Məhkəmə qərarları › İş №e-2(005)-767/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-767/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-767/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Səfər oğlunun Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, kompensasiya” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Səfər oğlu və Vəkil Cavabdeh MMC-yə qarşı “hüquqi şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Səfərli oğlunun qeydiyyatda olduğu – ünvan 1 ünvanındakı ev söküldükdən sonra, sökülmüş evin qarşılığında verilmiş mənzillər üzrə bağlanmış müqavilələr barəsində məlumat verilməsinə dair digər ididaçı Vəkil olaraq verdiyi sorğunun poçt vasitəsilə qəbul edildiyi xx.xx.2023-cü il tarixdən, hazıradək keçən 6 (altı) aydan yuxarı müddət ərzində, rəsmi qaydada heç bir cavab verməyən cavabdehin etdiyi hərəkətsizlik qanunsuz hesab edilməsi; İddiaçı Səfərli oğlununun razılığı olmadan söküntü aparılığı üçün – belə bir söküntünün onu sarsıntıya məruz qoyması, heysiyyatına toxunması və onun iztirab keçirməsi ilə nəticələnən mənfi psixi reaksiyaya səbəb oması nəticəsində, ona dəymiş mənəvi ziyanın dəyəri kimi 2500 (iki min beş yüz) AZN, habelə mənfi psixi reaksiyaya və iztirab keçirmə ilə onun səhhətinin pozulmasına gətirib çıxaran vəziyyətin aradan qaldırılması üçün dərmanların (baş ağrısı, təzyiq, əsəb sakitləşdirici və s.) alınması və gələcəkdə də, müalicə alma xərcləri nəzərə alınmaqla, yekunda ona dəymiş maddi ziyanın dəyəri kimi 2500 (iki min beş yüz) AZN, həmçinin İddiaçı qeydiyyatda olduğu evin söküntüsü zamanı cavabdeh tərəfindən onun axtarılmaması ilə istifadə hüquqlarının kobud şəkildə pozulması və evlə bağlı istifadə hüquqlarının gələcək təminatı üzrə ona heç bir maddi kompensasiyanın ödənilməməsi ilə, ona dəymiş ziyanın dəyəri kimi 15 000 (on beş min) AZN kompensasiya, toplamda 20 000 (iyirmi min) AZN və 150 (yüz əlli) AZN dövlət rüsumu – Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Səfərəli oğlunun rəsmi qeydiyyatda olduğu – ünvan 1 ünvanında (qoşma: 01) yerləşən yaşayış evi Cavabdeh MMC tərəfindən sökülmüş və yerində hündürmətbəli bina inşa edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən, İddiaçı – xx.xx.2005-ci il tarixindən, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evi – nə sökülməmişdən qabaq, nə də ki, söküldükdən sonra, cavabdeh tərəfindən iddiaçı ilə hər hansı müqavilə bağlanmamışdır. İddiaçının qeydiyyatda olduğu yaşayış evinin – sökülməsi ilə bağlı, cavabdeh tərəfindən iddiaçının razılığı alınmamış və iddiaçıya heç bir təzminat ödənilməmişdir. İddiaçının qeydiyyatda olduğu ev söküldükdən sonra, onun yerində cavabdeh tərəfindən hündürmərtəbəli bina inşa edilmişdir. İddiaçının qeydiyyatda olduğu ünvan üzrə, cavabdeh tərəfindən hər hansı müqavilə bağlanmışsa, belə bir Müqavilənin bağlanması zamanı iddiaçının hüquqlarının gələcək təminatı təmin olunmamışdır. İddiaçı hüquqlarının gələcək təminatı ilə bağlı – iddiaçının qeydiyyatda olduğu ünvan üzrə, cavabdeh tərəfindən hər hansı Müqavilənin bağlanıb-bağlanmaması ilə əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli Sorğu verilmişdir. Sözügedən sorğu xx.xx.2023-cü il tarixdə Azərpoçt vasitəsilə sifarşli-xəbərnamə qaydasında rəsmi olaraq cavabdehə göndərilmişdir. Qeyd olunan sorğu xx.xx.2023-cü il tarixdə Azərpoçtun SS841425236AZ kodu altında rəsmi qaydada cavabdehə çatdırılmışdır. Adıkeçən sorğunun – cavabdeh tərəfindən rəsmi qaydada qəbul edildiyi xx.xx.2023-cü il tarixdən artıq 6 (altı) aydan yuxarı vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən rəsmi cavab verilməmiş və bununla da, hərəkətsizlik edilmişdir. İddianın əsasını – İddiaçı Səfərəli oğlunun qeydiyyatda olduğu ünvan üzrə istifadə hüquqlarının cavabdeh tərəfindən kobud şəkildə pozulması, həmin ünvanda yerləşən evin onun razılığı alınmadan sökülməsi və ona müvafiq konpensasiyanın ödənilməməsi təşkil etmişdir. Bundan başqa, iddianın əsasını – İddiaçı Səfərəli oğlunun məsələ ilə bağlı cavabdehə sorğu verilməsi üçün vəkilə müraciət etməsi və digər iddiaçı Vəkil sorğusunun göndərilməsi nəticəsində cavabdehin vəkil sorğusuna ümumiyyətlə cavab verməməsilə edilən hərəkətsizlik təşkil etmişdir. Göstərilən xüsuslarda – İddiaçı söküntüdən sonra sarsıntıya məruz qalması, habelə bu halların onun yaşayışında əsəb keçirməklə psixi reaksiyaya səbəb olması, həmçinin onun stress yaşaması nəticəsində iztirab keçirməsi, ona kifayət qədər mənəvi zərər vurmuşdur. Bundan başqa, göstərilən xüsusatlarda – İddiaçı yekunda məhkəməyə qədər get-gələ düşməsi, habelə mənfi psixi reaksiyaya və iztirab keçirmə ilə onun səhhətinin pozulmasına gətirib çıxaran vəziyyətin aradan qaldırılması üçün dərmanların (baş ağrısı, təzyiq, əsəb sakitləşdirici və s.) alınması və hələ gələcəkdə də, onun müalicə alma xərclərinin nəzərə alınması, həmçinin onun söküntü zamanı cavabdeh tərəfindən axtarılmaması, evlə bağlı istifadə hüquqlarının gələcək təminatı üzrə ona heç bir maddi kompensasiyanın ödənilməməsi, ona kifayət qədər maddi zərər vurmuşdur Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçının razılığı olmadan söküntü aparıldığı üçün ona dəymiş mənəvi ziyan kimi 2500 AZN, maddi ziyan kimi 2500 AZN və iddiaçının evlə bağlı istifadə hüquqlarının gələcək təminatı üzrə heç bir maddi kompensasiyanın ödənilməməsi üçün ona ödənilməli olan kompensasiya kimi 15000 AZN, cəmdə 20000 (iyirmi min) AZN məbləğin və 150 (yüz əlli) AZN dövlət rüsumunun – cavabdehdən iddiaçının xeyrinə tutulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, qeyd edilən ünvanda söküntü və tikinti işləri məhz Cavabdeh MMC tərəfindən aparılmış, müstəqil hüquqi şəxsdir, hazırda mülkiyyətçinin dəyişməsi iddiaçıya MMC-nin qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərərin vurulması halını aradan qaldırmadığı üçün iddia tələbi məhz ona qarşı yönəlmiş, bu səbəbdən də qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR-nın DİN tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı Səfər oğlu ünvan 2 ünvanda 30 iyul 2005-ci ildən qeydiyyatdadır. İş materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X11 (1/5 hissə), Heydər Ələsgər oğlunun (1/5 hissə), X9 (1/5 hissə), Abdurəhim Ələsgər oğlunun (1/5 hissə), Əjdər Ələsgər oğlunun (1/5 hissə) adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri DNK-nın 1791 reyestr nömrəli xx.xx.1934-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abdurəhim Ələsgər oğlu özünə məxsus 1/5 hissəsini X2. Bakı şəhəri 13 saylı DNK-nın 2V-175 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-423 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən evin 2/5 hissəsi X7 adma qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2V-179, 2V-180 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və 3M-429 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən evin 1/5 hissəsi X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı DNK-nın 2V-12 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-171 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən evin 1/5 hissəsi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 14 saylı DNK-nın 4Ə-1938 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 1/5 hissəsini "xxxx", MMC-yə satmışdır. Bakı şəhəri 18 saylı DNK-nın 2V-35 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X7 vəfatından sonra evin 2/5 hissəsi Məmməd-zadə Elçin Azər oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 14 saylı DNK-nın 4Ə-484 reyestr nömrəli xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Məmməd-zadə Elçin Azər oğlu evin 2/5 hissəsini X1. Hazırda sözügedən evin 1/5 hissəsi X14, 1/5 hissəsi X8, 2/5 hissəsi X4 və 1/5 hissəsi "xxxx" MMC-nin mülkiyyətlərindədir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/5 hissədə X14, xx.xx.2014-cü il tarixdə aparılmış ********** №li qeydiyyata əsasən 1/5 hissədə X8, xx.xx.2014-cü il tarixdə aparılmış ********** №-li qeydiyyata əsasən 2/5 hissədə X7, xx.xx.2021-cü il tarixdə aparılmış ********** №-li qeydiyyata əsasən 1/5 hissədə "xxxx" MMC-nin mülkiyyətindədir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, hazırda iddiaçının qeydiyyatda olduğu ünvanın ona məlumat verilmədən sökülməsinə görə kompensasiya ödənilməsi barədə tələbi ilə bağlı ilk növbədə iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, məhkəmə tərəfindən Cavabdeh MMC-yə dəfələrlə məhkəmə iclasları barədə elektron kabinet, poçt və sms vasitəsilə məlumat verilməsinə baxmayaraq, sonuncunun nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, o cümlədən iddia tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Həmçinin də dəfələrlə sorğu göndərilməsinə, sübutların təmin edilməsi barədə qərardad çıxarılmasına baxmayaraq, işin araşdırılması üçün zəruri olan müvafiq sübutların (qeyd edilən ünvanda söküntü və tikinti işlərinin məhz Cavabdeh MMC tərəfindən aparılması məsələsinin müəyyən edilməsi üçün) təqdim edilməsi təmin olunmamış, həmin sübutların təqdim edilməməsinin səbəbləri barədə izahlar verilməmişdir. Bu səbəbdən də məhkəmə iddiaçının hazırki cavabdehə münasibətdə subyektiv hüququnun olub-olmaması məsələsini araşdırmaq imkanından məhrum olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına əsasən İddiaçı Səfər oğlu ünvan 2 ünvanda 30 iyul 2005-ci ildən qeydiyyatdadır. Hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin1/5 hissəsi X14, 1/5 hissəsi X8, 2/5 hissəsi X4 və 1/5 hissəsi "xxxx" MMC-nin mülkiyyətlərindədir. Beləliklə iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən evin 1/5 hissəsi X14, 1/5 hissəsi X8, 2/5 hissəsi X4 və 1/5 hissəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin mənzilə İddiaçı Səfər oğlu - xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. İddiaçı mübahisəli yaşayış evində qeydiyyatda olduğunu, yaşayış evinin sökülməsi ilə istifadə hüquqlarının kobud şəkidə pozulmasını mübahisələndirsə də, yaşayış evinin kimin mülkiyyətində olması, həmin mülkiyyətçiyə münasibətdə hansı qohumluq əlaqəsinin olmasını, istifadə hüquqlarının yaranıb-yaranmamasını əsaslandıra bilməmiş, ümumiyyətlə formal mülahizələrlə ona maddi və mənəvi zərərin vurulduğunu bildirmişdir. İddia tələbinin dəlillərindən də məlum olmuşdur ki, iddiaçının söküntüsü aparılmış ünvanda yerləşən yaşayış evində pasport qeydiyyatı olmuş, həmin ünvanda yaşamamışdır. İşin qeyd olunan faktiki halları iddiaçının mənzilin söküntüsü aparılan zaman cavabdeh tərəfindən axtarılmaması barədə iddia tələbinin dəlilləri ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan ünvanda qeydiyyatı formal olmuş, o həmin ünvanda ümumiyyətlə yaşamamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Nəticə etibarilə məhkəmə qeyd edir ki, İddiaçı Səfər oğlunun mübahisəli ünvana pasport qeydiyyatına alınması özü-özlüyündə, iddiaçının həmin evdən istifadə hüququnu yaratmamışdır. “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə yuxarıda qeyd olunan mövqeyini davam etdirərək bildirir ki, işin məhkəmədə araşdırılan faktiki hallarından iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququ barədə iddiaçı ilə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşmanın olması müəyyən olunmur. Məlum olduğu kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, İddiaçı Səfər oğlunun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə iddiaçı mübahisələndirmir ki, o, sökülmüş yaşayış evinin mülkiyyətçisinin qeyd olunan qanunvericiliyin tələblərinə əsasən ailə üzvü və ya digər qohumu olmuş və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə istifadə hüququ olmamış, belə bir hüququ yaranmamışdır. İddiaçı bildirir ki, qeydiyyatda olduğu evin söküntüsünün onun razılığı olmadan aparıldığı üçün iztirab keçirmiş, ağır sarsıntıya məruz qalmış, heysiyyatına toxunmuşdur. İddiaçı bütün bunlara əsaslanaraq, ona mənəvi zərərin vurulduğunu bildirir. Habelə, mənəvi iztirabları nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün müalicə və dərmanlara xərcinin çıxdığını, bu səbəbdən də maddi ziyanın əvəzini tələb edir. Mübahisəli evin onun məlumatı və razılığı olmadan sökülməsi istifadə hüquqlarının kobud pozulmasına səbəb olduğunu, buna görə də cavabdehdən istifadə hüququnun kobud pozulmasına görə kompensasiyanın ödənilməsini tələb edir. Lakin məhkəmə yuxarıda qeyd etdiyi hüquqi mövqeyə əsaslanaraq bildirir ki, iddiaçının söküntüsü aparılmış evə dair istifadə hüquqlarının olması, yaxud da həmin ünvanda yaşaması sübuta yetmədiyindən, o, belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. Belə olduğu təqdirdə isə ünvan 2 ünvanda yerləşən yaşayış evinə İddiaçı Səfər oğlunun istifadə hüquqları yaranmadığından, mübahisəli ünvanın sökülməsi nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın vurulması, o cümlədən istifadə hüququndan məhrum olduğu üçün kompensasiya barədə iddia tələbləri təmin edilə bilməz. Nəticə etibarilə, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüququ və mənafeyi pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və yaşayış evinin sökülməsi səbəbindən ona maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Səfər oğlunun Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, kompensasiya” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səfər oğlunun Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, kompensasiya” tələbinə dair iddiası əsassız olduğundan təmin təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar