Məhkəmə qərarları › İş №e-2(005)-641/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-641/2025

26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-641/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 (hüquqi varisi Cavabdeh2) qarşı (açar sözlər: çıxarışın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 (hüquqi varisi Cavabdeh2) qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh1 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Yasamal rayonu, Xrebtovi (R.Tağıyev) küçəsində yerləşən sahəsi 34 kv.m olan 64 saylı fərdi yaşayış evi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən mülkiyyət çıxarışının və plan sxemin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən 0,02162 ha torpaq sahəsində yerləşən “A” və “B” tikililləri X2 mülkiyyətində olmuşdur. Daha sonra Fazil Məmmədov mülkiyyətində olmuş həmin torpaq sahəsini və orada “A” və “B” tikilillərini 2003-cü ilin oktyabr ayında ərim X1 və sonuncunun ailə üzvləri həmin ünvana qeydiyyata alınmışlar. Bildirir ki, “A” tikilisi 2 mərtəbəli olmaqla sahəsi 147,90 kv.m, “B” tikilisinin sahəsi isə 34,6 kv.m təşkil edir. Daha sonra X2 qardaşı X5 Bakı şəhəri,Yasamal rayonu, Xrebtovi (R.Tağıyev küçəsi), 64 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0458 ha torpaq sahəsinə çıxarışının olduğunu bildirmişdir. Buna görə də mənimlə Cavabdeh1 arasında 0,0458 ha torpaq sahəsinin bölünməsi və alqısatqısı barədə müqavilə bağlanmış və “A” tikilisi və 0,02162 ha torpaq sahəsi mənə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi və “A” tikilisi mənim mülkiyyətimdədir. “B” tikilisi isə cavabdehin mülkiyyətində qalmışdır. Aramızda olan şifahi razılaşmaya əsasən cavabdeh həmin tikilini də mənim mülkiyyətimə verməli idi. Cavabdeh bununla bağlı ərizə yazmışdır. Lakin o sonrada fikrindən yayınmış və məni və ailə üzvlərimin həmin ünvandan qeydiyyatdan çıxarılması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi, X2 qardaşı X5 Bakı şəhəri, Yasamal rayonu, Xrebtovi (R.Tağıyev küçəsi), 64 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0458 ha torpaq sahəsinə çıxarış almışdır. Lakin həmin çıxarışın alınması üçün əsas olan hüquqi əsas hələ bizə məlum deyil. Yuxarıda qeyd etdiyimiz kimi həmin torpaq sahəsi və fərdi yaşayış evləri mübahisəli sahəni bizə satan X2 mülkiyyətində olmuş və daha sonra onun tərəfindən mənim həyat yoldaşıma satılmışdır. Daha sonra tərəfimizdən Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı sorğu verilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xrebtovi (R.Tağıyev küçəsi), 64 saylı fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0458 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdən cavabdeh X2 mülkiyyətində olmuşdur. Lakin çıxarışın alınması üçün hüquqi əsasının olub-olmamasını qeyd etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin adına çıxarış tam əsassız olaraq verildiyindən etibarsız hesab olunmalıdır.” Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-641/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat cavabdeh - xx.xx.2025-ci il tarixdə vəfat etmiş Cavabdeh1 hüquqi varisi (varisləri) müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-641/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin hüquqi varisi – arvadı Cavabdeh2 müəyyən edildiyindən İddiaçı Cavabdeh1 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 690735 saylı xx.xx.1996 tarixli “şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” pasportun arxivdə saxlanılan nüsxəsi ilə eyni olan surətindən müəyyən olunur ki, 12-ci Xrebtovi, ev 64 ünvanında yerləşən evin sahibi Cavabdeh1dur. - “Evlər idarəsi üzrə texniki inventarizasiyasının” kartoçkasının arxivdə saxlanılan nüsxəsi ilə eyni olan surətindən müəyyən olunur ki, 12-ci Xrebtovi, ev 64 ünvanında yerləşən evin sahibi Cavabdeh1dur. - Cavabdeh1 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, ünvan 3 ünvana dair çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizəsindən görünür ki, ünvan 11ayış evini öz adına özəlləşdirdikdən sonra fərdi yaşayış evinin və torpaq sahəsinin yarısının İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürür. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. - Cavabdeh1 və İddiaçı arasında Bakı şəhəri 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* saylı 28 fevral 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0458 ha torpaq sahəsinin 0,02162 ha hissəsini 50000 manat məbləğinə alıcıya satmışdır. - Cavabdeh1 və İddiaçı arasında Bakı şəhəri 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 28 fevral 2024-cü il tarixli əmlak bölgüsü barədə müqavilədən görünür ki, tərəflər ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0458 ha torpaq sahəsinin Cavabdeh1 0,02418 ha torpaq sahəsi və “A” tikilisi, İddiaçı 0,02162 ha torpaq sahəsinin böülnməsi barədə razılığa gəlmişdirlər. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 147.90 kv.m olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 39, 36 saylı mənzil 02.0.2007-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 7 saylı Bakı ‘ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024cü il tarixli 4Ə-1547 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Bakı şəhəri, Xətai rayonu, Sarayevo Küçəsi, ev 13b, 53 saylı mənzil xx.xx.2001-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1949 reyestr nömrəli xx.xx.2023-cü ıl tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 64 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0.0458 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-326 reyestr nömrəli alqı-satqı müqaviləsi və bölgü sxeminə əsasən sözügedən fərdi yaşayış evinin yerləşoıyi torpaq sahəsindən 0.02162 ha torpaq sahəsini özgəninkiləşdirmişdir. Bakı şəhəri, Yasamai rayonu, Rahib Tağıyev küçəsi, 64 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,02418 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 aprel 2025-ci il tarixli məktubla müəyyən olunur ki, ünvan 10 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.0458 ha torpaq sahəsi ilkin olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır, lakin sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən 0.02162 ha hissəsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 4Ə-326 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən özgəninkiləşdirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. -149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Konstitusiya Məhkəməsi Plenmunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İPMnin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında, eləcədə “Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olub ki, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış hüququn qeydiyyatını əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış, bununla bağlı Cavabdeh1 Daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışlar (köhnə və yeni ünvanlar üzrə) verilmişdir. Hazırda İddiaçı qeyd olunun fərdi yaşayış evinin Cavabdeh1 ilə aralarında olan şifahi razılaşmaya əsasən onun mülkiyyətinə verilməli olduğunu bildirərək, dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı – xx.xx.2025-ci il tarixdə Cavabdeh1 vəfat etmiş, cavabdeh olaraq onun hüquqi varisi qismində həyat yoldaşı Cavabdeh2 tanınmışdır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri 19 saylı notariat ofisində notariat qaydada ərizə verərək ünvan 11ayış evini öz adına özəlləşdirdikdən sonra fərdi yaşayış evinin və torpaq sahəsinin yarısının İddiaçı adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmin əmlak xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bundan sonra Cavabdeh1 və İddiaçı arasında 28 fevral 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0458 ha torpaq sahəsinin 0,02162 ha hissəsini 50000 manat məbləğinə alıcıya satmışdır. Həmçinin tərəflər arasında notariat qaydada 28 fevral 2024-cü il tarixli əmlak bölgüsü müqaviləsi bağlanmış, tərəflər ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0458 ha torpaq sahəsinin Cavabdeh1 0,02418 ha torpaq sahəsi və “A” tikilisi, İddiaçı 0,02162 ha torpaq sahəsinin bölünməsi barədə razılığa gəlmişdirlər. Göründüyü kimi tərəflər arasında mübahisəli ünvanda - ünvan 11ayış evinə və torpaq sahəsinə dair razılıq olmuşdur. Bu hal Cavabdeh1 notariat qaydada verilmiş 26 sentyabr 2023-cü il tarixli ərizəsi ilə təsdiq olunur. Bundan sonra fərdi yaşayış evi Cavabdeh1 adına rəsmiləşdirilmiş, Cavabdeh1 torpaq sahəsinin yarısını İddiaçı satsa da, onlar arasında Bakı şəhəri, 12-ci Xrebtovi (Rahib Tağıyev) küçəsi ev 64 ünvanında həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, hazırda İddiaçı, Cavabdeh1 ilə arasında fərdi yaşayış evinə dair notariat qaydada razılıq əldə edilməsi (gözlənilən mülkiyyət hüququnun olması), habelə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yarı hissəsinin – 0,0216 ha mülkiyyətçisi olması da nəzərə alınmaqla hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı iddia qaldırmaqda sbuyektiv hüquqa malik olsa da, onun tərəfindən verilmiş iddia əsaslı deyildir. Belə ki, İddiaçı hazırda Yasamal rayonu, Xrebtovi (R.Tağıyev) küçəsində yerləşən sahəsi 34 kv.m olan 64 saylı fərdi yaşayış evi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən mülkiyyət çıxarışını və plan sxemini mübahisələndirir, onların etibarsızlığını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Yasamal rayonu, Xrebtovi (R.Tağıyev) küçəsində yerləşən sahəsi 34 kv.m olan 64 saylı fərdi yaşayış evi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən çıxarış, şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsidir. Belə ki, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yəni, çıxarışın etibarsızlığı, yalnız onun verilməsinə əsas olmuş sənədlər etibarsız olduqda və ya ləğv edildikdə, bu hüquqi nəticə olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığına səbəb olardı. Məhkəmə araşdırması zamanı Cavabdeh1 adına ünvan 11ayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə əsas olmuş sənədlər tələb olunmuş və həmin sənədlər müvafiq orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən arxivdə saxlanılan nüsxələr ilə eyni olan surətləri məhkəməyə təqdim olunmuş və müəyyən olunmuşdur ki: - Cavabdeh1 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, ünvan 3 ünvana dair çıxarış və texniki pasport verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 690735 saylı xx.xx.1996 tarixli “şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” pasportun arxivdə saxlanılan nüsxəsi ilə eyni olan surətindən müəyyən olunur ki, 12-ci Xrebtovi, ev 64 ünvanında yerləşən evin sahibi Cavabdeh1dur. - “Evlər idarəsi üzrə texniki inventarizasiyasının” kartoçkasının arxivdə saxlanılan nüsxəsi ilə eyni olan surətindən müəyyən olunur ki, 12-ci Xrebtovi, ev 64 ünvanında yerləşən evin sahibi Cavabdeh1dur. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Məhkəmə hesab edir ki, nə qədər ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatının aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün əsas olmuş sənədlər qüvvədədir (etibarsız hesab olunmamış, ləğv edilməmişdir), həmin sənədlərin nəticəsi kimi əmlakın Cavabdeh1 adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat (verilmiş çıxarış) da əsaslıdır və etibarsız oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı Cavabdeh1 (hüquqi varisi Cavabdeh2) qarşı “Yasamal rayonu, Xrebtovi (R.Tağıyev küçəsində yerləşən sahəsi 34 kv.m olan 64 saylı fərdi yaşayış evi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən mülkiyyət çıxarışının və plan sxemin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 (hüquqi varisi Cavabdeh2) qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “Yasamal rayonu, Xrebtovi (R.Tağıyev küçəsində yerləşən sahəsi 34 kv.m olan 64 saylı fərdi yaşayış evi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 verilən mülkiyyət çıxarışının və plan sxemin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar