Məhkəmə qərarları › İş №e-2(005)-807/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-807/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-807/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X6” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “X6” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Xəzər Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi hökmə əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/789 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. İddiaçı "xxxx" ASC-nin nüməyəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2020-ci il tarixli, PAA********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus olan “X6” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi sığortalanmışdır; Nəqliyyat vasitələinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı, 561281 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən (X4), etibar edilənə (Cavabdeh) sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını etibar etmişdir; AZ-İİ seriyalı, 119965 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə baş beynin ocaqlı travması səbəbindən ölmüşdür; Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs “X6” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində hadisə səbəbindən X2 öldüyü müəyyən edilmişdir. Sürücüdə sərxoşluq halı müəyyən edilməmişdir. Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 1(003)-220/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.2, 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlllərini törətməkdə təqsirli bilinərək, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmişdir; xx.xx.2023-cü il pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini "xxxx" ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur; xx.xx.2021-ci il tarixli **********45800 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC Bank of Baku ASC vasitəsilə 5000 manat məbləğində sığorta ödənişini etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh etibarnamə əsasında “X6” markalı, **-UO-*** (**-ZY-***) dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və ehtiyatsızlıqdan X1 ölümünə səbəb olmuşdur X1 ölməsi nəticəsində qanunvericiliyə əsasən dəymiş zərərin əvəzi olaraq 5000 manat "xxxx" ASC tərəfindən sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də, sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun şəxsin ölümü barədə təqsiri müəyyən edilmişdir. Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” Qanunun: 14.1.3-cü maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin ölümü hesab edilir. 14.2.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi halında 100 faiz sığorta məbləği ödənilir. 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Xətai RPİ tərəfindən verilmiş arayışa əsasən Cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, hadisə səbəbindən zərərçəkən, yəni X2 ölmüş, Cavabdeh yadisə yerindən yayınmışdır. Hazırda iddiaçının icbari sığorta ödənişi üzrə müəyyən edilmiş 5000 manat sığorta ödənişi ödədiyi müəyyən edilmişdir. İddiaçı sığorta ödənişi üzrə ödədiyi 5000 manat pulu subroqasiya qaydasında tələb edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat, cəmi 5070 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya hüququ ilə əlaqədar 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manatın əvəzi olmaqla, cəmi 5070 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar