Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-587/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6149,64 manat məbləğində subroqasiya ödənişi, 81,5 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 6231,54 manat pulun tutularaq iddiaçı "A-Qroup Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə sığortalı X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli AS-F 063/23 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış "Chevrolet Cruze" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "Ford Edge" markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində "Chevrolet Cruze" markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 9000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində "Ford Edge"” markalı 99 КА 006 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avto Baku" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında, yol-nəqliyyat hadisəsi nəticəsində "Chevrolet Cruze" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 12804 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta məbləği 17000 manat təşkil edir, hadisə nəticəsi olaraq avtonəqliyyat vasitəsi tam zərərə uğradığından və sığortalının avtomobilin qalıq hissəsini özündə saxlamaq istəyi nəzərə alınaraq, 8000 manat çıxılmış, yekunda zərər məbləği 9000 manat təşkil etmişdir. "Ford Edge" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “Azər Sığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2850,36 manat məbləğində sığorta ödənişi iddiaçının hesabına ödənilmişdir. Sığorta hadisəsi nəticəsində "Chevrolet Cruze" markalı **-XY-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 6149,64 manat məbləğində pulun iddiaçının hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Sığorta təminatının müddəti xx.xx.2023-xx.xx.2024-cü il. Sığorta məbləği 17000 manat; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:35 dəqiqədə Bakıxanov qəsəbəsində Cavabdeh məxsus və onun tərəfindən idarə olunan “Ford Edge minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruze” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur; - "xxxx" ASC-nin A-AS-483/23 nömrəli, xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixində sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində dəymiş zərərə görə X2 ödəniləcək sığorta ödənişi 9000 manat məbləğində müəyyən edilmişdir. Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75 faizini keçdiyi üçün tam məhv edilmiş hesab edilmişdir. Qalıq hissələrinin dəyəri 8000 manat müəyyən edilmişdir (17000-8000); - İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 12804 manat (ƏDV-siz) təşkil etmişdir; - “Paşa Bank, ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 9000 manat məbləğində pul ödənilmişdir; - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh sığorta ödənişinin ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin qiyməti və satışı barədə 2023-cü il tarixə məlumat olmadığından icrasız geri qaytarılmışdır; - Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0202 saylı qiymətləndirmə rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "Chevrolet Cruze" minik markalı **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 9100 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) təşkil edir və real bazar dəyəri yuvarlaq hesabla 15400 manat müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 350 manatdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən idarə olunan "Ford Edge" markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti nəticəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı təşkilatda sığortalanmış “Chevrolet Cruze” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Avtomobilə dəymiş ümumi zərər 12 804 manat müəyyən edilmişdir. Baş vermiş hadisə nəticəsində sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75 faizini keçdiyi üçün tam məhv edilmiş hesab olunmuş, sığorta məbləğindən qalıq hissələrinin dəyəri çıxıldıqdan sonra ödənilməli məbləğ 9000 manat (17000-8000) müəyyən edilmişdir. Cavabdehə məxsus nəqliyyat vasitəsinin sığortaçısı “Azər Sığorta" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2850,36 manat məbləğində sığorta ödənişi iddiaçının hesabına ödənildiyindən, hazırda sığorta ödənişi nəticəsində yaranmış subroqasiya hüququ əsasında iddiaçı "xxxx" ASC cavabdehdən qalan 6149,64 manat məbləğində ödənişi tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan şərtlər mövcuddur. Belə ki, onun idarə etdiyi yüksək təhlükə mənbəyi olan “Ford Edge” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, “Chevrolet Cruze” markalı, **-XY-*** nömrə nişanlı avtomobilə zərər vurması və həmin zərər üzrə "xxxx" ASC-nin sığorta olunana 9000 manat məbləğində sığorta ödənişi ödəməsi işin mübahisəsiz hallarındandır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, “Chevrolet Cruze” markalı, **-XY-*** nömrə nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi baş verdiyindən və cavabdehin təqsiri müəyyən olunduğundan sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyində nəqliyyat vasitəsinin dəyəri 15400 manat, vurulmuş zərər 9100 manat müəyyən edilmişdir. Həmin məbləğdən cavabdehin sığortaçısı tərəfindən ödənilmiş 2850,36 manat çıxıldıqda ödənilməli məbləğ 6249,64 manat (9100-2850,36) edir. Bu baxımdan məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, 6149,64 manat məbləğində pul subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 6149,64 manat və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 81,9 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə, qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 6149,64 (altı min yüz qırx doqquz manat, altmış dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 81,9 (səksən bir manat, doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-587/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-587/2025
28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver