Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-440/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərər qismində 2600 (iki min altı yüz manat) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, vurulmuş mənəvi zərər qismində 3000 (üç min) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilən 600 (altı yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 iyul 2022-ci il tarixdə Cavabdeh MMC (Azərtürkmed laser clinic) həkimi Qurbanova Təbəssüm tərəfindən İddiaçı “alt və üst dodaqdan süni gel çıxarılması və “Kessering” əməliyyatları icra edilmişdir. İddiaçı sözügedən əməliyyat uğursuz keçdiyini hesab edir. Cavabdeh MMC (Azərturkmed laser clinic) tərəfindən təqdim edilən ekipkrizə qeyd edilmişdir ki, əməliyyat fəsadsız keçmişdir. Ekipkrizdə qeyd edilənlərin əksinə “dodaqlardan süni gelin çıxarılması və Kessering əməliyyatları uğursuz keçmişdir və İddiaçı sağlamlığına zərar dəymişdir. Belə ki, 16 avqust 2022-ci il tarixdə İddiaçı “Funda” Hospitalda USM (yumuşaq toxumalar) müayinəsi keçmişdir. Həmin USM müayinəsinin nəticələrinə əsasən İddiaçı “Üst dodaq sağ tərəfdə dodaqaltı nahiyədə qalınlıq 16 mm, solda 5.5 mm ölçüldü. Dodağın sağ tərəfindən və sağ bucağında 5.9 mm, 5 mm, 6 mm ölcüdə zəif sərhədlərə malik izoexogen əlavələr (dolğu) izlənildi. Üst dodağın sol tərəfində aydın sərhədləri olan əlavələr izlənilmədi. Həmin nahiyənin exogenliyi qarışıqdır, bəzi nahiyələrdə izoexogen əlavələr izlənilir. Alt dodaqda aydın sərhədlərdə olan əlavələr qeyd olunmadı”. 24 avqust 2022-ci il tarixdə "xxxx"-ın həkimi Dr.Aslanova Xuraman tərəfindən verilən “ultrasound diqagnostics” nəticələrinə əsasən İddiaçı “Üst dodaqda sol tərəfdə ölçüsü 5.4 mm, alt dodaqda sol tərəfdə ölçüsü 3.3 mm, alt dodaq sağ tərəfdə ölcçüsü 1.18sm x 0.37, üst dodaqda mərkəzdə ölçüsü 0.98 sm x 0.4 sm olan dolğu sahələri” izlənilir. İddiaçı yenidən əməliyyat etmək üçün diğər klinikalarda üst dodaq üçün 1300 (bir min üç yüz) manat, alt dodaq üçün 1300 (bir min üç yüz) manat pul vəsaiti tələb edirlər. İddiaçı üst dodağına bədən tikişləri vurulduğu açıq aşkar bilinir və alt dodaqda simmetriya mövcüd deyil. İddiaçı yenidən əməliyyat olunması zəruridir. Vurulmuş maddi ziyanın dəyəri məhkəmə icraatı zamanı mütəxəssis rəyi ilə dəqiqləşdiriləcək və Məhkəmə icraatı zamanı iddianın dəyəri Mülki-prosessual Məcəllənin 53 maddəsinə əsasən dəyişdirilə bilər (2600 manat vurulmuş maddi zərərə dair). 29 sentyabr 2022-ci il tarixdə Cavabdeh MMC-yə (Azərturkmed laser clinic) dəymiş maddi zərər qismində 2600 (iki min altı yüz) manat, 3000 (üç min) manat mənəvi kompensasiya və vəkil xərclərinin ödənilməsi üçün 5 gün vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh MMC-nin rəhbərliyi sözügedən pretenziyaya cavab verməmişdir. Bu hüquq pozuntuları nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirib. Beləliklə, Cavabdeh MMC (Azərturkmed laser clinic) həkimi Qurbanova Təbəssüm təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçı iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu hesab edir. İddiaçı mənəvi zərər qismində Cavabdeh MMC-dən (Azərturkmed laser clinic) 3000 (üç min) manat kompensasiya və pozulmuş hüquqların bərpası üçün çəkməli olduğu xərclərmaddi zərər (yenidən əməliyyat olunması üçün) qismində 2600 (iki min altı yüz) manat pul vəsaiti tələb edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cəmiyyətin həkimi Təbəssüm Qurbanova tərəfindən iddiaçıya "alt və üst dodaqdan süni gel çıxarma və kassering” əməliyyatları icra edilmişdir. İddiaçı iddia edir ki, əməliyyatlar uğursuz keçmiş, uğursuz əməliyyat nəticəsində o, yenidən əməliyyat olunmalı, uğursuz əməliyyat nəticəsində o, mənəvi əzab və izdirab keçirmişdir, ona görə də cavabdeh MMC-dən 2.600 manat maddi ziyan, 3.000 manat mənəvi ziyan, hüquqi xidmət üçün ödənilmiş 600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla bağlı bildirir ki, iddiaçı “ATM Xətai" Məhdud Məsuliyyətli Cəmiyyətinin həkimi, Təbəssüm Qurbanovaya müraciət edərək, bir neçə il əvvəl alt və üst dodaq nahiyyəsinə başqa bir həkim tərəfindən yad cism (süni gel) vurulduğunu, hazırda isə dodaqlarında şişkinlik, simmetiriya pozğunluğu olduğunu, yad cismin yerini dəyişdiyini və ona narahatçılıq verdiyini, estetik olaraq çox pis görsəndiyini bildirmiş, bu səbəbdən alt və üst dodaq nahiyyələrinə vurulmuş yad cismin çıxarılmasını xahiş etmişdir. MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən iddiaçının dodaqları müayinə edilmiş, hər iki dodaqların eyni zamanda əməliyyatının düzgün olmaması və dodaqlardakı yad cismin (süni gel) ayrı-ayrı vaxtlarda çıxarılması tövsiyyə edilmişdir. Lakin passientin təkidi ilə hər iki dodaq nahiyyəsində olan gellərin çıxarılması qərara alınmışdır. Əməliyyat zamanı iddiaçı dodaqlarında olan süni gelin çıxarılması ilə bağlı həmçinin üst dodağında “konturplastika” əməliyyatının icra edilməsini xahiş etmişdir. Həkim tərəfindən iddiaçıya bildirilmişdir ki, biz aramızda ancaq dodaqlarda olan süni gellərin çıxarılması razılaşdırmışıq. Lakin iddiaçı inadla və təkidlə üst dodağında “konturplastika” əməliyyatının icra etməsini də həkimdən xahiş etmişdir. Həkim tərəfindən hər iki əməliyyat eyni gündə icra edilmiş və əməliyyat uğurla tamamlanmışdır. Belə ki, cavabdeh MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən xx.xx.2022-ci il tarixdə klinika şəraitində iddiaçının həm üst həm alt dodaqlarına lokal anesteziya ilə müdaxilə edilmiş və həmin yad cism (süni gel) iddiaçının dodaqlarından xaric edilmiş, üst dodaqların “konturplastika” əməliyyatı uğurla icra edilmişdir. Cərrahi müdaxilədən sonra iddiaçıya “Agumentin” adda antibiotik və “Metrogil Denta” adlı dərman pereparatları- təyin edilmişdir. Həmçinin xəstəyə stasionar şəraitdə müalicə alması təklif olunmuş, lakin o, bundan imtina etmişdir. Dodaqlarda aparılmış cərrahi müdaxilədən sonra cavabdehə 8-14 gün sağalma müddəti izah edilmiş, (xəstənin immun sistemi ilə əlaqədar sağalma müddətləri təxminən sözügedən əməliyyatla bağlı 8-14 gün təşkil edilir) icra edilmiş əməliyyat tikişlərinin ancaq 8-14 gündən sonra sağalma vəziyyətinə uyğun olaraq söküləcəyi barədə xəstəyə təlimat verilmişdir. Dodaqlardan çıxarılmış süni gellərdən sonra dodaqlar qaldırılaraq, tikişlər dodaqların kontur adlanan nahiyyəsində aparıldığı üçün həmin tikişlərə qəti şəkildə toxunmaq və hər hansı müdaxilənin olmaması barədə tənbeh edilmiş, ancaq sağaldıqdan sonra həkim tərəfindən sökülməsi təlimatlandırılmışdır. Lakin cavabdeh əməliyyatdan 1 həftə sonra əməliyyatı icra edən Təbəssüm Qurbanovaya zəng edərək, nişan mərasimində iştirak edəcəyini bildirmiş və dodaqlarında olan tikişləri sökmək istədiyini bildirmişdir. MMC-nin həkimi Təbbəsüm Qurbanova sağalma dərəcəsinə və tikişlərin sökülüb-sökülməyəcəyini müəyyən etmək üçün iddiaçıdan dodaqlarının müayinə olunmasının zəruri olduğunu izah etmişdir. İddiaçı dodaqlarının şəklini çəkərək X1 nömrəsinə göndərmişdir. İddiaçının dodaqlarına baxan həkim hələ tikişlərin sağalmadığını, dodaqlardan tikişlərin sökülməsinin çox tez olduğunu bildirmişdir. Tez söküləcəyi təqdirdə dodaq konturlarda simmetiriyanın pozulacağı iddiaçıya izah edilmişdi. Tikişlər dodaq nahiyyəsinin kontur xətti deyilən hissəsindən keçdiyi üçün onlara toxunmanın təhlükəli olduğunu və dodaqların formasına və estetikasına xələl gətirə biləcəyi barədə təlimatlandırılmışdır. Çünki, həmin tikişlər bərabər və dodaq konturları ilə eyni olduğundan ancaq sağalması gözləyib sonra tikişləri sökmək olar. Lakin cavabdeh əməliyyatı icra edən Təbəssüm xanıma nişan mərasimində iştirak edəcəyini, belə vəziyyətdə mərasimdə iştirak edə bilməyəcəyini bildirərək tikişlərin sökülməsini təkidlə tələb etmişdir. X4 isə tikişlərin sökülməməsini iddiaçıya bildirmişdir. İddiaçı səhəri gün yenə Təbbəsüm Qurbanovaya zəng vuraraq tikişlərin sökülməsini tələb etmişdir. Təbəssüm Qurbanova hazırda Bakı şəhərində olmadığı üçün ancaq gələndən sonra və ancaq tikişlərə baxdıqdan sonra tikişlərin-sökülüb sökülməyəcəyi barədə qərar qəbul edəcəyini bildirmişdir. Lakin iddiaçı Təbəssüm Qurbanovanın icazəsi olmadan klinikaya yaxınlaşmış, həkimin iştirakı olmadan, klinikada hansısa tibb bacısına yaxınlaşmış, həkimin təyinatına zidd olaraq, tibb bacısının yanında özü şəxsən dodaqlarında olan tikiş saplarını sökməyə başlamışdır. Əməliyyatdan sonrakı tikişlərin hələ sağalmamasına baxmayaraq iddiaçı nişan mərasimində iştirakını təmin etmək məqsədi ilə həkimin məsləhətinə və təyinatına zidd olaraq ona verilən təlimatları düzgün icra etməmiş, özü şəxsən dodaqlarında olan tikiş saplarını həkimin iştirakı və icazəsi olmadan sökmüşdür. Odur ki, əgər hal-hazırda iddiaçının dodaqlarında hansısa fəsad (simmetriya və ya digər) olmuşsa o da iddiaçının öz təqsiri üzündən, həkim məsləhətinə qulaq asmadan həkimin icazəsi və müdaxiləsi olmadan özü şəxsən dodaqlarında olan tikişləri sağalmadan sökülməsi nəticəsində yaranmışdır. Belə ki, iddiaçı əməliyyatı MMC-nin həkimi tərəfindən qüsursuz icra edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MMC tərəfindən verilmiş, epikrizdə (xəstəlik kartoçkası) də qeyd edilir ki, əməliyyat fəsadsız icra edilmişdir. Göründüyü kimi iddiaçının dodaqlarında icra edilmiş cərrahiyyə əməliyyatları texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. Lakin iddiaçı həkim tərəfindən verilmiş əməliyyatdan sonrakı təlimatlara əməl etməmiş, tikişləri yara sağalmamış özü şəxsən sökmüş nəticədə də hansısa fəsad baş vermişdir. Çünki həkim tərəfindən sağalmamış yaranın sökülməsinin qətiyyən olmaması barədə iddiaçıya təlimat verilmişdir. İddiaçının dodaqlarında yaranmış qüsur “ATM Xətai" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış əməliyyata görə yox, tikişlərin vaxtından əvvəl, həkim təyinatına və təlimatına zidd olaraq, vaxtından əvvəl iddiaçının özü tərəfindən sökülməsi nəticəsində baş vermişdir. Həmçinin iddiaçının iddia ərizəsində ziyanın vurulması ilə bağlı heç bir sübut yoxdur. İddiaçının dodaqlarında yaranmış fəsadların cavabdeh MMC-də aparılan əməliyyatla heç bir səbəbli əlaqəsi yoxdur. Belə olan halda da, iddiaçının cavabdeh MMCdən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi barədə tələbi əsassızdır. Həmçinin iddiaçının mülki hüquq pozuntusu əsası ilə cavabdehlərdən zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı halların mövcudluğu zəruridir: zərərin olması; zərəri vuran şəxsin təqsiri; zərər və mülki hüquq pozuntusu arasında səbəbli əlaqənin olması. Lakin, hazırda iddiaçıya vurulduğu iddia ediən zərərə görə məhz cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübut işdə yoxdur, iddiaçı tərəf məhəkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Bunlardan başqa bildirir ki, iddiaçı ona vurulmuş maddi zərərin 2.600 manat olmasını təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü maddi zərərin əvəzinin ödənilməsi barədə tələb əsassız olduğuna görə, hesab edirik ki, həmin tələbdən irəli gələn mənəvi zərərlə bağlı tələb də əsassızdır. İddiaçı həmin iddia ilə cavabdeh MMC-dən 2.600 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın tələb edir. İddiaçının dodaqlarında hazırda yaranmış fəsdaların (üst dodaq konturlarının simmetriyasının pozulması və sair kimi) məhz MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən icra edilmiş əməliyyatlar uğursuzluğu nəticəsində yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - “Azərtürkmed laser clinic” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli epikrizdən görünür ki, İddiaçı lokal anesteziya altında, hər iki dodaqdan süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Yara birincili sağalır. Xəstə kafi vəziyyətdə hospitaldan yazılır. - “Funda” Hospital tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli sənəddən görünür ki, 16 avqust 2022-ci il tarixdə İddiaçı USM (yumuşaq toxumalar) müayinəsi keçmişdir. Üst dodaq sağ tərəfdə dodaqaltı nahiyədə qalınlıq 16 mm, solda 5.5 mm ölçüldü. Dodağın sağ tərəfindən və sağ bucağında 5.9 mm, 5 mm, 6 mm ölcüdə zəif sərhədlərə malik izoexogen əlavələr (dolğu) izlənildi. Üst dodağın sol tərəfində aydın sərhədləri olan əlavələr izlənilmədi. Həmin nahiyənin exogenliyi qarışıqdır, bəzi nahiyələrdə izoexogen əlavələr izlənilir. Alt dodaqda aydın sərhədlərdə olan əlavələr qeyd olunmadı. - "xxxx" MMC-nin həkimi Dr.Aslanova Xuraman tərəfindən verilən xx.xx.2022-ci il tarixli “ultrasound diqagnostics” nəticələrindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı “Üst dodaqda sol tərəfdə ölçüsü 5.4 mm, alt dodaqda sol tərəfdə ölçüsü 3.3 mm, alt dodaq sağ tərəfdə ölçüsü 1.18sm x 0.37, üst dodaqda mərkəzdə ölçüsü 0.98 sm x 0.4 sm olan dolğu sahələri izlənilir. - "xxxx" ASC 79687833 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosuna Vəkil1 təyinatı üzrə 600 manat ödənilmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehə ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 5 gün ərzində 3000 manat pul vəsaitini və vəkil xərclərinin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - "xxxx" MMC Dr.Avadh Xalid tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilir ki, İddiaçı 15 avqust 2023-cü il tarixində "xxxx"a "Alt və üst dodaqların əməliyyatdan sonrakı deformasiya" diaqnozu ilə qəbul olunub. Vizual müayinə zamanı, perioral nahiyyədə üst dodağında çoxsaylı çapıqlar qeyd olunur. Üst dodağın sol tərəfində qırmızı haşiyə, sağ tərəfə nisbətən aşağıdadır. Və buna görə, üst dodaqda asimmetriya yaranıb. "Arcus Cupid" nahiyyəsinin xətti pozulub. Ağızdaxili müayinə zamanı üst dodaqda "vermilion" xətti pozulub və asimmetrikdir. Üst və alt dodaqlarında çoxsaylı əməliyyatlardan sonraki çağıqlar və asimmetriya qeyd olunur. Son kliniki diaqnoz: Alt və üst dodaqdan süni gel çıxarılması və "Kesselring" əməliyyatlarından sonrakı deformasiyalar. İddiaçı keçirdiyi" Lokal anesteziya altında hər iki dodaqdan süni gel çıxarılması və "Kesselring" əməliyyatı uğursuz kimi sayılır. İddiaçı üst dodağında çoxsaylı tikişlərin çapığı deformasiya şəkilində yerləri qeyd olunur. Üst və alt dodaqlarında asimmetriya qeyd olunur. İddiaçı dodaqlarında olan qüsurlar "Lokal anesteziya altında hər iki dodaqdan süni gel çıxarılması və "Keselring" əməliyyatı ilə əlaqədardır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumat rəydən görünür ki, İddiaçı dodaqlarında olan qüsurların aradan qaldırılması üçün “üst və alt dodaqların rekonstruksiyası” əməliyyatı icra olunmalıdır. Bu əməliyyatın dəyəri 2100 AZN olacaq. - 1993-cü il təvəllüdlü İddiaçı adına “X6 Xətai” MMC-də tərtib edilmiş ambulator xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022- ci il tarixdə “Alt və üst dodaqlardan süni gel çıxarılması” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti estetik narahatçılıq və dodaqlarda bərkimədəndir. Allergik reaksiyalar qeyd edilmir. Yolxucu xəstəliyi yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən İddiaçı adına tərtib edilmiş 385/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, 2022-ci ilin yay aylarında daha əvvəl dodaqlara süni gel vurulduğu və həmin gelin çıxarılması məqsədilə Cavabdeh MMC-ə müraciət etmişdir. Həmin klinikada işləyən Təbəssüm doktorun müayinəsindən sonra cərrahiyyə əməliyyatının aparılması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Alt və üst dodaqlarına vurulmuş gel “Kessering” əməliyyatı ilə çıxarılsa da, lakin əməliyyat uğursuz olmuş, asimmetriya və süni gelin çıxarılmadığını müəyyən etmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Məhkəmə-tibbi müayinəsi zamanı hal-hazırda şikayəti üst dodaqda asimmetriyanın olması, xarici və daxili tikişlərin kelloidləşməsindən, qeyri-estetik olmasından və aşağı dodaqda keyliyin olmasındandır. İddiaçı mütəxəssis müayinəsinə göndərildi. “X5”nin plastik və estetik cərrahı R.Babayevin müayinəsi zamanı pasientin anamnezinə əsasən, alt və üst dodaq nahiyələrinə süni gelin vurulduğu məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə “Alt və üst” dodaqlarında “Kessering” əməliyyatı icra edilmişdir. Hazırda əməliyyata uyğun çapıq toxumaları qeyd olunur. Dodaqların palpasiyası zamanı bəzi nahiyələrində süni gelin izlənildiyi qeyd edilir. Süni gelin yeridilməsi zamanı və biopolimerin tərkib hissəsindən asılı olaraq toxumalara siraət edir, bunların tam olaraq çıxarılması mümkün deyildir. 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: - Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı “X6 Xətai” MMC-yə xx.xx.2022-ci il tarixdə “Alt və üst dodaqların süni gel köçürülməsindən sonrakı deformasiya”sı diaqnozu ilə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq lokal anesteziya altında hər iki dodaq nahiyəsindən “Süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda keçirdiyi cərrahiyyə əməliyyatına uyğun çapıq toxumaları, alt və üst dodaqların bəzi nahiyələrində süni gelin elementləri vardır. Süni gelin yeridilməsi zamanı biopolimerin tərkib hissəsindən asılı olaraq, süni gel toxumalara sirayət edir və bu səbəbdən də bunun cərrahi yolla tam olaraq çıxarılması mümkün deyildir. - İddiaçı alt və üst dodaqlarında süni gelin elementlərinin mövcud olması ilə xx.xx.2022-ci il tarixdə lokal anesteziya altında aparılmış “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatı arasında səbəbli əlaqə olmamışdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı alt və üst dodaqların süni gel köçürülməsindən sonrakı deformasiyası diaqnozu ilə cavabdeh “ATM Xətai" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Azərturkmed laser clinic) daxil olmuşdur. Daxil olarkən şikayəti estetik narahatçılıq və dodaqlarda bərkimə olmuşdur. 12 iyul 2022-ci il tarixdə cavabdeh “ATM Xətai" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Azərturkmed laser clinic) həkimi tərəfindən İddiaçı lokal anesteziya altında, hər iki dodaqdan süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra olunmuşdur. Hazırda iddiaçı sözügedən əməliyyatın uğursuz keçdiyini bildirərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. “Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: -59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: - 9-cu maddəsinə əsasən, özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. - 16-cı maddəsinə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:
1. zərərin mövcud olması;
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;
3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı AR Mülki Məcəlləsinin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçının əməliyyatdan sonrakı tikişlərin hələ sağalmamasına baxmayaraq iddiaçının nişan mərasimində iştirakını təmin etmək məqsədi ilə həkimin məsləhətinə və təyinatına zidd olaraq özünün şəxsən dodaqlarında olan tikiş saplarını həkimin iştirakı və icazəsi olmadan sökdüyünü bildirmişdir. Məhkəmə araşdırması zamanı göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəydən görünür ki, təyin edilmiş diaqnoza uyğun olaraq lokal anesteziya altında hər iki dodaq nahiyəsindən “Süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir...İddiaçı alt və üst dodaqlarında süni gelin elementlərinin mövcud olması ilə xx.xx.2022-ci il tarixdə lokal anesteziya altında aparılmış “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatı arasında səbəbli əlaqə olmamışdır. Məhkəmə qeyd edir ki, əməliyyatın uğurlu və ya uğursuz keçməsi kimi halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin – həkimlərin köməyi ilə mümkün olduğundan, keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Məhkəmə iş üzrə təqdim edilən sübutları nəzərdə keçirərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməli və həmin rəy üzrə gəlinən nəticə nəzərə alınmalıdır. Rəydən görünür ki, İddiaçı mütəxəssislər tərəfindən ətraflı şəkildə müayinə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə əvvəlcə onun “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Daha sonra İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş, “X5”nin plastik və estetik cərrahı R.Babayev tərəfindən müayinə olunmuşdur. Nəticədə 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, aparılmış tibbi və mütəxəssis müayinələrinə əsasən qərardad üzrə qoyulan bütün suallara aydın şəkildə cavab verilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin həkimi Dr.Anadh Xalid tərəfindən verilmiş rəy isə yalnız vizual müayinəyə əsaslanmaqla, kifayət qədər əsaslandırılmamışdır. İddiaçı həmçinin vurulmuş mənəvi zərər qismində 3000 (üç min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh MMC (Azərturkmed laser clinic) həkimi Qurbanova Təbəssüm təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu bildirərək mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçının sağlamlığına ziyan dəyməsi sübut olmadığından, iddiaçının hazırki iş üzrə hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödədiyi xərcin əvəzinin cavabdehdən tutulması hissədə də iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərər qismində 2600 (iki min altı yüz manat) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi zərər qismində 3000 (üç min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilən 600 (altı yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli. Eyni zamanda ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir.
VI. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərər qismində 2600 (iki min altı yüz manat) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, vurulmuş mənəvi zərər qismində 3000 (üç min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilən 600 (altı yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva