Məhkəmə qərarları › İş №e-2(005)-523/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-523/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-523/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilləri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X11 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və X7 müştərək qaydada 10.136,00 manat maddi ziyanın, tərəflərindən "xxxx" MMC-yə ödənilmiş 160,01 manat xidmət haqqının, bu müddət ərzində "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 140 manatın və 3000 manat mənəvi zərərin, eləcə də hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 131 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 10.136,00 manat maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 160,01 manat xidmət haqqının və bu müddət ərzində "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 1680 manat pulun və 3000 manat mənəvi zərərin, eləcə də hazırkı iddia tələbinin qaldırılması üçün ödənilmiş 131 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində özünə məxsus “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşını yaşadığı binanın həyətində saxlamışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixində, saat 19:30 radələrində binanın 7-ci mərtəbəsində yerləşən evin pəncərəsinin (yəni cam balkon) şüşəsi naməlum səbəbdən qopub istifadəsində və sahibliyində olan “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə düşdüyünü aşkar etmişdir. Hadisəni bildikdən sonra dərhal DİN 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra onun şikayəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma başladılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, yaşayış binasının 7-ci mərtəbəsində yaşayan, yəni evin sahibi X11 adlı şəxsdir. X11 öz izahatında bildirmişdir ki, o, ona məxsus olan qeyd olunan ünvanda yerləşən 21 saylı 3 otaqlı mənzilini müqavilə əsasında Cavabdeh1 MMC-yə icarəyə vermişdir və hadisə barədə məsuliyyəti onlar daşıdığını bildirmişdir. Hadisə nəticəsində avtomobilə ciddi maddi ziyan dəymişdir. Həmin vaxtı o, dəymiş zərərin ödənilməsi üçün X9 və Cavabdeh1 MMC-nin rəhbərliyinə məlumat versə də, onun müraciətinə əhəmiyyət verilməmişdir. Sonra o, avtomobilinə dəymiş maddi ziyanın hesablanması üçün "xxxx" MMC-yə müraciət edib. "xxxx" MMC qiymətləndirmə aktı tərtib etdi və həmin qiymətləndirmə aktına əsasən onun avtomobilinə dəymiş ziyanı 10.136,00 manat qiymətləndirdi. Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-də onun şikayəti üzrə 28 sentyabr 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra o, törədilmiş hərəkətə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Xətai rayon Prokurorluğuna müraciət edib. Bakı şəhəri Xətai rayon Prokurorluğu da aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsini tövsiyə etmişlər. Hadisə baş verdiyi andan istifadəsində və sahibliyində olan “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşın hər hansı bərpa işi aparılmadığından bu günə kimi tərəfindən istifadə olunmur. Bu da maşının bazar qiymətinə təsir etməklə yararsız hala düşməsinə səbəb olur. Belə olan halda, Mülki Məcəllənin tələblərinə əsasən həm Cavabdeh1 MMC-dən və X11 müştərək qaydada vurduğu zərərin əvəzini, yəni avtomobilinə vurulmuş 10.136,00 manat maddi ziyan və tərəfindən ödənilmiş rüsumlar ona ödəməlidir. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, o, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmiş, cavabdehlə danışıqlar aparmış, vaxt itirmiş və əsəb, gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stress yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi iztirabı daha da dərinləşdirmişdir. Bunlar da iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Onun yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməsinin birbaşa səbəbkarı heç bir qanuni və hüquqi əsas olmadan onu aldadan cavabdeh olmuşdur. Cavabdeh1 MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh1 MMC ilə digər cavabdeh X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı istifadəyə götürmüşdür. Sözügedən daşınmaz əmlak Cavabdeh1 MMC tərəfindən yalnız iş saatları daxilində istifadə edilmişdir. İddia ərizəsində qeyd edilən tarixdə, yəni xx.xx.2022ci il tarixdə saat 19:30 radələrində qeyd olunan ünvanda iş saatı bitdiyinə görə MMC-nin heç bir əməkdaşı olmamış, hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumatları olmamışdır. Onların hadisə barədə yalnız telefon vasitəsi ilə məlumat verildikdən sonra xəbərləri olmuşdur. Hadisə barədə Xətai RPİ-nin 37-ci PŞ-da araşdırılma aparılmış və həmin araşdırma üzrə onların şirkət olaraq hər hansı məsuliyyət daşımaqları qeyd edilməmişdir. Ümumiyyətlə hadisə barədə onlar heç polis şöbəsinə dəvət edilməmişlər. Çünki daşınmaz əmlakın mülkiyyətçisi onlar olmadıqlarına görə və binada və yaxud onun hər hansı bir mərtəbəsində baş vermiş nasazlıqla bağlı onların nə icarə müqaviləsi üzrə, nə də ki qanunvericilik üzrə heç bir məsuliyyətləri mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunan icarə müqaviləsinin 3.1-ci bəndinin 6-cı yarımbəndinə əsasən, icarəyə verilən əmlak və onun içərisində olan bütün avadanlıqları, sanitar-texniki, sanitaravadanlıqları, məişət texnikası, mebellər, qaz, su, kanalizasiya, istilik sistemləri borularını elektrik və digər xətləri daimi olaraq tam saz vəziyyətdə saxlamalı, vaxtaşırı olaraq onların sazlığını yoxlamalı və zəruri, cari və əsaslı təmir işlərini yerinə yetirməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən hadisənin məhz onların təqsirləri ucbatından törənməsi, ümumiyyətlə onların həmin hadisəyə bilavasitə aidiyyətlərini sübut edən heç bir dəlil iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, iddia tələbi onlara qarşı əsassız olaraq yönəldilmişdir və buna görə də onlara aid hissədə rədd edilməlidir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz (vəsatət) təqdim edərək bildirmişdir ki, 26 yanvar 2023-cü il tarixində məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndələri - vəkillər Nümayəndə3 və Nümayəndə2 bildirmişlər ki, Cavabdeh1 MMC şirkəti X11 ilə bağlanmış müqavilə əsasında X12 Səfərov küçəsi, 9 saylı evdə yerləşən 21 saylı mənzili iş vaxtı şirkətin əməkdaşları üçün yalnız ofis kimi işlətmək məqsədilə icarəyə götürmüşdir; həmin mənzilə heç kim köçürülməmişdir, habelə həmin mənzil başqa ölkə vətəndaşlarına yaşamaq üçün kirayəyə verilməmişdir. Bundan əlavə, vəkillər həmçinin bildirmişlər ki, 21 saylı mənzilin eyvanından pəncərə çərçivəsi şüşə ilə birlikdə qoparaq yerə düşmüş və nəticədə bu, Orxan Əlizadənin avtomobilinə ziyan vurmuşdur. Lakin məlum olmuşdur ki, bu iddialar açıq-aşkar yalandır. Müəyyən olunub ki, 20 avqust 2022-ci il tarixində Cavabdeh1 MMC şirkəti X11 ilə bağlanmış müqavilənin 4.1.5-ci bəndini pozaraq Həsənov Fəriddən icarəyə götürdüyü mənzili “Halliburton” şirkətinin işçisi, Böyük Britaniya vətəndaşı X16ə onun yaşaması üçün qeyri-qanuni olaraq təqdim etmişdir. X16 bu günə qədər həmin mənzildə yaşayır. 6 sentyabr 2022-ci ildə X16 eyvanda pəncərəni açıq qoyaraq yelçəkən (skvoznyak) yaratmış və bunun nəticəsində pəncərə şüşəsinin bir hissəsi (Cavabdeh1 MMC şirkəti nümayəndələri tərəfindən açıq-aşkar yalandan iddia edildiyi kimi bu şüşə ilə birlikdə pəncərə çərçivəsi deyildir) qırılaraq həyətə düşmüşdür. Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 nömrəli mənzilin eyvanında pəncərə çərçivələri ümumiyyətlə yoxdur. Müəyyən edilmişdir ki, F.Həsənovla bağlanmış İcarə Müqaviləsinin 4.1.5-ci bəndini pozaraq, 20 avqust 2022-ci il tarixində Cavabdeh1 MMC şirkəti, bunu etməyə ixtiyarı olmasa da, “Halliburton” şirkəti ilə Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 saylı mənzilin “Halliburton” şirkətinə icarəyə verilməsi ilə bağlı qanunsuz müqavilə bağlayıb. Yusif Səfərov küçəsindəki 9 saylı evdə yerləşən 21 nömrəli mənzildə X16in yaşaması faktı, o cümlədən video yazı ilə qeydə alınıbdır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən, “İcarəyə verən” icarə müddətində həmin mənzildə yaşayan kirayəçi və onun ailə üzvləri ilə hər hansı bəhanə əsnasında birbaşa kontakta girməsi (həmçinin telefon vasitəsi ilə əlaqə, internet və SMS yazışmaları) qəti qadağandır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Fərid Həsənov tərəfindən Cavabdeh1 MMC-ə kirayə verilmiş Bakı şəhəri, Y. Səfərov küç., 9 saylı evin 21 nömrəli mənzili təhlükə mənbəyi deyil. 10/5671-9/5801 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Y. Səfərov küçəsi, çoxmərtəbəli 9 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsinin sındığı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı pəncərə işlək vəziyyətdə olduğundan, şüşəli cam balkonun profilinin üzərində hər-hansı zədə müəyyən olunmadığından, həmin pəncərənin quraşdırılmasında qüsur olmadığı müəyyən edilmişdir. Beləliklə o, X2rşı iddiasının rədd edilməsini və Cavabdeh1 MMC şirkəti nümayəndələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) məsuliyyət daşıması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkilləri Nümayəndə2 və Nümayəndə3 etiraz ərizəsinə uyğun izahat verərək, mənzilin xarici vətandaşa icrayə verilməsinə dair hər hansı bir məlumatlarının olmadığını bildirmiş və iddia tələbinin onlara münasibətdə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildrmişdir ki, onlar mənzili Cavabdeh1 MMC-yə icarəyə vermiş, sonuncu isə müqavilənin şərtlərini pozaraq onlara heç bir məlumat vermədən, onların razılığını almadan mənzili üçüncü şəxsə, xarici vətəndaşa icarəyə vermişlər. Hadisə də xarici vətəndaşın mənzildə olduğu vaxt baş vermişdir. Bu məsələdə onların hər hansı bir təqsiri olmadığından iddia onlara münasibətdə təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları xx.xx.2005-ci il tarixdə bağlanmışdır; - AC seriyalı, 699348 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X15 LC200 minik” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Əli-zadə Yelizaveta Eduard qızıdır; - xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 5190,68 manat ehtiyat hissələri, 4915,25 manat görülmüş işlər üçün xərclər olmaqla, ümumilikdə 10136 manat məbləğində xərc tələb olunur; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesab-fakturasından görünür ki, “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilə göstərilən xidmətə görə 160,01 manat məbləğində pul ödənilmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı tərəfindən toplanmış material üzrə, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı X11 istintaq orqanına verdiyi izahatında bildirmişdir ki, o, ona məxsus olan, qeyd olunan ünvanda yerləşən 21 saylı 3 otaqlı mənzilini müqavilə əsasında “Mashrinq G.C” şirkətinə icarəyə vermişdir; - “İcarəyə verən” X11 ilə “İcarəçi” Cavabdeh1 MMC arasında bağlanmış APT-049 saylı, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən əmlakı “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə həmin əmlakı qəbul edib, yaşayış mənzili kimi istifadə etməyi və kirayə haqqı verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə görə, müqavilə 20 avqust 2022-ci il tarixdə tərəflər imzaladıqdan sonra qüvvəyə minir və qüvvədə olma müddəti 1 il ərzində müəyyən edilir ki, həmin müddət gələcəkdə uzadıla bilər. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq icarəçi icarəyə verənin yazılı razılığı olmadan əmlakı (yaxud onun bir hissəsini) üçüncü şəxslərə kirayəyə verə bilməz; - “İcarəyə verən” Cavabdeh1 MMC ilə “İcarəyə götürən” “Halliburton Eurasia” LTD Azərbaycan Filialı arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” ünvan 2 ünvanında yerləşən mənzil sahəsini icarəyə verməyi, “İcarəyə götürən” isə mənzil ilə əlaqədar öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3 və 6.4-cü bəndlərinə görə, müqavilənin ilkin müddəti 12 aydır. Müqavilə 2022-ci il avqust ayının 20-dən etibarən qüvvəyə minir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 xüsusi mülkiyyəti olaraq xx.xx.2011-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5671-9/5801 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Y.Səfərov küçəsi, 19 saylı evin 7-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsinin sındığı müəyyən olunmuşdur. Eyni zamanda baxış zamanı pəncərə işlək vəziyyətdə olduğundan, şüşəli cam balkonun profilinin üzərində hər-hansı zədə müəyyən olunmadığından, həmin pəncərənin quraşdırılmasında qüsur olmadığı müəyyən edilmişdir. “X15” markalı, **-KX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə X9 məxsus evin pəncərəsinin (cam balkon) düşmə səbəbinin müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9589,0 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2022-ci il tarixində iddiaçının yaşadığı binanın həyətində saxladığı “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə ünvan 2 ünvanında yerləşən evin pəncərəsinin (şüşəsinin) düşməsi nəticəsində nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər dəymiş avtomobil iddiaçının həyat yoldaşı, X3 mülkiyyətindədir. Avtomobil birgə nikah dövründə əldə edilmişdir. Mübahisələndirilən mənzil isə Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyətçinin həyat yoldaşı ilə digər Cavabdeh1 MMC arasında 20 avqust 2022-ci il tarixində 1 il müddətinə kirayə müqaviləsi bağlanmış, daha sonra isə Cavabdeh1 MMC eyni tarixdə həmin mənzilə dair üçüncü şəxslə, “Halliburton Eurasia” LTD Azərbaycan Filialı ilə 1 il müddətinə icarə müqaviləsi bağlamışdır. Baş vermiş hadisə nəticəsində nəqliyyat vasitəsinə zərər vurulması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı baş vermiş hadisə nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin mənzlin mülkiyyətçisi olan Cavabdeh2 və mənzili üçüncü şəxsə kirayəyə verən Cavabdeh1 MMC-dən tutulmasını xahiş edir. Məhkəmə ilk növbədə hazırki mülki iş üzrə məsuliyyətin kimin üzərinə düşməsi məsələsənin həll edilməsini zəruri hesab edərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675 və 700-cü maddələrinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Hazırki mülki iş üzrə əmlak ikinci əldən kirayəyə verilmiş, əmlakın ilkin mülkiyyətçisi, ilkin kirayəçisi və ikinci əldən kirayəçisi olan üç fərqli şəxslər mövcuddur. Mülki Məcəllənin 683.1 və 683.3-cü maddələrinə əsasən kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə “İcarəyə verən” X11 ilə “İcarəçi” Cavabdeh1 MMC arasında bağlanmış APT-049 saylı, xx.xx.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 1.6-cı bəndinə əsasən “İcarəyə verən” ona məxsus olan mənzili “İcarəçi”nin vasitəsilə kirayə verməyə etibar edir. Yuxanda göstərilən tarixdən etibarən, mənzil ilə bağlı bütün öhdəlikləri “İcarəçi” öz üzərinə götürür. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq isə icarəçi icarəyə verənin yazılı razılığı olmadan əmlakı (yaxud onun bir hissəsini) üçüncü şəxslərə kirayəyə verə bilməz; Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, mənzil üzərində kirayə müqaviləsi və əmlakın ikinci əldən kirayə verilməsi müqaviləsi bağlanmışdır. İlkin icarə müqaviləsinə əsasən mənzil ilə bağlı bütün öhdəlikləri “İcarəçi”, yəni Cavabdeh1 MMC öz üzərinə götürmüşdür, həmçinin icarə müqaviləsində mənzilin icarəyə verənin yazılı razılığı olmadan üçüncü şəxslərə icarəyə verilməsi qadağan edilmişdir. Cavabdeh1 MMC-nin nümayəndələri isə belə bir razılığın alınmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə mənzilin üçüncü şəxsə kirayə verilməsi barədə məlumatlarının olmadığını bildirmişlər. Həmçinin yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 683.3-cü maddəsinin tələbinə uyğun olaraq, kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Göstərilənlərə və mülki qanunvericiliyin yuxarıda qeyd edilən maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, baş vermiş hadisəyə görə cavabdehlər sırasında məsuliyyət daşıyan şəxs müvafiq razılıq olmadan əmlakı ikinci əldən kirayəyə verən Cavabdeh1 MMC-dir. Dəymiş maddi zərərlə bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin zərər və mülki hüquq pozuntusuna (deliktə) dair 21, 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki işdə digər Cavabdeh2 hər hansı bir təqsiri, qanunsuz hərəkət və hərəkətsizliyi ilə zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5671-9/5801 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Y.Səfərov küçəsi, çoxmərtəbəli 19 saylı evin 7ci mərtəbəsində yerləşən 21 saylı mənzilin eyvanında quraşdırılmış 1.75x3.5m ölçüdə 5 hissədən ibarət şüşəli cam balkonun bir şüşəsi sınmışdır. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “X15” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9589,0 manat təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutlar ilə birlikdə qiymət verərək hesab edir ki, “X15” markalı, **-KX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə evin pəncərəsinin (şüşəsinin) düşməsi nəticəsində avtomobilə zərər dəymişdir və həmin zərərin məbləği 9589 manat təşkil edir. Məhkəmə eyni zamanda avtomobilə göstərilən xidmətə görə "xxxx" Mərkəzi MMC-yə ödənilmiş 160,01 manat məbləğində pulun tutulması hissəsində iddia tələbinin əsaslı olduğunu və pulun ödənilməsinin təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh1 MMC-dən vurulmuş zərərə görə çəkdiyi xərclərin əvəzi olaraq 160,01 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 3000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həmin müddət ərzində nəqliyyat vasitəsindən məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 300 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə İddiaçı "xxxx" QSC ilə bağladığı avtonəqliyyat xidmətlərinin (taksi xidməti) göstərilməsi haqqında müqavilə əsasında ödədiyi 1680 manat pulun tutulması tələbi ilə bağlı qeyd edir ki, iş materiallarında olan “Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında” 20 C nömrəli müqavilə ilə "xxxx" QSC ilə sifarişçi İddiaçı arasında müvafiq münasibətlərin yarandığı müəyyən edilsə də, iddiaçı pulun ödənilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı). Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 MMC şirkəti nümayəndələrinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) məsuliyyət daşıması məsələsinə baxılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, müvafiq vəsatət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilməli, Cavabdeh1 MMC-dən vurulmuş maddi zərərə görə 9589 manat, mənəvi zərərə görə 300 manat, çəkilmiş xərclərin əvəzi 160,01 manat olmaqla, cəmi 10049,01 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 131 manat pulun 98 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilsin. Cavabdeh1 MMC-dən vurulmuş maddi zərərə görə 9589 manat, mənəvi zərərə görə 300 manat, çəkilmiş xərclərin əvəzi 160,01 manat olmaqla, cəmi 10049,01 (on min qırx doqquz manat, bir qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 131 manat pulun 98 (doxsan səkkiz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X4, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar