Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-820/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları: "xxxx" MMC-nin tərəfindən verilən etibarnamə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh1 “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli sığorta aktı əsasında sığorta hadisəsi nəticəsində sığortalı “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinin ümumi həcmi 2484 manat təşkil edir. Cavabdeh1, Cavabdeh2 məxsus “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MVC-B 00358-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1835,92 (bir min səkkiz yüz otuz beş manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 38,35 (otuz səkkiz manat, otuz beş qəpik) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 (on) manat, ümumilikdə 1884,27 (bir min səkkiz yüz səksən dörd manat, iyirmi yeddi qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh2 məxsus “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MVC-B 00358-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən“Toyota Prius” markalı, ** PU ***dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1835,92 (bir min səkkiz yüz otuz beş manat, doxsan iki qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrəBakı şəhər DYPİ-ninİnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.Həmçinin hadisə baş verən vaxt cavabdehin idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmamışdır. Cavabdehin idarə etdiyi avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə ödənilmiş 1835,92 (bir min səkkiz yüz otuz beş manat, doxsan iki qəpik) manat məbləğ Cavabdeh1 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0948/23 nömrəli məktubla Cavabdeh1na qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbimiz təmin olunmadığından həmin tələbimizin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, renta car ofisi olaraq müştəriyə yol vərəqəsi ilə avtomaşını idarə etmək üçün vermiş, avtomaşını icarəyə verən zaman avtomaşının sığortası olmadığını məlumat vermiş, qəza nəticəsində avtomaşınına 4000 manatdan çox ziyan dəymiş, qəza törətdiyini bildirdiyi zaman 1000 manat civarında ona pul verdi və aralarında olan şifahi razılığa əsasən geri qalan pulla qarşı tərəfin zərərini qarşılayacağını bildirmiş, daha sonra şəxslə heç bir görüşü olmamışdır. Cavabdeh1 aralarında olan razılığa əsasən ona 1000 manat pul ödəmişdir. O hadisə zamanı içkili olmamışdır. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - "xxxx" MMC-nin tərəfindən verilən etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. - xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. - xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, hazırki sığorta aktı baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair tərtib edilmişdir. Zərərin ümumi həcmi 2484 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri, M.Əliyev küçəsində sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı müvafiq sənədlər toplanmışdır. Hadisə zamanı sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərər 2484 manat məbləğində hesablanmış belə olan halda müvafiq çıxılmalarla yekun sığorta ödənişi 1835,92 manat müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, 2586 nömrəli ödəniş tapşırığından görünür ki, “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 1835,92 manat məbləğində pul köçürülmüşdür. - “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyətinin 2382/22 nömrəli xx.xx.2022-xx.xx.2022 nömrəli qiymətləndirmə aktından görünür ki, avtomobilə dəymiş zərərlə bağlı quraşdırılmış ehtiyat hissələrinin qiyməti və xidmət haqqı ilə birlikdə yekun məbləğ 2484 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/2475 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2484 manat olduğu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə sığorta predmetinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşə baxan məhkəmənin mövqeyi: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 məxsus “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, M.Əliyev küçəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MVC-B 00358-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Həmin hal iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh1 subroqasiya qaydasında mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh1dur. Məhkəmə iddia ərizəsinin M.Mustafa Nəsimi oğlunun idarə etdiyi Range Rover markalı, **-TS-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortasının olmaması və buna görə də avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 məsuliyyət daşıdığını nəzərə alaraq, ondan da maddi ziyanın əvəzi olaraq pulun tutulması dəlilini əsassız hesab edir. Belə ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 “Range Rover” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, onun üzərində sərəncam vermək hüququ etibarnamə əsasında verilmişdir. Yəni, Cavabdeh1 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İnzibati tənbeh barədə qərardan da göründüyü kimi, hadisə baş verən vaxt Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 332-ci maddəsi ilə tənbeh tətbiq edilməmiş, yalnız İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Cavabdeh M.Mustafanın istifadəsində olan avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortasının olmaması səbəbilə avtomobilin mülkiyyətçisi olan Ə.Röyünün hazırki iddia üzrə cavabdehlik daşıdığı nəticəsinə gəlmək qeyri mümkündür. Belə ki bu hal qanunvericilikdə nəzərdə tutulan məsuliyyətin yaranmasına, cavabdehlərin arasında olan müqavilə münasibətləri üzrə avtomobil mülkiyyətçisinin öhdəliklərini icra etməməsi isə yenə də müqavilə tərəfi olan M.Mustafanın tələbi ilə mülki məsuliyyət məsələsinin araşdırılması üçün əsas ola bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9/2475 nömrəli rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2484 manat olduğu, xx.xx.2022-ci il tarixli, 2586 nömrəli ödəniş tapşırığı əsasında “Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 1835,92 manat məbləğində pul köçürüldüyü müəyyən edildiyindən, iddia tələbi 1835,92 manat pulun ödənilməsi hissəsində əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1835,92 (bir min səkkiz yüz otuz beş manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 38,35 (otuz səkkiz manat, otuz beş qəpik) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 (on) manat, ümumilikdə 1884,27 (bir min səkkiz yüz səksən dörd manat, iyirmi yeddi qəpik) manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1835,92 (bir min səkkiz yüz otuz beş manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 38,35 (otuz səkkiz manat, otuz beş qəpik) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 (on) manat, ümumilikdə 1884,27 (bir min səkkiz yüz səksən dörd manat, iyirmi yeddi qəpik) manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pul Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-820/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-820/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver