Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-468/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və həmin avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobilini etibarnamə əsasında Cavabdeh2 sərəncamına vermişdir. Cavabdeh2 etibarnamə əsasında verdiyi səlahiyyətlərindən suiistifadə edərək iradə ifadəsi və tapşırığı olmadan həmin avtomobili digər Cavabdeh1 ona məlum olmayan yolla özgəninkiləşdirmişdir. Cavabdeh2 avtomobildən istifadə məqsədilə verdiyi etibarnamənin həqiqi məqsədinə zidd olaraq onu özgəninkiləşdirərək mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən də qeyd olunan avtomobil üzrə bağlanılmış əqd etibarsız hesab edilərək, cavabdehlərin qanunsuz sahibləyindən alınmalı və ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, Cavabdeh1 sürücüsüdür. Sürayyə xanım ona tapşırmışdır ki, gedib avtomobili gətirsin. Avtomobili götürən zaman ona avtomobilə dair etibarnamə, sənəd və açarlar verilmişdir. Bir müddət sonra Surayyə xanım ona gedib avtomobili onun adına keçirtməsini tapşırmış və o, avtomobili Surayyə xanımın adına keçirtmişdir. Həmin vaxtdan indiyədək avtomobil Surayyə xanımdadır və o, həmin avtomobilin sürücüsü işləyir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: 624907 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-LN- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S500” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur; ƏN-Vİİ seriyalı, 856321 saylı Nəqliyyat vasitəsinə dair etibarnamənin surətindən görünür ki, “etibar edən” (mülkiyyətçi) İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 0208.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “etibar edilən” Cavabdeh2 ötürmüşdür; xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “satıcı” İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S500” markalı nəqliyyat vasitəsini 20000 manat məbləğ qarşılığında “alıcı” Cavabdeh1 satmışdır; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində hüquqlarının həyata keçirilməsini Cavabdeh2 tapşırmışdır. Cavabdeh2 ona verilmiş etibarnamə ilə **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz-S500” markalı nəqliyyat vasitəsini digər cavabdeh olan Cavabdeh1 satmışdır. İddiaçı Cavabdeh2 etibarnamə əsasında verilmiş hüquqlardan suiistifadə etməsini rəhbər tutaraq, cavabdehlər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi və avtomobilin qanunsuz sahiblikdən geri alınması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Həmin məcəllənin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Həmin məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələblərini irəli sürməkdə haqlı deyildir. Belə ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi İddiaçı Cavabdeh2 etibarnamə ilə veridiyi səlahiyyətlərə müvafiq olaraq həyata keçirilmişdir. ƏN-Vİİ seriyalı, 856321 saylı Nəqliyyat vasitəsinə dair etibarnaməyə əsasən “etibar edən” (mülkiyyətçi) İddiaçı **-LN-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S500” markalı avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “etibar edilən” Cavabdeh2 ötürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüququnu Cavabdeh2 ötürmüş, sonuncu isə bu səlahiyyətindən istifadə edərək avtomobilini digər Cavabdeh1 satmışdır. Yəni iş üzrə alqı-satqı müqaviləsinin etibarsızlığına əsas verən heç bir hal mövcud deyildir və nəqliyyat vasitəsi qanuni olaraq Cavabdeh1 mülkiyyətində və sahibliyindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-468/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-468/2025
27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver