Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-100/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X1 və X8 iştirakları ilə İddiaçı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-cı il tarixdə Yevlax-Bərdə avtomobil yolunun 1-ci kilometrliyində X7 idarə etdiyi «MTZ-80 X» markalı 90-F-872 dövlət qeydiyyat nişanlı traktorla hərəkətdə olarkən traktora qoşulu olan kultivatorun dəmir hissəsi yolun kənarında dayanmış İddiaçı dəydiyindən onun sağlamlığının uzunmüddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına səbəb olmuşdur. İddiaçının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması xüsusatı üzrə «MTZ-80 X» markalı, 90-F- 872 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X7 barəsində AR CM-nin 263.1-ci maddəsinin əlamətləri ilə cinayət işinin istintaqı aparılmış və cinayət işinin ibtidai araşdırması zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, № T 287/2021 saylı (canlı şəxsin ekspertizası) rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə «sol dirsək sümüyünün proksimal hissəsinin çoxqəlpəli açıq oynaqdaxili yerdəyişən sınığı, sağ mil sumuyunün orta 1/3 hissəsinin az yerdəyişən sınığı» diaqnozu ilə müalicə almışdır. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ilkin rəydə göstərildiyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzunmüddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X7 AR CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilsə də, məhkəmənin xx.xx.2021-ci il tarixli, 1(039)-187/2021 saylı qərarı ilə təqsirləndirilən şəxs X7 barəsində «8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X14 AR CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və amnistiya tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan alınmış 1667 №-li xəstəlik tarixçəsinə nəzər yetirdikdə görünür ki, İddiaçı xx.xx.2021-ci il saat 09.30 tarixində tibb müəssisəsinə daxil olmuş, xx.xx.2021-ci il saat 14.00 tarixində müəssisədən çıxış etmişdir. Qəbul şöbəsinin diaqnozuna görə xəstədə sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı mövcuddur. Xəstəlik tarixçəsindən görünür ki, İddiaçı müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə xəstəyə dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra xəstənin dirsək sümüyünün əvvəlki kimi qalması və vəziyyətində yaxşılaşma olmaması səbəbindən əməliyyatı icra etmiş həkim Fikrət Bayramova müayinə üçün müraciət etmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 2019/254653/3765 saylı arayışdan görünür ki, xəstəyə sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyü osteotomiyası və ostesintezi məsləhət görülür. İddiaçı ölkə ərazisində oynaq və dirsək sahəsində ixtisaslaşmış əksər xəstəxana və həkimlərin qəbulunda olmuş, ona qolu və dirsəyinin endoprotez əməliyyatının edilməsi tövsiyə olunmuş, lakin bu əməliyyatın Azərbaycanda həyata keçirilmədiyini bildirmişlər. Bu sahədə ixtisaslaşmış tibb müəssisəsi olan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda əməliyyat olunmasına baxmayaraq qolunun və dirsəyinin düzəlməməsi, qolunu normal hərəkət etdirə bilməməsi, ağrılarının dözülməz olması, endoprotez əməliyyatının ölkədən xaricdə edilməsinə zərurətin olduğunu sübut edir. Türkiyə Cümhuriyyətində yerləşən «X24» Tibb müəssisəsindən xx.xx.2022-ci il tarixdə alınmış Proforma İnvoice-dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30.000 USD (51.000 manat)-dır. Cavabdeh MMC ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, Cavabdeh MMC-də traktorçu olaraq işə götürülmüşdür. Hadisə 2021-ci ilin 22 iyul tarixi saat 13.00 radələrində baş vermiş və həmin gün həftənin cümə axşamı olmaqla rəsmi iş günü və 13:00 saatı isə rəsmi iş saatına daxildir. X4 hadisə baş verən gün və saatda Cavabdeh MMC-nin Yevlax filialının traktorçusu olaraq rəsmi işçi kimi əmək funksiyalarını yerinə yetirirdi. Cavabdehin işçisi olan X7 törətdiyi cinayət əməli nəticəsində zərərçəkmış şəxs İddiaçı sağlamlığına zərər vurması Yevlax rayon məhkəməsinin 1(039)- 187/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda, qanunvericiliyin tələbinə görə zərərçəkmiş şəxsin bu hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmək hüququ vardır. Ekspert rəyi ilə iddiaçının müxtəlif xəsarətlər alması tam təsdiq olunur, həmin xəsarətlərin müayinə, müalicə və əməliyyat olunmadan, əlavə qidalanma olmadan sağalması mümkün deyildir. İddiaçının əməliyyat və müalicə xərclərinin bir hissəsini qarşılamaq üçün kredit götürmək məcburiyyətində olmuşdur. Belə ki, iddiaçının arvadı X10 ilə "xxxx" (Mingəçevir filialı) arasında bağlanmış № 015A********** saylı kredit müqaviləsindən görünür ki, verilmiş kreditin ümumi məbləği 10.500 manat təşkil edir. Həmin məbləğ tamamilə xəstəxana xərcləri və müalicələrin bir qisminə sərf olunmuşdur. Hadisə baş verdiyi gündən etibarən iddiaçı heç bir yerdə çalışa bilmir, çalışmamaqdan əlavə ailə üzvlərindən asılı vəziyyətə düşmüşdür. Normal təbii ehtiyaclarını belə kənar şəxsin köməyi olmadan yerinə yetirə bilmir, ağrılarının dözülməz olması səbəbindən isə nə qədər dərman atsa da, gecələri yata bilmir. Dövlət Statistika Komitəsinin «stat.gov.az» rəsmi internet saytından əldə olunmuş məlumata əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724,1 manat təşkil etmişdir. Hadisənin baş verdiyi 22 iyul tarixindən etibarən 8 aydan çoxdur ki, iddiaçı maddi gəlir əldə etmək imkanından məhrum olmuş əmək qabiliyyətini itirmiş, ailəsi və digər şəxslərdən asılı vəziyyətə düşmüşdür. Hesab edir ki, ilkin olaraq birdəfəlik ödəniş kimi 8 x 724,1=5792,8 manat və iddia ərizəsinin verdiyi gündən etibarən hər növbəti ay üçün 724,1 manat sabit pul məbləği cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Mənəvi zərər hissəsinə gəldikdə isə iddiaçı onun həyatının məhv edilməsi, ailəsini də ağır və çıxılmaz vəziyyətə salınması, həm maddi cəhətdən onları pis vəziyyətdə qoyması, eyni zamanda təbii ehtiyaclarını belə kənar şəxslərin yardımı olmadan həyata keçirə bilməməsi onu həyatdan tamamilə küsdürmüşdür. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin miqdarı pulla ölçülə bilməyəcək qədərə çoxdur. Amma iddiaçı Azərbaycan reallıqlarını da nəzərə alaraq mənəvi zərərə görə ən az məbləği – 20.000 manat ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq İddiaçı Türkiyə Respublikasında əməliyyat olunması üçün əməliyyat xərci olan 51.000 manat, Türkiyəyə gediş-gəliş xəstəxana məsləfləri üçün 10.000 manat, müalicə məsləflərini qarşılamaq üçün bankdan götürülmüş olan 10.500 manat məbləğində kredit məbləğinin 22 iyul tarixindən etibarən əmək qabiliyyətinin itirildiyi 8 ay müddətində hər ay 724,1 manat olmaqla, cəmi 5.792,8 manat, mənəvi zərər üçün 20.000 manat olmaqla, cəmi 97.292 manat və iddia ərizəsinin verildiyi gündən iddiaçının əmək qabiliyyətinin bərpa olunacağı günə qədər hər ay 724,1 manat sabit pul məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin məhkəmə iclasında bildirdi ki, qeyd olunan hadisə ilə bağlı iddiaçı tərəfindən müəyyən qədər xəstəxana məsrəfləri olmuş, lakin onlar tərəfindən buna dair təəssüfki yetəri qədər sübutları mövcud deyildir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, baş vermiş qəza hadisəsindən baş idarənin ümumiyyətlə məlumatı olmamış və həmin qəzanın baş verməsini ancaq məhkəməyə çağrılarkən bilmişlər. Tərəflərindən aparılmış iş üzrə araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, şirkətə məxsus traktoru idarə etmək üçün yol vərəqəsi tələb olunduğu halda, sürücü tərəfindən tam qanunsuz surətdə idarə olunmuşdur. Həmçinin həmin qəzanın baş verməsi işçinin nahar fasiləsinə təsadüf etdiyindən və əmək funksiyalarının icrası ilə bağlı olmadığından burada bütün məsuliyyəti həmin nəqliyyat vasitəsini idarə edən sürücü daşıyır. Odur ki, iddia tələbinin rədd olunması barəsində qətnamə qəbul olumasını xahiş edilmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı tərəfindən ona maddi və mənəvi ziyan vurulması iddia olunsa da, bununla bağlı hər-hansı mötəbər sübut məhkəməyə təqdim olumamışdır. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı tam uğurlu əməliyyat olunmuşdur. Sadəcə onun tərəfindən həkimin təlimatlarına əməl olunmadığından hazırkı vəziyyət yaranmışdır. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, həkim tərəfindən əməliyyat həyata keçirildikdən 1 ay sonra iddiaçının həkim müayinəsinə gəlməsi ona bildirilsə də, iddiaçı buna əməl etməmiş və yalnız əməliyyatdan 6 ay keçdikdən sonra həkimə müraciət etmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyə üçüncü şəxs X14 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan Cavabdeh MMM ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X14 Cavabdeh MMC-nin Yevlax filialına traktorçu vəzifəsinə işə qəbul edilmişdir.
10. İş materiallarında olan «Məhkəmə-Tibbi Ekspertiza və X13» X22 tərəfindən verilmiş T287/2021 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən İddiaçıla sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.
11. İş üzrə "xxxx" QSC ilə X10 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə, aylıq 1,9167 % ödəmək şərti ilə 10500 manat məbləğində kredit vermişdir.
12. İş üzrə Yevlax rayon Məhkəməsinin 1(039)-187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, X7 «8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, X14 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat X6 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına körülmüşdür.
13. İş materiallarında olan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 1667 №-li xəstəlik tarixçəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəxanaya daxil olmuş, diaqnoz: «sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» qoyulmuşdur. Xəstəlik tarixçəsindən görünür ki, İddiaçı müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə xəstəyə dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi cərrahi əməlıyyatı icra olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə müəssisədən çıxış etmiş, «Sol dirsək sümüyünün dirsək çıxıntısının, sağ mil sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı» son kliniki diaqnoz qoyulmuşdur.
14. İş materiallarında olan «Yevlax rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı «Dirsək sümüyünün yuxarı usunun sınığı, mil sümüyünün cisminin (dəyişinin) sınığı» diaqnoz qoyulmuşdur.
15. İş materiallarında olan Türkiyə Cumhuriyyətinin «X24» Tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «Proforma İnvoice»dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30.000 ABŞ dolları təşkil edir.
16. İş materiallarında olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi Fikrət Bayramov xx.xx.2022-ci il tarixli arayışı ilə İddiaçı «sol dirsək sümüyünün proksimal hissəsinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, dirsək sümüyünün dirsək çıxıntısının bitişməyən sınığı, mil sümüyünün bağının çıxışı (Veber üsulu ilə osteosentezdən sonra) diaqnozu qoyulmaqla, «sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyünün osteotomiyası və ostesintezi» əməliyyatının həyata keçirilməli olduğu məsləhət bilmişdir.
17. Məhkəmənin sorğusuna cavab olaraq «Məhkəmə Tibbi Ekspertiza və X13» X22 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 486 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün yuxarı ucunun sınığı, sağ mil sümüyünün cisminin (yerini dəyişmiş) sınığı küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir.
18. Məhkəmənin sorğusuna cavab olaraq «Yevlax rayon Mərkəzi Xəstəxanası» X22 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı «Yevlax rayon Mərkəzi Xəstəxanası» X19 xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində çağırışçı həkim və həkim-travmatoloq tərəfindən «Dirsək sümüyünün yuxarı ucunun sınığı», xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həkim-oftalmoloq tərəfindən «Presbiopiya» və «Xalazion» xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həkim-dermatoveneroloq tərəfindən «Metalların təsirindən allergik təmas dermatiti» və «Daxilə qəbul edilmiş digər maddələrinin təsirindən əmələ gələn dermatit» diaqnozları aşkar edilmişdir. İddiaçı «Yevlax rayon Mərkəzi Xəstəxanası» X19 stasionar müalicə almamışdır.
19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X23 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sol dirsək oynağının endoprotezi xidməti «Xidmətlər Zərfi»nə daxil deyil, lakin sağ mil sümüyünün osteotomiyası və osteosintezi xidmətləri «Xidmət Zərfi»nə daxildir.
20. Məhkəmə tərəfindən təyin edilmiş 510/KEŞ saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1,2,3-cü suallar üzrə: Elmi-Tədqiqat Travmatologiya və X5 Kərimovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə institutun travmotologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Sol dirsək sümüyünün dirsək çıxıntısının çıxığı. Sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xətənin üzərində «Metal lövhə ilə osteosintez» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - 4,5-cü suallar üzrə: İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sol dirsək oynağında deformasiya, açıcı-bükücü kontraktura və dirsək sümüyünün qeyri-düzgün bitişməsinin olduğu müəyyən edilmişdir ki, bu da travmanın ağırlığı ilə əlaqədar yaranmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır. -6,7-ci suallar üzrə: cərrahiyyə əməliyyatının aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür. Sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
21. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş borc aşağıdakı kimidir: - məcburi dövlət sosial sığorta haqları üzrə 2.142,00 manat əsas, 500,70 manat penya borcu; - işsizlikdən sığorta haqları üzrə 81,00 manat əsas, 27,10 manat penya borcu; - icbari tibbi sığorta haqları üzrə 103,97 manat əsas, 13,32 manat faiz borcu. Borcun ödənilməsi tələb olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
22. İş materiallarında olan «X26» Hospital tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X26 xəstəxanasında «Dirsək oynağının endoprotezləşdirilməsi» əməliyyatının qiyməti 5000 manatdır. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti bu məbləğə daxil deyildir. Endoprotezin qiyməti həkim müayinəsindən sonra təyin olunur.
23. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 025 nömrəli məktubundan görünür ki, «Dirsək artroplastiyası total, çətin dirsək (həddindən artıq kontraktura)» cərrahiyyə əməliyyatının məbləği mövcud preyskuranta əsasən 3000-4000 manat təşkil edir. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti haqqında məlumatı isə müvafiq tibbi ləvazimat təchizatı şirkətlərindən ala bilərlər.
24. İş materiallarında olan X2 İmplant Company AOTİC tərəfindən Cavabdeh MMCyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-yə lazım olan dirsək protezi Türkiyə istehsalıdır və qiyməti 2000-2500 manat aralığında dəyişir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
25. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Yevlax- Bərdə avtomobil yolunda Cavabdeh MMC-də traktorçu vəzifəsində işləmiş X7 idarə etdiyi traktorla hərəkətdə olarkən, traktora qoşulu olan kultivatorun dəmir hissəsi yolun kənarında dayanmış İddiaçı dəydiyindən onun sağlamlığının uzunmüddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına səbəb olmuşdur. İddiaçı «sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, həmin tibb müəssisəsinin müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya «dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi» cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra iddiaçı onun dirsək sümüyünün əvvəlki kimi qalması və vəziyyətində yaxşılaşma olmaması səbəbindən əməliyyatı icra etmiş həkim Fikrət Bayramova müayinə üçün müraciət etmiş, ona sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyü osteotomiyası və ostesintezi məsləhət görülmüşdür.
26. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, iddiaçı ölkə ərazisində oynaq və dirsək sahəsində ixtisaslaşmış əksər xəstəxana və həkimlərin qəbulunda olmuş, ona qolu və dirsəyinin endoprotez əməliyyatının edilməsi tövsiyə olunmuş, lakin bu əməliyyatın Azərbaycanda həyata keçirilmədiyini bildirmişlər. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutunda əməliyyat olunmasına baxmayaraq qolunun və dirsəyinin düzəlməməsi, qolunu normal hərəkət etdirə bilməməsi, ağrılarının dözülməz olması, endoprotez əməliyyatının ölkədən xaricdə edilməsinə zərurətin olduğunu iddia edir. Türkiyə Cümhuriyyətində yerləşən «X24» Tibb müəssisəsindən xx.xx.2022-ci il tarixdə alınmış Proforma İnvoice-dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30.000 USD (51.000 manat ekvivalenti) təşkil edir. İddiaçının əməliyyat və müalicə xərclərinin bir hissəsini qarşılamaq üçün onun həyat yoldaşı 10.500 manat məbləğində "xxxx" QSC-dən kredit götürmüşdür. Həmin məbləğ tamamilə xəstəxana xərcləri və müalicələrin bir qisminə sərf olunmuşdur. Hazırda iddiaçı onun Türkiyə Respublikasında əməliyyat olunması üçün əməliyyat xərci olan 51.000 manat, Türkiyəyə gediş-gəliş xəstəxana məsləfləri üçün 10.000 manat, müalicə məsləflərini qarşılamaq üçün bankdan götürülmüş olan 10.500 manat məbləğində kredit məbləğinin 22 iyul tarixindən etibarən əmək qabiliyyətinin itirildiyi 8 ay müddətində hər ay 724,1 manat olmaqla, cəmi 5.792,8 manat, mənəvi zərər üçün 20.000 manat olmaqla, cəmi 97.292 manat və iddia ərizəsinin verildiyi gündən iddiaçının əmək qabiliyyətinin bərpa olunacağı günə qədər hər ay 724,1 manat sabit pul məbləğinin cavabdehdən tutulmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
27. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 510/KEŞ saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və X5 Kərimovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə institutun travmotologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Sol dirsək sümüyünün dirsək çıxıntısının çıxığı. Sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xətənin üzərində «Metal lövhə ilə osteosintez» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sol dirsək oynağında deformasiya, açıcı-bükücü kontraktura və dirsək sümüyünün qeyri-düzgün bitişməsinin olduğu müəyyən edilmişdir ki, bu da travmanın ağırlığı ilə əlaqədar yaranmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır.
28. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı).
29. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
30. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).
32. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).
33. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X17rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
34. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
35. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
36. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Məhkəmə iclasında cavabdehin nümayəndələri əlavə məhkəmə-tibb ekpertizasının təyin edilməsi barədə vəsatət təqdim etmişlər.
40. Məhkəmə qeyd edir ki, hazırki vəsatət kifayət qədər əsaslandırılmamış, təmin edildiyi halda isə məhkəmənin işin əlavə olaraq yenidən uzadılması ilə nəticələnəcəkdir.
41. Belə ki, verilmiş əlavə məhkəmə-tibb ekpertizasının təyin edilməsi barədə vəsatətdə edilmiş əməliyyatın qüsurlu olmasına yenidən sual olaraq qaldırılmışdır ki, bu da ilkin məhkəmə-tibb ekpertizasının keçirilməsi zamanı məhkəmə tərəfindən qoyulmuş 2-ci sualda öz əksinin tapmışdır. Həmçinin məhkəmə tərəfindən məhkəmə-tibb ekpertizasının qarşısında qoyulmuş digər suallar da kifayət qədər mülki işə hüquqi qiymət verməyə kifayət etmiş və ekspertin rəyi də natamam olmamaqla məhkəmə üçün aydın olmuşdur.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
46. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
48. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
50. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
52. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
54. Məhkəmə qeyd edir ki, idiaçının tələbinin ikinci hissəsini təşkil edən Türkiyə Respublikasına gedib-gəlmək üçün məsrəflərə görə 10.000 (on min) manat pulun tutulması hissəsi əsassız olduğundan təmin edilə bilməz.
55. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekpertizasının rəyindən görünür ki, iddiaçının ehtiyacı olan “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatın ölkə daxilində həyata keçirilməsinin mümkünlüyü bildirilmiş, hətta iddiaçı tərəf bu əməliyyatın heç bir həkim tərəfindən edilə bilməməsi bildirilsədə, cavabdeh tərəfindən təqdim edilmiş “Bona Dea” Hospitalı tərəfindən verilmiş arayışdan görünür ki, “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının qiymətinin 5000 manat olmaqla həyata keçirilməsinin mümkünlüyü qeyd edilmişdir.
56. Digər diqqətedici məqam ondan ibarət olmuşdur ki, iddiaçının əməliyyatının Türkiyə Respublikasında edilməsinin vacibliyi barədə məhkəməyə təqdim edilən xəstəxana ilə ölkə daxilində əməliyyatın edilməsi mümkün olan xəstəxana eynilik təşkil etmişdir (hər iki xəstəxananın (hospitalın) LİV xəstəxanalar qrupuna aid olması sənədlərlə müəyyən edilir). Bu isə ona dəlalət edir ki, qeyd olan “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının ölkdə daxilində “LİV” xəstəxanalar qrupunda (“Bona Dea” Hospital) edilməsi tamamilə mümkün olmaqla, Türkiyə Respublikasında əməliyyatına ehtiyac qalmamışdır.
57. Məhkəmə iddianın 3-cü hissəsi olan müalicə məsrəflərini qarşılamaq üçün bankdan götürülmüş 10.000 manat pulun ona ödənilməsi hissəsi də əsassız olduğundan təmin edilməməlidir.
58. Belə ki, qeyd olunan kredit müqaviləsi bankla iddiaçı arasında sırf əməliyyat məsrəfləri üçün (təyinatı əməliyyat üzrə göstərilməməklə) bağlanmamış, hətta kredit götürən şəxsin iddiaçının özü olmamaqla istehlak məqsədləri üçün götürülməsi müəyən edilmişdir.
59. Məhkəmə iddianın 4-cü (əmək qabiliyyətini itirdiyi üçün 8 ay müddətində hər ay 724,10 manat hesablanmaqla pulun ödənilməsi) və sonuncu tələbi olan əmək qabiliyyəti bərpa olunana kimi aylıq 724,10 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf həqiqətən rəsmi gəlirinin aylıq 724,10 manat olmasını, qəza hadisəsi baş verməsəydi onun sonuncu işinin davam etdirəcəyinə dair hər hansi mötəbər sübutu təqdim etmədiyindən iddia tələbi bu hissələrdə təmin edilə bilməz.
60. Məhkəmə iddianın ilkin hissəsi təşkil edən 51.000 manat maddi ziyan tələbi üzrə qeyd edir ki, iddia tələbi qismən əsaslı hesab edilməlidir.
61. Belə ki, iddiaçı 51.000 manatın tam hissəsini sübuta yetirə bilməmiş, onun Türkiyə Respublikasında əməliyyata zərurətin olmadığı müəyyən edilmiş, əməliyyat xərcinin isə 5000 manat olması, əməliyyata lazım olan dirsək protezinin qiymətinin isə maximum 2500 manat qiymətə olması müəyyən edilmişdir. Bu halda isə iddiaçının iddiası qismən əsaslı hesab edilməklə maddi ziyan olaraq 5000 manat +2500manat =7500 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
62. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissədə qismən təmin edilməli, Cavabdeh MMC-dən dəymiş maddi ziyanın əvəzi kimi 7500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
63. İddia tələbinin 20.000 manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir.
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
65. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
66. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
67. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cərrahiyə əməliyyatı nəticəsində keçirdiyi ağrılar, hazırki əziyyət, ağrılar və stresslər iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.
68. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
69. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
70. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
71. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi ilə bağlı və həmçinin cərrahi əməliyyat nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 2500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
72. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi zərər qismində cəmi 7500 (yeddi min beş yüz) manat, mənəvi zərər qismində 2500 (iki min beş yüz) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
73. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
75. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
76. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
78. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
79. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə maddi zərər qismində cəmi 7500 (yeddi min beş yüz) manat, mənəvi zərər qismində 2500 (iki min beş yüz) manat, ümumilikdə 10.000 (on min) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov