Məhkəmə qərarları › İş №e-2(005)-513/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-513/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-513/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və X2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və"X11" MMC (X3) avtomobilimə vurulmuş 6298 manat maddi zərərin, qiymətləndirmə rəyinə görə 50 manatın, vəkilə ödənmiş 110 manatın, dövlət rüsumuna görə 82 manatın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Haval H6 markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı idarə etdiyi özünə məxsus Haval H6 markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə X. R. Ulutürk küçəsində hərəkətdə olarkən Cavabdeh2 idarə etdiyi BMC markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilinə (sol yan tərəf) zərər vurulmuşdur. Hadisənin Bakı ŞBPİ-nin DYPİ-nin X6 Şöbəsinin əməkdaşı Zaur Abbasov tərəfindən araşdırılması zamanı məlum olmuşdur ki, hadisədə təqsirkar olan şəxsin idarə etdiyi avtomobilin icbari sığortası olmamışdır. Beləliklə avtomobili idarə edənlə yanaşı mülkiyyətçisi də qanunvericiliyin tələbini pozmaqla avtomobili icbari sığorta etdirməmişdir. Cavabdeh2 "X11" MMC-nin (X4) mülkiyyətində olan ** JK *** dövlət nömrə nişanlı BMC markalı avtomobili ilə yol nişanının tələbini pozmuş və nəticədə idarə etdiyi, iddiaçıya məxsus avtomobili yararsız hala salmaqla mülkiyyətində olan əmlakına xəsarət yetirmişdir. Artıq hadisədən bir neçə müddət keçməsinə baxmayaraq cavabdehlər dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir addım atmamış, nə avtomobilimə dəymiş maddi zərəri, nə avtomobilsiz qaldığına görə taksilərə çəkdiyi xərci, nə də mənəvi zərər ilə bağlı hər hansısa bir qanuni tədbir görülmüşdür. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı hamiləlik dövründə olduğundan hadisə nəticəsində xeyli stress keçirib. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində olan inzibati işə baxılmış və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsiri təsdiq olunmuşdur. Odur ki, hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli olduğu sübuta yetirildiyindən, o və mülkiyyətçi "X11" MMC həmin hadisə nəticəsində iddiaçıya vurulmuş maddi ziyana görə mülki hüquq pozuntusu törətmiş olmaqla mülki hüquq məsuliyyəti daşıyırlar. Cavabdeh iddiaçıya bu günə kimi maddi zərərin əvəzi kimi heç bir vəsait ödəməmişdir. Cavabdehin səhvi və səhlənkarlığı ucbatından baş verən hadisə nəticəsində avtomobilinə dəyən maddi ziyan 6298 manat, qiymətləndirmə rəyi 50 manat, taksi və s. xərcləri 600 manat, vəkilə ödədiyi xidmət haqqı 110 manat, dövlət rüsumu 82 manat və mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 9140 manatdır. Bu, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür. Dəfələrlə maşına dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər hər dəfə bir bəhanə gətirərək iddiaçıya dəymiş ziyanı ödəməkdən yayınmışlar. Hadisəni törətməkdə təqsirli olmasına baxmayaraq cavabdehlər iddiaçıya vurulmuş ziyandan bu günə kimi heç bir məbləğ ödəməmişlər. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəməyə müraciət etmə qaydasını və maddi zərərin əvəzinin alınması üçün hansı addım atmalı olduğunu bilmədiyindən vəkilə müraciət edərək iddiaçıya köməklik göstərməsini xahiş etdi. Həmin xidmətin göstərilməsi üçün Xidmət müqaviləsi bağladı və bu xidmətə görə 110 manat ödəniş etməli oldu. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda verilmiş ekspert rəyinin hazırkı bazar qiymətləri ilə müqayisədə aşağı olduğunu bildirdi. Lakin təkrar ekspertizanın təyin edilməsini istəmədiyini qeyd etdi. Cavabdehlər iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan iş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan AD seriyalı 745501 №-li, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Şəhərdaxili və Şəhərətrafı Sərnişin Daşıma Avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilmək üçün verilmişdir. Həmin yol vərəqəsinə əsasən, “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus texniki baxışdan keçmiş və xəttə çıxma icazəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin kassa mədaxil qəbzinin surətindən görünür ki, “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qiymətləndirilməsi üçün 50 manat ödəniş edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20:10 radələrində Cavabdeh2 tərəfindən idarə olunan “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil (160 saylı marşrut avrobusu) Bakı şəhəri X.R.Ulutürk küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbilərini pozmaqla İddiaçı idarə etdiyi “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan AZEMİS məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2 "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. İş materiallarında olan X7 Xidmətinin məhkəmə sorğusuna alınmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləyir. Habelə Vergi ödəyicisinin məlumatlarından əldə edilmiş çıxarışa əsasən müəyyən olunur ki, X5 Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4545/2022 qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, № 9/9421 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Haval h6” markalı, ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6121,0 manat müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Konstitusiya Məhkəməsinin mövqeyinə görə işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, xx.xx.2022-ci il tarixdə, saat 20:10 radələrində Cavabdeh2 tərəfindən idarə olunan “BMC PROCİTY” Avtobus markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil (160 saylı marşrut avtobusu) Bakı şəhəri X.R.Ulutürk küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbilərini pozmaqla İddiaçı idarə etdiyi “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. Lakin iddiaçı qeyd edilən maddi zərərin 6298 manat olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Ancaq məhkəmədə tədqiq edilmiş mötəbər sübut olan müvafiq ekspert rəyi həmin məbləğ 6121 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində qismən əsaslı olduğu üçün qismən təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 MMC-yə məxsus nəqliyyat vasitəsilə, həmin nəqliyyat vasitəsini istifadə edərkən qanunazidd əməlləri nəticəsində, iddiaçıya məxsus nəqliyyat vasitəsinin bərpa olunması üçün Cavabdeh1 MMC-dən İddiaçı məxsus “Haval H6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq, ekspert rəyində qeyd edilən, 6121 manat İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə cavabdehlər Cavabdeh2 və X2 münasibətdə iddianı əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinin tələbinə əsasən, qanunverici öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin (hazırki halda Cavabdeh1 MMC-nin) həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə (hazırki halda iddiaçıya) dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Mülki işin materiallarından göründüyü kimi, Cavabdeh2 əmək müqaviləsi üzrə Cavabdeh1 MMC-də işləyir, digər cavabdeh X5 isə həmin cəmiyyətin qanuni nümayəndəsi olmaqla, cəmiyyəti təmsil edir. Belə olanda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hazırda iddia tələblərinə cavab verməli olan şəxs məhz Cavabdeh1 MMC-dir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 82 manat dövlət rüsumu, o cümlədən qiymətləndirmə rəyinə görə ödənilmiş 50 manat və vəkilin göstərdiyi hüquqi xidmətə görə 110 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 6121 (altı min yüz iyirmi bir) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 110 manat, qiymətləndirmə xidmətinə görə ödənilmiş 50 manat və 82 (səksən iki) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə maddi zərərə görə 6121 (altı min yüz iyirmi bir) manat, vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 110 manat, 50 manat qiymətləndirmə xərci olmaqla cəmi 6281 (altı min iki yüz səksən bir) manat pul və 82 (səksən iki) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3” hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar