Məhkəmə qərarları › İş №e-2(005)-670/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-670/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-670/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 7988,83 manat sığorta ödənişinin, ödənilmiş 99,89 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasandıılrmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** SG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmış “Trimble MX7 X2” dəzgahına zərər vurulmuşdur. xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticədə sürücü Cavabdeh1 barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar tərtib olunmuş və sonuncu təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmış “Trimble MX7 X2” dəzgahına vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmış “Trimble MX7 X2” dəzgahına dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabat”a əsasən 7500 EUR məbləğində müəyyən edilmişdir. Qeyd edək ki, 7500 EUR Azərbaycan manatı ilə 14100,00 manat təşkiledir. "xxxx" ASCnin xx.xx.2019-cu il tarixli “Sığorta aktı”na əsasən14100,00 manatdan 2250,00 manat azadolma məbləği çıxılmış və 11850,00 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 3 861,17 manat "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2022-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Cavabdeh2 tanımadığını, onun avtomobilin əvvəlki sahibi olduğunu, rəsmi iş yerinin olmaması səbəbindən tələb olunan pul məbləğini ödəmək imkanı olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən hazırki məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Dəzgah sınması sığortası üzrə sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “Trimble MX7 X2” "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmışdır. Sığorta risklərinə nəqliyyat və hava nəqliyyat vasitələrinin toqquşması riski də daxildir. - AA seriyalı 800563 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 10SG563 dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 10SG563 dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsinə dair Cavabdeh1 etibarnamə vermişdir. - Cavabdeh1 tərəfindən Nəsimi RPİ-nin rəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə sürücülük vəsiqəsini itirdiyini bildirərək həmin vəsiqəsinin itməsinə dair təsdiqləyici sənəd verilməsini xahiş etmişdir. - Bakı Şəhəri Nəsimi RPİ tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur ki, Cavabdeh1 məxsus Rusiya federasiyasının Daxili İşlər Nazirliyinin aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin itməsi ilə bağlı Nəsimi RPİ-nin DYP Şöbəsinin şəxsi heyəti təlimatlandırılmışdır. - xx.xx.2019-ci il tarixli zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə məxsus avadanlığa sığrorta hadisəsi nəticəsində xx.xx.2019-cu il tarixdə dəymiş zərərin həcmi 7500 EUR təşkil edir. - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə məxsus “Trimble MX7 X2”ə dəymiş zərər 14100 manat məbləğində qiymətləndirilmiş, sığorta ödənişi olaraq 11850 manat müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində ** SG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən "xxxx" növü üzrə sığortalanmış “Trimble MX7 X2” dəzgahına zərər vurulması ilə bağlı pdənilmiş sığorta ödənişi üzrə 7988,83 manat məbləğində pulun 15 təqvim günü ərzində Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. - xx.xx.2019-cu il tarixli bank çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə məxsus hesabına (benefisiar bank "xxxx" ASC) 11850 manat köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə 10SG563 dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsini idarə edərkən Cavabdeh1 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan müyyən olunur ki, Mərkəzi Bankın məzənnəsinə görə xx.xx.2019-cu il tarixdə 1 avro 1.8731 manat təşkil etmişdir. Bunu nəzərə alaraq 7500 avro 14048,25 manata bərabərdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə sığorta predmetinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh1 idarə etdiyi ** SG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" növü ilə PAŞA Sığorta ASC tərəfindən sığortalanmış "Trimble MX7 X2" dəzgahını zədələnmişdir. Həmin hal iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh1 subroqasiya qaydasında mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. Belə ki, digər Cavabdeh2 tərəfindən ** SG *** dövlət qeydiyyat nişanlı Mercedes C180 markalı avtonəqliyyat vasitəsini idarə etmək, onun üzərində sərəncam vermək hüququ etibarnamə əsasında Cavabdeh1 verilmişdir. Yəni, Cavabdeh2 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İnzibati tənbeh barədə qərardan da göründüyü kimi, hadisə baş verən vaxt Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 332-ci maddəsi ilə tənbeh tətbiq edilməmiş, yalnız İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində 7500 EURO məbləğində pulun Azərbaycan manatına ekvivalent dəyərinin 14100 manat olduğu qeyd edilsə də, mülki işin materiallarında olan Mərkəzi Bankın sorğuya cavab məktubundan müəyyən edilir ki, zərərə dair hesabatın hazırlandığı 2 dekabr 2019-cu il tarixə bu dəyər 14048.25 (on dörd min qırx səkkiz manat iyirmi beş qəpik) manat təşkil edir. Sığorta aktına əsasən 14048.25 manatdan 2250 manat azadolma məbləği çıxıldıqdan sonra (14048,25-2250=11798,25) qalan məbləğ 11798,25 manat təşkil edir. Təqsirli tərəfin icbarı sığortası “Standart İnsurance” tərəfindən ödənilmiş 3861.17 manat məbləği də çıxıldıqda: 117xx.xx- 3861,17=7937,08 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tərəfindən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 7937,08 manat sığorta ödənişi, ödənilmiş 99,89 manat dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidməti xərci tutulmalıdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1 7937,08 (yeddi min doqquz yüz otuz yeddi manat səkkiz qəpik) manat sığorta ödənişi, 99,89 (doxsan doqquz manat səksən doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xərci tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar