Məhkəmə qərarları › İş №e-2(005)-5128/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5128/2024

13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5128/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək müqaviləsindən kənar işlədiyi dövr üçün maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək müqaviləsindən kənar işlədiyi dövr üçün maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsinə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək qanunvericiliyin müvafiq tələbinə riayət edilib-edilməməsi məsələsini müəyyən etmək mümkün olmamışdır. İddia tələbindən göründüyü kimi iddiaçı əvvəllər işlədiyi təşkilat ilə əmək münasibətləri çərçivəsində yaranmış mübahisənin məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə uyğun olaraq iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin tələblərinə görə mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.1.3-cü maddəsinin tələblərinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Mülki-Prosessual Məcəllənin 152.1.6-1.-ci maddəsinə görə isə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 149.3-cü maddəsinə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən isə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsindən göründüyü kimi, iddiaçı bir tərəfdən cavabdeh müəssisənin inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasını, digər tərəfdən isə müqavilədən kənar işlədilməsinə görə ona dəymiş maddi-mənəvi zərərin ödənilməsini tələb edir. İnzibati cərimə tətbiq olunması məsələsi isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan məsələlərə aid deyildir. Mülki-Prosessual Məcəllənin Məcəllənin 152.2 və 152.4-cü maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1, 152.1.6-1, 152.2 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək müqaviləsindən kənar işlədiyi dövr üçün maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar