Məhkəmə qərarları › İş №e-2(005)-4894/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4894/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4894/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı “Paşa Sığorta» Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı"xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat sığorta ödənişinin, ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14.06.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** US *** dövlət qeydiyyat nişanlı Lifan LF 7132/2 320 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuşzərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalıavtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 30.10.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin,cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, 01 iyul 2019-cu il tarixdə ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. 14.06.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** US *** dövlət qeydiyyat nişanlı Lifan LF 7132/2 320 markalı avtonəqliyyat vasitəsi ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" ASC-nin 30.10.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 298.96 manat həcmində "xxxx" ASC tərəfindən zərərçəkənin avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 298,96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 298.96 manat məbləğində verilmiş sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 298.96 manat məbləğində verilmiş sığorta ödənişi və dövlət büdcəsinə ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova İş № 2(005)-4894/2021 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 01 noyabr 2021-ci il Bakı şəhəri Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:05 başladı. Hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq qətnaməni qəbul etdi. Prosessual hərəkət saat 11:15 qurtardı. Protokol 01 noyabr 2021-ci iltarixdə tərtib edilmişdir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar