Məhkəmə qərarları › İş №e-2(005)-4470/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4470/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4470/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul və mənəvi zərər tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manatın 2 misli olan 10.000 manat məbləğin, 700 manat darvaza üçün verilmiş pulun, mənəvi zərərə görə 3.000 manat məbləğin, 500 manat vəkil üçün ödənilmiş xidmət haqqının və ödənilmiş 133 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bacısının yoldaşı vasitəsilə 2024-cü ilin mart ayında Cavabdehlə tanış olmuş, onlara hər sənədi qaydasında olan ev satacağını bildirmişdir. Evə baxış keçirildikdən sonra Cavabdeh həmin evi alqı-satqı müqaviləsindən sonra yaşayışa tam təmirli olması üçün təcili 5.000 manat məbləğin beh kimi verilməsini bildirmişdir. Cavabdeh onlara təqdim etdiyi evi almaq üçün beh kimi 5.000 manat məbləğində pul istəmişdir, iddiaçı həmin pulu notariusda verəcəyini bildirsə də, Cavabdeh evi “notariusda adına keçirəndə gedərlər” ifadəsi ilə notariusda müqavilə bağlanmasından imtina etmişdir. Həmçinin də həmin evin həyətinin darvazası üçün də 700 manat almışdır. Cavabdeh alınacaq evin bütün sənədlərinin qaydasında olduğunu, 5.000 manatı göndərdikdən sonra ev alqı-satqısı üçün notariusa gediləcəyini bildirmişdir. Təcili evə köçürülmək zərurəti yarandığından 5.000 manat və 700 manat ona hissə-hissə göndərilmiş (xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində), daha sonra notariusa gedilərkən evin ancaq Balaxanı bələdiyyəsinin sərəncamı olduğunu və əlavə çıxarışının olmadığını bildirərək təqdim edə bilməmişdir. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh satışın baş tutmadığını və verilən pulun geri qaytarılması tələb edilsə də, hər dəfə evi satacağı təqdirdə pulu qaytarılcağını və hazırda həmin pulu xərclədiyini bildirmişdir. Bundan sonra aidiyyəti polis orqanına müraciət edilmiş, şəxsin izahatı alınmış, orda izahat verərkən pulu qəbul etdiyini və qaytarmadığını etiraf etmişdir. Lakin bir müddət sonra polisdən verilən şifahi məlumata əsasən, mülki məsələ olduğundan işin rədd edildiyi bildirilmişdir. Bu hadisədən sonra Cavabdehlə əlaqə saxlanılmağa çalışılsa da, pulu qaytaracağını və şikayət edilməməsini bildirdi, daha sonra həmin nömrə nə zənglərə, nə də mesajlara cavab vermədi. İddiaçı həmin pulun qaytarılması üçün neçə dəfə cəhd etsə də, müsbət cavab alınmamış, həmçinin həmin vaxtdan bu yana ev ala bilməmiş, pulu aldığı atası vəfat etmiş, yaranmış bu xoşa gəlməz hal üzrə dərin sarsıntı keçirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilərək, Cavabdeh 5.000 manatın 2 misli olan 10.000 manat məbləğin, 200 manat darvaza üçün verilmiş pulun, mənəvi zərərə görə 3.000 manat məbləğin, 500 manat vəkil üçün ödənilmiş xidmət haqqının və ödənilmiş 133 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödəniilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh darvaza üçün verilmiş 700 manat puldan 500 manatını geri qaytarmışdır. Həmin hissədə tələb 200 manatdır. Məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavavdeh Cavabdeh xx.xx.2026-cı ildə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçı il gündən bilirdi ki, ev bələdiyyə sənədi əsasında satılacaqdır. 200 manat darvazanın qıraq hissələrinin düzəldilməsi üçün ustaya verilmişdir. Həmin məbləğin geri qaytarılmasına etiraz edir. Hazırda darvaza onun həyətindədir. İddiaçı 5.000 manat beh vermişdir ki, evi təmir etdirsin. Məhəkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavavdeh Cavabdeh iddia tələbinə etiraz mövqeyini həmçinin məhkəməyə ünvanladığı ərizələrdə onunla əsaslandırmışdır ki, evin sənədləri barədə cavabdeh İddiaçı və anasına yalan danışmamışdır. Əvvəldən demişdir ki, evin sənədi bələdiyyə sənədidir. Əgər onları aldatsaydı, polis onu həbs edərdi. Əksinə Polis işi araşdırandan sonra cinayət işi başlamadı. İddiaçının bacısının qaynı Qəzənfər kişi də öz səsi ilə təsdiq etmişdir ki, onlar əvvəldən bilirdilər ki, evin sənədi bələdiyyə sənədidir. Qəzənfərin səs yazısını məhkəməyə təqdim etmişdir. X7 da öz ərizəsində qeyd etmişdir ki, o, ev barədə hamıya demişdir ki, evin sənədi bələdiyyə sənədidir. İddiaçı və ailə üzvləri evin sənədi ilə tanış olandan sonra ona 5.000 manat beh verdilər ki, evi alırlar. Behin cavabdehə verilməsini özləri də etiraf ediblər. Behi verəndən sonra evə yeni darvaza alıb gətirdilər, qapıların açarlarını dəyişdirdilər. Heç kim evin sənədləri ilə tanış olmadan beh vermir. Evi satmaqdan cavabdeh imtina etməmişdir. Bu faktı notariusda iddiaçının anasının adına yazdığı notarial ərizələr də sübut edir. İddiaçı və anası Solmaz Cəbrayılova notarisun içində ikən son anda evi almaqdan imtina etdilər. Qeyd etdiyi notarial ərizələr də bunu bir daha sübut edir. Cavabdehdə olan məlumata görə onlar tərəfdən imtinanın səbəbi başqa yerdə ev almaqla bağlı olmuşdur. İddiaçı və ailəsi cavabdehi dələduz adlandırmaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu qohum-qonşu arasında ləkələmişdir. Xəstə olduğuna görə cavabdehə çox əsəbləşmək olmaz. İddiaçı və ailəsi beh verib, evi bir neçə aylığa öz adlarında saxlamasaydılar, cavabdeh evi başqa müştəriyə satardı və bu qədər əsəbləşməzdi. İddiaçı tərəf evin sənədləri barədə yalan dediyini sübut edə və ortaya heç bir fakt qoya bilmir. Bundan başqa, bildirmişdir ki, 33-cü polis bölməsində verdiyi izahatda o, xəstə olduğu üçün ev satıdldıqdan sonra pulu qaytaracağını bildirsə də, lakin həmin vaxt bunun nəticələrini bilməmiş, bilməmişdir ki, beh əgər alıcı tərəfindən pozularsa, verilmiş beh məbləği satıcıda qalmalıdır. Bunu sonradan hüquqşünas tanışı ona demişdir. Bundan başqa, bildirmişdir ki, iddiaçı tərəfindən darvaza üçün verilmiş 700 manat pulun 500 manatını o, iddiaçıya qaytarmışdır. Lakin iddiaçı bunu məhkəmədən gizlətmişdir. Qalıq qalan 200 manatı isə darvazının quraşdırılması üçün usta xərclərinə və s. ödəmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Leobank vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli avtorizasiya kodları 827836, 063784 və 974405 nömrəli əməliyyat qəbzlərinin surətlərindən görünür ki, göndərən İddiaçı tərəfindən ümumilikdə 3.000 manat pul mobil aplikasiya üzərindən "xxxx" ASC-nə məxsus 416973****8386 nömrəli kart hesabına göndərilmişdir. - Mpay ödəniş terminalı vasitəsilə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat qəbzinin surətindən görünür ki, "xxxx" ASC-nə məxsus 416973****8386 nömrəli kart hesabına cəmi 2.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - Suraxanı RPİ-nin xx.xx.2024-cü il tarixli cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Qy/s ev 2 mənzil 14-də yaşayan X1 xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Qy/s ev 2 mənzil 14-də yaşayan qızı Təranə ev təmiri etdirmək üçün dəllala 5.000 manat pul göndərməsi, lakin aldadılmasını bildirməsi barədə müraciəti 33-cü PB-də 1 saylı hadisələr kitabında 442 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2024cü il tarixdən icraata daxil olmuşdur. Daxil olan məlumatla əlaqədar olaraq İddiaçı 33-cü PB-nə ərizə ilə müraciət edərək əvvəllər tanımadığı Cavabdeh kimi tanıdığı şəxs ona Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 2 mərtəbəli həyət evini ona satacağını bildirib razılaşaraq ilkin olaraq beh kimi evin təmirinə görə ondan 5000 manat pul istədiyini və həmin pulları hissə-hissə Y.Günəşli qəsəbəsində yerləşən Bol marketin içərisində olan aparat vasitəsilə göndərdiyini, lakin Cavabdeh pulları aldıqdan sonra evin alqı-satqısı üçün natariat kontorunda olan zaman evin sənədlərinin olmadığı məlum olmuşdur. Bundan sonra İddiaçı pullarını geri istədikdə bilərəkdən pulları qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçı ərizəsində yazdıqlarını izahatında təsdiqləmişdir. İddiaçı ərizəsi əsasında izahatı alınan Nərimanov A.Neymətulla küçəsi, ev 47B, mənzil 53-də qeydiyyatda olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi H.Əjdərov küçəsi ev 53-də yaşayan Cavabdeh 5000 manat pulu beh olaraq alınmasını, evə xərclədiyini və hal hazırda pulu qaytarmağa imkanının olmadığını bildirmişdir. Araşdırma zamanı toplanmış materialda CM-nin 178-ci maddəsinin tərkibi müəyyən edildiyindən material üzrə istintaq araşdırması zərurəti yaranmışdır. Odur ki, toplanmnış material Azərbaycan Respublikası maddəsinin tələblərinə əsasən Suraxanı RPi-nin İŞ-nə göndərilməlidir. - Musayev X4 RPİ-nin 33-cü PB-də verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə özünə məxsus olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsində yerləşən 2 mərtəbəli 5 otaqlı evi 67.500 manata İddiaçı razılaşmışdırlar. İddiaçı 5.000 manat məbləğində behi ona vermiş və evin təmirinə xərcləməsini istəmişdir. O da həmin pulu evin təmirinə xərcləmişdir.Alqı-satqıya gedən zaman evin çıxarışı olmadığı üçün notariat kontorunda alqı-satqı aparılmamışdır. Bundan sonra İddiaçı və atası İntiqam Cəbrayılov indan verdikləri 5.000 manatı geri istəmişdirlər. O isə onlara evi nə vaxt başqa şəxsə satsa, ondan sonra pulu onlara geri qaytaracağını, yoxsa imkanının olmadığını bildirmişdir. Onlar isə buna razı olmamışdırlar. Evin çıxarışının olmadığını əvvəlcədən onlar bilirdilər. Hazırda pulu qaytarmaq imkanı yoxdur. - Notarial qaydada təsdiq edilmiş Cavabdeh tərəfindən müvafiq olaraq "xxxx" ASCnə, “Azəriqaz” İB-nə və "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrin surətlərindən görünür ki, o, öz adına olan abunə kodu: **********00013 olan işıq sayğacının, abunə kodu: **********01402 olan qaz sayğacının və abunə kodu: **********010 olan su sayğacının X2 adına qeydiyyata alınmasına razıdır, etiraz etmir. - İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, ümumilikdə 14.200 manat məbləğin 5 iş günü ərzində qaytarılmadığı təqdirdə, məhkəməyə müraciət ediləcəkdir. - Cavabdeh məhkəməyə təqdim edilmiş bir ədəd CD diskdə olan Whats APP Audio 2025-10-06 at 19:12:40 adlı faylda olan səs yazısından müəyyən edilir ki, kişi cinsinə məxsus şəxs Təranə adlı şəxsə bildirir ki, “Ramizə səs atmısan, pulu istəyirsən, mən bilsəydim siz camaatın başına bu işi açacaqsız, qabağa düşməzdim, siz mənə dediz ki, bələdiyyə sənədi ilə ev tap, tapdıq, verdik sizə, özünüz də 5000 manat pul verdiz, əgər istəmirdiz niyə verdiz?.... və.s” - Pul Pal ödəniş terminalı vasitəsilə edilən ödəniş əməliyyatının qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil 500 manat ödəniş etmişdir. - Hökumət ödəniş portalı vasitəsilə edilmiş xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 132,60 manat dövlət rüsumu ödənilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun nümayəndəsinin cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi razılıq olmuşdur ki, cavabdehə özünə məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 2 mərtəbəli həyət evini iddiaçıya satacaqdır. İddiaçı bildirir ki, bu məqsədlə cavabdehə ilkin olaraq 5.000 manat beh və daha sonra 700 manat əlavə olaraq evin həyətinin darvazasını düzəltmək üçün pul vermişdir. Cavabdeh isə bunu həm polisdə verdiyi izahatında, həm də məhkəmədə verdiyi izahatlarında təsdiq etmişdir. Daha sonra evin alqı-satqısı baş tutmadığı üçün iddiaçı pulun qaytarılmasını cavabdehdən tələb etmişdir. İddiaçı bildirir ki, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair sənədin (çıxarışın) olmadığını alqı-satqıya gedən zaman notarisuda öyrənmişdir. Cavabdeh isə ona əvvəlcədən evin çıxarışının olduğunu bildirdiyi üçün evi almağa razı olmuşdur. Çıxarış olmadığı üçün evi almaqdan imtina etmişdir. Cavabdeh isə bildirir ki, evin sənədinin ancaq bələdiyyə sərəncamından ibarət olduğunu iddiaçı əvvəlcədən bilmişdir. İddiaçı son anda notariusda evi almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. - 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. - 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. - 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, beh müqaviləsi yazılı olmalı və daşınmaz əmlak barədə bağlandıqda isə notarial qaydada təsdiq edilməlidir. Lakin işin hallarından müəyyən edilir ki, tərəflər beh müqaviləsinin göstərilən şərtlərinə riayət etməmişdirlər. Bununla yanaşı qanunverici müəyyən etmişdir ki, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan daşınmaz əmlakın alqı-satqısına dair razılaşma üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş 5.000 manat və 700 manat pul məbləğləri beh ödənişi deyil, avans ödənişidir. Odur ki, beh müqaviləsinin kim tərəfindən və hansı əsasdan pozulmasının müəyyən edilməsinə ehtiyac yoxdur. Məhkəmə onu da qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı beh yalnız tərəflər arasında bu barədə yazılı və notarial qaydada təsdiq edilmiş razılaşma mövcud olduqda beh kimi qiymətləndirilə bilər. Belə razılaşma olmadıqda, tərəflərdən birinin digər tərəfə verdiyi pul vəsaiti, tərəflərin iradəsindən və onu “beh” adlandırmasından asılı olmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.3-cü maddəsinə əsasən avans ödənişi hesab edilir. Verilmiş məbləğ avans kimi qiymətləndirildikdə, daşınmaz əmlakın alqı-satqısı baş tutmadığı halda, tərəflərdən hansının müqavilənin bağlanmasından imtina etməsinin hüquqi əhəmiyyəti yoxdur və həmin avans məbləği onu alan şəxs tərəfindən geri qaytarılmalıdır. Bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.2-ci maddəsində nəzərdə tutulmuş behin iki mislinin tutulması barədə hüquqi nəticələr tətbiq edilmir. Bu baxımdan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaiti beh deyil, avans xarakteri daşıyır və daşınmaz əmlakın alqı-satqısı baş tutmadığından həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçı həmin vəsaitləri cavabdehə vermiş və cavabdeh həmin vəsaitlərdən istifadə etməklə evini təmir etdirmişdir. Bu işin mübahisəsiz halıdır. Tərəflər arasında olan şifahi razılşma üzrə evin alqı-satqısı sonradan baş tutmadığından, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi avans məbləğinin cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehə darvazı üçün verdiyi 700 manat puldan 500 manat hissəsini cavabdeh ona geri qaytarmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5.000 manat və 200 manat olmaqla, cəmi 5.200 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı həmçinin tələbində vurulmuş mənəvi zərər qismində 3.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu bildirərək mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehlərin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. İddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərin vurulduğu, habelə həmin zərər ilə cavabdehin davranışı arasında səbəbli əlaqənin mövcudluğu sübut edilmədiyindən, mənəvi zərərin ödənilməsi tələbi əsassız hesab edilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, hazırkı mübahisə tərəflərin əmlak maraqları ilə bağlıdır və mənəvi zərərin ödənilməsini şərtləndirmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 100 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. İddiaçının 500 manat hüquqi yardımla bağlı vəkilə ödədiyi xərcin cavabdehdən tutulması barədə tələbinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı aralarında olan razılıq baş tutmadığı halda, cavabdehin ona verilmiş pulu qaytarmaması nəticəsində hüquqi yardım almaq üçün vəkilə müraciət edərək, hüquqi yardımdan istifadə üçün 500 manat xərc çəkmək məcburiyyətində qalmışdır (bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir). Odur ki, hüquqi yardımla bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 5.200 manat pul vəsaiti, 500 manat vəkilə ödənilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5.200 (beş min iki yüz) manat pul vəsaiti, 500 (beş yüz) manat vəkilə ödənilmiş xərc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar