Məhkəmə qərarları › İş №e-2(005)-702/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-702/2022

26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-702/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və cavabdehə məxsus olan ünvan 1, 10 nömrəli mənzildən suyun axıdılması nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilə vurulmuş 8000 manat zərər və 2000 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 10000 manat məbləğində ziyanın, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilin yerləşdiyi mərtəbənin üstündə olan ünvan 1, 10 nömrəli mənzil Cavabdeh məxsusdur. Cavabdehlə ilk əvvəl aralarında hər hansı bir mübahisə və ya problem olmamasına baxmayaraq, xx.xx.2021-ci il tarixdə cavabdehə məxsus olan mənzildən axıdılmış su nəticəsində ona məxsus olan mənzilə ziyan dəymişdir. Bununla bağlı ilk növbədə Bakı şəhəri, 35 saylı MKİS-yə müraciət olunmuş və həmin idarənin işçiləri tərəfindən mənzilinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1, 10 nömrəli mənzildən axıdılmış su nəticəsində ona aid olan mənzilin hamam və sanuzelinin tavanının, dəhlizin döşəməsinin bir hissəsi, mətbəxin divar kağızlarının bir hissəsi, mənzilin tavanının bir hissəsi və döşəməsi suya batmışdır. Bu barədə xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Qeyd edilən mənzilə baxış keçirildikdən sonra cavabdeh guya evində təmir işləri aparması adı altında qısa bir müddətdən sonra axıdılma dayanmış olsa da, lakin xx.xx.2021-ci il tarixdən etibarən bu hərəkətlər yenidən təkrarlanmağa başlamışdır. Dəfələrlə irad və tələblərinə baxmayaraq, bu dəfə cavabdeh ümumiyyətlə mənzilin qapısını açmamış, edilmiş telefon zənglərinə cavab verməmiş və mənzilə axıdılmış su dayandırılmamışdır. Bu dəfə yenə məcbur olub Bakı şəhəri, 35 saylı MKİS-yə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə mənzilə baxış keçirilmiş, mənzilə axıdılan suyun cavabdehə məxsus olan mənzildən olması müəyyənləşdirilmiş, nəticədə həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Cavabdehin bu hərəkətləri hələ də davam edir və mənzilə mühüm zərər vurulmuşdur. Ümumilikdə onun mənzilinə 8000 manat məbləğində ziyan dəymişdir. Cavabdehin bu qanunsuz hərəkətləri, vurduğu ziyanı əhəmiyyətsiz sayması, ümumi olaraq, dəfələrlə onunla əlaqə saxlanmasına baxmayaraq buna şərait yaratmaması onun mənəvi iztirab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Cavabdeh qəsdən hərəkətlərinə son qoymaması ilə yanaşı onunla əlaqə saxlayaraq buna son qoyulması istənilsə də, əhəmiyyət verməmişdir. Qəsdən onun hissiyyatı ilə oynamaqda davam etməkdədir. Sanki həmin hərəkətləri etməklə həzz almaqdan çəkinmir. Cavabdehin qanunsuz hərəkətləri hələ də davam etdiyindən, mənəvi zərər olaraq əlavə 2000 manat məbləğində vəsait alınaraq onun xeyrinə ödənilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və ona məxsus ünvan 1, 10 nömrəli mənzildən suyun axıdılmasının qarşısının alınması məqsədi ilə onun mənzilinə aid olan və suyun iddiaçının mənzilinə axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, əvvəllər qonşu kimi münasibətləri yaxşı olsa da, sonradan su axıdılmasına görə münasibətləri pisləşmişdir. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehin mənzilindən dəfələrlə su axıdılmış, buna rəğmən öz hesabına bir dəfə təmir etdirmiş, daha sonra yenidən su axıdılmışdır. Halhazırda yenə də su axıtmaq təhlükəsi olduğuna görə həmin nəmişlik şəraitində yaşamağa məcburdur. Bu səbəbdən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, ünvan 1, 10 nömrəli mənzil ona məxsusdur. Uzun müddətdir ki, həmin mənzildə yaşamır. Onun mənzili sonuncu mərtəbədə yerləşir. Mənzilinin üzərində bir neçə bak yerləşdirilmişdir və həmin bakların suları onun evinə axır. İddiaçının qeyd etdiyi pulu isə ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvannda yerləşən 8 nömrəli mənzil xx.xx.1993-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində 35 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş və imzalanmış aktlardan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilə baxış keçirilmiş və ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzildən su axıntısı olduğu aşkar olunmuşdur. Su axması nəticəsində hamam otağı, tavanı, dəhlizin döşəməsi, divar kağızlarının bir hissəsi suya batmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4588 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvannda yerləşən 8 nömrəli mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin 35 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 8 saylı mənzilə 10 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 10 saylı mənzilin kanalizasiya xətləri gizli şəkildə olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 8 saylı mənzilə su sızması 10 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 10 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1215 manat məbləğində müəyyən olunur; Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)- 702/2022 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 8 saylı mənzilə 10 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1215 manat məbləğində olması müəyyən edilmişdir. Hazırda iddiaçı 8000 manat maddi və 2000 manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, həmçinin cavabdehin mənzilindən suyun axıdılmasının qarşısının alınması məqsədi ilə onun mənzilinə aid olan və suyun iddiaçının mənzilinə axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini, ekspert rəyinin və aktların əsasız olduğunu iddia edir və bu səbəbdən həmin halları sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh ekspert rəyini və aktları şübhə altına alan və ya onları təkzib edən hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1215 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 1215 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 2000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının mənzilinə dəfələrlə su axması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 100 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddiaçının “Cavabdeh məxsus ünvan 1, 10 nömrəli mənzildən suyun axıdılmasının qarşısının alınması məqsədi ilə onun mənzilinə aid olan və suyun iddiaçının mənzilinə axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin aparılmasının cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən ünvan 1, 8 nömrəli mənzilə ünvan 1, 10 nömrəli mənzildən su sızmasının baş verməsi müəyyən edilmişdir və tərəflərin izahatına əsasən həmin hal bir neçə dəfə təkrarlanmışdır. İddiaçı isə izahatında ilk dəfə su axıdıldıqdan sonra mənzilini özü təmir etdiyini, lakin mənzilinə təkrar su axıdıldığından təmirinin bərbad vəziyyətə düşdüyünü, hazırda mənzilinə yenidən su axıdılması təhlükəsi olduğundan təmir etdirə bilmədiyini, bu səbəbdən məcbur qalaraq həmin nəmişlik şəraitində yaşamalı olduğunu bildirmişdir. Məhkəmə ekspert rəyinə, iş üzrə təqdim edilmiş sübutlara və iddiaçının dəlillərinin ağlabatan olmasına əsaslanaraq hesab edir ki, iddia bu hissədə də təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 1, 8 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə ünvan 1, 10 nömrəli mənzildəki nasazlığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 126 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddiaçının tələbinin qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 1215 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 126 manatın 16,6 manatı, cəmi 1331,6 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, İddiaçı mülkiyyətində olan ünvan 1, 8 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə ünvan 1, 10 nömrəli mənzilə aid olan və suyun axıdılmasına səbəb olan hissələrdə təmirbərpa işlərinin aparılması vəzifəsi qoyulmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 87 manatı İddiaçı, 13 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1215 manat, mənəvi zərərə görə 100 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 126 manatın 16,6 manatı, cəmi 1331,6 (min üç yüz otuz bir manat, altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan ünvan 1, 8 nömrəli mənzilə su axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə Nərimanov rayonu, Azadlıq prospekti, ev 134, 10 nömrəli mənzilə aid olan və suyun axıdılmasına səbəb olan hissələrdə təmir-bərpa işlərinin aparılması vəzifəsi qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 87 manatı İddiaçı, 13 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar