Məhkəmə qərarları › İş №e-2(005)-576/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-576/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-576/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: mənzildən istifadə hüququna xitam) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 17 saylı evin 47 A saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Sonra isə həmin daşınmaz əmlak üzərində yaranan hüquqlarınıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. X2 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, 1 ay ərzində mənzildə qeydiyyatda olan cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. Lakin Asan 5 Xidmət Mərkəzindən əldə edilmiş arayışdan aydın olub ki, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda qalıblar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Əslində cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da İddiaçı mülkiyyətçi kimi hüquqlarını pozur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma iddiaçının mənzilin qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçı cavabdehlərin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması barədə danışıqlar aparmış, lakin heç bir nəticə əldə edilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını, iddia məhkəmə tərəfindən rədd edildiyi təqdirdə cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olub-olmamasına münasibət bildirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında telefon vasitəsilə əlaqə yaradılan zaman Cavabdeh1 bildirmişdir ki, mübahisəli evdə qeydiyyatdadırlar. Digər cavabdeh isə anasıdır. Qeydiyyata düşmək üçün başqa evləri yoxdur. Ev almaq üçün imkanı da yoxdur. Bu səbəbdən həmin mənzildən qeydiyyatdan çıxa bilmirlər. Bu barədə eyni tarixli telefonoqram tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh2 və X3 arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı bir otaqlı ümumi sahəsi 25,0 kv.m, yaşayış sahəsi 18,0 kv.m olan mənzili sonuncuya satmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2024-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. - X3 və İddiaçı arasında bağlanmış 29 avqust 2024-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil sonuncuya satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatda olan digər şəxslər – Cavabdeh1 və Cavabdeh2dır. - Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində notariat qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. - Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində notariat qaydada verilmiş ərizədən görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil 29 avqust 2024-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Cavabdehlər həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamırlar. Hazırda iddiaçı cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarının itirilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5 maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. -228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2016-cı il Qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu il oktyabrın 1-də qüvvəyə minmişdir): 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan(məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair alqı-satqı həyata keçirilsə də, cavabdehlər ona məxsus olan mənzildə formal olaraq qeydiyyatdadırlar, həmin mənzildə faktiki yaşamırlar. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Bakı 6 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixdə 4Ə-1248 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı satqı müqaviləsinə dair notariat işində olan Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Göründüyü kimi mənzilin hal-hazırda iddiaçının mülkiyyətində olması, onun həmin mənzili alqı-satqı müqaviləsi əsasında alması və mənzili almamışdan öncə cavabdehlərin həmin mənzilin satılmasına etiraz etməməsi və mənzil satıldıqdan oradan qeydiyyatdan çıxmaları ilə bağlı razılıqlarının olması işin mübahisə edilməyən hallarıdır. Bununla belə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının irəli sürdüyü əsasın tələblə uyğunlaşmaması əsası ilə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Qanunvericiliyin təhlili müəyyən edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasının qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Yuxarıda sadalalanan qanunvericilik normalarına əsasən, hazırki mülki işdə cavabdehlərin iddiaçının yaxın ailə üzvü, yəni cavabdehlər ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydiyyata alındığından tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Mülki işin mübahisəsiz hallarından aydın olur ki, cavabdehlər iddiaçının və ya mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olmamışdır. Bu səbəbdən cavabdehlər Mənzil Məcəlləsinin adı çəkilən müddəalarına nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) o cümlədən keçmiş mülkiyyətçinin ailə üzvləri tərkibinə daxil deyildir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik normalarına, eləcə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə hesab edir ki, cavabdeh nə iddiaçının ailə üzvü, nə iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxs, nə də keçmiş mülkiyyətçinin ailə üzvü olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin qeydiyyatda qalması onların istifadə hüquqlarının mövcudluğunu sübut etmir. Göründüyü kimi, cavabdehlərin mənzildən istifadə hüquqlarının iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yarandığı, cavabdehlərin iddiaçı ilə hər hansı qohumluq əlaqələrinin olması, onlar arasında bununla bağlı razılıq olması halları müəyyən edilmir. Sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərin İddiaçı münasibətdə mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Mövcud olmayan istifadə hüququ isə itirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 17 saylı evin 47 A saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 17 saylı evin 47 A saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar