Məhkəmə qərarları › İş №e-2(005)-525/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-525/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-525/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi, iddianın etiraf edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1415,26 AZN (bir min dörd yüz on beş manat, 26 qəpik) əsas borc, iddiaçının hüquqi yardıma görə ödədiyi 600 AZN, dövlət rüsumu kimi ödədiyi 42 AZN, vəkilə etibarnamənin verilməsinə görə ödədiyi 17.26 AZN pul vəsaitinin, həmçinin bank uçot faiz dərəcəsinə əsasən hesablanmış 137,96 AZN faiz məbləğinin alınaraq İddiaçı ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mühasibatlıq xidmətlərinin göstərilməsi ilə məşğuldur. İddiaçının Cavabdeh ilə tanışlığı da 2022-ci ilə təsadüf edir. İddiaçı bir neçə dəfə cavabdehin müraciəti əsasında ona mühasibatlıq işlərinin görülməsində köməklik göstərmişdir. Cavabdeh 03 sentyabr 2022-ci il tarixdə iddiaçıya müraciət edərək “TikTok” sosial şəbəkəsinə ödəniş etmək üçün ona pul lazım olduğunu və iddiaçının ona kömək edəcəyi təqdirdə ondan alacağı pulu qısa müddətə geri qaytaracağını bildirmişdir. İddiaçı isə bununla razılaşdıqdan sonra cavabdeh ondan bank kartının şəklini və ödənişlə bağlı iddiaçının telefonuna gələn ödəniş kodunu “WhatsApp” vasitəsilə ona göndərməsini istəmişdir. İddiaçı bunu etdikdən sonra onun bank kartından 435,47 AZN pul çıxmışdır. Cavabdeh iddiaçıya yazdığı mesajda bildirmişdir ki, növbəti həftənin 1-ci günü (yəni sentyabrın 3-dən sonrakı həftə) banka gedib onun pulunu geri qaytaracaq. Lakin cavabdeh iddiaçıdan aldığı həmin məbləği geri qaytarmamışdır. Bundan savayı, cavabdeh 10 sentyabr 2023-cü il tarixdə yenidən cavabdehə müraciət edərək ona pul lazım olduğunu və iddiaçının ona köməklik edəcəyi təqdirdə əvvəlki borcla birgə bütün borcu geri qaytaracağını iddiaçıya bildirmişdir. İddiaçı da cavabdehə etibar edərək 2-ci dəfə yenə də ona köməklik etmişdir. Cavabdeh eyni qaydada iddiaçıdan bank kartının şəklini və ödənişlə bağlı iddiaçının telefonuna gələn ödəniş kodunu “WhatsApp” vasitəsilə ona göndərməsini istəmişdir. İddiaçı bunu etdikdən sonra onun bank kartından 979,79 AZN pul çıxmışdır. Cavabdeh həmin vaxt iddiaçıya yazdığı mesajda qeyd etmişdir ki, ondan aldığı pulu artıqlaması ilə geri qaytaracaq, iddiaçı isə ona səsli mesaj göndərərək kartdan çıxan pulu geri qaytarmasını xahiş etmişdir. Lakin, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək ona verdiyi pulları geri qaytarmasını istəsə də, cavabdeh bu günə qədər iddiaçıdan aldığı ümumilikdə 1415,26 AZN pul vəsaitini geri qaytarmamışdır. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ilə dəyəri 600 manat olan müqavilə bağlamış və müvafiq ödənişi büronun hesabına ödəmişdir. Həmçinin, iddiaçı vəkilə verilən etibarnaməyə görə 17.25 AZN ödəniş etmişdir. İddiaçı iddia ərizəsinin verilməsinə görə 42 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı ümumlikdə 1415,26 AZN pul vəsaitindən məhrum olmuş, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardıma görə 600 manat, dövlət rüsumu kimi 41 manat ödəniş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəfin dediklərinə etirazı yoxdur. İddiaçı tanıyır və uzun müddət əvvəl borc almışdır. Ortaq iş gördükləri şəxs də var. Özündə müəyyən problemlər olmuşdur. Bundan iddiaçının da məlumatı vardır. Həmin şəxsin adı Vidadidir və o, bildirmişdir ki, məsələni özü həll edəcəkdir. Uzun müddətdir ki, iddiaçını görmür. Borcun olduğuna etiraz etmir, lakin Vidadi adlı şəxsin borcun bağladığını bilir və əgər bağlamayıbsa, borcu yanvar ayından ödəməyə etiraz etmir. Borcun bağlandığını bilir, çünki Vidadi ilə işləyir və o həmin məbləği işlədikcə silməli idi. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ona bildirsə idi, məsələ bura qədər gəlib çıxmazdı. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bank kartının son əməliyyatlar bölməsinə dair çıxarışlardan görünür ki, bank kartından “Tiktok” təyinatı ilə 369,05 manat, 66,43 manat, 830,33 manat və 149,46 manat olmaqla, cəmi 1415,26 manat ödəniş edilmişdir. - “Mirzəyev və Partnyorları” vəkil bürosu və İddiaçı arasında bağlanmış 17 oktyabr 2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 820 №-li müqavilədən görünür ki, Nərimanov rayon Məhkəməsində pul tələbi mahiyyəti ilə iddia üzrə göstəriləcək hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 600 manat müəyyən olunmuşdur. - “mPAY” mədaxil qəbzindən görünür ki, “Mirzəyev və Partnyorları” vəkil bürosunun korporativ hesabına xx.xx.2023-cü il tarixdə 600 azn məbləğində pul mədaxil edilmişdir. - 18 oktyabr 2023-cü il tarixli reyestrdə 7E-13584 № ilə qeydə alınmış iddiaçı tərəfindən Vəkil verilmiş etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat haqq tutulmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, iddiaçının ona qarşı olan 1415,26 manat əsas, 617,26 manat vəkil xərci və 42 manat rüsum, 137,96 manat faiz borcu barədə iddiasını qəbul edir. Borcunu ödəmək niyyətindədir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşmaya əsasında İddiaçı tərəfindən bank kartı vasitəsilə Cavabdeh “Tiktok” sosial şəbəkəsinə ödəniş etmək üçün 369,05 manat, 66,43 manat, 830,33 manat və 149,46 manat olmaqla, cəmi 1415,26 manat ödəniş edilmişdir. Cavabdeh bir neçə gün sonra banka gedib iddiaçının pulunu geri qaytaracağını bildirsə də, həmin məbləği geri qaytarmamışdır İddiaçı qeyd olunan borcun ödənilməsi üçün əvvəlcə cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Həmçinin “Mirzəyev və Partnyorları” vəkil bürosu və İddiaçı arasında 17 oktyabr 2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 820 №-li müqavilə bağlanmış, Nərimanov rayon Məhkəməsində pul tələbi mahiyyəti ilə iddia üzrə göstəriləcək hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 600 manat müəyyən olunmuşdur. Bununla da, “Mirzəyev və Partnyorları” vəkil bürosunun korporativ hesabına xx.xx.2023-cü il tarixdə 600 azn məbləğində pul mədaxil edilmiş və İddiaçı məhkəmədə “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili tərəfindən təmsil olunmuşdur. Bununla yanaşı İddiaçı tərəfindən məhkəmə prosesləri zamanı nümayəndə səlahiyyətlərinin yerinə yetirilməsi məqsədilə Vəkil etibarnamə verilmiş, həmin etibarnamə üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1415,26 (bir min dörd yüz on beş manat, 26 qəpik) manat əsas borc, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 617,26 (altı yüz on yeddi manat iyirmi altı qəpik) manat, dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat, 137,96 (yüz otuz yeddi manat doxsan altı qəpik) manat faiz məbləği alınaraq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1415,26 (bir min dörd yüz on beş manat, 26 qəpik) manat əsas borc, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi cəmi 617,26 (altı yüz on yeddi manat iyirmi altı qəpik) manat, dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat, 137,96 (yüz otuz yeddi manat doxsan altı qəpik) manat faiz məbləği alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar