Məhkəmə qərarları › İş №e-2(006)-1013/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1013/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1013/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı MMMC-nin vəkili-nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı MMMC-nin "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı «sayğac komplektinin uçot nöqtəsinin iddiaçının adına rəsmiləşdirilməsi və s. öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMMC "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı «sayğac komplektinin və uçot nöqtəsinin iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin və 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında "xxxx" MTK tərəfindən 6 blokdan ibarət hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Bina üçün elektrik enerjisi qidalanmasına xx.xx.2007-ci il tarixdə TX-11-0364 saylı texniki şərt verilmişdir. Verilmiş texniki şərtə əsasən binanın yaxınlığında 6/04 kv-lıq yarımstansiya quraşdırılıb istismara verilmişdir. Bina üçün yarımstansiyanın 0,4 kv-lıq paylayıcı quruluşda 13 ədəd sayğac uçot komplekti istismardadır və hesabat həmin sayğaclarla aparılır. Bu sayğac komplektindən 816242M921721 nömrəli sayğacla İddiaçı MMMC-yə xidmət göstərilir. Qanunvericiliyin tələbinə əsasən inşası başa çatmış bütün yaşayış binalarının idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Bu tələbə əsasən mənzil mülkiyyətçiləri tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı MMMC yaradılmışdır və həmin tarixdə Cəmiyyətin Nizamnaməsi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Binanı elektrik enerjisi ilə təmin edən yarımstansiyada quraşdırılan 13 sayğac komplektində 1 ədəd sayğac komplekti binada ümumi istifadədə olan sahələr və avadanlıqların elektrik enerjisi ilə təmin edilməsi üçün İddiaçı MMMC-yə xidmət edir. Lakin MMMC-nin məlumatı olmadan "xxxx" MTK ilə "xxxx" ASC arasında uçot aparılır və külli miqdarda borc yaranmışdır ki, bu da onların işlərinə mənfi təsir göstərir. Belə ki, elektrik enerjisi təchizatı "xxxx" ASC tərəfindən tez-tez dayandırılır və nəticədə bina sakinlərinə göstərilən kommunal xidmətləri (lift, su, elektrik enerjisi təchizatı və s.) məhdudlaşdırılır. Bu da binada yaşayan 330 mənzil mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur. Bina üçün elektrik enerjisinin haqqı İddiaçı MMMC-nin vəsaiti hesabına ödənilir. Həmin sayğacın uçot nöqtəsi 0 **********0003, sayğacın nömrəsi isə 816242M921721-dir. "xxxx" ASC tərəfindən şifahi olaraq MMMC-yə bildirilmişdir ki, yaşayış binasını elektrik enerjisi ilə qidalandıran sayğacların İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsi ilə əlaqədar “ASAN Kommunal” mərkəzlərinə müraciət edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2 saylı Bakı “ASAN Kommunal” mərkəzinə müraciət edildikdə isə iddiaçıya bildirilmişdir ki, “ASAN Kommunal” mərkəzlərində yalnız yeni texniki şərt verilir. Lakin iddiaçı bununla razı olmamış və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə rəsmi qaydada müraciət etmişdir.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK iddia ərizəsinə dair mülahizə təqdim edərək, tələbdə qeyd edilən sayğac komplektinin və uçot nöqtəsinin MTK-nın adından çıxarılaraq iddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

4. İddiaçı MMMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin, İddiaçı MMMC-yə ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı MMMC-nin vəkili-nümayəndəsi X4 iddianı müdafiə edib bildirdi ki, uçot nöqtəsinin iddiaçının adına olması ilə bağlı qeydi cavabdeh yalnız özü üçün aparıb, nöqtə rəsmi olaraq üçüncü şəxsin adınadır. Bütün borcu qəbul etdiklərini qeyd edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib bildirdi ki, uçot nöqtəsi iddiaçının adına qeydə alınıb. İddiaçının avadanlıqları öz balansına qəbul etməsi ilə bağlı problem olmasa da, onunla müqavilənin yalnız üçüncü şəxs tərəfindən bütün borc ödənildikdən sonra bağlana biləcəyini əlavə edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

9. İddiaçı MMMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 105 nömrəli məktubdan görünür ki, iddiaçı müvafiq uçot nöqtələrinin və sayğac komplektlərinin elektrik enerjisinin hesabatının üçüncü şəxsin adından çıxarılaraq öz adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, uçot nöqtəsində ad dəyişikliyi edilməsi və ya yeni abunə kodunun açılması “ASAN Kommunal” mərkəzləri vasitəsilə həyata keçirildiyindən, tələb olunan müvafiq sənədlərlə mərkəzə müraciət edilməsi tövsiyə olunmuşdur.

11. "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 26/1 nömrəli məktubdan görünür ki, MTK müvafiq sayğac komplekti və uçot nöqtəsinin öz adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmişdir.

12. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və sonrakı tarixli saldolarda bəzi sayğac və uçot nöqtələrinin qarşısında üçüncü şəxsin adı qeyd olunsa da, 816242M921721 nömrəli sayğac kompektinin və 0 **********0003 nömrəli uçot nöqtəsinin qarşısında iddiaçının adı qeyd olunmuşdur.

13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. İddiaçı MMMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, iddiaçı "xxxx" MTK-nın "xxxx" ASC-yə (ötürülməyə əsasən) 47.454,10 manat məbləğində borc öhdəliyini öz üzərinə götürdüyünü və həmin borcun ödənilməsinə təminat verdiyini bildirmişdir.

15. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, "xxxx" MTK-ya məxsus 07/1-28 kodu altında fəaliyyət göstərən 9 ədəd baş sayğac və uçot nöqtəsi vardır. Bu sayğaclardan 816242 nömrəli sayğac İddiaçı MMMC kimi qeyd olunmuşdur. İddiaçı MMMC-nin 0 **********0003 nömrəli uçot nöqtəsi "xxxx" MTK-nın kodu (07/1-28) altında olduğu, sərbəst kod və uçot nöqtəsi olmadığından, ayrıca borcunu əks etdirməyin mümkün olmadığı, "xxxx" MTK-nın enerji sərfiyyatı üzrə borcunun 47.454,10 manat olduğu bildirilmişdir.

16. İş materiallarında, həmçinin, MMMC-nin nizamnaməsi, nizamnaməyə dəyişiklik edilməsinə dair sənəd, qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış, "xxxx" MMC ilə iddiaçı arasında elektrik şitləri, kabellər və s. avadanlıq və materialların təhvil-təslim edilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt, "xxxx" MTK-nın adına texniki şərt verilməsi ilə bağlı sənədlər, sərəncam, "xxxx" MTK ilə cavabdeh tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixli üzləşmə aktı da vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binası müvafiq sərəncam əsasında hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK tərəfindən tikilmiş, binanın elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı texniki şərtlər və elektrik sayğac kompektləri (uçot nöqtələri və s.) MTK-nın adına qeydə alınmışdır.

18. Hazırda həmin yaşayış binasının idarə edilməsi və binada kommunal xidmətlər göstərilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir. İddiaçı 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin faktiki olaraq öz istifadəsində və idarəçiliyində olduğunu, lakin üçüncü şəxsin adına qeydiyyatda qalmasının problemlər yaratdığını bildirsə də, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən təqdim edilmiş saldolardan həmin uçot nöqtəsinin iddiaçının adına qeydiyyata alınması müəyyən edilmişdir. İddiaçı qeyd olunan uçot nöqtəsinin öz adına olmadığını iddia etsə də, buna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

19. Hazırda iddiaçı 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin MTK-nın adından çıxarılaraq öz adına rəsmiləşdirilməsinin, MMMC-yə ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

20. Məhkəmə araşdırmaları zamanı üçüncü şəxs yazılı mülahizə təqdim edərək, uçot nöqtəsinin öz adından çıxarılaraq iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmiş, cavabdeh isə uçot nöqtəsinin iddiaçının adına qeydə alındığını, üçüncü şəxsin elektrik enerjisi sərfiyyatı ilə bağlı mövcud borcunun ödənildikdən sonra iddiaçı ilə müqavilə bağlamaq və onun adına abonent kodu verilməsinə maneə qalmayacağını qeyd etmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı üçüncü şəxsin elektrik enerjisi sərfiyyatı ilə bağlı borcunu ödəməyə razı olması və buna təminat verməsi ilə bağlı yazılı sənədi məhkəməyə təqdim etmişdir. c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış binasında İddiaçı MMMC tərəfindən kommunal xidmətlər (lift, su, elektrik enerjisi təchizatı və s.) üçün elektrik enerjisi haqqının ödənildiyi və faktiki olaraq İddiaçı MMMC tərəfindən idarə olunan və istifadəsində olan 816242M921721 nömrəli sayğac komplektinin 0 **********0003 nömrəli uçot nöqtəsinin "xxxx" MTK-nın adından çıxarılaraq İddiaçı MMMC-nin adına rəsmiləşdirilməsinin "xxxx" ASC-yə həvalə edilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən sözügedən uçot nöqtəsinin iddiaçının adına qeydə alınması müəyyən edildiyindən və iddiaçının uçot nöqtəsinin öz adına qeydə alınmaması barədə dəlili heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, tələbin bu hissəsi təmin edilməməlidir.

22. İddia tələbinin “iddiaçıya ayrıca abonent kodu verilməsinin və elektrik enerjisinin alqısatqısı ilə bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər əsasında müvafiq ünvandakı yaşayış binasının idarə edilməsinin və kommunal xidmətlərin göstərilməsinin təmin edilməsinin iddiaçı tərəfindən həyata keçirilməsi müəyyən edildiyindən, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı müvafiq binanı idarə edən təşkilat olduğundan, onun hazırkı tələbə subyektiv hüququ vardır. Cavabdeh isə elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna və istehlakçı ilə müqavilə bağlamaq, ona abonent kodu vermək hüququ iddiaçıya məxsus olduğuna görə, qeyd olunan öhdəliklərin cavabdehə həvalə edilməsi məqsədə müvafiqdir.

23. Belə ki, cavabdehin etirazını doğuran hal eyni ünvan üzrə üçüncü şəxsin adına qeydə alınmış abonent kodundakı mövcud borcun ödənilməsi ilə bağlı olsa da, iddiaçı yazılı ərizə təqdim edərək, həmin borcu öz üzərinə götürdüyünü və ödəməyə təminat verdiyini bildirmişdir. Deməli, cavabdehin iddiaçı ilə müqavilə bağlamaqdan və ona abonent kodu verməkdən imtina etməsi üçün heç bir əsas mövcud deyildir. Onu da qeyd etmək zəruridir ki, üçüncü şəxs də iddia tələbinə dair heç bir etiraz irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və "xxxx" MMMC-yə abonent kodu verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilməlidir.

24. Cavabdeh elektrik enerjisinin alqı-satqısı ilə bağlı sahədə təbii inhisar subyekti olduğuna görə məhkəmə hesab edir ki, bu tələbin təmin edilməsi mülki qanunvericiliyin müqavilələr azadlığı, tərəflərin iradə sərbəstliyi prinsiplərinin pozulması və ya qarşı tərəfi müqavilə bağlamağa məcbur etmək kimi şərh edilməməlidir. Çünki hazırkı iş üzrə iddiaçının hüququnun pozulması təsdiq olunur, belə olan halda isə cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlı hazırkı tələbin təmin edilməsi zərurəti meydana gəlir. d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarı: 13-cü bənd. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 122.1, 122.1.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: - qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.3-cü bənd. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

31. Məhkəmə yuxarıda istinad edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və "xxxx" MMMC-yə abonent kodu verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı MMMC-yə verilməli, qalan hissəsi isə İddiaçı MMMC-yə aid edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə bu barədə qərar qəbul edərkən tərəflərin tələbindən asılı olmadığını vurğulayır. Nəticə:

32. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı MMMC ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və "xxxx" MMMCyə abonent kodu verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi cavabdeh "xxxx" ASC dən alınaraq İddiaçı MMMC-yə verilsin, qalan hissəsi İddiaçı MMMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar