Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-507/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: borc tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı,vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Qibləli oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14.000 manat pulun və 133 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, bir neçə il öncə “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də girova qoyularaq, həmin maşına görə onun adına kredit rəsmiləşdirilmişdir. Bu avtomobilin sənədində mülkiyyətçi kimi iddiaçının adının qeyd edilməsinə baxmayaraq, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X2 istifadəsində olmuşdur. Cavabdeh H.Əlimirzəyev “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin kreditinin bir hissəsini ödəmiş, lakin sonradan banka olan qalıq kredit borcunu ödəməmişdir. Buna görə həmin kreditin qalıq məbləği yəni, 9921.66 ABŞ dolları iddiaçıdan tələb edilmişdir. Həmin borc ödənilmədiyinə görə iddiaçının ölkədən çıxışı məhdudlaşdırılmış və digər əmlaklarına həbs qoyulmuşdur. Qalıq kredit borcunun ödənilməsini cavabdeh X1 dəfələrlə xahiş etsə də, o, iddiaçıya bildirmişdir ki, qalıq kredit borcunu iddiaçı ödəsin və sonradan cavabdeh, həmin pulu Elnura verəcək. Cavabdehlə ortada tanış şəxslər olduğuna görə iddiaçı ona inandığı üçün, eləcə də iddiaçının ölkədən çıxmağa zərurət yarandığına görə məcbur olub, sözügedən kredit borcunu tam ödədi. Bundan sonra, “X11 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru Süleyman Bəkirov tərəfindən xx.xx.2022-ci il tarixli 3508 nömrəli məktubla Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə müraciət edildi, kredit borcunun iddiaçı tərəfindən tam ödənildiyi üçün ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi xahiş olunmuşdur. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" QSC-nin Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. “X11 Edilməsi Agentliyi” MMC-nin Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə edilmiş müraciəti əsasında ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülmüşdür. Kredit borcuna görə ödədiyi pulu cavabdeh X1 dəfələrlə tələb etsə də, bugünədək iddiaçıya ümumilikdə 1000 (bir min) ABŞ dolları pul geri qaytarılmışdır. Cavabdeh X2 hazırda iddiaçıya 8921 ABŞ dolları qalıq borcu olsa da, həmin məbləğdən cəmi 14.000 manat pul ödənilməsi cavabdehdən xahiş olunsa da, o, bu məbləği də ödəməkdən yayınır. Bununla bağlı cavabdehlə votsap yazıları və səs yazıları da mövcuddur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmiş, bildirilmişdir ki, cavabdeh ümumiyyətlə iddia tələbi ilə razı deyil və iddianı qəbul etmir. Tərəflər arasında dostluq, yoldaşlıq münasibətləri olmuşdur. İddiaçı özü kreditlə avtomobil almışdır. Cavabdehə verilən etibarnamə üzrə cavabdeh 1-2 dəfə cəmi avtomobildən istifadə etmişdir. Cavabdehə avtomobilə etibarnamə verildikdən təxminən 2-3 ay sonra iddiaçının özü avtomobili idarə edərkən qəza törətmiş, avtomobil aşmış, tamamilə yararsız hala düşmüşdür. Bu barədə X15 araşdırılma aparılmış və qəza haqqında iddiaçının adı qeyd olunan protokol tərtib edilmişdir. Bundan sonra uzun müddət iddiaçının sığorta təşkilatı ilə məhkəmə mübahisəsi getmiş, sonra iddiaçı cavabdehə bildirmişdir ki, avtomobil hərracda satılmışdır. Belə olan halda cavabdehin borcunun nədən qaynaqlandığı məlum deyil. Yaxın münasibətləri olduğu üçün cavabdeh iddiaçıya bir yoldaş kimi imkanı daxilində yalnız kömək edə biləcəyini demişdir. Göründüyü kimi, iddiaçı avtomobillə özünün qəza törətməsi və avtomobili tam yarasız hala salması haqqında vacib sübutu məhkəmədən gizlətmiş, iddia ərizəsində bu vacib halı göstərməmişdir. Cavabdehin iddiaçı qarşısında hər hansı bir kredit öhdəliyi olmamışıdr və bunu sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəməyə müxtəlif instansiyalara ünvanlanmış məktubların surətini təqdim edir və ya həmin instansiyalardan da bu məktublar məhkəməyə göndərilir. Hesab edir ki, bunların hamısı məhkəməyə təzyiq kimi qiymətləndirilməlidir. İddiaçı məhkəməyə sübut kimi CD disk təqdim etmişdir. Həmin CD disklə xx.xx.2024-cü il tarixində tanış olan zaman məlum oldu ki, nə səs yazılarında, nə də WhatsApp yazışmalarında cavabdehin borclu olduğunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Səs yazılarında və WhatsApp yazışmalarında iddiaçı bir dəfə də olsun cavabdehin borclu olduğunu, hansı miqdarda borclu olduğu haqqında bir kəlmə belə demir. Eyni zamanda cavabdehin səs yazılarında da o iddiaçıya hər hansı borcu olduğunu etiraf etməmişdir.İddiaçı iddia edir ki, cavabdeh ona borcundan 1000 manat ödəmişdir. Belə bir şey olmamışdır. Bu faktı sübut edən heç bir dəlil mövcud deyildir. Cavabdehin təqdim etdiyi WhatsApp yazışmasında 27 iyul 2022 tarixində 11:03-də cavabdehin belə bir yazısı var: “Salam. Bir azdan şofer ilə göndərəcəklər. Hara gətirsin 1000?”. Göründüyü kimi, cavabdeh yazmamışdır ki, 1000 manat göndərirəm, yazıb ki, göndərəcəklər. Cavabdeh bildirir ki, iddiaçı ona borc pul tapmağa kömək etməyi xahiş etmişdi, o da özündə olmadığından başqa bir şəxsdən cavabdehə pul borc verməyi xahiş etmişdir. Buna görə də həmin 3 şəxs iddiaçıya taksi ilə 1000 manat göndərmişdir ki, bunun da cavabdehə heç bir aidiyyəti yoxdur. WhatsApp yazışmasında 20 aprel 2023 tarixində 12:28-də iddiaçı yazmışdır: “Qardaş salam necəsən mənə köməklik elə mənim də vəziyyətim yaxşı deyil işdən də dirəniblər ki, pulu bağla, çatdıra bilmirəm, nə verə bilsən aybaay köməklik elə görüm banka pul götürə bilirəm buranın pulun bağlıyım banka ödəyək”. Göründüyü kimi, iddiaçı cavabdehdən hər hansı borcunu qaytarmağı tələb etmir, yalnız ona kömək etməyi xahiş edir. Belə olan halda iddiaçının ödədiyi kredit borcunu cavabdehdən tələb edərək məhkəməyə müraciət etməsi başa düşülən deyil. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, cavabdehə verilən etibarnaməin müddəti xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək, yəni 3 il nəzərdə tutulmuşdur. Hətta hipotetik fərz etsək ki, cavabdeh iddiaçının kredit borcunu ödəməlidir, onda iddiaçının idd tələbi irəli sürmək üçün son hüququ xx.xx.2010-cu ildən sonrakı 3 il ərzində, yəni xx.xx.2013-cü ilə qədər olmalı idi. Bu müddətdən hazırda 11 il keçəndən sonra məhkəməyə iddia ərizəsi verilmişdir. Buna görə də məhkəmdən iddia müddətinin tətbiq edilməsinixahiş edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin tam əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində videokonfrans əlaqə sistemindən istifadə etməklə şahid qismində dindirilmiş X8 bildirdi ki, o, iddiaçı ilə qonşuluq münasibətində olmuşdur. Sözügedən “Lexus”markalı maşın onun qardaşına məxsus idi lakin, qardaşı həbs olunduqdan sonra maşın satışa qoyulmuş və cavabdehə satılmışdır. O kredit ilə bağlı onu qeyd etdi ki, 35000 ABŞ dolları məbləğində krediti iddiaçının adına götürülmüş, 2-3 ay ərzində krediti ödəniş sonradan ödənişləri həyata keçirdə bilməmişdir. Cavabdeh tərəfindən bu barədə öhdəlik götürdüyünü qeyd etdi, lakin həmin öhdəliyin götürülməsi ilə bağlı heç bir müqavilənin olmadığını qeyd etdi. Kredit üzrə ödənişlərlə bağlı bildirdi ki, cavabdehə bir neçə dəfə ödənişin edilməsi ilə bağlı xəbərdarlıq edilmiş və o, bir neçə dəfə 500 manat ödəniş etmişdir. Lakin sonradan heç bir ödəniş olunmadığını da qeyd etdi. Sözügedən maşının qəza keçirtməsi ilə bağlı onu qeyd etdi ki, o cavabdeh ilə danışıqları zamanı maşının qəza keçirtdiyini, yararsız hala düşdüyü üçün sığorta təşkilatı tərəfindən satıldığını cavabdehin ona bildirdiyini qeyd etdi. Həmçinin o qeyd etdi ki, “Lexus”markalı maşının etibarnaməsi iddiaçı tərəfindən cavabdehə verilmişdir. Mülki işin materialları - 02 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, “borcalan”-İddiaçı “kreditor” -"xxxx" Səbail filialından 35 000 manat istehlak kredit əldə etmiş “borcalan”-İddiaçı isə aldığı məbləği qaytarmağı və ona hesablanmış faizləri bu müqavilədə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. - 02 iyul 2007-ci il tarixli girov müqaviləsinə əsasən, Girovqoyan xx.xx.2007-ci il tarixli №-li kredit müqaviləsinə əsasən 35 000 (otuz beş min) ABŞ dolları kredit müqaviləsinə əsasən əldə edilən dəyəri 50 000 (əlli min) ABŞ dolları ona mülkiyyət hüququ ilə məxsus olan, 2003-cü il buraxılış ili, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi “Azərbaycan Beynəlxalq Banka” girov qoyulmuşdur. - Ödəniş qrafikinə əsasən, İddiaçı əsas borc 35 000 ABŞ dolları,faiz üzrə 6,372,92 ABŞ dolları ümumillikdə 41 372,92 ABŞ dollarıdır. - xx.xx.2022-ci il tarixli X10 görünür ki,X9 tərəfindən İddiaçı 8 400,00 USD borcunu ödəmişdir. - ƏN-İİ №177923, xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki,ünvan 1 ünvanında yaşayan İddiaçı, Bakı şəhəri, Akademik H.Əliyev küçəsi,ev 107,mənzil 51-də yaşayan Cavabdeh Qibləli oğluna DİN tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ AB 0İ5770 nömrəli şəhadətnamə əsasında ona məxsus buraxılış ili 2003-cü il,Lexus GX 470 markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini girovdan çıxdıqdan sonra sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxartmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edib. Etibarnamənin müddəti üç ildir və xx.xx.2010-cu ilə kimi etibarlıdır. Etibarnamə İddiaçı tərəfindən öz imzası ilə təsdiq edilmişdir. - 2191 nömrəli ünvan 3 ünvanlanan məktubdan görünür ki, Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixində 7E-11310 reyestr nömrəsi ilə təsdiq edilmiş LEXUS GX 470 markalı 10VE770 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə sərəncam hüququna dair X3 etibarnamə verilmişdir. - İddiaçı tərəfindən X3 ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, 14.000 (on dörd min) manat borcun və 133 ( bir yüz otuz üç) manat dövlət rüsumu X4 tərəfindən ödənilməsi xahiş olunur. - “X11 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin 04 avqust 2022-ci il tarixli 3507 nömrəli məktubundan görünür ki,”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən "xxxx" QSC-yə güzəşt edilmiş və idarəetməsi “X11 edilməsi Agentliyi” MMC-də olan,İddiaçı 02 iyul 2007-ci il tarixli kredit müqaviləsi ilə verilmiş kredit ödənilmişdir və halhazırda sözügedən kredit üzrə "xxxx" QSC-yə heç bir borcu yoxdur. - “X11 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin 04 avqust 2022-ci il tarixli 3508 nömrəli Bakı şəhəri BPİ-nira İstintaq və Təhqiqat İdarəsinə ünvanlanan məktubundan görünür ki, Azərbaycan Respublikasa Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasının səmərəli təşkil etmək məqsədi ilə "xxxx" QSC ilə “X14 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X11 Edilməsi Agentliyi” MMC həyata keçirir. İddiaçı gecikmədə olan kredit borcu "xxxx" QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı ASC-dən təhvil aldığı xx.xx.2018-ci il tarixli S-AVK-2147 jsfe-ii təhvil-təslim aktına əsasən, əsas borc üzrə 2 951.66 (iki min doqquz yüz əlli bir ABŞ dolları 66 sent) ABŞ dolları, faiz üzrə 6 970 (altı min doqquz yüz yetmiş) ABŞ dolları olmaqla cəmi 9 921.66 (doqquz min doqquz yüz iyirmi bir ABŞ dolları 66 sent) ABŞ dolları təşkil edirdi.Borclu İddiaçı xx.xx.2018-ci il tarixli S- AVK-2147 №-to təhvil-təslim aktına əsasən "xxxx" QSC qarşısında olan öhdəliklərin xx.xx.2022-ci il tarixində icra etdiyi üçün ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsində köməklik göstərilməsi xahiş edilmişdir. - 13 yanvar 2025-ci il tarixli,13-7/2-54/2025 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən ünvanlanan məktubdan görünür ki, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ("xxxx" ASC) olan cəmi 9.921,66 ABŞ dolları (2.951,66 ABŞ dolları əsas borc, 6.970,00 ABŞ dolları faiz borcu) məbləğində qalıq kredit borcu üzrə tələb hüququ 12 aprel 2018-ci il tarixdə "xxxx" QSC-yə keçmişdir. Bundan sonra həmin borcdan 8.450,00 ABŞ dolları ödənilmiş, yerdə qalan 1.471,66 ABŞ dolları faiz borcuna isə borclunun müraciəti əsasında müvafiq Komissiya tərəfindən güzəşt edilmişdir. Hal-hazırda İddiaçı "xxxx" QSC-yə kredit borcu mövcud deyil. - 21 yanvar 2025-ci il tarixli DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 14 saylı Vəkil Bürsounun vəkili Nümayəndə ünvanlanan məktubdan görünür ki,”Lexus” markalı,**-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 2007-ci ildən İddiaçı mülkiyyətindədir. Həmçinin, ”Lexus” markalı,**-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilmiş yol hərəkət qayda pozuntusuna görə tətbiq edilmiş cərimə qərarı barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat olmadığı bildirilmişdir. - “Whatsapp” ani ismarıc xidməti vasitəsi ilə aparılan yazışmaların mətninə əsasən,iddiaçı tərəfindən ”Qardaş salam necəsən? Mənə köməklik elə mənim vəziyyətim yaxşı deyil. İşdən də dirəniblər ki, pulu bağla çatdıra bilmirəm nə verə bilsən aybaay köməklik elə görüm banka pul götürə bilirəm buranın pulunu bağlayım banka ödəyək” ifadələri; cavabdeh tərəindən “Salam.Vəziyyət həddindən artıq pisdir” ifadələri; İddiaçı tərəfindən “Sabahın xeyir mən saat 12-də orda olmalıyam” Cavabdeh tərəfindən “Salam. Bir azdan şofer ilə göndəriləcək” “Hara Gətirsin 1000?” məzmununda, iddiaçı tərəfindən “İşdəyəm, Elitin yanına.” “3aydı maaş almıram.. Biz belə danışmamışdıq..Dedin bir yerdən götür ayda 500 dollar verəcəm..3 ay da maşınsız qaldım aya 700-800 manat taksi pulu verdim..Mən pislik eləməmişəm mən nə dediz o vaxt getdim elədim. İndi mən qalmışam pis vəziyytdə” məzmununda ..Cavabdeh tərəfindən “qaqa işdən çıxmışam səhhətimə görə”..”Qardaş salam necəsən? Qardaş necə eliyək keçən ay da puldan verə bilməmişəm dirənmişəm..camaat da pulunu istəyir” “Salam belə də, hələ də vurnuxuruq..” “abi vallah vəziyyət çox pisdi pul vermək lazımdı əlinnən nə gəlirsə elə ki mən də pis vəziyətdəyəm”..məzmununda, cavabdeh tərəfindən ”salam mənim də işim məhkəmədədir”; iddiaçı tərəfindən “Qardaş salam necəsən bizdə vəziyyət ağır olaraq qalır..Puldan da ödəyə bilmirəm..Ayın axırıdı dirəniblər necə edək?”; cavabdeh tərəfindən “Salam gələn aydan inşallah iş olmalıdır..Birinci növbədə sənin məsələndir” məzmununda ismarıclar göndərilmişdir. -İş materiallarında olan, üzərində “CD-R Verbatim” yazıları olan CD-diskdəki səs fayllarından görünür ki, iddiaçı “gedim görüm nə deyillər...maşın da qalıb həyətdə...vəkilimə deyəcəm gedib öyrənsin...bu məsələni həll etmək lazımdı...gedib görüşəcəm..maşının üstünə arest qoyublar..” kimi, cavabdeh isə “vəziyyət ağırdı...evdə problemlər var..mənim də vəziyyətim pisdi..” kimi ifadələr işlətmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 133 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddianın qanuni əsası araşdırılmalıdır. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası qismində öhdəlik münasibətləri, əsassız varlanma və ya delikt çıxış edə bilər. Mülki işin materiallarından, tərəflərin izahatlarından görünür ki, tərəflərin arasında hər hansı yazılı müqavilə mövcud olmamışdır. Eyni zamanda mülki işin materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədən də görünür ki, avtomobil 01 iyul 2007-ci ilədək X6 adına olub, həmin şəxs həbsdə olduğu üçün onun qardaşı X8 xahiş edib ki, “Lexus GX 470” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASCdə girov qoyaraq, iddiaçının adına kredit götürsün. Həmin çməbləği X8 götürmüş və iddiaçıya bildirmişdir ki, hər ay krediti özü ödəyəcək, həmçinin avtomobil onda qalacaq. Bir neçə ay həmin şəxs kredit müqaviləsi üzrə iddiaçının öhdəliyini icra etsə də, daha sonra bildirmişdir ki, avtomobili hazrki mülki iş üzrə cavabdeh olan Cavabdeh satacaq. Beləliklə, etibarnamə əsasında avtomobil cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh bir neçə dəfə kredit müqaviləsi üzrə ödəniş etsə də, daha sonra avtomobil qəzaya uğramış, cavabdeh ödəniş etməkdən imtina etmişdir. İddiaçı bank qarşısında öhdəliyin qalan hissəsini icra etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik münasibətlərinin yaranması öz təsdiini tapmır. Belə ki, iddiaçı ilə cavabdeh harasında heç bir yazılı müqavilə mövcud deyil. Mülki işin materiallarında olan, tərəflərin arasında danışıqların əks edildiyi CD-diskdə cavabdeh tərəfindən hər hansı şifahi öhdəliyin olduğunu göstərən etirafedici ifadəyə rast gəlinmir. İddiaçı avtomobilin cavabdehin mülkiyyətinə keçdiyini iddia etsə də, bunu təsdiqləyən müqavilə də mövcud deyil. Avtomobilə dair etibarnamənin verilməsi onun özgəninkiləşdirilməsini, yəni satılmasını ehtiva etmir. Digər tərəfdən yenə də mülki işin materilallarından aydın olur ki, baş vermiş yol qəza hadisəsi nəticəsində avtomobil yararsız hala düşmüşdür. İddiaçı hadisə zamanı avtomobilin əslində cavabdehin istifadəsində olması, lakin sığorta ödənişi ilə bağlı iddiaçının istifadəsində göstərildiyi dəlilini ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Beləliklə, iddia tələbinin digər əsası kimi çıxış edə bilən digər əsas - əsassız varlanma da aradan qalxmış olur, belə ki, cavabdehin iddiaçının xeyrinə varlanması halı müəyyən edilmir. Yenə də iddiaçının özünün izahatından görünür ki, kredit müqaviləsi üzrə pul məbləğini cavabdeh deyil, X8 götürmüşdür. Məhkəmə daha sonra qeyd edir ki, iddia tələbinin qanuni əsası kimi mülki delikt çıxış edə bilərdi. Lakin mülki işin materiallarından cavabdeh tərəfindən hər hansı deliktin törədilməsi, bunun nəicəsində iddiaçıya ziyan vurulması, bu ziyanla delikr arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə şahd qismində ifadə verən X5 ifadəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə həmin ifadəni mötəbər sübut hesab etmir. Belə ki, iddiaçının özünün təqdim etdiyi ərizə və izahatlardan görünür ki, ilkin olaraq avtomobil şahidin qardaşının adına olmuş, daha sonra şahidin təklifi ilə iddiaçı bankdan öz adına kredit götürüb və pulu götürüb. Eyni zamanda şahid özü avtomobil qəzaya düşmə vaxtında orada olmayıb, hadisə barədə başqalarının deməyindən məlumatlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, şahid ifadəsi mötəbər hesab edilsə belə, iddianın təmin edilməsi üçün kifayət edən əsaslı sübut hesab edilə bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. İddia tələbi üzrə sübut etmə yükü iddiaçının üzərində olduğundan cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olduğunu təsdiq edən mötəbər və yetərli sübutları məhkəməyə təqdim etmək vəzifəsi də həmin tərəfin üzərinə düşür. Lakin baş vermiş hadisələrin üzərindən uzun müddət keçmiş (iddia tələbi verilən vaxta), iddiaçı bu keçən müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməmiş, bu da öz növbəsində təqdim edilən sübutun yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. Halbuki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Nəzərə alınmalıdır ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Eyni zamanda sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarı). Eyni zamanda sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından ağlabatan müddətlər ərzində istifadə etməyən subyektlər öz tələblərinin təsdiq olunması üçün təqdim etdikləri sübutların mötəbərliyi və yetərliliyi ilə bağlı yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri daşıyırlar və iddianın uğurlu olması üçün sübutetmə bölgüsünə uyğun olaraq üzərilərinə düşən prosessual vəzifələri yerinə yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia tələbi mahiyyəti üzrə rədd edildiyindən, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin M əcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Qibləli oğluna qarşı borc tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-507/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-507/2025
10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver