Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-457/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı Şəhəri, Nərimanov rayonu, Vahid küçəsi, ev 12 ünvanında yerləşən 4 nömrəli mənzildən Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı keçmiş əri Cavabdeh ilə xx.xx.2004cü il tarixdə Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra o, müvafiq orqana müraciət edərək cavabdehi öz əri kimi, mülkiyyət hüququnun qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanda yaşamaq hüququ vermişdir. Rəsmi nikaha daxil olduqdan sonra bir müddət ərzində cavabdehlə bir yerdə yaşasalar da, 2009-cu il tarixdən cavabdeh həmin evi tərk edərək valideynlərinin evinə gedib və bir daha geri qayıtmamışdır. Bunun məntiqi nəticəsi kimi də xx.xx.2016-cı il tarixdə aralarında bağlanan nikah da rəsmi olaraq pozulmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmış bir övladları var və o, da anası ilə yaşayır. Hazırda cavabdeh onun ailə üzvü olmadığı üçün və onunla heç bir bağlılığı olmadığı səbəbindən ona məxsus evdə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdehin onun evində qeydiyyatda qalması mülkiyyəti ilə bağlı müstəqil sərəncam vermək hüququnu pozur. Belə ki, cavabdeh daimi yaşamaq üçün xaricə köçmüş və artıq 14 ilə yaxındır ki, cavabdeh evi tərk etmişdir və özünə məxsus əşyalarını da aparmışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması və onun qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması haqqında qətnamə qəbul edilməlidir. Göründüyü kimi mənzil İddiaçı adına rəsmiləşdirilmişdir və onun xüsusi mülkiyyətindədir. Cavabdeh ilə iddiaçı arasındakı nikah xx.xx.2016-ci il tarixdə ləğv edilmişdir. Belə olan halda qanunvericiliyə əsasən cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 235581 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı Şəhəri, Nərimanov rayonu, Vahid küçəsi, ev 12 ünvanında yerləşən 2 otaqlı, 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti olaraq xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır; - 37 saylı MKİS-in 04.2023-cü il tarixli arayışının surətindən görünür ki, Bakı Şəhəri, Nərimanov rayonu, Vahid küçəsi, ev 12, 4 saylı mənzildə İddiaçı, həyat yoldaşı Cavabdeh, qardaşı X3, qızı X6 qeydiyyatdadırlar; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2004-cü il tarixdə bağlanmışdır; - Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 249 saylı sərəncamının surətindən görünür ki, mənzilin əvvəlki icarədarı X2 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Hazırda həmin mənzildə 1980-ci ildən etibarən 2 nəfərlik ailə tərkibi (özü,qardaşı) keçmiş icarədarın qızı X5 yaşayır və mənzilin icarə müqaviləsini onun adına dəyişdirilməsinə yetkinlik yaşına çatmış ailə üzvünün rəsmi qaydada razılığı vardır. Ə.Vahid küçəsindəki 12 saylı evin yaşayış sahəsi 30.05 kv.m olan iki otaqlı, 4 saylı mənzilinin icarə müqaviləsinin 2 nəfərlik ailə tərkibi ilə (özü, qardaşı) vətəndaş X4 adına dəyişdirilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi, vətəndaş İ.A.Vəlixanovna ilə həmin mənzilə icarə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının 37 saylı MKİS-ə tapşırılması qərara alınmışdır; - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanında xx.xx.2005-ci il tarixində pasport qeydiyyatına alınmış və bugünədək orada qeydiyyatdadır; - Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 001172 nömrəli, xx.xx.2005-ci il tarixli arayışının surətindən görünür ki, ünvan 2 ünvanında İddiaçı və qardaşı X3 qeydiyyatdadırlar; - X1 xx.xx.2005-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı Şəhəri, Nərimanov rayonu, Vahid küçəsi, ev 12, 4 nömrəli mənzilə Cavabdeh daimi qeydiyyata alınmasına etiraz etməmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir; - Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Nərimanov rayonu, Vahid küçəsi, ev 12, 4 saylı mənzilə dair icarə müqaviləsi iddiaçının anası ilə bağlanmışdır, anası vəfat etdikdən sonra icarədarın ailə üzvü kimi iddiaçı ilə bağlanmışdır. Daha sonra həmin mənzildə qeydiyyatda olan iddiaçının qardaşı mənzilin onun adına özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2005-ci il tarixdə iddiaçı həmin mənzilə dair qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2005-ci il tarixdə isə iddiaçının keçmiş əri, cavabdeh həmin mənzilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı onlar arasında nikahın pozulmasını və illərdir cavabdehin həmin ünvanda yaşamamasını əsas gətirərək, onun ünvan 3anında yerləşən 4 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2009-cu il tarixədək (cavabdeh mübahisəli mənzilə 2005-ci il tarixdə qeydiyyata alınmışdır) yarandığıdan hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəalarına əsasən həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddələrin məzmunundan görünür ki, mülkiyyətçinin keçmiş ailə üzvünün o zaman yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ vardır ki, o, mülkiyyətçi ilə birgə yaşasın. Həmin maddə ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə və 9-cu maddəsinə görə isə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki halda istər mülki, istərsə də mənzil və ailə qanunvericiliyinin tələbləri baxımından cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Bu baxımdan cavabdehin uzun müddətdir ki mülkiyyətçi ilə birgə mübahisələndirilən mənzildə yaşamaması təsdiq olunduğundan, həmçinin onun Mülki Məcəllənin 228.1 və ya 228.2-ci maddələri ilə müəyyənləşdirilmiş qaydada istifadə hüququ mövcud olmadığından mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı Şəhəri Nərimanov rayonu, Vahid küçəsi, ev 12, 4 saylı mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki həmin ünvanda yaşamır və onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Belə ki, iş üzrə təqdim edilmiş sübutlardan və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatından göründüyü kimi, cavabdehlə iddiaçı arasındakı nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Cavabdeh 2009-cu il tarixdən həmin mənzildə yaşamamışdır. Bu isə onun mənzilə ehtiyacının aradan qalxdığı anlamına gəlir. Cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh ünvan 3anında yerləşən 4 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3anında yerləşən 4 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-457/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-457/2024
24.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver