Məhkəmə qərarları › İş №e-2(005)-504/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-504/2021

09.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-504/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı2, İddiaçı6 İddiaçı5 nümayəndəsi X2, İddiaçı4, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdehnə qarşı “sənədlərin təqdim olunması və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən MTK üzvlərinin ümumi yığıncağının iclas protokulundan iddiaçıların hər birinə aid təsdiq edilmiş çıxarışın, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışının və yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktının surətinin verilməsi öhdəliyinin qoyulması; ödənilmiş dövlət rüsumunun əvəzini cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə yazılı ərizə təqdim edərək, cavabdeh "Cavabdeh” Mənzil-Tikinti Kooperativinin üzərinə MTK üzvlərinin ümumi yığıncağının iclas protokolundan mənzilin verilməsi barədə iddiaçıların hər birinə aid təsdiq edilmiş 1 nüsxədə çıxarışların, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair 1 nüsxədə maliyyə arayışlarının, yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktının 3 nüsxədə surətinin verilməsi öhdəliyinin qoyulması; mənəvi zərərin əvəzi olaraq cəmi 3.000 (üç min) manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçılara ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın payçılarıdır. Müqavilə üzrə razılaşdırılmış pay haqqını tam ödədiklərini, artıq bir-neçə ildir ki, mənzillərdə yaşadıqlarını bildirmişlər. Buna baxmayaraq, cavabdeh mülkiyyət hüquqlarını rəsmiləşdirməyə imkan vermir, yəni pay haqqı üzrə borcun olmamasına dair arayışı və iclas protokolundan çıxarışı verməkdən imtina edir. Mülkiyyət hüququnun qeydiyyatına mane olmaqla cavabdeh onları bu məsələyə aid olmayan pul tələblərini ödəməyə məcbur etmək istəyir. Cavabdehin göstərdiyi dəlillər həm əsassızdır (çünki pay haqq üzrə hesablaşmaya ümumiyyətlə aid deyildirlər, yaranma mənbəyi mötəbər deyildir), həm də qanunsuzdur (qanunda birbaşa nəzərdə tutulmuş hüququmuzun həyata keçirilməsinə mane ola bilməz). Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə "Cavabdeh" MTK-ya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Sərəncamda yaşayış binasının tikintisinin "Cavabdeh" MTK üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcəyi qeyd edilmişdir. İddiaçılar aşağıdakı qaydada həmin yaşayış kompleksində mənzil almışlar: İddiaçı5, xx.xx.2008 il tarixli müqavilədə nəzərdə tutulmuş 71.290 (yetmiş bir min iki yüz doxsan) ABŞ dolları pay haqqını cavabdehin xəzinəsinə tam ödəyərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev kuçəsı 65, məh 1990 ünvandakı yaşayış kompleksində bina 4, 35 nömrəli mənzili almışdır. Bir-neçə ildir həmin mənzildə yaşayır. Ödənişlər müqavilədə təsdiq qeydi (b. 5.2) və xx.xx.2008, xx.xx.2008, xx.xx.2009. xx.xx.2009, 2412.2009.xx.xx.2010.xx.xx.2010. xx.xx.2010. xx.xx.2010 və xx.xx.2010 il tarixli maliyyə arayışları ilə sübut edilir. İddiaçı4 xx.xx.2013 il tarixli müqavilədə nəzərdə tutulmuş 78.328 (yetmiş səkkiz min üç yüz iyirmi səkkiz) manat pay haqqını cavabdehin xəzinəsinə tam ödəyərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 65, məh. 1990 ünvandakı yaşayış kompleksində bina 1, 78 nömrəli mənzili almışdır. Bir neçə ildir həmin mənzildə yaşayır. Ödənişlər müqavilədə təsdiq qeydi(b. 5.2) və xx.xx.2013, xx.xx.2013, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015, xx.xx.2020-ci il tarixli arayışları ilə sübut edilir. İddiaçı1 xx.xx.2012 il tarixli müqavilədə nəzərdə tutulmuş 49.080 (qırx doqquz min səksən) manat pay haqqını xx.xx.2013 il tarixində cavabdehin bank hesabına birdəfəlik olaraq tam ödəyərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 65, məh. 1990 ünvandakı yaşayış kompleksində bina 3, 5 nömrəli mənzili almışdır. Bir-neçə ildir həmin mənzildə yaşayır. Ödəniş FJB**********43 No-li mədaxil qəbzi ilə sübut edilir. X1 xx.xx.2013 il tarixli müqavilədə nəzərdə tutulmuş 71.290 (yetmiş bir min iki yüz doxsan) manat pay haqqını Cavabdehin bank hesabına xx.xx.2013 il tarixində birdəfəlik tam ödəyərək. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 65, məh. 1990 ünvandakı yaşayış kompleksində bina 1, 21 nömrəli mənzili almışdır. Bir-neçə ildir həmin mənzildə yaşayır. Ödəniş FJB**********160 №-li mədaxil qəbzi ilə sübut edilir. İddiaçı3 xx.xx.2012 il tarixli müqavilədə nəzərdə tutulmuş 96.824 (doxsan altı min səkkiz yüz iyirmi dörd) manat pay haqqını cavabdehin bank hesabına xx.xx.2012 il tarixində birdəfəlik tam ödəyərək, Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əliyev küçəsi, 65, məh. 1990 ünvandakı yaşayış kompleksində bina 3. 6 nömrəli mənzili almışdır. Bir-neçə ildir həmin mənzildə yaşayır. Ödəniş FJB**********448 №-li mədaxil qəbzi ilə sübut edilir. İddiaçı6 xx.xx.2013 il tarixli müqavilədə nəzərdə tutulmuş 70.704 (yetmiş min yeddi yüz dörd) manat pay haqqını cavabdehin xəzinəsinə tam ödəyərək, ünvan 4 məh 1990 ünvandakı yaşayış kompleksində bina 2, 52 nömrəli mənzili almışdır. Bir-neçə ildir həmin mənzildə yaşayır. Ödənişlər müqavilədə təsdiq qeydi (b. 5.2) və xx.xx.2013 və 09.06 2014 il tarixli maliyyə arayışları ilə sübut edilir. İddiaçılar müxtəlif vaxtlarda Cavabdehə müraciət etsələr də, sonuncu mənzillərə dair mülkiyyət hüququnu rəsmiləşdirilməsi üçün zəruri sənədləri verməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yazılı qaydada müraciətə də şifahi imtina cavabı verilmiş, yazılı cavab isə verilməmişdir. Qeyd edilən mənzillər artıq bir-neçə ildir ki, iddiaçıların faktiki sahibliyində və istifadəsindədir, mənzillərin alınması zamanı razılaşdırılmış pay haqqı uzun müddətdir ki, cavabdehə tam olaraq ödənilmişdir. Cavabdehin üzərində pay haqqı üzrə borcun olmaması haqqında arayışın və müvafiq mənzilin MTK üzvünə verilməsi haqqında ümumi iclas protokoundan çıxarışın verilməsi öhdəliyi vardır. Pay haqqını ödəmək üzrə müqavilə öhdəliyini yerinə yetirmiş MTK üzvlərinin (iddiaçıların) qeyd edilən mənzillərlə bağlı mülkiyyət hüququnun əldə olunmasına ağlabatan və qanuni gözləntisi vardır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı6 və İddiaçı5 nümayəndəsi X2, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh MTK tərəfindən qanuna və hüquqazidd hərəkətlər edilmir və iddiaçıların mülkiyyət hüququnu almaq üçün heç bir məhdudlaşdırma tətbiq edilmir. İlk növbədə, qeyd etmək lazımdır ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi xx.xx.2014 tarixində heç bir payçının etirazı olmadan dəyişdirilib. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana, isti su/istilik enerjisi paylayıcı şəbəkələri, o cümlədən, təhlükəsizlik avadanlıqları, onların sistemləri, fiberoptik xətlər və s. verilib. Layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdi və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğının baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 AZN düşür. Cavabdeh MTK payçılara sözügedən qurğuların qurulmasını məqsədəuyğun, onların təhlükəsizliyinin təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət etmişdir. Lakin iddiaçılar tərəfindən heç bir hərəkət görülməmiş və tərəflər arasında heç bir müqavilə bağlanmamışdır. MTK tərəfindən görülmüş işlər, gələcəkdə yanğınların qarşısını almaq, sakinlərin və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün görülmüşdür. MTK iddiasında ancaq çəkilmiş xərclərin ödənilməsini tələb edir. Bir daha qeyd edilir ki, görülmüş işlər, iddiaçıların mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir, ondan ötrü ki, onlar, bu günə kimi heç bir etirazla çıxış etməyib və görülən işləri bu gün də istifadə etdikləri üçün, bəyəniblər. Sakinlərinin yarısından çoxu həmin birgə mülkiyyətə verilən əlavə tikili və qurğuların dəyərini tam şəkildə ödəyib. Bir neçə mənzil sahibləri isə imkanları daxilində hissə-hissə ödəniş etməyi öhdələrinə götürüblər. Beləliklə, məsələ ondadır ki, payçıların qərarları olmadığı təqdirdə və müqavilə bağlanmadığı təqdirdə belə, onların 58%, yani 384 mənzil sahibindən 225 mənzil sahibi sözügedən tikilinin və qurğuların dəyərini, istifadə etdikləri və bəyəndikləri üçün, ödəyiblər. Digər problem doğuran məsələ isə ondadır ki, MTK iddiaçıların tələb etdikləri sənədləri təqdim etdikdə, onlar avtomatik olaraq, layihəyə uyğun olaraq, həmin qurğulara mülkiyyət hüququ da alırlar. Belə olduğu təqdirdə, iddiaçılar əsassız olaraq, bir manat belə ödəməmək şərtilə bahalı qurğuların mülkiyyətçisinə çevrilirlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 71290 AZN həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 1-ci binanın 3-cü mərtəbəsində yerləşən 83,87 kv.m. ümumi sahəsi olan 21 nömrəli 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı2 isə ümumi məbləği nəğd pulla müqavilə ilə razılaşdırılmış müddətdə “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 71290 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən yaşayış kompleksin 4-ci binanın 5-ci mərtəbəsində yerləşən 83,87 kv.m. ümumi sahəsi olan 35 nömrəli 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı5 isə mənzilin ümumi dəyərinin 70,1 %-ni təşkil edən 50000 (əlli min) ABŞ dollarını ilkin ödəniş olaraq, daha sonra 12 ay ərzində hər ay 1774 ABŞ dolları məbləği “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 96824 AZN həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 3-cü binanın 1-ci mərtəbəsində yerləşən 121,03 kv.m. ümumi sahəsi olan 6 nömrəli 3 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı3 isə ümumi məbləği (96824 AZN) 1 ay müddətində “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 49080 AZN həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən torpaq sahəsində inşa edilən yaşayış kompleksin 3-cü binanın 1-ci mərtəbəsində yerləşən 61,35 kv.m. ümumi sahəsi olan 5 nömrəli 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı1 isə ümumi məbləği (49080 AZN) 1 ay müddətində “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 72328 AZN həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən yaşayış kompleksin 1-ci binanın 12-ci mərtəbəsində yerləşən 92,15 kv.m. ümumi sahəsi olan 78 nömrəli 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı4 isə mənzilin ümumi dəyərinin 38,3 %-ni təşkil edən 30.000 (otuz min) AZN ilkin ödəniş olaraq, daha sonra 12 ay ərzində hər ay 4028 AZN məbləği “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Satıcı "Cavabdeh" MTK ilə alıcı İddiaçı6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətinə əsasən satıcı "Cavabdeh" MTK dəyəri 70704 AZN həcmində müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1990-cı məhəllədə yerləşən yaşayış kompleksin 2-ci binanın 8-ci mərtəbəsində yerləşən 88,38 kv.m. ümumi sahəsi olan 52 nömrəli 2 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı6 isə mənzilin ümumi dəyərinin 87,7 %-ni təşkil edən 62.000 (altmış iki min) AZN ilkin ödəniş olaraq, daha sonra 6 ay ərzində hər ay 1451 AZN məbləği “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunan hüquq normasının dispozisiyasından da aydın olduğu kimi, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edən kompleks hüquq olduğuna görə, yalnız sahiblik və istifadə hüquqlarının mövcudluğuna dayanaraq şəxsin əmlak üzərində mülkiyyət hüquqlarını tanımaq qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 "Cavabdeh" MTK-ya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksindən mənzillər almış, həmin mənzillərə dair "Cavabdeh" MTK- ilə müvafiq müqavilələr bağlanmış, pay haqqının tam ödənilməsinə dair maliyyə arayışları verilmişdir. İşin bu halı tərəflər arasında mübahisələndirilmir. İddiaçılar mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Mənzil tikinti kooperativi tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə arayışı iddiaçılara təqdim edilmədiyi müəyyən edilmiş və bu səbəbdən onların tələblərinin icrası mümkün olmamışdır. İddiaçılar mənzillərinə mülkiyyət hüququnun tanınması, mənzilə mülkiyyət hüququnun sənədləşdirilməsi, onun dövlət qeydiyyatına alınıb adlarına çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin tələb etdiyi sənədlərin təqdim edilməsi öhdəliyinini "Cavabdeh" MTK-nın üzərinə qoyulmasını tələb edir. Lakin, mübahisəli mənzillərə dair müvafiq sənədlər cavabdeh tərəfindən iddiaçılara təhvil verilməmiş, bununla da cavabdeh öz öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçılardan mənzilin dəyərini almaq hüquqlarına malik olduqları kimi, eyni zamanda həmin müqavilələr əsasında sənədlərin də iddiaçılara təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilələr əsasında iddiaçılardan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, lakin bu barədə sənədləri- MTK üzvlərinin ümumi yığıncağının iclas protokolundan mənzilin verilməsi barədə iddiaçıların hər birinə aid təsdiq edilmiş çıxarışları, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair maliyyə arayışlarını, yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktını iddiaçılara təhvil verilməli olmalarına dair vəzifələrini icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 mənzillərinə dair sənədləri təhvil verilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən mənzillərin ödənişini tam şəkildə həyata keçirmiş, cavabdeh tərəf isə pay haqqının tam ödənilməsi qəbul etsə də, iddiaçıların kommunal xidmətlərə görə borcunun olduğu üçün iddiaçıların müraciətlərinin müsbət cavablandırılmadığını bildirmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. Lakin həmin hüquqlar dövlət qeydiyyatına alınmadığına görə iddiaçının mənzil üzərində sərəncam hüququ yoxdur. Bu isə iddiaçıların mübahisələndirilən mənzillərə mülkiyyət hüquqlarının tanınmasına maneçilik yaradır. Lakin, cavabdeh "Cavabdeh" MTK tərəfindən mənzil tikintisi haqqında bağlanmış müqavilənin şərtlərinə əməl etməli və həmin müqavilələr əsasında iddiaçılara mənzilləri ilə bağlı yaranmış saiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törətməməli və həmin mənzilinə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə sənədlərin- "Cavabdeh” Mənzil-Tikinti Kooperativinin üzərinə MTK üzvlərinin ümumi yığıncağının iclas protokolundan mənzilin verilməsi barədə iddiaçıların hər birinə aid təsdiq edilmiş 1 nüsxədə çıxarışların, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair 1 nüsxədə maliyyə arayışlarının, yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktının 3 nüsxədə surətinin verilməsi öhdəliyi qoyulmalıdır. Buna görə də iddia tələbi qeyd edilən hissələrdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıların iddia tələbinin qismən təmin olunması onlara münasisibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X9 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. X9 Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 65, məh. 1990 ünvandakı mənzillərə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə çıxarışın iddiaçıların adına verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün sənədlərin təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 - "Cavabdeh” Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının iclas protokolundan mənzilərin verilməsi barədə iddiaçıların hər birinə aid təsdiq edilmiş (1 nüsxədə) çıxarışlar, iddiaçıların hər birinə aid pay haqqının (mənzilin dəyərinin) tam ödənilməsinə dair (1 nüsxədə) maliyyə arayışları yaşayış kompleksinin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktının (3 nüsxədə) surətinin verilməsi öhdəliyi cavabdeh "Cavabdeh” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar