Məhkəmə qərarları › İş №e-2(005)-4863/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4863/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4863/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin “subroqasiya qaydasında geri qaytarılması tələbinə dair” kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.150 (üç min yüz əlli) manat məbləğində vəsaitin və 51,50 (əlli bir manat 50 qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq «Azsiğorta” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində X3 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasına İddiaçı ASC-də “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növündə sığorta təminatı almışdır. Həmin “BAKCELL” mağazasında xx.xx.2021ci ildə baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-290/2022 saylı cinayət işi üzrə hökmünə əsasən, X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasında baş verən oğurluq hadisəsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1318 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (“BAKCELL”) olan daşınar əmlaka oğurluq hadisəsi nəticəsində 3.400 (üç min dörd yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixli, Fİ-0005/2022/AKT1188/22 nömrəli aktla 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 3.150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş cavabdehin cəzaçəkmə müəssisəsində cəzaçəkməsi əsası ilə qeyd olunan ünvanda qəbul edilməmiş və məhkəməyə geri qaytarılmışdır. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə müəssisəsinə Cavabdeh təqdim olunması üçün bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə qeyd olunan ünvanda imza edilməklə təhvil alınmışdır. Bununla belə, Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsindən görünür ki, X3 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasına İddiaçı ASC-də “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növündə sığorta təminatı almışdır. - xx.xx.2022-ci il tarixli, 1318 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (“BAKCELL”) olan daşınar əmlaka oğurluq hadisəsi nəticəsində 3.400 (üç min dörd yüz) manat məbləğində zərər vurulmuşdur. - xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, dəymiş zərərin əvəzinin ödənilməsi üçün 3150 manat sığorta ödənişi hesablanmışdır. - İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-290/2022 saylı hökmündən məlum olur ki, X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasında baş verən oğurluq hadisəsi ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. - xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, Sığorta Şirkəti tərəfindən X2 3150 manat ödəniş olunmuşdur. - 21.10..2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, «Azsiğorta” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51,50 (əlli bir manat 50 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri iş materialları ilə müəyyən edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində X3 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasına İddiaçı ASC-də “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növündə sığorta təminatı almışdır. Həmin “BAKCELL” mağazasında xx.xx.2021-ci ildə baş vermiş oğurluq hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-290/2022 saylı cinayət işi üzrə hökmünə əsasən, X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən “BAKCELL” mağazasında baş verən oğurluq hadisəsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri iş materialları ilə müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 1318 nömrəli dəymiş zərərin hesabatı ilə bağlı rəylə X1 icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən qeyriyaşayış sahəsində (“BAKCELL”) olan daşınar əmlaka oğurluq hadisəsi nəticəsində 3.400 (üç min dörd yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixli, Fİ-0005/2022/AKT1188/22 nömrəli aktla 250 (iki yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 3.150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Məhkəmə yuxarıda istinad olunan hüquq normalarını hazırki iddia ərizəsinə tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh vurulmuş zərərə görə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51,50 (əlli bir manat 50 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3.150 (üç min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,50 (əlli bir manat 50 qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi kimi 3.150 (üç min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,50 (əlli bir manat 50 qəpik) manat tutularaq iddiaçı «Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar