Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-588/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdeh2 nümayəndəsi X5 Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 923 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, 51 ünvanında yerləşən daşınmaz əmlak sığorta təminatı almışdır. xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən X6 məxsus "xxxx" MMC-ni üst qonşu yəni Cavabdeh2 mənzilindən su axmışdır. Su axma nəticəsində 923 (doqquz yüz on üç) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 923 (doqquz yüz on üç) manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4602/2023 saylı qərardadına əsasən, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, aktda qeyd olunan ünvanda xx.xx.2016-cı ildə su basma hadisəsi baş vermişdir. Həmin hadisə ilə bağlı akt tərtib olunub və həmin aktda qeyd olunub ki, 49 saylı mənzildə su borusunda qəza baş vermişdir. Cavabdehlər qismində Cavabdeh1 ASC-ni və mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 cəlb etmişdirlər. Həmin məhkəmədə sorğu verilməsi xahiş olunmuşdur, lakin tərəf özü etiraf etmişdir ki, mənzil onun mülkiyyətindədir və həmin vaxt orada yaşayıb. Dəyən zərər ilə bağlı 1023 manat hesablanılıb və 923 manat sığortalıya, yəni asağıda yerləşən "xxxx" MMC-nə sığorta ödənişi olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbinin Cavabdeh1 ASC-yə heç bir aidiyyəti yoxdur. Bütün su sızmalarına görə Cavabdeh1 ASC məsuliyyət daşımır. Cavabdeh1 ASC sayğaca qədər, əgər sayğaca qədər hansısa qəza baş verərsə onda məsuliyyət daşıyır. Şaxtadan su evə gəlib və həmin su xəttləri Cavabdeh1 ASC-nin balansında deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, baxış keçirmədən dərhal akt tərtib olunub. Həmin akt barəsində hər hansı məlumat verilməyib və onun mövcudluğu barədə yalnız məhkəmə iclası zamanı xəbərləri olub. Şaxta mənzilin arasında yerləşir və "xxxx" MMC-yə su sızıb. "xxxx" MMC o vaxtlar gəlib evin arxa tərəfindən artırma edib və onlardan da icazə almışdırlar. Həmin vaxt ev qardaşının adına olmayıb və onun adına 2017-ci ildə rəsmiləşdirilib. Su şaxtadan onların evinə və onların evindən də aşağıya axıdılıb. Həmin şaxta ümumi binanın şaxtasıdır və həmin şirkətdən də keçir. Boru şaxtadan keçir, şaxtanın isə onlara aidiyyəti yoxdur. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - 9 fevral 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ak. Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən ümumi sahəsi 456.3 kv/m olan qeyri yaşayış sahəsi X6 bağışlanmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 38 №-li sərəncamından görünür ki, Ak. Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən 2-ci mərtəbədə yerləşən 18; 33 №-li mənzillərin birləşdirilmiş şəkildə mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, sərəncamın birinci bəndində göstərilən mənzillərin sahəsi daxil olmaqla əlavə qeyri-yaşayış sahəsi cəmlənərək vahid bir qeyri-yaşayış sahəsi kimi mövcud istifadə vəziyyətində ümumi sahəsi 933,2 kv.m olmaqla təqdim olunmuş layihəyə uyğun vətəndaş İ.C.Hüseynovun adına sənədləşdirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 51, mənzil 49 ünvanda yerləşən mənzil ½ hissədə Cavabdeh2, ½ hissə X3 adına qeydiyyata alınmışdır. - RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsindən görünür ki, Ak. H.Əliyev küçəsi 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. - 53 saylı MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmuş və imzalanmış xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Ak. H.Əliyev küçəsi 51 saylı evdə X6 məxsus "xxxx" MMC-də baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmişdir ki, üst qonşusu 49 saylı mənzildə su borusunda qəza baş vermiş və aşağıya su axmışdır. Axıntı zamanı "xxxx" MMC-də elektrik xətti, müşahidə kamerası, yanğına qarşı mühafizə qurğusu və tavana ciddi ziyan dəymişdir. - “X15 Valuation Services” MMG tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 329 saylı əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Xətai rayonu, Q.Qarayev 2A, məhəllə 1/6 NN studio subasma nəticəsində dəymiş zərərin həcmi material 658 manat, işçilik 365 manat olmaqla cəmi 1023 manatdır. - 0991/CFİ-056/2016 saylı sığorta aktından görünür ki, sığortalı X4 Ak. H.Əliyev küçəsi 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2016-cı il tarixdə sığorta hadisəsi (subasma) baş vermiş, daşınmaz əmlaka zərər dəymişdir. Dəymiş zərərin məbləği 1023 manatdır. Müəyyən edilmiş zərər məbləğindən 100 manat azadolma məbləği çıxarılaraq cəmi 923 (doqquz yüz iyirmi üç) manat ödənilmişdir. - 13 aprel 2016-cı il tarixli 2230 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 923 manat zərər ödənişi edilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya (bildiriş) məktubundan görünür ki, 923 manat məbləğin bildiriş daxil olduğu tarixdən 15 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh1 ASC və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya (bildiriş) məktubundan görünür ki, 923 manat məbləğin bildiriş daxil olduğu tarixdən 5 gün ərzində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərk, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, RAZ********** nömrəli xx.xx.2016-ci il tarixli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi ilə X4 mülkiyyətində olan Ak.Həsən Əliyev küçəsi 51 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi sığortalanmışdır. xx.xx.2016-cı il tarixində sözügedən ünvana subasma hadisəsi nəticəsində 1023 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı 0991/CFİ-056/2016 saylı sığorta aktına əsasən sığortalı X2 923 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən öz xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASCyə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırkı halda isə hadisənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə - mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, hadisənin baş verməsi faktını təsdiq etmək üçün iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə yalnız xx.xx.2016-cı il tarixdə 49 saylı mənzildə su borusunda qəza baş verməsi və aşağıya su axıdılmasına dair xx.xx.2016-cı il tarixli 53 saylı MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmuş və imzalanmış akt təqdim edilmişdir. Bununla belə, həmin akt əsasında su sızma hadisəsinin binanın ümumi istifadədə olan sahəsində və yaxud üçüncü şəxslərin mülkiyyətinə verilmiş yaşayış sahələrinin daxilində baş veməsi və ya ümumiyyətlə qəzanın binanın daxilində və ya xaricində yerləşən su xəttində baş verməsi və belə olan halda baş vermiş qəzaya görə cavabdehlərin məsuliyyət daşımalı olması barədə əsaslı nəticəyə gəlmək mümkün deyildir. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi qeyd olunan aktın mübahisəli mənzilə baxış keçirilmədən tərtib olunduğunu, evin sahibi - cavabdehin bu aktı imzalamadığını və akt barəsində yalnız məhkəmə iclası zamanı məlumatlı olduğunu bildirmişdir. Qeyd olunan hal iddiaçının nümayəndəsi tərəfindən də mübahisələndirilməmişdir. Akt isə yalnız MKİS-in rəisi İ.Quliyev, mühəndisi A.Hüseynov, texniki Y.Heydərli tərəfindən tərtib olunmaqla imzalanmış, aktın tərtibi zamanı cavabdeh və ya cavabdehin nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı məhkəmə iclasları iddiaçı tərəfindən əlavə sübutların təqdim edilməsi məqsədilə təxirə salınmış, bununla belə zəruri sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının: 1.2.2-ci bəndinə görə istehlakçı – STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifələrinə daxildir. Həmin Qaydaların 2 nömrəli əlavəsinə görə isə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin 4.1.4-cü bəndinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı subasma nəticəsində dəymiş zərərə görə məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-nin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilmədiyindən hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “cavabdehlərdən 923 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “cavabdehlərdən 923 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 40 manat məbləğin iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-588/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-588/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver