağının (qiyabi səsvermə formasında) qərarına əsasən binada cəmi 461 sahə mülkiyyətçisi mövcud olmuş, onlardan 239 nəfəri qiyabi səsvermədə iştirak etmiş və MMMC-nin yaradılmasının lehinə səs vermişdir. Yəni 51,8 % ((239x100)/461) səs çoxluğu ilə MMMC yaradılmışdır. Məhkəmə araşdırması zamanı imzaların onlar tərəfindən çəkilmədiyi müəyyənləşdirilən 4 mülkiyyətçinin, hətta 6 mülkiyyətçinin (1 iddiaçının imzasını sənədin əsli təqdim edilmədiyindən yoxlamaq mümkün olmamışdır, 1 iddiaçı isə həmin binada iki mənzilə malikdir) səsini 239 nəfər lehinə səsverənlərin sayından çıxdıqda isə, yekun 233 səsə bərabər olacaqdır ki, yenə də alınan 50,54 % səs çoxluğu qanunla mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması üçün təsbit olunmuş çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən artıq olması tələbini ödəməkdədir. Buna görə "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladıqları müqavilələr əsasında ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaklara pay hüququ əldə edən 4 nəfər (yaxud 6 nəfər) mülkiyyətçinin qiyabi səsvermə zamanı imzalarının saxta olması kəmiyyət etibarı ilə MMMC-nin yaradılmasının etibarsız hesab olunması üçün kifayət deyildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edildiyindən, onun etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçıların, qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin ümumi yığıncaqda iştirak edərək səs vermək və MMMC yaratmaq hüquqlarına malik olmamaları barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, sahə mülkiyyətçiləri anlayışı özündə, yalnız yaşayış sahələrinin mülkiyyətçilərini deyil, o cümlədən qeyri-yaşayış sahələrinin mülkiyyətçilərini də ehtiva edir. Belə ki, Mənzil Məcəlləsinin 120.2, 120.4 və 120.5-ci maddələrinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıda göstərilən binaların (evlərin) sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər: ən azı iki mənzilin yerləşdiyi binaların; ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların.. Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Xüsusilə qeyd olunmalıdır ki, mənzil qanunvericiliyində müvafiq münasibətləri tənzimləyən xüsusi normalar nəzərdə tutulduğundan çoxmənzilli binanın mülkiyyətçisi tərəfindən sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları yalnız Mənzil Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduqda və həmin Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulmuş müddət (6 ay) ərzində mübahisələndirilə bilər. Mənzil Məcəllənin 45.6-cı maddəsində qəbul edilmiş qərarın mübahisələndirməsi hüququnun mövcud olmasına dair müəyyən edilmiş altı ay müddət iddia müddəti kimi deyil, kəsici müddət kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasından 3 ildən çox müddət keçmişdir. Halbuki Mənzil Məcəlləsinin 45.6-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verə bilər. Hazırki iş üzrə MMMC tərəfindən keyfiyyətli və ya keyfiyyətsiz olmasından asılı olmayaraq kommunal xidmətlər göstərilmiş, kommunal haqlar ödənilmiş, sakinlərlə MMMC arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Bu hal isə iddiaçıların, müstəqil tələb irəli sürən üçüncü şəxslərin mənzil mülkiyyətçilərin müştərək cəmiyyətinin yaradılmasından məlumatlı olduqlarını bir daha təsdiq edir. Qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində iddiaların verilməməsi isə tərəflərin bilməli olduğu hüquqlarından istifadə etməməsi və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin yaradılması ilə bağlı aparılan prosedurlarla razılaşdıqlarını ehtiva edir. Beləliklə, iddiaçılar (müstəqil tələb irəli sürən üçüncü şəxslər) 6 aylıq müddəti ötürməklə ümumi yığıncağın qərarını mübahisələndirmək hüququnu itirmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar imzaların saxtalaşdırılması faktı ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Lakin səsvermə qiyabi keçirildiyindən, həmin qərarın mənzilin digər sakinləri tərəfindən imzalandığı ehtimalı mövcud olduğundan, imzaların saxlalaşdırılıb və ya saxtalaşdırılmaması məsələsini, imzaların kim tərəfindən, hansı şəraitdə atıldığını müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün tələb olunan hüquqi əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən ekspert xərclərinin müştərək qaydada iddiaçılardan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərdən tutulması qənaətindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı (X50, X51, X101, X38, X39, X31, X40 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə qərarın etibarsız hesab edilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X82, X25 və X9 Cavabdehnə qarşı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 226 manat məbləğində pul iddiaçılardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı (X50, X51, X101, X38, X39, X31, X40 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X82, X25 və X9 Cavabdehnə qarşı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması ilə bağlı ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pul iddiaçılar (müstəqil tələb irəli sürən üçüncü şəxslər) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X47, X10 və X6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X20, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar