Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4692/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət kimi qeyd olunmuş 0.00672 ha. torpaq sahəsinin xüsusi mülkiyyətinə verilərək adına özəlləşdirməsini və həmin öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 Saylı Bakı Ərazi İdarəsinin öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarına əsasən: 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 09 oktyabr 2024-cü il tarixli Qərarı ilə əlavə və dəyişikliklər edilmiş redaksiyası) İddia ərizəsindən görünür ki, iddia tələbi torpaq sahəsinin xüsusi mülkiyyətə verilərək özəlləşdirilməsi və həmin öhdəliyin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlıdır. Üzərinə öhdəlik qoyulması xahiş edilən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsidir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 31-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və s. inzibati orqan kimi müəyyən edilmişdir. Tələb torpaq münasibətlərindən irəli gələn mübahisədir. İddiaçı mülkiyyətində olan əmlakın altında yerləşən dövlət mülkiyyətində olan torpağın öz adına özəlləşdirilməsini xahiş edir. Tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı bağlanmış müqavilə mövcud deyildir. “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun: -8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. -8.3. Dövlət əmlakını satıcısının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi akta uyğun olaraq tənzimlənir. -15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənini təsdiq edilməsi barədə» Əsasnamənin: 11-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Göründüyü kimi hazırki tələb dövlətin mülkiyyətində olan torpağın fiziki şəxsin mülkiyyətinə verilməsi ilə bağlı fiziki şəxs və hakimiyyət səlahiyyətlərinin subyekti olan orqanlar arasında torpaqla bağlı yaranmış mübahisə ilə bağlıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, torpaq sahəsi dövlətin mülkiyyətindədir, həmin torpağın özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq sərəncam verilməlidir. Həmin sərəncamın verilməsi isə inzibati orqanın, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətindən irəli gəldiyindən bu halda hazırki mübahisəyə mülki qaydada baxılması da mümkün deyildir. Yəni iddiaçının tələbi inzibati xarakterli olmaqla, inzibati orqana qarşı yönəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəyə hazırki məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında aidiyyatı inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə ərizəçiyə hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Bununla yanaşı məhkəmə hesab edir ki, ərizənin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edildiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri, habelə iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********80) dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” tələbinə dair ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının hazırki tələblə aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ vardır. İddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********80) dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4692/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4692/2024
14.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver