Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-818/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh MTK-dan 2850 manat və ödənilmiş dövlət rüsumuna görə 48.50 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, MV-C 00026-19 saylı şəhadətnamə ilə "xxxx" ASC tərəfindən “avtomobillərin tam sığortası” növü üzrə sığortalanmış, "xxxx" MMC-yə məxsus “Mercedes Benz E200 CDİ” markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən binanın dam hissəsindən dəmir dam örtüyünün düşməsi nəticəsində maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz E200 CDİ” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış araşdırma və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MTK-ya məxsus binanın dam hissəsindən dəmir dam örtüyünün düşməsi nəticəsində "xxxx" MMC-yə məxsus “Mercedes Benz E200 CDİ” markalı, **-PN- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bu fakt DİN-nin Yasamal RPİ-nin 28-ci PB tərəfindən Cəmiyyətə təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışda da müəyyən edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 0900/23 nömrəli məktubla Cavabdeh MTK-ya qarşı 2850 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Qərarın 14-cü bəndinə uyğun olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Göründüyü kimi, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrıayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə “Mercedes Benz E200 CDİ” markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə xx.xx.2019-cu il tarixdə məhz Cavabdeh MTK-ya məxsus binanın dam hissəsindən dəmir örtüyünün düşməsi ilə əlaqədar yaranmışdır. Hər iki tərəf hüquqi şəxsdir. Yuxarıda qeyd edilmiş Qərara əsasən ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə pul tələbi isə məhz tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gəlmiş tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya hüquqi şəxsi olan iddiaçının hüquqi şəxs olan cavabdehə qarşı pul tələbi məhz tərəflərin sahibkarlıq failiyyətindən irəli gəlir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-818/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-818/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver